Xüsusi
Qazimizdən TƏSİRLİ SÖZLƏR: Bu xəbəri eşidəndə ilk dəfə ayağa durdum... - VİDEOREPORTAJ
Ordumuzun qəhrəmanlığı, qorxmazlığı və şücaəti sayəsində Vətən müharibəsini zəfərlə başa vurduq. Azərbaycan eşqi, bayraq sevgisi ilə silahlanan qəhrəman igidlərimiz haqq savaşımızdan alnıaçıq, üzüağ çıxdılar. Vətənin dar günündə onun köməyinə yetişən minlərlə ərənlərimiz qanları ilə tarix yazdı, onlar həm də adlarını zəfər tariximizə yazdırdı.
Qanı, canı ilə tarix yazan igidlərimizdən biri də müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Elmin Həsənovdur.
Müzəffər Ordumuzun sıralarında böyük qəhrəmanlıqla döyüşən, torpaqlarımızın azad olunması zamanı igidlik nümayiş etdirən, savaşda ağır yaralar alan qazimizin qələbəmizdə böyük payı var.
Döyüş yolunu onun öz dilindən canlı dinləmək üçün Sumqayıta - Elminin evinə yollandıq.
Qazimizin 2 yaşlı qızı Xanım Həsənova atasını bərk-bərk qucaqlayıb onun qazi olduğunu deyir və “Atan kimdir?” sualına isə fəxarətlə “Azərbaycandır” cavabını verir.
2 yaşlı bu balaca xanım üçün atası Azərbaycandır. Xanım yaşca kiçik olmasına baxmayaraq, qazi qızı olduğunu dərk edir, böyük ürəyi ilə atasına sarılır.
Bu gün bu balaca qızcığazın atasının və digər igidlərimizin sayəsində doğma Qarabağımızın hər qarışı bizim üçün Vətəndir, Azərbaycandır. Çünki torpaqlarımızın işğalı ilə barışmayan, illərlə qisas hissi ilə yaşayan Elmin kimi minlərlə igidimiz bütöv Azərbaycan üçün Vətənin müdafiəsinə yollandı, Qarabağı azad etdi.
Elmin müharibənin ilk günündən döyüşlərdə iştirak edib. Vəzifəsi sürücü-mexanik və tankçı olub. Cəbrayıla qədər döyüşüb. Deyir, baş verənlər heç ağlımıza belə gəlməzdi: “İlk dəfə sentyabrın 27-də Füzuli uğrunda gedən döyüşlərə qatıldıq. Cəbrayılda vəziyyət çox ağır idi, əmr gəldi və bizi ora yönləndirdilər. Cəbrayıla daxil olanda azad olunmuş torpaqlarda idik, qürur duyurduq. Evlə danışanda ürəklə deyirdik ki, Cəbrayılı azad etmişik. Heç ağlımıza da gəlməzdi. Cəbrayılda ağır döyüş oldu. Tam fərqli bir hiss idi. Əvvəl heç vaxt yaşamadığımız bir hiss idi, çox sevinirdik. Qorxu olsa da, onu üstələyirdik. Bir amalımız var idi, o da irəliləmək idi. Bütün döyüşçülər qəhrəman idi, fərqi yox idi kim hansı vəzifəni yerinə yetirir, ancaq bildiyimiz bir şey var idi, o da bizim olanı illər sonra geri qaytarırıq. Hamımız qardaş kimi idik”.
Elmin döyüşlərin ilk günündən ta yaralandığı günə qədər nağıl edir. Deyir ki, hər kəs irəli getmək, torpaqları azad etmək üçün səbirsizlənirdi. Qarabağın azad ediləcəyi günü o qədər səbirsizliklə gözləyirmişlər ki, hətta birinci o torpaqlara ayaq basmaq üçün həsəd aparırmışlar: “Hər kəsə bir tapşırıq verilirdi. Elə qrup olurdu ki, onlar bizdən öndə getməli idi. Biz onlara baxıb həsəd aparırdıq. Ona görə ki, hər kəs o torpaqlara birinci ayaq basmaq istəyirdi. Qarabağı tam şəkildə azad etmək üçün səbirsizlənirdik. İrəlidə olanlar tankı öpüb gedirdilər. Hamısı igid oğullar idi. Bir nəfər görmədim ki, arxanı fikirləşsin, hamı irəli getmək istəyirdi. Heç kəs boş oturub gözləmirdi. Ona verilən missiyadan asılı olmayaraq, bacardığı köməyi əsirgəmirdi. Şükürlər olsun, Qarabağımızı azad etdik, bu günlər bizə qismət oldu, kiçiklərimizə qismət olmayacaq”.
Elmin və döyüş yoldaşları arxa cəbhənin dəstəyini daim hiss edib. Bu, onlarda böyük ruh yüksəkliyi yaradıb: “Elə olurdu ki, döyüşmürdük. Sadəcə tapşırıq alıb, döyüşəcəyimiz yerə doğru gedirdik. Görürdük ki, analar dizlərini yerə qoyub bizim üçün dua edirlər. Mülki insanlar bizə ərzaq və digər lazımi əşyalar verirdilər. Özümüz utanırdıq ki, hələ biz döyüşə girməmişik, amma xalqımızdan bu cür dəstək görürük. Özümüzə sual edirdik ki, biz nəsə edə bilməsək, bəs necə olacaq?! Şükürlər olsun, bacardığımızı etdik”.
Qazimiz oktyabrın 7-də ağır yaralanır, ümumilikdə 9 əməliyyat keçirir. Elmin o anları bu cür xatırlayır: “Cəbrayılda güclü döyüş gedirdi. Planları fərqli idi. Hər tərəfi hədəf alırdılar, göydən minomyot yağırdı. Hər tərəf erməni idi. Olduğumuz yerdən bir metr belə tərpənmədik. Hamımız tam fərqli döyüşdük. Sanki ac insanlar kimi idik, hamı irəli getmək istəyirdi. Hərə bacardığını edirdi. Elə silah var idi ki, heç zaman istifadə etməmişik, amma onunla da nəsə edə bilərik deyə, hər yola əl atırdıq. 3 saatdan çox döyüş gedib, mən isə 2 saatdan sonra yaralanmışam. Minomyot düşüb yanıma, xəbərim olmayıb. Gözümü açanda həkim baş leytenantı gördüm. Bədənimdə ağrılar var idi, ürəyim gedirdi, su töküb oyadırdılar, ağrıları hiss edirdim. Deyirdim, etməyin belə. Başımın üstündə səslər eşidirdim, deyirdilər ki, ölməyəcəksən. Füzulidə xəstəxanaya çatdırdılar. Orada huşumu itirdim. Yevlax xəstəxanasında gözümü açdım, orada bir dəfə əməliyyat olundum. Sonra Abbas Səhhət adına Gəncə Şəhər Xəstəxanasına apardılar, iki əməliyyat orada oldum. Daha sonra isə Bakı Sağlamlıq Mərkəzinə gətirdilər, burada da iki dəfə əməliyyat olundum”.
Elmin deyir ki, Qarabağda təkcə biz döyüşmədik, 44 gün ərzində bütün Azərbaycan xalqı döyüşdü. Bildirir ki, Vətən müharibəsində həkimlərimizin əziyyəti danılmazdır.
Qazimiz deyir ki, hamı öz bacardığını edirdi. Şükürlər olsun ki, torpaqlarımız azad edildi: “Göydə Allah, yerdə həkimlərimiz sayəsində həyatda qaldım. Bütün tibb işçilərimiz vuruşdu. Arxa cəbhədə də döyüşənləri gördüm. Qəhrəman tibb bacılarımızın, həkimlərimizin fədakarlığını gördüm. Mən qürur duyurdum. Azərbaycan xalqı ilə qürur duydum. Bütün bunları həm gördüm, həm də yaşadım. Şükürlər olsun, müharibədən alnıaçıq çıxdıq. Qismət olmadı şəhid olmaq, qazi oldum”.
Elminin ən böyük arzusu tankı ilə birlikdə dağlarla Şuşaya qalxmaq olub. Deyir, qismət olmadı, amma Şuşanın azad olunması ilə bağlı xəbəri böyük həyəcanla izləyib, kövrəldik: “Qələbə xəbərlərini izləyirdik, onlardan güc alırdıq. Biz düşünmürdük ki, 44 günə bitəcək. Elə bilirdik ki, sağalıb yenidən döyüşlərə gedəcəyik, başladığımız işi sona çatdıracağıq. Hər kəsin bir arzusu var idi. Döyüş yoldaşımla danışmışdıq ki, tankımızla dağlarla Şuşaya qalxaq. Bu, bizim arzumuz idi. Həmin savaş yoldaşım hazırda həyatdadır, Zəngilanda xidmət edir. Amma arzum baş tutmadı, o, isə istəyimi yerinə yetirdi. Şuşa işğaldan azad olunan gün mənə zəng etdi ki, sənin arzun idi ki, birlikdə gələk, mən gəldim, sağal, sən də gələrsən. Şuşanın azad olunması bizi çox qürurlandırdı. Bizə Həzi Aslanovun nəvələri deyirdilər. Fəxr edirdik, özümüzə Albert Aqarunovun döyüş yolunu nümunə götürürdük. Düşünürdük ki, əgər şəhid də olsaq, daim yadda qalacağıq. Amma bir yeri azad edəndə əməyin çox olur, ona görə də irəli getmək istəyirdik. Bir nəfər demirdi ki, mən xəstəyəm, geri qaytarın. Döyüş yoldaşım yüksək hərarətlə döyüşürdü, heç kəsə bildirmirdi”.
Elmin 10 noyabr qələbə xəbərini xəstəxanada alıb. Deyir ki, yaralandığım gündən bəri heç vaxt ayağa qalxmamışdım, həmin gün ayağa qalxdım: “Xəstəxanada ağrıkəsicilərlə yatırdıq. Gecə yarısı idi, tibb bacıları qışqıraraq gəlib bizi oyatdılar. Bizi oyatmaq olmazdı, sinirlərimizə pis təsir edirdi. Həkimlərimiz sevincdən qışqırırdılar. Bizə gəlib dedilər ki, qalxın ayağa, yatmaq vaxtı deyil, qələbə vaxtıdır. Qələbə qazanmışıq, ermənilər məhv oldular, təslim oldular. İnana bilmirdik. Televizoru açdıq, Ali Baş Komandanın çıxışına baxdıq, sevincdən kövrəldik. Həmin gün ayağa durdum, otaq yoldaşlarımızla qucaqlaşıb, kövrəlmişdik. Hamı sevinirdi, amma oradakı qazilərimizin sevinci mülki həyatdakı insanların sevincindən qat-qat çox idi. Bilmirdik ki, sevincimizi necə büruzə verək. Ağrılarımızı unutmuşduq”.
Elmin “Xarıbülbül” festivalını böyük qürur hissi ilə izlədiyini deyir: “Festivalı izləyəndə insan hərtərəfli fəxr edir. Azərbaycanımızla fəxr edirəm, Ali Baş Komandanımızla fəxr edirəm! Vaxt var idi ki, ermənilər orada tədbir keçirib, sözləri, əməlləri, bədnam fikirləri ilə bizi qəzəbləndirirdilər. Ancaq biz orada kiməsə nəyisə isbatlamadıq, Şuşada biz lazım olanı, haqqımız olanı etdik. Belə də olmalı idi. Ali Baş Komandanın simasında qürur, fəxarət var idi. Baxıb fəxr edirdik. Danışdıqca kövrəlirsən. Ailənlə oturub izləyirsən, özünü sıxırsan ki, birdən kövrələrəm, hiss eləməsinlər. Belə bir hiss yaşayırdıq. Sadəcə qürur duyurdum. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin! Azərbaycan xalqı sağ olsun ki, Ali Baş Komandanımızın ətrafında bir yumruq olub bu missiyanı yerinə yetirdik, torpaqlarımızı azad etdik. Artıq indi xaricdə də, daxildə də fəxrlə, qürurla gəzə bilərik ki, biz qalib xalqıq. Necə ölkə və xalq olduğumuzu bütün dünya gördü”.
Savaşın digər qəhrəmanları da var. Bu qəhrəmanlar Vətən müharibəsində iştirak edən igidlərimizin arxa cəbhədə mənəvi olaraq döyüşən valideynləridir.
Elminin anası Şərqiyyə Həsənova deyir ki, oğlum döyüşlərdə olanda sanki 20 il qocaldım. O, hər gün Elmin üçün dua edib: “Elmin tək oğul övladımdır. O, çox mərddir. Bir qızı var, bir övladı da müharibədən sonra dünyaya gəldi. Hər zaman torpaqlarımızın azad olunacağına inanırdım. Torpaq kimindirsə, mütləq ki, sahibinə qayıtmalı idi. Elmin zəng edəndə deyirdim ki, sənin üçün dua edirəm. O isə mənə deyirdi ki, bütün döyüşçü yoldaşlarım, ordumuz üçün dua et. Bu sözdən sonra orada vəziyyətin yaxşı olmadığını hiss edirdim. Bizim narahat olmamağımız üçün həmişə deyirdi narahat olmayın, arxadayam”.
Ş.Həsənova deyir ki, qızğın döyüşlər olanda Elminlə əlaqə yarada bilmədik, sonradan yaralandığını öyrəndik: “Bir həftə Elminlə əlaqəmiz kəsildi. Oktyabrın 7-də yaralanıbmış. Elə biliblər ki, Elmin şəhid olub. Şükürlər olsun, oğlumu həyata qaytarıblar. Özü çox məlumat vermir, döyüş yoldaşları bizə gələndə ətraflı danışır. Övladımı həkimlər həyata qaytarıb. Sağ olsun qəhrəman həkimlərimiz. Onların sayəsində Elminim həyatdadır.
Yevlaxda Elminə xidmət göstərən tibb bacıları bizə gəlmişdilər. Deyirlər, inanmırdıq ki, o, sağ qalar. Qucaqlayıb ağlayırdıq ki, şəhid olacaq. Sağ olsunlar, qolu kəsilməli idi, kəsilmədi. Bakı Sağlamlıq Mərkəzinin həkimi Sənan Aşurov Elminin qolunu müalicə edib. Həkimi danışır ki, Elmin ölmək istədiyini deyirmiş. Əməliyyatda ağrılar çox olur, dözmək çətindir”.
Qazimizin anası qeyd edir ki, Elmin uşaq vaxtlarından qorxmaz, mərd olub. Ş.Həsənovanın sözlərinə görə, o, müharibədə ağır yaralar aldığı üçün iş imkanını itirib, hazırda əsəbləri gərgindir: “Ən böyük istəyimiz Elminin tam sağlamlığına qovuşmasıdır. Hazırda müalicə alır, ancaq dərmanları çox bahadır, hamısını imkan edib ala bilmirik. Əsəbləri çox gərgindir. Qolunda dəhşət ağrılar olur, daxili orqanları da zədə görüb. Mən övladımın tezliklə sağalmasını istəyirəm. Sağ qolu zədə aldığı üçün, iş imkanı yoxdur. Bəzi məmurların saymazyana hərəkətləri ona pis təsir edir. Qazilərimizi anlamaq lazımdır, onlar ağır döyüşlərdə olublar. Haqsızlığı qəbul edə bilmirlər. Sağ olsun Ali Baş Komandanımız. O, şəhid ailələrinə də, qazilərə də qiymət verir. Bütün hərbçilərimiz, gənclərimiz ona inanıb müharibəyə getdilər. Prezidentimizin uğurlu siyasəti nəticəsində zəfər çaldıq”.
Şərqiyyə ana övladı ilə fəxr etdiyini bildirir. O, qələbəmizdə digər ərənlərimiz kimi Elminin də payının olmasından böyük qürur duyur: “Şəhidlərimizin ruhu qarşısında baş əyirəm! Qazilərimiz canlı tarixdirlər, onların qarşısında baş əyirəm. Vətən müharibəsində iştirak edən bütün oğullarımızla fəxr edirəm. Qürur duyuram ki, zəfər tariximizdə Elminin də adı var. Bu, bir valideyn olaraq bizim üçün böyük qürur, şərəfdir”.
Düşməni əzə-əzə, bu yolda öldü var, döndü yoxdur deyə-deyə irəliləyən, son damla qanına qədər döyüşən, Elmin kimi qanayan yarasını sarıyıb Vətənin səsinə səs verən igidlərimiz 44 günlük haqq savaşımızda illərin həsrətinə son qoydu. Elmin kimi neçə-neçə mərd, qorxmaz hərbçilərimiz düşməni əzib, haqqımızı geri aldı. Müzəffər hərbçi adının haqqını verən Elmin Həsənov artıq zəfər qazanan Azərbaycan Ordusunun qalib qazisidir. O, indi ailəsinin, yaxınlarının, həm də bütün Azərbaycanın qürur yeridir. Bu cür Vətən oğulları ilə hər birimiz fəxr edirik!
Akqabay Mıradov
Video: Röyal Adgözəlov, Ramazan Vəliyev
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı