Xüsusi
İlham Əliyev bununla Ermənistana mesaj verdi ki... - Tarixçi alimlə MÜSAHİBƏ
İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümü qeyd edildi. Özü də bu dəfə tamam fərqli formada – qələbə əhval-ruhiyyəsi ilə...
Ölkə başçısı elə həmin gün 44 günlük müharibənin döyüş meydanındakı memarları ilə görüşdü. Onlarla söhbətləşdi. Bir sıra mesajlar verdi. İsmarışlar göndərdi.
Prezidentin mesajlarının pərdəarxası məqamlarını, Milli Ordu Gününün tarixi köklərini müzakirə etmək üçün Milli Məclisin deputatı, tarixçi alim Anar İsgəndərovla söhbətləşdik.
Anar İsgəndərov Publika.az-a müsahibəsində söylədi ki, Azərbaycan Ermənistanla böyük sülh müqaviləsini imzalamağa hazırdır.
Müsahibəni təqdim edirik:
- Anar müəllim, ilk olaraq tarixçi alim kimi 26 iyun tarixinin önəmi ilə bağlı fikirlərinizi öyrənmək istərdik.
- 1918-ci il iyunun 26-da - Cümhuriyyət elan olunandan təqribən bir ay sonra Gəncədə Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu korpusun yaradılmasının səbəbləri var. Bizə məlumdur ki, Azərbaycan xanlıqları Rusiya tərəfindən işğal olunandan sonra azərbaycanlıların hərbi xidmətə aparılması dayandırıldı. Əvəzində azərbaycanlılar mükəlləfiyyət vergisi verməklə kifayətlənirdilər. 1917-ci ilin fevralında Rusiyada burjua inqilabı baş verəndən sonra imperiyaya zorla birləşdirilən xalqlar ayrılmaq qərarına gəldilər. Müstəqillik uğrunda mübarizəyə başladılar. Bu xalqların içərisində Azərbaycan xalqı - xalqımızın milli-demokratik ziyalıları da var idi. Məlum oldu ki, Birinci Dünya müharibəsində rus ordusunun tərkibində vuruşan xeyli sayda erməni, gürcü əsgər və zabitləri var. Amma azərbaycanlıların bu sahədə böyük problemlərinin olduğu üzə çıxdı. Ona görə də azərbaycanlı əhali üçün hərbi xidmətə getmək, əsgər olmaq, silahla davranmaq az qala bir əsr mümkün olmamışdı. Buna görə də yeni ordu yaratmaq çox çətin idi. Bu mənada Osmanlı ordusu özünün çətin günlərini yaşamasına baxmayaraq, Azərbaycanın köməyinə Qafqaz İslam Ordusunu göndərdi. Bu ordu vuruşmaqla yanaşı, azərbaycanlı gəncləri öz himayəsinə aldı. Onlara döyüşməyin, vuruşmağın sirlərini öyrətdi. Aradan 103 il keçəndən sonra Azərbaycan tərəfi ilə Türkiyə Şuşa şəhərində Şuşa Bəyannaməsini imzaladı.
- Ölkə başçısı iyunun 26-da hərbçilərlə görüşündə müstəqilliyimizin ilk illərində ölkəmizin hərbi-siyasi durumuna toxundu. Torpaqlarımızın işğal altına düşməsinin və işğalın 30 il çəkməsinin kökündə hansı amillər dayanırdı?
- Azərbaycan əhalisi, Azərbaycan Ordusu 26 iyunu ilk dəfə qalib əsgər, qalib ordu, qalib dövlət, qalib xalq kimi qeyd etdi. Ali Baş Komandan İlham Əliyevin hərbçilərlə görüşündə Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ordudakı vəziyyətdən söz açıldı. Müstəqilliyimizin ilk illərindəki uğursuzluqlardan bəhs olundu. Böyük torpaq itkisindən danışıldı. Ermənilər və onlara havadarlıq edən dövlətlərə diqqət çəkildi. Havadarlarının ermənilərə dəstək durması onunla bağlı idi ki, erməni tərəfi o dönəmlərdə yalançı təbliğat apararaq havadarlarının sayını artırırdı. Azərbaycan isə bunları edə bilmirdi. Azərbaycanda o zaman daxili burulğanlar mövcud idi. Ölkəmiz vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. 1993-cü ilin 15 iyununda Ümummilli lider Heydər Əliyev xalqın təkidi və tələbi ilə hakimiyyətə gəldi. Hakimiyyət uğrunda mübarizə aparan qüvvələri ram etdi. "Əsrin müqaviləsi" imzalandı. Bakı neftinin dünya bazarına çıxarılması ilə bağlı ilk cəhdlər edildi. Balanslaşdırılmış siyasət həyata keçirilməyə başlandı. Ölkə daxilində islahatlar aparıldı. Aqrar və digər sahələrdəki islahatlar buna misal çəkilə bilər. Eyni zamanda 2 dəfə dövlət çevrilişinə cəhdlər oldu və hər 2 cəhd aradan qaldırıldı, baş tutmadı. Təbii ki, bütün bunlar Ümummilli lider Heydər Əliyevin dövründə oldu. Amma Heydər Əliyev nə daxili düşmənlərə, nə də xarici təhlükəyə boyun əydi. Müstəqil Azərbaycanın daxili və xarici siyasətini uğurlu yürütməyə başladı.
- Bəs hansı amillər 44 günlük müharibədə qələbə çalmağımıza zəmin yaratdı? Yeri gəlmişkən, dövlət başçısı da məlum görüşdə bu istiqamətdə bir sıra məqamlara toxunmuşdu...
- Təbii ki, dövlət başçısının çıxışında birmənalı olaraq 44 günlük Vətən müharibəsində nə üçün qələbə çaldığımıza aydınlıq gətirildi. Biz ona görə qələbə çaldıq ki, məsələnin tarixiliyini bütün dünyaya bəyan edə bildik. Biz Qarabağın tarixi Azərbaycan torpağı olması ilə bağlı yüzlərlə sənədi üzə çıxardıq. Həmin həqiqətləri dünyaya bəyan etdik. Eyni zamanda məsələnin hüquqi tərəfini də dünyanın nüfuzlu dövlətlərinin və təşkilatlarının diqqətinə çatdırdıq. Çox təəssüflər olsun ki, onlar dildə Qarabağın tarixi Azərbaycan torpaqları olduğunu bildirirdilər, amma əməllərində bu görünmürdü. Amma Azərbaycan tərəfi dövlət başçısının dediyi kimi, gecə-gündüz bu işlə məşğul olurdu. Ölkə başçısı dönə-dönə qeyd etdi ki, Azərbaycanın haqq işinin müdafiəsində Türkiyə Cümhuriyyəti, Əfqanıstan və Pakistan dövlətləri dəstəklərini əsirgəmədilər. Bizim tərəfimizdə oldular. İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası, hətta Qərbin bir sıra nüfuzlu təşkilatları bu məsələdə Azərbaycanı müdafiə etdilər. Ona görə ki, onlar da Qarabağın tarixi Azərbaycan torpağı olduğunu görürdülər. Ermənistan-Azərbaycan müharibəsində ölkəmizin gücü bir qaynaqdan gəlirdi; Xalq dövlət başçısının yanında oldu. Çünki Ali Baş Komandanın müharibə başlayan dövrdə göstərdiyi qəhrəmanlıq bütün xalqı, dövlətimizin əsgərini, zabitini ruhlandırdı. Övladını cəbhəyə yola salan ataları, anaları da ruhlandırdı, onlara qol-qanad verdi. Bu, Vətən müharibəsi idi, Vətən müharibəsində qalib gəlmək üçün xalq bir yumruq kimi birləşməli idi və birləşdi.
- Prezident hərbçilərlə görüşdə bir sıra mesajlar verdi, ismarışlar göndərdi. Sizcə, bu ismarışlar kimə ünvanlanmışdı?
- Təbii ki, dövlət başçısının hərbçilərlə görüşündə maraqlı mesajlar, ismarışlar var idi. Azərbaycan Ermənistanla sülh danışıqlarına həmişə hazırdır. Müharibədən əvvəl də dövlət başçısı elan edirdi ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarından çıxmalıdır. Amma Ermənistan qoşunlarını çıxarmadı. Müharibə dövründə Azərbaycanın dövlət başçısı deyirdi ki, Ermənistanın siyasi rəhbərliyi bizə siyahı versin ki, işğal etdikləri torpaqlardan nə vaxt çıxacaqlar. Çıxan kimi biz döyüşü dayandıracağıq - söyləyirdi. Çıxmadılar, amma son nəticədə Ermənistan gördü ki, başqa çıxış yolları qalmayıb. Gördülər ki, orduları yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qalıb, yerlə-yeksan edilib, o zaman - 10 noyabr tarixində danışıqsız bəyanatı imzaladılar.
- Ermənistanla sülh müqaviləsindən də bəhs olundu. Bu sülh regiona nələr vəd edir?
- Dövlət başçısı hərbçilərlə görüşündə ismarış göndərdi ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır. Bu şərtlə ki, Ermənistan da buna hazır olsun. Ermənistanda ayrı-ayrı dairələrin revanşist çıxışları bu ölkəni fəlakətə və məhvə aparır. Ermənistanda parlament seçkiləri keçirilib. Artıq hakimiyyəti kimin təşkil edəcəyi də məlumdur. Azərbaycan dövləti Cənubi Qafqazı sülh və sabitlik məkanına çevirmək, Türkiyə, Gürcüstan, İran, Rusiya və Ermənistanın iqtisadi müstəvidə uğurlu nəticələr əldə etməsi və siyasi inkişafa nail olması üçün həmişə hazırdır. Bu dövlətlərin maraqlarının toqquşmaması üçün həmin ölkələr arasında səmimi münasibətlərə ehtiyac var. Burada ilk olaraq xeyirxah əlini uzadan Azərbaycan dövlətidir. Eyni zamanda Azərbaycanın dövlət başçısı, Ali Baş Komandanımızdır. Əgər doğrudan da ermənilər əvvəlki kimi bu məsələdə yalnız söz verməklə kifayətlənsələr, bu, Ermənistanın növbəti dəfə yalanını, xislətini üzə çıxarmış olacaq.
- Belə olarsa, regionu, daha da dəqiqləşdirsək, Ermənistanı nə gözləyə bilər?
- Dövlət başçısının da dediyi kimi, budəfəki dəmir yumruq o birilərindən də ağır olacaq. Mən əminəm ki, Ermənistandakı bütün insanlar revanşist ruhda deyil. Ermənistanın və erməni xalqının taleyini fikirləşən insanlar var. Onlar yəqin ki, Azərbaycanın göndərdiyi mesajın səmimiyyətinə inanacaqlar. Erməni xalqının gələcəyi naminə onlar da sülh müqaviləsinin imzalanmasına hazır olduqlarını bildirəcəklər. Azərbaycan sülhsevər, ədalətli dövlətdir. Azərbaycan onun haqq səsini eşidən dünyanın nüfuzlu dövlətlərinə və təşkilatlarına minnətdardır. Həmin dövlətlərdən biri və birincisi Türkiyə Cümhuriyyətidir. Türkiyə 44 günlük müharibədə Azərbaycanın yanında oldu. Azərbaycanın haqqını müdafiə etdi.
Tural Turan
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO