Azərbaycanlı gənclərə BÖYÜK İMKAN: "Bayraktar" şirkətində... - Türk PROFESSOR AÇIQLADI
Bizi izləyin

Xüsusi

Azərbaycanlı gənclərə BÖYÜK İMKAN: "Bayraktar" şirkətində... - Türk PROFESSOR AÇIQLADI

Ostim Texniki Universiteti 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun qələbəsində danılmaz yeri olan dronları istehsal edən OSTİM sənayesinin mühəndislik üzrə ixtisaslaşan təhsil müəssisəsidir. Universitetin Bakı şöbəsinin açılışında iştirak edən rektor Murat Yülek azərbaycanlı tələbələrin bu ali təhsil ocağında oxumasını təmin etməklə gələcəkdə Azərbaycanın müdafiə sənayesinin inkişafına böyük töhfə verəcəyini bildirib.

Ostim Texniki Universitetinin rektoru, professor Murat Yülekin Publika.az-a özəl müsahibəsini təqdim edirik.

- Murat bəy, OSTİM dünyanın ən böyük sənaye komplekslərindən biridir. Artıq 3 ildir ki, şirkətin nəzdində Ostim Texniki Universiteti yaradılıb. Universitetin əsas hədəfləri nədir və təhsil sistemi nə ilə seçilir?

- Ostim Texniki Universiteti sənayenin içərisində yerləşir. Tələbənin tədris planı elə qurulub ki, sənaye şirkətlərinin içində həm təhsil alır, həm də təcrübə qazanır. Hər bir tələbə birinci kursdan sonra həftənin bir neçə gününü şirkətlərdə keçirir, ta ki məzun olana qədər. Təbii ki, bu tədris planı tələbənin yükünü artırır. Amma üstünlüyü odur ki, tələbə universiteti 4 illik təcrübə ilə bitirir.

Universitetlər adətən nəzəriyyəni öyrədir, şirkətlər isə başqa əlavə bacarıqlar tələb edir. Tələbə universiteti bitirib iş həyatına atılmaq istəyəndə sudan çıxmış balığa dönür. İstər dövlət, istərsə də özəl şirkətlər işçi axtararkən ilk növbədə təcrübə və bacarıq tələb edir. Bu mənada tələbələr karyera qurmaqda çətinlik çəkir. Odur ki, biz təhsil proqramını şirkətlərə uyğun tərtib edirik. Sənaye şirkətləri ilə birlikdə peşəkar kadrların yetişdirilməsi universitetin qarşıda duran əsas hədəfləri və strategiyasıdır. Tələbələrimizin böyük bir hissəsi artıq işlə təmin olunub. Necə? Bütün gün şirkətin içərisində idilər, mütəxəssislər və müəllimlər onları bir kadr kimi yetişdirib. Nəticədə şirkət yetişdirdiyi kadrları itirmək istəmir və onları iş imkanları ilə təmin edir.

Kembric və Stenford kimi universitetlərlə əməkdaşlıq edən IBM (Interior Business Machines) şirkətinin dünyada əlaqə qurduğu beşinci təhsil ocağı Ostim Texniki Universiteti oldu. Bu universitet öz tədris planını açıqladıqdan sonra şirkətin baş direktor müavini dedi ki, bu, tam istədiyimiz təhsil sistemidir. Hətta bildirdilər ki, biz Amerikadakı universitetlərə yeni təhsil sisteminin gətirdiyi üstünlükləri izah edə bilmirik. Tədarük zəncirlərində süni zəkanın istifadə edilməsinə dair bir neçə layihəyə imza atmışıq. Yeri gəlmişkən, Azərbaycanda neft-qaz şirkətləri daha yaxşı ixtisaslaşıb, yaxın gələcəkdə bu şirkətlərlə əməkdaşlıq etməyi planlaşdırırıq.

- Universitetin diplomu dünyada tanınırmı?

- Əlbəttə, diplomumuz hər yerdə keçərlidir. Türkiyədə rəsmi universitetlərdən biriyik. Bizdə universitet rektorlarını Prezident təyin edir, məni də o cümlədən. Hazırda dünyanın 45 ölkəsindən 500-ə yaxın tələbəmiz var. Yeni universitet olmağımıza baxmayaraq, müəllimlərimiz və şirkət mütəxəssisləri arasında da əcnəbi vətəndaşlar çoxdur.

- Azərbaycanlı tələbələrə əlavə hansı imkanlar yaradılacaq, abituriyentlərin oranı seçməsi üçün stimullaşdırıcı təklifləriniz hansılardır?

- Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq imzaladıq. İki il burada, iki il Türkiyədə təhsil alacaqlar. Azərbaycandan gələn tələbələrə təqaüd veririk. Azərbaycanda sənaye o qədər də inkişaf etməyib, Türkiyə isə bu sahədə öncüllərdən biridir. Dronlar universitetin texnika parkında hazırlanır. Dolayısı ilə tələbələr dron istehsalı ilə məşğul olan şirkətlərdə staj yığa bilər. Amerikaya getdiyi zaman o stajı qazana bilməyəcək, şirkətlərin yanına yaxınlaşa bilməyəcək.

- İkinci Qarabağ savaşında Azərbaycan qazandığı zəfərini həm də Türkiyə PUA-larına borcludur. Savaşın gedişatını izləyirdinizmi?

- Hadisələri çox yaxından izləyirdik, bu zəfəri böyük bir təntənə ilə qeyd etdik, Azərbaycan ana vətənimizdir. İllərdir ki, Xocalı qətliamını ürək ağrısı ilə yad edirdik. Nəhayət ki, Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edib ərazi bütövlüyünü təmin etdi.

- Türkiyənin dron üzrə proqramının Azərbaycan universitetlərində tədris edilməsi mümkündürmü, gələcəkdə belə addımlar atıla bilərmi?

- Universitetin İnsansız Hava Aparatları (İHA) fakültəsi var. Burada ancaq dronun hazırlanması, uçurulması və idarə olunması tədris edilir. Elektrik avtomobil istehsal edən məşhur alman şirkətlərindən biri hibrid aparatlar fakültəsinin məzunlarını gələn il işə qəbul edəcəyini bildirib.

- Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) İkinci Qarabağ müharibəsində işğalçı Ermənistan ordusunun darmadağın edilməsində oynadığı həlledici rol Almaniyada gündəmdən düşmədi. Alman deputatlar etiraf etdi ki, bu sahədə Türkiyədən geri qalıblar. Murat bəy, Türkiyə hərbi dronların istehsalı sahəsində necə irəlilədi?

- Dövlətdə yüksək intellektual səviyyəli peşəkar kadrların olması ölkənin təhlükəsizliyi üçün güclü ordunun olmasından heç də az əhəmiyyətli deyil. Əslində, yaxşı idarəetmə kadrları, intellektual və peşəkar kadr elitası olmadan yaxşı ordu da qurmaq mümkün deyil. Ümumiyyətlə, geniş və qlobal miqyasda düşünməyi, lokal şəkildə fəaliyyət göstərməyi bacaran peşəkar kadrların olması hər bir dövlətin başlıca nailiyyətlərindən biridir. Türkiyədə bir neçə şirkət sırf dron istehsalı və inkişaf etdirilməsi ilə məşğuldur, burada dövlətin rolu az olmayıb. Bunlardan biri təxminən 30 il əvvəl təsis edilən "Bayraktar" şirkətidir. Mühəndis Özdemir Bayraktar aerokosmik sənaye, robot idarəetmə sistemləri, pilotsuz uçuş aparatı istehsalı üzrə ixsisaslaşan "Baykar Makina" şirkətinin qurucusu və sahibidir, hazırda şirkəti uşaqları ilə birgə idarə edir. Şirkət pilotsuz uçuş aparatları, idarəetmə, avionik sistem arxitekturası, naviqasiya alqoritmləri, kinematik və sistemin dinamikləri, yerləşmiş proqram inkişaf etdirmə və elektron avadanlığın istehsalı ilə məşğuldur. Ümumiyyətlə, Türkiyədə universitetlər və şirkətlər dron mövzusuna çox önəm verir, uzun müddətdir ki, bu sahə orqanların diqqətində saxlanılır. "Bayraktar" bu şirkətlər arasında xüsusilə seçilir, dünyada liderlik edir.

Bu sənaye sahələrinin Azərbaycanda da inkişaf etdirilməsi üçün əlimizdən gələni etməyə hazırıq. Tələbələr Türkiyədə təhsil alıb öz təcrübələrini Azərbaycanda tətbiq edərlər.

Aytən Məftun

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm