Lavrov Bakıdan İrəvana bu mesajları verdi - Politoloq DETALLARI AÇDI
Bizi izləyin

Xüsusi

Lavrov Bakıdan İrəvana bu mesajları verdi - Politoloq DETALLARI AÇDI

Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya gələnə qədər Azərbaycan Prezidentinin cavabları ortada idi. Çünki artıq Rusiyanın Azərbaycandakı səfirliyi, Lavrovun köməkçiləri ölkə başçısının Naxçıvandan verdiyi mesajları onun diqqətinə çatdırmışdılar. Ona görə də Azərbaycan Prezidenti ilə Lavrovun görüşü etik nəzakət görüşünə bənzədi.

Bu fikirləri Publika.az-a müsahibəsində politoloq Qabil Hüseynli deyib.

Q.Hüseynli Rusiya XİN rəhbərinin Bakıya gəlişini şərh edib və bır sıra mühüm detallara diqqət çəkib.

Politoloqla müsahibəni təqdim edirik:

- Qabil müəllim, Prezident İlham Əliyev dünən - Lavrovun Bakıya gəldiyi gün Naxçıvana səfər etdi və orada mühüm mesajlar verdi. Bildirdi ki, Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur və münaqişə sona çatıb. Bəs, ermənilərə münaqişənin bitmədiyinə inandıran, onların xəyallara qapılmasına səbəb olan nədir və ya kimlərdir?

- Hazırda Fransa və Rusiya yenidən Misnk Qrupunu və eləcə də Minsk Qrupu dövründə işlənib hazırlanmış qondarma Dağlıq Qarabağa dair bəzi prinsipləri, Madrid prinsipini, Kazan və yaxud Lavrov planını dirçəltməyə can atırlar. Əsas məsələ bundan ibarətdir ki, onlar sanki status-kvonun dəyişdiyini, qondarma Dağlıq Qarabağ Respublikasının artıq tarixin arxivinə atıldığını, Azərbaycanın BMT-nin 4 qətnaməsini yerinə yetirdiyini, torpaqlarını işağaldan azad etdiyini və ərazi bütövlüyünü təmin etdiyini unudurlar. Doğrudur, ərazi bütövlüyü məsələsində hələ rus sülhməramlı qüvvələri ermənilər yaşayan bölgənin bir hissəsində “güclərarası ayırma vasitəsi” kimi görünsə də, əslində bu bölgədə Rusiyanın təsirini qorumaq funksiyasını həyata keçirirlər. Üstəlik də erməniləri qoruyur və Dağlıq Qarabağdan tamamilə çıxmış erməniləri geri qaytaran həm də rus sülhmıramlıları olub. Rusiya sülhməramlı qüvvələrinin tərkibində çox mürəkkəb qurumlar var. Humanitar qrup, sanitar-həkim qrupu, fövqəladə hallar üçün nəzərdə tutulan qrup və humanitar yüklərin daşınmasına yardım göstərən qrup. Bunun hesabına 10 noyabr üçtərəfli razılaşmasında əldə edilmiş 1960 sülhməramlıların sayı 10 minə qədər gəlib çatıb. Bundan ruhlanan Robert Koçaryan, Serj Sarkisyan və onun ətrafında olan başqaları açıq şəkildə bildirdilər ki, Hadrutu və Şuşanı geri qaytarmalıyıq. Halbuki Şuşa əzəldən Azərbaycan şəhəri olub və ermənilər bununla barışıblar da. Şuşa rayonunun 36 kəndi var və onların bir hissəsi hələ də ermənilərin nəzarəti altındadır və rus sülhməramlıları da onlara dəstək verir. Xocavənd və Xocalı da yenə də rus sülhməramlılarının nəzarəti altındadır.

- Yəni hələ həllini gözləyən bir çox məqamlar var...

- Belə bir şəraitdə Fransanın hazırladığı və faktiki olaraq ermənilərə verilən vədə uyğun olaraq qondarma Dağlıq Qarabağın statusunu yenidən dirçəltmək adı altında bir prosesi başladıblar. Bu prosesin içərisində ABŞ görünməsə də sanki səlahiyyətlərini Fransaya ötürübmiş kimi görünür. Yəni, əl altından iş görür. Xristian dünyası açıq-aşkar XI əsrdə xristianların səlib yürüşləri kimi Azərbaycana qarşı yeni bir səlib yürüşünün xəyanətkar planını hazırlamaqdadırlar. Hələ ki, proses çox sakit və diplomatik formada gedir. Sergey Lavrov Ermənistana getdi, İrəvanda oldu. Güman edirəm ki, onlarla elə bu mövzuda söhbətlər etdi, təskinlik verdi. Seçkiqabağı vəziyyətlə də tanış oldu, onunla bağlı da Moskvanın istəklərini çatdırdı.

- Bakı Lavrovun səfərinin əsl məqsədini öncədən bilirdi?

- Bəli, Bakı Lavrovun səfərinin əsl məqsədlərini bilirdi, əvvəlcədən başa düşmüşdü. Buna görə də ölkə Prezidenti çox ustaca və təcrübəli formada dayanaraq Naxçıvana getdi, ulu öndərin 98-ci ildönümünü qeyd etmək adı ilə “həm ziyarət, həm ticarət” metodundan istifadə edərək Naxçıvandakı bəzi tikililərə baş çəkdi, atasının xatirəsini yad etdi və bütün dünyaya ciddi mesajlar verdi. Bu mesajların içərisində həm də Lavrovun Azərbaycana gələrək Bakıya təklif edəcəklərinin cavabı var idi. Orada cənab Prezident qeyd etdi ki, Qarabağ müharibəsi artıq qurtarıb, bununla bağlı sənədlərin bir hissəsi də imzalanıb. Moskvada sülh razılaşması Qarabağa dair bütün məsələlərə yekun vurub. Prezidentin dediyi kimi, bəziləri bunu atəşkəs haqqında sənəd hesab edir, ancaq bu, heç də belə deyil. Əgər biz bu gün kommunikasiyaların açılması, bölgədə yeni kommunikasiya və logistik vasitələrin yaradılması istiqamətində çalışırıqsa, bununla bağlı baş nazirlərin müavinlərindən ibarət üçlü qrup da yaradılıbsa, deməli bu, atəşkəs sazişi deyil, sülh sazişinə yaxın bir sənəddir.

- Başqa hansı mesajları verdi?

- Ermənistandakı bəzi qüvvələr yenidən çaxnaşma yaratmaq, qisasçılıq əhval-ruhiyyəsini qızışdıraraq meydanı qızışdırmaq istəyirlər. Yəni xəbərdarlıq mesajı verildi ki, razılaşmanın müddəalarına uyğun olmayan addım atarlarsa, onlara qarşı ən sərt formada cavab tədbirləri görüləcək. Hörmətli Prezidentimiz həmçinin bu kontekstdə, yəni səlib yürüşünün nə qədər uzaqlara gedib çıxdığına işarə etdi, hətta Kanada və Fransanın da daxili işlərimizə qarışan bəyanatlarını qətiyyətlə pislədi. Onlara haqlı olaraq bildirdi ki, gedin öz işinizlə məşğul olun. Həmin ölkələr bizim daxili işlərimizə nə qədər müdaxilə göstərməyə çalışacaqlar?! Xüsusilə bu fikirlər Fransaya aid idi. Haqlı olaraq qeyd etdi ki, biz Fransa ilə münasibətləri yaxşılaşdırmaq üçün nə qədər işlər görmüşük, xeyli sayda fransız şirkətini ölkəyə dəvət etmişik, onlara çox əhəmiyyətli müqavilələrin icrasını tapşırmışıq. Amma bütün bunlara baxmayaraq, Fransa yenə də Ermənistandan yapışıb və onu buraxmaq istəmir. Kanadaya gəldikdə isə, ümumiyyətlə onların bu mövzuda danışmağa haqları yoxdur. Ona qalsa, biz də onların keçmişlərini araşdırmağa başlayıb ortaya onların həmin ərazilərdə məskunlaşmalarının tarixi ilə bağlı çoxlu məlumatlar çıxara bilərik. Bir sözlə, Prezident bildirdi ki, bəzilərinin fikrində olan müharibənin nəticələrini təftiş etmək, yeni reallıqları nəzərə almamaq və bununla bağlı xain planlar qurmaq heç bir zaman mümkün olmayacaq. Azərbaycan buna imkan veriyəcək və hər şey əvvəlcədən razılaşdırıllan plan üzrə gedəcək.

Ermənilər bildirirlər ki, Mehri dəmir yolunun və Şuşa yolunun açılması mümkün deyil. Ermənilərdən bəzi qisasçı qüvvələr buna etiraz etsələr də, bu yolun çəkilməsi Rusiyanın nəzarəti altındadır və onlara tabedir. Rusiya ilə isə bu məsələni hərtərəfli razılaşdırmışıq.

- Yəni o zaman demək olar ki, Lavrov Bakıya gələnə qədər Prezidentin cavabları ortada idi...

- Prezidentin cavabları açıq şəkildə ortada idi. Artıq Rusiyanın Azərbaycandakı səfirliyi, Lavrovun köməkçiləri ölkə başçısının Naxçıvandan verdiyi mesajları Lavrovun diqqətinə çatdırmışdılar. Buna görə də Azərbaycan Prezidenti ilə Lavrovun görüşü etik nəzakət görüşünə bənzədi. Görüş zamanı fundemantal məsələlər qaldırılmadı, iki dövlət arasında olan münasibət xeyli tərifləndi. Burada ik ölkənin dövlət başçılarının rolu xüsusi qeyd edildi. Bundan sonra da bu məsələlərin inkişafına qayğı göstəriləcəyi vurğulandı. Prezidentin Naxçıvandakı bəyanatlarından sonra Rusiya Prezienti Vladimir Putinin Azərbaycan Prezidenti ilə telefon danışıqları aparmasının da bəlli bir ehtiyatkarlıqdan irəli gəldiyini söyləmək mümkündür.

- Lavrov əsas fikirləri Ceyhun Bayramovla görüşdə də səsləndirib. Minalanmış xəritələrin Azərbaycana təqdim edilməsi məsələsinə diqqət çəkib. Bildirib ki, bütün humanitar məsələlərin, xüsusən də minalarla bağlı məsələlərin mümkün qədər operativ şəkildə və ilkin şərtlər olmadan həll edilməsinin tərəfdarıyıq və bununla bağlı Ermənistana tapşırıq verib. Sizcə, İrəvan Lavrovun minalanmış xəritələrlə bağlı tapşırığına əməl edəcəkmi?

- Ruslar Ermənistana nə desələr, əmr formasında deyirlər və bu, qısa müddətdə həyata keçirilir. Ancaq bunun müqabilində Lavrov geridə qalan erməni diversantlarının da Ermənistana qaytarılmasını tələb edir. Rusiya XİN başçısı buna Azərbaycan Prezidenti ilə görüşündə də eyhan vurdu. Yəni qarşılıqlı güzəştlər fonunda danışıqlar keçib. Amma bu danışıqlar prosesinə də meydanın hələ tam qızışmadığı və bütün mətləblərin açılıb ortaya tökülmədiyi bir görüş kimi baxıram. Bu görüşün ssenarisi necə yazılıbsa, onlar bunu mərhələli şəkildə həyata keçirməyə çalışacaqlar. Azərbaycan da bunların hər birinə hər bir mərhələdə lazımlı cavabını yəqin ki, çoxdan hazırlayıb. Ona görə də Lavrovun Bakıya bu səfəri mina xəritələri və erməni diversantlarının geri qaytarılması məsələsindən uzağa gedə bilmədi. Amma onun qəlbinin dərin guşəsində bu mətləblərin bir çox hissəsi gizli olaraq qalmaqda davam edir.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm