"Biz orada pəhləvan kimi dayanıb ermənilərə baxırdıq" – Fərhad Bədəlbəylinin ŞUŞA NOTLARI
Bizi izləyin

Xüsusi

"Biz orada pəhləvan kimi dayanıb ermənilərə baxırdıq" – Fərhad Bədəlbəylinin ŞUŞA NOTLARI

Azərbaycanın dünya şöhrətli pianoçusu, SSRİ Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ilə Şuşadan danışmışıq. Şuşa azad olunandan sonra qala şəhərə iki dəfə baş çəkib, sinəsi doludur. Şuşa ilə bağlı elə ağızdolusu danışır ki, özünü "Xarıbülbül" musiqi festivalında hiss edirsən.

Fərhad Bədəlbəylinin Publika.az-a müsahibəsini təqdim edirik:

- Fərhad müəllim, Şuşaya ilk addımlarınızı atanda hansı hissləri keçirdiniz?

- Mən üç ay ərzində ikinci dəfə idi ki, Şuşaya gedirdim. İlk dəfə Şuşaya qışda ayaq basmışdım. Əlbəttə, Şuşa qışda da, yayda da gözəldir. İnsan özü üçün ayırd edə bilmir ki, Şuşaya haçan getsin. Amma Şuşanın qarlı mənzərələri də çox təsirlidir. Bilirsiniz, qarlarla örtülü, ağa bürünmüş Şuşa gəlinə oxşayır. Mən belə təsəvvür edirəm. Şuşa çox gözəldir, çox pakdır. Birinci dəfə gedəndə əsgərlərlə təmasda olduq. Onlarla söhbətləşdik, çörək yedik, çay içdik. O qəhrəman uşaqları görmək çox təsirli idi.

- Şuşanı qoruyan əsgərlərimiz sizdə necə təsir oyatmışdı?

- Mən elə düşünürdüm ki, onların hərəsinin iki metr boyu var. Yox, elə deyilmiş. Normal insanlardır, amma qəhrəmandırlar, igiddirlər. Prezident də yaxşı dedi onlar haqqında – aslan kimi vuruşublar. Axıra kimi döyüşüblər.

- Birinci dəfə gedəndə Şuşa təzə azad olunmuşdu. Hər hansı narahatlıq hiss olunurdumu?..

- Narahatlıq onda idi ki, Şuşadakı əsgərlərimiz deyirdilər ki, ermənilər hərdənbir güllə atırlar. Bizim şərəfsiz qonşularımız hərdənbir narahatlıq yaratdığı üçün əsgərlərimiz gecəni yatmırlar. Daima hazırdırlar. Elə bilirsiniz ki, biz qələbə çaldıq, rahat yaşayırıq, hər şey qurtardı?! Xeyr, elə deyil, ermənilər hər gün bir hadisə, olay çıxarırlar. Yenə də onlar nə vaxtsa yolu kəsəcəklər, avtobusları daşa basacaqlar. Hələ 1988-ci ildə onlar belə edirdilər. Qatar gedəndə vaqonları daşa basırdılar. Biz onları həmin vaxtdan tanıyırıq. Bu 32 il ərzində heç nə dəyişməyib. Onlar yenə köhnə psixologiya ilə yaşayırlar. İndi isə məğlub xalqdırlar. Daha da dilxor olublar, indi daha kəskin formada bu cür təxribatlar törədə bilərlər. Bizim uşaqlarımız, əsgərlərimiz isə deyirlər ki, biz hazırıq, özü də hər gün hazırıq. Onu da söyləyirlər ki, düşmən hansısa təxribata əl atsa, biz onların cavabını dərhal verəcəyik.

- Bir az da ikinci səfərinizdən, festivaldan danışaq, necə təşkil olunmuşdu?

- Cıdır düzündə belə bir səhnə qurmaq çox möhtəşəmdir. Mən buna görə Heydər Əliyev Fonduna min dəfə təşəkkür etmək istəyirəm. Çünki orada belə bir səhnə qurmaq çox çətindir. Axı, Şuşada, Cıdır düzündə relyef düz deyil. Daşlar, qayalar var. Çox böyük iş görüblər. Təşkilatçılıq da çox gözəl idi. Səhnə elə qurulmuşdu ki, onu sözlə ifadə etmək asan deyil. Təsəvvür edin, siz səhnədə ifa edirsiniz və yuxarı baxırsınız, göyün üzündə qartallar uçur. Belə bir möhtəşəm səhnə olarmı?! Heç yerdə, ümumiyyətlə dünyada belə əsrarəngiz səhnə yoxdur!

- Siz oraya Şuşada doğulmuş sənət dostlarınızla getmişdiniz. Onların üzündəki ifadələri oxuya bildinizmi? Məsələn, Fuad İbrahimovun, Polad Bülbüloğlunun üzündə hansı ifadələr var idi?

- Festivalda çox səmimi bir aura var idi. Bu səmimiyyəti ilk olaraq cənab Prezident başlatdı. Təsəvvür edin, hava istidir, hamımız maska taxmışıq. Tibbi maska ilə oturmuşduq. Bizi yoxlayırdılar. Prezident gələndə dedi ki, açıq havadır, Şuşadır, maskaları çıxarın. Biz də maskaları çıxardıq. Həmin səmimiyyət festivalın bütün günlərində davam etdi. Çox möhtəşəm festival oldu; həm rəsmi idi, həm səmimi, həm də demokratik və azad... Festivaldan sonra qol qaldırıb oynamağa başladıq. Mən də oynayırdım. Fərəh xanım Əliyeva rəsmi məmur idi, Yallı gedirdi. Orada titul söhbəti yox idi, kimsə SSRİ Xalq artisti, Əməkdar incəsənət xadimi... belə şeylər yox idi, hamı bir idi, hamı həmrəy idi... Birləşib bir millət kimi Şuşada musiqi bayramını qeyd edirdik. Bir sözlə, rəsmi ünsiyyətlər yox idi. Bu, sevindirici hal idi, görürdüm ki, bu millət çox inkişaf edib, bu da çox vacib məqamdır. Vaxtilə bizdə bəzi məmurlar özlərini elə aparırdılar ki, sanki bunlardan dünyada yoxdur. Özlərini şah kimi aparırdılar. İndi yox, bu dəfə elə olmadı. Şuşadakı "Xarıbülbül" musiqi festivalı çox demokratik, çox səmimi bir mühitdə keçdi. Bu, yeni tendensiyadır və mənim çox xoşuma gəlir.

- İki gün ərzində Şuşada haraları gəzdiniz?

- Hər yerini gəzdik. Əsasən Fuad İbrahimovla birgə gəzirdik. O, şuşalıdır, orada doğulub. Əslində, biz hamımız şuşalıyıq. Amma o, 9 yaşında vertolyotla Şuşanı tərk edib. Onun doğulduğu evə getdik. Ermənilər onun da evini dağıdıblar. Yazıq elə ağladı ki... Bizim üçün, elə onun üçün də çox çətin idi. Biz onu sakitləşdirməyə çalışdıq, dedik ki, yenə də burada ev tikərsən, burada yeni konsertlər verəcəksən. Fuad İbrahimov köhnə fotoları gətirdi. Biz İsa bulağına getmişdik. O, İsa bulağında lap özünü itirdi. O bulaqda həmişə yerdə su olur. Həmin ətrafda su elə güclü axır ki, həmişə yerdə su qalır. Həmin suyu görəndə özünü saxlaya bilmədi, gözləri doldu. Dedi ki, uşaqlıqda həmişə mən burada ayaqyalın qaçırdım. Çünki yerdə su olanda onun xoşuna gəlirmiş. Anası da qışqırırmış ki, neynirsən, niyə oradan qaçırsan?! O, həmin anları İsa bulağında yenidən yaşadı. Orada çörək yeyirdik, muğama qulaq asırdıq. İnşAllah, Şuşaya yeni yol da çəkiləcək. İndi biz məcburən ermənilər gedən yoldan istifadə edirik. Xankəndi yolu ilə getmək üçün ruslardan icazə almaq lazımdır. Biz istəyirik ki, Şuşaya ruslardan icazə almadan gedək. Fikrimcə, bu kimi məsələlər vaxt tələb edir. Birdən-birə hər şey mümkün deyil. Gözləyirik... Orada hər kəsin Şuşa ilə bağlı bir tarixi var idi. Biz Poladın atasının evinə getdik. Orada çay içdik. Bütün qonaqlarımız oraya getmişdi. Həmin festivalda dünya şöhrətli musiqiçilər iştirak edirdilər: Yusif Eyvazov, Dinarə Əliyeva, Elçin Əzizov və başqaları... Onlar bütün dünyada ən möhtəşəm səhnələrdə çıxış edirlər. Bu adamlar da deyirdilər ki, bu cür konsertlər onların təcrübəsində olmayıb, yəqin ki, bundan sonra da olmayacaq. Doğrudan da bu, tarixi konsert idi.

- Bir az da ən yaddaqalan məqamlardan danışaq...

- Konsertdən sonra Təyyar Bayramovla, Mənsum İbrahimovla toplaşıb foto çəkdirirdik. Dedim ki, belə şəkil çəkdirmək alınmayacaq, siz mütləq oxumalısınız. Onlar da bizim böyük sənətkarlarımızdır. Əvvəlcə yarızarafat, yarıciddi oxudular. Sonra Cıdır düzünün qayalarına, daşlarına çıxıb uçurumun kənarında oxumağa başladılar. Bilirsinizmi necə hisslər idi?! Həmişə sentyabrın 18-i, Üzeyir bəyin doğum günündə deyirdik ki, Şuşa azad edilsin, gedib orada onun əsərlərini səsləndirək. Axır ki, biz Cıdır düzündə "Uvertüra"nı eşitdik.

- Şuşaya Xankəndidən keçib getdiniz. Ermənilərin üzündə hansı ifadələr var idi?

- Əslində, mən heç onların üzünü də görmək istəmirdim. Ona görə də biz Bakıya Zəfər yolu ilə qayıtdıq. Amma onların üz ifadələrini indi təsəvvür etmək elə də çətin deyil. Onların hazırda düşdüyü durum dəli yığıncağıdır. Rus əsgərlərinin kölgəsində yaşamaq xoşbəxtlik deyil. Onlar azadlıq, istiqlaliyyət kimi böyük şüarlar səsləndirirdilər. Bəs nə oldu?!. İndi dustaq kimi yaşayırlar. Budurmu həyat?! Yaxşı olardı ki, onlar daşları ətəyindən tökərdilər. Bu qədər həngamələr törətməzdilər. O zaman onlar da bu konsertdə iştirak edə bilərdilər. Onlar dinc yaşayışı istəmirlərsə, özləri bilərlər. Onlar hazırda Xankəndidə dustaq kimi yaşayırlar. Biz ən müasir avtobuslarla, böyük kalonla onların yanından keçib gedirdik. Bu, onlar üçün böyük şok idi. İndi onların iki çıxış yolu qalıb; ya Xankəndidən çıxıb getməlidirlər, ya da Azərbaycan vətəndaşlığını qəbul edib orada yaşamalıdırlar. Başqa yol yoxdur.

- Sovet dövründəki Şuşa ilə indiki Şuşa arasında hansı fərqlər var?

- O dövrdə Şuşada böyük inşaat işləri gedirdi. Vaxtilə Şuşada inşa edilən "xruşşovka"lar Şuşanın görünüşünü çox korlayıb. Təsəvvür edin, Şuşa kimi nadir təbiət incisinin mərkəzində beşmərtəbəli "xruşşovka"lar tikilir, bu, necə ola bilər?! Məncə, yeni planda biz tamam başqa bir Şuşanı görəcəyik. Həm müasirliyi, həm də qədimliyi...

- Şuşada bərpa işləri necə gedir?

- Şuşada bərpa və yenidənqurma işləri başlayıb. İş gedir. 24 saat, dayanmadan işləyirlər. İki aydan sonra Şuşaya qayıdanda birinci və ikinci səfərim arasındakı vaxtla müqayisə edəndə çox böyük fərq var. İndi müasir hotel də tikilir. Bir hotel bərpa olunur. Məncə bir ildən sonra Şuşa turistləri qəbul edəcək. Buna şübhəm yoxdur.

- Tədbirdən sonra başqa hansı hisslər yaşandı? Məsələn, Prezident gəlib sizinlə də söhbətləşdimi?

- Bəli, əlbəttə... Müzakirə də oldu. Cənab Prezidentin Şuşa ilə bağlı böyük planları var. Bildirdi ki, burada hər il festival keçirilməlidir. Özü də beynəlxalq festival... Ulduzlar gəlməlidirlər oraya... Bu, ən böyük təbliğatdır. Bütün dünya biləcək ki, Şuşa nə deməkdir. Şuşa brendi çox populyardır. İndi hamı gəlib görəcək ki, bu Şuşa nədir ki, onun üstündə bu qədər dava gedir?! İnanın ki, Şuşada beynəlxalq festivallarla yanaşı, konfranslar da keçiriləcək. Qarabağ atları ilə bağlı tədbirlər olacaq. İngiltərədən Şuşaya təşrif buyuracaqlar. Yəni, Şuşada yenidən mütləq həyat bərpa olunacaq.

- Bəs siz özünüz Şuşada ev tikəcəksinizmi, yaxud oradan ev alacaqsınızmı?

- Şuşadan ev versələr, mən xoşbəxt olaram. Biz Polad Bülbüloğlu ilə sözləşdik ki, Şuşada təkcə yaşamaq yox, həm də işləmək istəyirik. Mən Şuşada yay məktəbi açmaq istəyirəm. Biz orada ən istedadlı uşaqlara master-klasslar vermək istəyirik. Şuşada təkcə yaşamaq yox, bir az da işləmək lazımdır. Heç olmasa, Şuşaya xeyir gətirməliyik. Əlbəttə, Şuşada ev tikmək istəyərəm.

- Fərhad müəllim, Şuşadan, Cıdır düzündən Xankəndi necə görünürdü?

- Mən indi təsəvvür edirəm ki, atəşfəşanlıq olanda ermənilər aşağıdan yuxarıya baxarkən hansı hissləri keçirirdilər. Cıdır düzünü televiziyadan görmək başqa bir şeydir. Amma orada dayanmaq... Biz orada pəhləvan kimi dayanıb yuxarıdan aşağıya ermənilərə baxırdıq. Deyirdik ki, qalib xalqın nümayəndəsi olmaq nə böyük xoşbəxtlikdir. 28 il biz bu günü gözlədik. Nəhayət ki, biz özümüzü qalib kimi hiss edə bildik. Məncə, bu hisslər festivalın kulminasiyası idi.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm