Xalq artisti 25 il öncəki SİRRİNİ AÇDI: Sırğalarımı satdım ki... - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Xalq artisti 25 il öncəki SİRRİNİ AÇDI: Sırğalarımı satdım ki... - MÜSAHİBƏ

Xalq artisti Brilliant Dadaşova hesab edir ki, Samirə Əfəndi bu günə qədər Azərbaycanı "Eurovision" müsabiqəsində təmsil edən ifaçıların hamısından yaxşı və yaddaqalan çıxış nümayiş etdirib.

Publika.az Brilliant Dadaşova ilə müsahibəni təqdim edir:

- Brilliant xanım, Azərbaycanın builki "Eurovision" təmsilçisi Samirə Əfəndinin çıxışını necə qiymətləndirirsiniz?

- Samirə Əfəndinin "Eurovision"da çıxışı, xüsusilə mahnıda milli musiqi alətlərindən istifadə olunması çox xoşuma gəldi. Ümumiyyətlə, Azərbaycan bu müsabiqədə iştirak etməyə başladığı ilk gündən həmişə arzulamışam ki, zurna, tar və ya kamança kimi milli alətlərimizin səsi gəlsin. Mahnı ingilis dilində oxunsa belə, estrada ritminin üzərində milli musiqi alətlərinin səsinin eşidilməsi arzulanan idi. Nəhayət ki, budəfəki çıxışda bunu görə bildik. İfaçı maraqlı obraz yarada bilmişdi, onda həm artistizm, həm də özgüvən duyğusu var idi. Hesab edirəm ki, o, bu günə qədər "Eurovision"da olan iştirakçılarımız arasında ən yaxşısıdır, ifası möhtəşəm idi.

- Sizcə, bu mahnı Avropada seviləcəkmi?

- Bu, tək müğənnidən asılı olan məsələ deyil. Birinci yerə çıxmağımız həm də dövlətin düzgün siyasət aparmasının nəticəsidir. Düzgün siyasət yürütdüyü üçün artıq başqa ölkələr bizi tanıyır, hörmət edir və bizə qarşı jest etmək istəyirlər. Bütün bunlar dövlətimizin gördüyü əziyyətlərin layiqli nəticəsidir.

- Səhnə geyimi necə idi?

- Bəyəndim. Mənfur düşmənlərimiz bizi həmişə geridəqalmış, dar düşüncəli bir cəmiyyət kimi qələmə verməyə çalışır, halbuki həmişə çağdaş ölkə olmuşuq. İstər çox çağdaş, istər qapalı, istərsə də mömin insanlar sıxışdırılmayıb, hər kəsin öz həyat tərzi olub və bir-birinə qarşı anlayışlı olublar. Bizim üçün daxili zənginlik və mənəvi dəyərlər daha vacib sayılıb. Səhnə kostyumu müsabiqəyə uyğun geyimlərdir. Müğənninin səhnəyə belə bir geyimdə çıxması çox normaldır, dünya artıq kosmosa uçur, geyim haqqında danışmaq cılız insanların kredosudur.

- İnsanlar toy-bayramların həsrətindədir, konsertlər üçün də çox darıxmışıq. Bu pandemiyalı günlər sizdə necə keçir?

- Bu yaxınlarda əyləncə mərkəzlərinin birində konsert proqramı ilə çıxış edəcəyəm. Musiqi istənilən vəziyyətdə əhval-ruhiyyəyə təsir göstərir. Bəlkə pandemiyanın bu ağırlığından bizi elə musiqi xilas edəcək. Müxtəlif dövrlərdə bəzi xəstəliklərlə əlaqədar tarixdə karantin həmişə tətbiq olunub. İbn Sinanın vaxtında da qarayara xəstəliyi yayılmasın deyə, bu kimi tədbirlər görülüb. Bizə də koronavirus pandemiyasını yaşamaq qismət oldu. Çalışırıq ki, musiqinin ilahi gücü ilə özümüzü xilas edək. 28 May - Respublika Günü ilə əlaqədar konsert proqramına hazırlaşırıq. Eyni zamanda bir neçə televiziya verilişlərində iştirak edəcəyəm.

- Ekspertlər artıq yaya dair müsbət proqnozlar verir, bir sıra yumşaldılmaların olması gözlənilir. Siz yaydan nə gözləyirsiniz?

- Hər kəs kimi həyatımızın normallaşmasını arzu edirəm. Bu yaxınlarda ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə sevdiyi mahnılardan ibarət layihə hazırlanırdı. "Üzüyümün qaşı", "Küçələrə su səpmişəm" mahnılarını aranjeman etdirmək üçün sponsor tapa bilmədim, sırğamı satdım. Belə dövrlər olub, 1997-ci ildə də Norveçə getmək üçün sırğamı satmışdım. Bu, bahalı sənətdir, aranjemanlara, geyimlərə və s. həmişə sərmayə qoymaq lazımdır. Geyimlərə ümumiyyətlə, pul xərcləmirəm, qarderobumdan nə tapıramsa, onu geyinirəm. Amma arenjemanlar vacibdir, təzə studiya yazıları olmalıdır.

- Pandemiyadan sonra cəmiyyətin ən çox nəyə ehtiyacı olacaq?

- Düşünürəm ki, ayıq-sayıq olmalıyıq. Müharibə dövründə dövlət başçısının ətrafında toplaşmışdıq, əl-ələ tutmuşduq, milli birlik və həmrəylik nümayiş etdirirdik. Eləcə də davam etməliyik. Gözləyirəm ki, insanlar gözlərini açsınlar, daha qlobal düşünsünlər. Bərpa etdiyimiz ərazi bütövlüyümüzü, qardaşlığımızı, bu qüdrətimizi və milliliyimizi qoruyub saxlaya bilməliyik ki, 20-30 ildən sonra gənclərimiz şəhid olmasın.

- Toyların təmtəraqlı şəkildə keçirilmə ənənəsi yenə davam edəcək?

- Mayın 30-da yoldaşımla toyumuzun 33 illiyi tamam olur. Toyumuza 100 nəfər çağırmışdıq, 130-a yaxın qonaq toplaşmışdı. Bu rəqəm bizə çox görünürdü. İndi toylara 1000 nəfərə qədər qonaq dəvət olunur, dekorasiyalara 50 000 xərclənir, bu, təmtəraq deyil. Bizdə nə 50 minlik dekorasiya var idi, nə də 50 metrlik tort gəlmişdi. Amma orada başqa bir təmtəraq var idi. Bizim üçün təmtəraq İlhamə Quliyevanın, Şövkət Ələkbərovanın, Sara Qədimovanın toyumuzda oxuması idi. Ən yaddaqalan məqamlar bu sənət insanlarının ifaları oldu.

İndi toylara 1000-ə yaxın adam toplaşır, çoxu da bir-birini tanımır. Sadəcə ailələrin bir yerə toplaşıb gözəl musiqi sədaları altında rəqs etməsi özü bir mədəniyyətdir.

- Bu yaxınlarda Rus Dram Teatrının direktoru, həyat yoldaşınız Ədalət Hacıyev Rusiya Prezidenti tərəfindən "Puşkin" medalı ilə təltif olundu. Bu xəbəri necə qarşıladınız?

- Rusiyada yaşayan azərbaycanlılar daha çox zəng edir və deyirlər ki, bu, bizim uğurumuzdur. Qonşu ölkənin azərbaycanlı sənət adamlarına verdiyi bu qiymət dövlətimizin yürütdüyü siyasətin nəticəsidir. Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsində iqtisadi və siyasi məsələlərlə yanaşı, humanitar və mədəni əlaqələrin qurulması və genişləndirilməsi də mühüm yer tutur. Azərbaycan-Rusiya münasibətlərinin yaxşı olması orada yaşayan həmyerlilərimizə müsbət təsir göstərir. Dost münasibətlərdən ancaq xoş niyyət doğulur.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm