Xüsusi
Ermənilərlə üz-üzə oturmalıyıq və GENERALLAR... - Politoloq
Ötən gün Prezident İlham Əliyev "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" konfransındakı çıxışında diqqətçəkən mesajlar verdi. Ölkə başçısı Zəngəzur dəhlizindən, Gürcüstandan keçən enerji layihələrinin aktuallığından danışdı. Rusiya və ABŞ-la əlaqələrə toxundu.
Bütün bunları və digər məsələləri politoloq Tofiq Abbasovla "Cümə söhbəti"ndə müzakirə etmişik.
Politoloqun Publika.az-a müsahibəsini təqdim edirik:
- Tofiq müəllim, Prezident dəhlizin anonsunu verdi. Söylədi ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı iş gedir. Ermənistanın indiki məqamda Zəngəzur dəhlizi ilə bağlı mövqeyi dəyişə bilərmi?
- Bilirsiniz, dövlət bir mexanizmdir, orqanizmdir. Bir qədər təəccüblü olsa da, mənim bu məsələyə baxışım belədir ki, Ermənistan yürütdüyü siyasət nəticəsində özü özünə pauza verib. Bir növ bu ölkə "stopa qoyulub". Ermənistan indi öz funksiyasını, fəaliyyətini dayandırmış vəziyyətdədir. Yəni, pauzada olan bir ölkədir. Bu da dünya praktikasında nadir rast gəlinən bir vəziyyətdir. Ancaq ermənilər buna qadir ola bilərlər və buna nail də oldular. Öz saxtakarlıqları nəticəsində özlərini tələyə saldılar. Azərbaycan tərəfindən ciddi məğlubiyyətə uğradıldıqdan sonra bu ölkə faktiki olaraq durğun vəziyyətdədir.
- Bəs indi Ermənistanda insanlar nələr gözləyirlər?
- İndi Ermənistanda hamı gözləyir ki, yeni hakimiyyət seçilsin və yeni mərhələyə qədəm qoyulsun. İndiki vəziyyətdə rəsmi Bakının hədəfləri, prioritetləri məlumdur. Azərbaycan dövlətinin hədəfləri ruhi və praktiki baxımdan sağlamdır. Bu hədəflər Azərbaycanın tək özünə yox, həm də regiondakı digər dövlətlərə sərf edir. Onsuz da neçə illər idi ki, bizimlə düşmənçilik etdiyinə görə, Azərbaycan Ermənistanı oyundankənar vəziyyətə salmışdı. Bakı İrəvanın iştirakı olmadan beynəlxalq səviyyəli bir sıra layihələri gerçəkləşdirib. Enerji layihələrini uğurla həyata keçirib. Dəhlizləri yaradıb. Bütün bunları regionda Ermənistan olmadan həyata keçirib. Ermənistan nə qədər çalışdı ki, bu layihələrdən kənarda qalmasın, amma bunu bacarmadı. Çünki onun qarşısını almaq mümkün deyildi. Bu proseslər Ulu öndər Heydər Əliyevin dövründə başladı və Prezident İlham Əliyevin dönəmində keyfiyyətcə yeni müstəviyə çıxdı. Biz indi onlara başa salırıq ki, bir az ağıllı olun, sadəcə ağıllı olun. Yəni, bilin ki, siz öz bədbəxtliyinizi öz əlinizlə formalaşdırmısınız. Artıq bütün dünya irəliyə, siz isə arxaya gedirsiniz. Dünya irəliyə baxıb yeni hədəflərini müəyyənləşdirir, siz isə keçmişə qayıdırsınız, deyirsiniz ki, yüz il bundan əvvəl bizi "əziblər", "qırıblar" və dünya bunu tanımır... Ermənilər ağıllı olsalar, regionda gedən proseslərə qatıla, beynəlxalq layihələrə qoşula bilərlər. Bir şərtlə ki, onlar öz iddialarından əl çəkməlidirlər, heç kəsə problem yaratmamalıdırlar. Özləri ilə nə edirlər, özləri bilərlər, amma bizə qarşı problem yaratsalar, yenə də başlarından zərbə alacaqlar. Mən belə başa düşürəm ki, 20 iyun seçkilərindən sonra Ermənistanda yeni hökumət formalaşacaq. Mənim proqnozuma görə, bu seçkilərdə Nikol Paşinyan qalib gələcək. Bu, həm Paşinyanın, həm də Ermənistanın özü üçün lazımlı qələbə olmalıdır.
- Nə üçün?
- Ona görə ki, Paşinyanın yerinə Koçaryan və ya Sarkisyandan hansısa biri gəlsə, Ermənistan yenə də qaranlıq zonada qalacaq. Paşinyan son günlər heç olmasa pozitiv, ürəkaçan açıqlamalar verir. Deyir ki, biz Naxçıvan tərəfdən də, Qazax tərəfdən də kəndləri qaytarmalıyıq. Faktiki olaraq bu, öz məğlubiyyətini qəbul edən və tanıyan bir adamın bəyanatlarına bənzəyir. Fikrimcə, o, öz hakimiyyətini yenidən formalaşdırdıqda daha müdrik, daha praqmatik olacaq. Paşinyan anlayır ki, daha Azərbaycanla dirəşməyin yeri yoxdur. Əks halda bu yol uçuruma aparır, ən yaxşı halda dalana dirənən bir yol İrəvanı gözləyir. Ona görə də əməkdaşlıq edib xeyir götürmək lazımdır.
- Zəngəzur dəhlizinin açılması rəsmi Tbilisidə də müəyyən narahatlıqlar yaradıb. Gürcüstan düşünür ki, dəhlizin açılması Bakı-Tbilisi-Ceyhan (BTC) və bu ölkənin ərazisindən keçən digər beynəlxalq layihələrə kölgə sala bilər. Necə düşünürsünüz, onların bu narahatlığı anlaşılandırmı?
- Beynəlxalq kəmərlər 2-3 ilə hesablanmır. Onlar uzunmüddətli layihələrdir. Həmin kəmərlər vasitəsilə biz ənənəvi tərəfdaşlarımıza neft-qaz məhsulları göndəririk. Gürcüstan bu məsələdən narahat ola bilər. Çünki Gürcüstan istəyər ki, Azərbaycanın Ermənistanla heç bir münasibəti, əlaqəsi olmasın. Biz vaxtilə Gürcüstanın daxilindəki təxribatçı qüvvələrin mövqeyini də görmüşdük. Gürcüstanın bir baş naziri var idi, qısa müddətdə hakimiyyətdə oldu. Camaat küçəyə çıxaraq onu hakimiyyətdən qaçırdı. Onun Ermənistanda olarkən anti-Azərbaycan ruhunda verdiyi bəyanatlar da yadımızdadır. Həmin baş nazir 3-4 il əvvəl öz anlaşılmaz mövqeyi ilə çox pis aqibət yaşadı. Bilirsiniz, xeyirdən xeyir güdməzlər. Azərbaycan sizə xeyir verirsə, onun tərəfdaşlığını, onun verdiyi xeyiri gərək dəyərində qiymətləndirəsiniz. Vaxtilə Rusiya qış aylarında Gürcüstanın qazını kəsəndə Azərbaycan onlara qaz verirdi. Bu, qardaşlıq, qonşuluq siyasəti deyil?! Azərbaycan öz kəmərlərini Gürcüstandan keçirdi. Əvəzində isə deyirdilər ki, sizin başqa yolunuz yox idi, biz nə etməliyik, biz sizə borclu deyilik - deyirdilər. Bilirsiniz, bu cür siyasətin axırı yoxdur. Gürcüstanın yeni Baş naziri Giorgi Qaxariya bu problemlərin kökünü bilirdi və vəziyyəti düzgün qiymətləndirirdi. Gürcüstanda baş nazirlər tez-tez bir-birlərini əvəz edir. Onlar bir şeyi anlamalıdırlar ki, Azərbaycanla münasibətləri korlamaq onlar üçün məsləhət deyil. Korlasalar, öz etibarlarını itirəcəklər. Onlar dünənin mənzərəsini tam şəkildə qiymətləndirə bilmirlər.
- Bəs regionda yeni beynəlxalq layihələr həyata keçirilsə, bu, Gürcüstan üçün nə demək olacaq?
- Əgər Cənubi Qafqazda yeni layihələr reallaşsa, bu, Gürcüstanın da xeyrinə olacaq. Bir halda ki, Ermənistanla Gürcüstan arasında əlaqələr var, yeni dəhliz açılanda həm də Gürcüstan vasitəsilə Türkiyə ilə Rusiya birləşəcək. Gürcüstan niyə bu məsələdən bədgüman olmalıdır ki?! Onun üçün bu məsələdə heç bir risk yoxdur. Ona görə də hesab edirəm ki, Gürcüstandakı bəzi qüvvələr öz yanaşmalarını yenidən formalaşdırsınlar. Korrektələr etsinlər. Çünki bəzi hallarda onların Azərbaycanla bağlı fikirləri anlaşılmayan tərzdə görülür. Bu "xaric notlar" səslənməsin deyə, Gürcüstan siyasətçiləri gərək ağılla, zəka ilə düşünsünlər. Bilsinlər ki, Azərbaycanla düşmən olmaq onların xeyrinə deyil. Azərbaycan dostdur. Bizim Gürcüstanda, onların bizdə maraqları var. Bu maraqları qarşılıqlı şəkildə həll etmək lazımdır.
- Azərbaycan Prezidenti dünənki konfransda ölkəmizin ABŞ-ın yeni administrasiyası ilə münasibətlərinin yaxşı olduğunu, Rusiya ilə müəyyən mənada məsafə saxladığını ifadə etdi. Sizcə, Azərbaycan bundan sonrakı mərhələlərdə iki qütbdən birinə daha çox yaxınlaşacaq, yoxsa balanslı siyasət kursuna davam edəcək?
- Bilirsiniz, balanslı siyasət bizim yanaşmalarımızın ayrılmaz elementidir. Bizim bütün fəaliyyətimizdə, yanaşmalarımızda balanslılıq, tarazlılıq elementləri, komponentləri özünü əks etdirir. Biz İsrail-Fələstin münasibətlərində də gördük ki, Azərbaycan həqiqətən də sağlam mövqe sərgilədi. Biz nə o, nə də bu tərəfi itirmək istəyirik. Çünki hər ikisi də bizə yaxındır. Fələstin daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bizdə daxildə olan bəzi qüvvələr az qala yazırdılar ki, Fələstin qondarma soyqırımını tanıyıb. Amma "soyqırımı"nı parlament səviyyəsində tanıyan ölkələrin siyahısında Fələstinin adı ümumiyyətlə yoxdur. Bu cür yanlış fikirlər formalaşdırmaqla bəzi qüvvələr istəyirlər ki, bu, kiməsə xoş gəlsin. Azərbaycanla Fələstinin arasını vurmaq istəyirlər. Bizimlə İsrailin arasını vurmaq istəyənlər də var. Rusiya da, ABŞ da dünya liderləridir. Onlarla münasibətimiz həmişə yaxşı olmalıdır.
- Ermənistan tərəfi Qazaxın 7, Naxçıvanın 1 kəndinin müqabilində Gədəbəy ərazisindəki Başkəndi tələb edir. Sizcə, bu məsələ necə həll ediləcək?
- Beynəlxalq və qonşuluq münasibətlərində bu cür məsələlər müxtəlif yollarla həll olunur. Sərhədlərin dəqiqləşdirilməsində demarkasiya və delimitasiya məsələləri var. Qonşuluq siyasətində demarkasiya və delimitasiyanın öz yeri mövcuddur. Biri xəritə üzərində qurulur, məsələn, bu kənd onlarındır, o kənd bizimdir. Delimitasiya isə relyef üzərində qurulur. Bundan sonra xətlər çəkilir. Bunlar iki bir-birini tamamlayan məsələlərdir. Beynəlxalq qanunvericilikdə də bunların hər birinin öz yeri var. Bizim ermənilərlə bu istiqamətdə təmasımız olmalıdır. Bu məsələdə bizə heç bir vasitəçi lazım deyil. Bu problemi hər iki tərəf üz-üzə oturub həll etməlidir. Sərhədçilər, xüsusi xidmət orqanlarının nümayəndələri, ordu generalları bu məsələni həll edə bilərlər. Sərhədlə bağlı proseslər həmişə ağrılı olur. Bəzən illər çəkir. Ortada sovet dövründən qalan xəritələr var. Onlar deyir ki, bunlar keçərli deyil, amma ortada istinad yeri kimi başqa sənədlər yoxdur.
Tural Turan
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı