Xüsusi
Həmin günün axşamı fişənglər atılanda... – Firəngiz Mütəllimovanın ŞUŞA TƏƏSSÜRATLARI
O, Şuşadan təzəcə qayıdıb. 30 il hüsnünə həsrət qaldığı doğma şəhərindən… “Xarıbülbül” musiqi festivalına dəvət alanlar sırasında o da var idi. Deyir ki, Şuşadan Bakıya qayıtmaq istəmirmiş. Amma yenə də geri dönüş edəcək. Bu dəfə tamamilə...
Xalq artisti Firəngiz Mütəllimova Publika.az-a müsahibəsində Şuşa təəssüratlarını bölüşüb.
Xalq artistinin müsahibəsini təqdim edirik:
- Firəngiz xanım, Şuşanı 29 il sonra görmək… Hissləri sözə köçürmək mümkündürmü?
- 29 ildən sonra Şuşaya qayıtdıq. İndi mənim hansı hisslər keçirdiyimi bir Allah bilir, bir də yanımda olanlar… Şuşanın dolaylarına çatanda mən Şuşanı bir körpə uşaq kimi əzizləməyə başladım. Elə bil, 5 yaşında körpə bir uşağı əzizləyirdim. Özü də sakit səslə… Gözlərimdən yaş axırdı. Mən elə bildim ki, Şuşanı görüncə qışqıraram, bağıraram, yox, tam əksinə oldu. Ürəyimdə bir sakitlik hökm sürürdü.
- Bəs Şuşa torpağına ayağınızı yerə basanda, ilk addımlarınızı atanda hansı hissləri keçirdiniz?
- Çox həyəcanlı idim. Necə deyim, ürək çırpıntılarımı özüm eşidirdim. Ürəyimin necə döyündüyünü hiss edirdim. Sonra “Xarıbülbül” festivalına gəldik. Nədənsə içimdə bir narahatlıq var idi, sanki stress yaşayırdım. Cıdır düzündə əyilib torpağı öpdüm. Düz Cıdır düzünün girəcəyi idi. Beynimdə fikirləşirdim ki, çatan kimi gedib birinci Cıdır düzündə torpağı öpəcəyəm. Çünki orada şəhidlərimizin ayaq izləri var. Bundan sonra yerdən torpağı götürüb Tanrıya şükr elədim. Dedim ki, şükr sənə, İlahi! Mən evdə də demişdim ki, razıyam, təki Şuşa alınsın, heç mən gedə bilməyim. Amma dedim ki, İlahi, sənə çox şükür, Şuşa alındı və bu torpağa gəldim. Ondan sonra qalxıb ermənilərə qarğış elədim.
- Nə qarğışlar yağdırdınız onlara?
- Qarğış deyəndə ki, onları Allaha həvalə elədim, Yaradana tapşırdım. Yəni, 30 ildir sən bizim bütün həyatımızı məhv eləmisən. 29 il işğal dövrü oldu. Üstünə də bir il yay dövrünü gəlsək, mən 30 il idi ki, Şuşaya həsrət qalmışdım. İçimdəki qarğışları ermənilərə yönəltdim.
- Bildiyimiz qədərilə, sənət yoldaşınız Həmidə Ömərova da sizi Şuşa ziyarətində tək qoymamışdı…
- Bəli, Həmidə Ömərova da mənimlə idi. O, heç vaxt Şuşada olmamışdı. Həmişə mənə deyirdi ki, kaş bircə dəfə Şuşada olaydım, mən də söyləyirdim ki, inşallah, Şuşa işğaldan azad edilər, mən gedərəm, sən də bizə gəlib istirahət edərsən. Elə oldu ki, biz bu səfərdə yol yoldaşı da olduq. Şuşada bir otaqda qaldıq. Mən Həmidə Ömərovanı Şuşada elə gəzdirdim ki, qayıdıb dedi ki, elə bil, mən burada doğulmuşam, Şuşanı elə tanıdım.
- Şuşada yenidənqurma işlərini də gördünüzmü?
- Üst tərəflər çox gözəldir. Abadlıq işləri gedir. Yollar çəkilir. Məktəbin təməli qoyuldu. Açığını deyim ki, mən bu cür təsəvvür etmirdim. O qədər fərəhləndim, o qədər qürur hissi keçirdim ki… Amma aşağı tərəflər yavaş-yavaş qurulur. Həmin hissədəki binalar tarixi əhəmiyyətli yaşayış evləridir. Məsələn, 17 məhəllə, 17 hamam, 17 bulaq var. Bizim evimiz də aşağı hissədə, tarixi binaların siyahısındadır. Yavaş-yavaş oradakı binalar siyahıya alınır. Təmizlənmə işləri gedir. Çünki ermənilər Şuşanı elə dağıdıblar ki… Elə bil daşlarımızı, torpağımızı da aparıblar. Daşlar da yoxdur. Daş tökülsə, yerə tökülər də, daşlar da yoxa çıxıb. Evimizin içində nə boyda ağac boy atıb. Evimizin içində, yan-yörəsində böyürtkən kolu, səliqəsizlik… Onları təmizləmək yəqin ki, xeyli vaxt aparacaq. Ona görə də evimizə kənardan baxdım, bu qənaətə gəldim. Mən orada olarkən bəlkə də 15 dəfə canlı yayımla evimizi göstəriblər, sağ olsunlar. Yenə də kənardan baxıb bu günə şükr elədim. Mənə elə gəldi ki, təmir gedən, insanlar gəzən küçələr sanki enlənib. Amma bizim həyətin darvazası gözümə çox balaca dəydi, balaca, yığılmışdı… Sanki o boyda darvazamız bapbalaca olmuşdu. Yenə də bu günə şükür. Mən çox səbirli insanam. Şuşaya qayıdacağımız günü həvəslə, səbirlə gözləyirəm. İnşallah, hər şey əvvəlki kimi olacaq, hər şey öz qaydasına düşəcək. Orada Prezidentimizə o qədər dua eləmişəm ki… Demişəm ki, İlahi, bu sevinci bizə o yaşatdı. Tədbirin sonunda şüar dedim, qışqırdım. Amma Prezidentimizə yaxınlaşa bilmədim, ürəyimdə dedim ki, Şuşadayamsa, bu, hər şey deməkdir… Mən bir sözlə, öz missiyamı yerinə yetirdim.
- Yəqin ki, sizin Şuşaya gedişinizlə ananızın, atanızın da ruhu təskinlik tapıb…
- Bilirsiniz, mən Şuşaya daxil olduğum tarix anamın doğum günü idi. Anam Şuşa deyə-deyə dünyadan köçdü. Anamın da, atamın da dilində-dodağında Şuşa idi. Elə ikisi də Şuşa deyə-deyə rəhmətə getdilər. Şuşa işğaldan təzə azad olunanda uşaqlar oradan mənə torpaq gətirmişdilər. O zaman mən Şuşaya getməmişdim. Həmin torpağı aparıb atamın, anamın qəbrinin üzərinə tökdüm. Torpağı qəbirlərinin üzərinə tökdükdən sonra ağlayıb sakitləşmişdim. Dedim ki, baxın, bu da torpaq, səpdim… Yəni, Şuşanı yenidən görmək elə bir hissdir ki, onu sözlə ifadə etmək çətindir. Girib otaqda ağladım. Heç kim görmədi. Hönkürüb ağladım, bir az sonra öz-özümə dedim ki, toxta, Firəngiz, gözünün yaşını sil, sən Şuşadasan. Sən qalib gəlmiş bir ölkənin vətəndaşısan. Özünü ələ al, sevinc hissi ilə buradan çıx. Bütün bunları özüm-özümə pıçıldadım. Həmin günün axşamı Şuşadan fişənglər atılanda mən o hissi lap çox yaşadım. İnanırsınız, elə bildim ki, qələbəmizin tarixi həmin anlarda elə tarixə həkk olunur. Çox gözəl hisslər yaşadım. Çünki çox əziyyət çəkmişik. Bütün həyatımız məhv olub. Bizim çarəsiz qalmağımız ən gözəl yaş dövrümüzə düşüb. Mənim ən böyük arzum odur ki, Azərbaycanın heç bir vətəndaşı heç vaxt heç nəyə həsrət qalmasın. Həm də çarəsiz qalmasın. Kimin ürəyində Şuşanı görmək arzusu varsa, Allah-Təala tezliklə qismət eləsin, Allahın köməkliyi ilə edəcək də…
- Şuşadakı qəbiristanlıqların vəziyyəti nə yerdədir? Dağıdılıb, yoxsa?
- Vaqifin məqbərəsinin arxasında çox adamların qəbirləri var. Həmin qəbirlər durur. Amma o biri qəbiristanlığa mən gedə bilmədim. Yalan danışa bilmərəm. Çünki tədbirin öz proqramı var idi. Bizi avtobusla hara aparırdılarsa, biz oraya gedirdik. Məsələn, tədbir qurtarırdı, yeməyə gedirdik. İki-üç saat vaxtımız olanda tez düşüb şəhəri gəzirdik. Çünki hamı istəyirdi ki, gedib öz evinə baxsın. Amma dedilər ki, bizim öz qəbiristanlığımız ermənilər tərəfindən şumlanıb, yoxdur. Orada – o boyda Şuşa qəbiristanlığında cəmi 5 qəbirin olduğunu dedilər. Ora gedib-gələnlər dedilər.
- İnsanlar Şuşaya geri döndükdən sonra siz də ora qayıdacaqsınızmı?
- Qayıdacağam. Mən Şuşada yaşamaq istəyirəm. Bütün ailə üzvlərimiz qayıdacaq. Mən heç Şuşadan gəlmək istəmirdim (gülür).
- Şuşada ev tikəcəksiniz, yoxsa dövlət hesabına təmir olunan evə yerləşəcəksiniz?
- Yox, bizim Şuşada öz evimiz var. Şuşadakı evimiz tarixi abidə olduğuna görə, inşallah, dövlətimiz tərəfindən tikilib bərpa olunacaq. Bizi Şuşaya aparan, “Xarıbülbül” musiqi festivalını çox yüksək səviyyədə keçirən Heydər Əliyev Fonduna öz dərin təşəkkürümü bildirirəm. Çünki oradakı gənclər bizim qayğımıza, qeydimizə qaldılar. Çox əziyyət çəkdilər… Allah şəhidlərimizə rəhmət eləsin! Allahdan Prezidentimizə can sağlığı arzulayıram. Allah qazilərimizin şəfasını versin. Tezliklə ayağa qalxsınlar. Allah-Təala onların hamısına kömək olsun. Allah dövlətimizi, millətimizi qorusun!
Tural Turan
-
Sosial00:26
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
-
İdman3 Oktyabr 23:40
Qurban Qurbanov: "Qorxacaq, çəkinəcək bir şey yoxdur"
-
Nida Xəbər 3 Oktyabr 18:51
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
-
Rəsmi xronika3 Oktyabr 18:32
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
-
Enerji3 Oktyabr 17:19
Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...
-
Sosial3 Oktyabr 16:16
Allahşükür Paşazadənin, Ramil Usubovun evində işləmiş qadın: "Haqqımı halal etmirəm"
-
Hadisə3 Oktyabr 15:47
Bakı metrosunda qatar yoluna düşən sərnişin vəfat etdi - VİDEO
-
Rəsmi xronika3 Oktyabr 15:30
İlham Əliyev Zəngilana getdi - YENİLƏNDİ