Azərbaycana bir dəfə səfər etmək kifayətdir ki... - Cumaqulovla MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Azərbaycana bir dəfə səfər etmək kifayətdir ki... - Cumaqulovla MÜSAHİBƏ

Norveçin paytaxtı Oslonun “Aker Brygge” bulvarında dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdal ilə ümummilli lider Heydər Əliyev arasında olan dostluq münasibətlərinə, həmçinin iki ölkə arasında mədəni münasibətlərin inkişafına həsr olunmuş “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” adlı sərgi açılıb.

Olduqca əhəmiyyətli tədbir Norveçdə fəaliyyət göstərən “CAN” təşkilatının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə gerçəkləşib. Bir çox ölkələrin ictimai, siyasi xadimlərini, səfirlərini bir araya toplayan mərasim mövcud pandemiya qaydalarına əsasən təşkil olunub.

Publika.az-ın özəl müsahibi “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” sərgisinin iştirakçısı, Qazaxıstanın Norveçdəki konsulu Talqat Cumaqulovdur.

- Cənab konsul, Azərbaycan deyəndə təsəvvürünüzdə canlanan ilk mənzərəni bizimlə bölüşün lütfən.

- Ümumiyyətlə, Azərbaycanla Qazaxıstanın qədim tarixə dayanan dostluq münasibəti var. Bundan əlavə, iki Xəzəryanı dövlət arasında iqtisadi əməkdaşlıq mövcuddur. Millətlərimiz arasında qardaşlıq, doğmalıq hökm sürür. Bu haqda günlərlə danışmaq olar.

Qazaxıstan da, Azərbaycan da qədim tarixə malik ölkələrdir. Mədəniyyətlərimiz çox bənzəyir. Bir sözlə, iki qardaş ölkəyik.

- Sərgidə diqqətinizi ən çox cəlb edən məqam hansı oldu?

- Bu sərgi Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıtmaq üçün əla fürsətdir. Həmçinin nəinki Azərbaycanla Qazaxıstanın, eləcə də bütün dünya insanlarının bir kökdən gəldiyinin, qardaşlığının rəmzidir. Bəli, biz türkdilli xalqlar qrupuna daxilik. Lakin bu mərasim bir daha sübut etdi ki, dünya sakinləri bəşəriyyətin eyni dilində danışırlar. Tarixi abidələr, məbədlər bir-birinə çox bənzəyir. Sərginin Norveçdə keçirilməsi də heç də təsadüfi deyil. Eksponatlara nəzər saldıqca, Skandinav ölkələrinin ərazisinin türkdilli xalqların tarixən yaşadıqları torpaqlarla doğmalığını müşahidə etdik. Odur ki, bu tip tədbirlərin sayı artmalıdır. Norveç dövrümüzün istər iqtisadi, istərsə də mədəni cəhətdən ən güclü dövlətlərindəndir. Hər üç dövlətin bir-biri ilə istənilən sahədə əməkdaşlığı daha güclü gələcək, inkişaf etmiş cəmiyyətlər deməkdir.

- Əminəm ki, Azərbaycanda olmusunuz. Ölkəmiz haqda ən parlaq xatirələrinizi, isti təəssüratlarınızı bölüşməyinizi istərdim.

- Azərbaycan dünyanın ən unikal ölkələrindəndir. Bu ölkəyə bir dəfə səfər etmək kifayətdir ki, heç vaxt dadmadığınız, yalnız bu regiona xas meyvə-tərəvəzlərin ləzzətinə, füsunkar təbiətinə aşiq olasan. Bu müsahibə vasitəsilə bütün əcnəbiləri Azərbaycana dəvət edirəm. Gözəl zaman keçirmək istəyirsinizsə, bu tolerant ölkəni gəzin. 5 il öncə Azərbaycanda olmuşam. Ölkənin infrastrukturunun, iqtisadiyyatının sürətli inkişafı məni heyran qoydu. Bir yanda səmaya ucalan göydələnlər, modern binalar, digər yanda isə qədim binalar, tarixi tikililərin vəhdəti, bu vəhdətin fonunda Xəzər dənizi möhtəşəmdir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm