Azərbaycan aktyorları çox vətənpərvərdilər və dövlətini sevirlər - Ramiz Alıyev
Bizi izləyin

Xüsusi

Azərbaycan aktyorları çox vətənpərvərdilər və dövlətini sevirlər - Ramiz Alıyev

Azərbaycan kinosunun generalı Rasim Balayevi bir neçə həftə əvvəl başlayan “İfşa” serialında general obrazında gördük. Sözügedən layihənin ideya müəllifi Ramiz Alıyev bildirib ki, bu, Xalq artistinin 5 illik fasilədən sonra çəkilməyə razı olduğu ilk layihədir.

Publika.az Ramiz Alıyevlə müsahibəni təqdim edir:

- Ramiz bəy, “İfşa” layihəsini həyata keçirmək ideyası necə yarandı? Azərbaycan tamaşaçısının polis-detektiv janrında olan yerli bir layihəyə marağı hansı səviyyədədir?

- Polis-detektiv janrında belə bir ciddi layihə çəkmək həm texniki, həm də yaradıcı heyəti üçün asan məsələ deyildi. Müasir Azərbaycan filmləri əsasən ailə-məişət, qayınana-gəlin, ailədaxili münaqişələr mövzusundadır, ya da komediya janrındadır. Azərbaycanda belə bir layihənin baş tutması çoxdan lazım idi. Polis və hüquq mühafizə, eyni zamanda xüsusi xidmət orqanları haqqında dünyanın bir çox ölkələrində seriallar və filmlər çəkilir. Pandemiya dövründə, həmçinin müharibə şəraitində Azərbaycan polisinin necə peşəkar olduğuna şahidlik etdik. Bütün ölkələrdə müharibə getdiyi dövrlərdə müəyyən terror hadisələri baş verir, ictimai təhlükəsizliyə zidd olan hərəkətlər və təhdidlər olur. 44 günlük vətən müharibəsində biz bunun şahidi olmadıq. Hüquq-mühafizə orqanları ölkəmizin təhlükəsizliyinin qorunmasında çox yüksək səviyyədə iştirak etdilər.

İstər SSRİ dövründə, istərsə də Azərbaycan müstəqillik əldə etdikdən sonra polis-detektiv janrında layihələr çəkilməmişdi. Hər hansı filmin müəyyən bir gedişatında polis və hüquq-mühafizə orqanlarına aid olan süjet və səhnələr var idi, amma sırf bu mövzu üzərində qurulan ekran işi çəkilməmişdi. Kino sahəsində çalışmasam da, bu, çoxdankı istəyim idi. Bu arzum Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazova məruzə olundu. Çox şad olduq ki, cənab nazir belə bir ideyanı müsbət qarşıladı və dəstək verdi. Komandada çalışan bütün heyətin adından cənab nazirə təşəkkür edirəm ki, bizi anlayışla qarşıladı, yüksək səviyyədə dəstək olunması barədə aidiyyəti qurumlara göstəriş verdi.

Ciddi layihələrdə mütləqdir ki, məsləhətçi olsun. Cənab nazirin göstərişi ilə Daxili İşlər Nazirliyinin birinci müavini general leytenant Seyfulla Əzimov layihənin məsləhətçisi təyin olundu. Layihənin gedişatı haqqında Seyfulla Əzimova mütəmadi olaraq məlumat verilirdi. Layihənin hüquqi tərəflərini peşəkar hüquqşünasın məsləhətləri ilə ərsəyə gətirmişik.

- Nazirliyin senzurasından keçməyən səhnələr oldu?

- Belə bir problemlə üzləşmədik. Biz Azərbaycan polisi və hüquq mühafizə orqanlarının imicinin yüksəldilməsi üçün çalışırdıq. Sözsüz ki, yazılan hekayə və ssenari nazirliyə əvvəlcədən təhvil verilmişdi və təsdiqlənmişdi. Hekayəsini mən yazmışdım, əvvəlcə onu kitab şəklində çıxartmaq istəyirdik, sonra qərar verdik ki, film və serial halına salsaq, daha yaxşı olar.

- Serialda Xalq artisti Rasim Balayev, Əməkdar artist Sənubər İsgəndərli və Füzuli Hüseynov kimi aktyorlar rol alıb. "Saqqızlarını necə oğurladınız", hansısa şərtlər irəli sürdülərmi?

- Əminliklə deyə bilərəm ki, dünyanın heç bir yerində vətənini bizim qədər sevən aktyorlar yoxdur. Şahidi oldum ki, maddi tərəf onlar üçün o qədər də maraqlı deyildi, layihənin ciddiliyi daha böyük əhəmiyyət kəsb edirdi. Bu, məni həqiqətən təəccübləndirdi. Azərbaycan kinosunun generalı və fenomeni Rasim Balayev də eynilə. Hər kəs öz işini canla-başla yerinə yetirirdi. Hətta Rasim bəy özü təklif edirdi ki, bəzi kadrları təkrar-təkrar çəkək.

Bilirik ki, müasir Azərbaycan filmləri əsasən ailə-məişət, qaynana-gəlin, ailədaxili münaqişələr mövzusundadır, ya da komediya janrındadır. 5 ildir ki, Rasim bəy film və seriallara çəkilmirdi. Bizim xahişimizi nəzərə aldı və Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə baş idarəsinin generalı rolunu məmnuniyyətlə qəbul etdi, həmçinin digər aktyorlarımız.

- Bahalı büdcəsi olan bir layihədirmi?

- Azərbaycan kanalları hazırda film və serialları full HD formatından yayımlayır. Ancaq “İfşa”nı biz yüksək keyfiyyətli 4 K formatında çəkdik. Dron çəkilişləri də kifayət qədər oldu. Bahalı görünürsə, gündəlik serialların büdcəsi ilə eynidir.

Onu da qeyd edim ki, istifadə edilən silahların hər biri gerçəkdir, həmçinin istifadə olunan gülləkeçirməz zirehli maşınlar da Daxili İşlər Nazirliyinə məxsusdur.

- Sserialın artıq iki bölümü yayımlanıb. Necə qarşılanır?

- Anladım ki, insanlarımız belə layihələrin həsrətini çəkir. Ailə-məişət zəmnində çəkilən seriallardan tamaşaçılarımız da bezib. Axı cəmiyyətimizin səviyyəsi sadəcə bundan ibarət deyil. Qayınana ilə gəlinin dalaşmasını, yaxud da kişilərin bir neçə qadınla hansısa şəraitdə yaşamasını təbliğ etməklə nəyə nail olmaq istəyirik? Bu seriallar gənclərimiz üçün çox pis örnəkdir. Bir ölkəni məhv etmək üçün ilk növbədə onun dilini və mədəniyyətini məhv etməlisən. İcazə verməməliyik ki, mədəniyyətimiz bu şəkildə təbliğ olunsun. Rejissorlar və prodüserlər özləri də bilmədən mədəniyyətimiz məhv edilir. Kino şirkətləri artıq digər izləyicilərin də zövqünü nəzərə almalıdır. Gəlin, qayınana və baldız dramları yetişməkdə olan nəslimizə çox böyük psixoloji zərbə vurur.

“Kurtlar vadisi” serialında Polad Alemdar rolunuun valideynlərini xatırlayın. Övladları və Vətən üçün necə də böyük bir əzmkarlıq nümayiş etdirirdilər. Bu, 80 milyonluq Türkiyə əhalisinə bir nümunə idi. Bizim seriallarda isə ana və ata oğlunu gəlindən ayırmaq üçün cadu yazdırırlar. Azərbaycandakı müqəddəs ailə rolunu bu seriallarla dağıtmaq olmaz.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm