Xüsusi
Məşhur rejissor Britaniya Kraliçası ilə görüşündən danışdı: Baxışlarından anladım ki...
Bir neçə gün əvvəl Böyük Britaniya Kraliçası II Yelizavetanın doğum günü ərəfəsində təşkil olunan “Royal Windsor Horse Show” - “Vindzor Kral Atçılıq Şousu”nda şəhid Xudayar Yusifzadənin ifa etdiyi “Vətən yaxşıdır” mahnısının səslənməsi ölkəmizdə böyük rezonans doğurdu. Rəqqas və süvarilərin tədbirdə uğurlu çıxışı hər kəsi heyran qoydu.
Əməkdar artist Nicat Kazımovun rejissorluğu ilə təqdim olunan “Xarı-Bülbül” kompozisiyası İngiltərə Kraliçasının da diqqətini cəlb edib. Londondan vətənə yenicə qayıdan Nicat Kazımov ilkin təəssüratlarını Publika.az-a danışıb.
- “Xudayar təsnifi”nin, Tofiq Quliyevin “Qaytağı”sının, Polad Bülbüloğlunun “Eşq və ölüm” baletinin musiqisinin sədaları altında təmsilçilərimiz London şəhərində keçirilən ənənəvi at festivalında bənzərsiz çıxışları ilə yadda qaldı. Nicat bəy, hansı təəssüratlarla qayıtmısınız?
- Britaniya Kraliçası və kral ailəsinin digər üzvlərinin canlı tamaşa etdikləri tədbir “Xarı-Bülbül” adlı xüsusi şou-kompozisiya bir neçə gün təqdim olundu. Şuşada keçirilən festivaldan qayıdandan bir müddət sonra Londona yola düşdük. Şuşadan aldığımız gözəl enerji və qürurverici hisslər bizi Londonda da yaddaqalan şou göstərməyə sövq etdi. Azərbaycan süvariləri Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu”nda çoxdan iştirak edir. 2018-2019-cu illərdə də şounun quruluşunu mən vermişdim. 2020-ci ildə bildiyimiz səbəblərdən bu şou olmadı. Şou hər il mayın əvvəllərində kraliçanın doğum günündə keçirilirdi. Müəyyən səbəblərdən bu il vaxtı uzadıldı. Şouda Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və “Sərhədçi” rəqs ansamblı möhtəşəm çıxış etdi. Rəqslərin quruluşu Nailə Məmmədzadəyə aid idi, süvarilərin rəhbəri isə İmran Əhmədli idi.
Festivalda Britaniya Kraliçası şəxsən iştirak edirdi, istər kraliça, istər kral ailəsi, istərsə də tamaşaçılar tərəfindən çox gözəl qarşılandı. 2018-ci ildə kraliça ilə şəxsən görüşmək imkanımız olmuşdu. Kraliça 2019-cu ildə də çıxışımızı çox bəyənmişdi. Bunun nəticəsidir ki, II Yelizaveta builki tədbirdə də Azərbaycanı görmək istədiyini bildirdi. Yeri gəlmişkən, İngiltərədən savayı iştirak edən yalnız Azərbaycan idi. Bu, onun Azərbaycana olan məhəbbət və diqqətindən xəbər verir.
Tədbirdə hər il adətən 10 min tamaşaçı iştirak edir, təəssüf ki, pandemiyanın davam etməsi səbəbilə builki at festivalını ancaq 3 minə yaxın qonaq izləyə bildi. Həm atçılar, həm rəqqaslar, həm də alov püskürənlər çox uğurlu çıxış etdi, Azərbaycan bayrağı Britaniya bayrağı ilə birlikdə dalğalandı. Azərbaycan milli rəqsi ilə atsürmə elementlərinin sintezi böyük rəğbətlə qarşılandı, izləyicilərin qəlbində Qarabağ atlarına olan maraq və coşğu daha da alovlandı. Ümumiyyətlə, İngiltərə tamaşaçısı bizi həmişə böyük məhəbbətlə qarşılayır.
- Nicat bəy, builki nümayiş əvvəlkilərdən nə ilə seçilirdi?
- Biz hər il maraqlı çıxışlar göstəririk, 2018-ci ildə “Natiq” ritm qrupu da iştirak etmişdi, 2019-cu ildə də həmçinin. Bu il əsas fərq odur ki, kompozisiya Vətən müharibəsində əldə olunmuş möhtəşəm zəfərə və şəhidlərimizin müqəddəs xatirəsinə həsr olunmuşdu. Uzaq Vindzor əyalətində şəhid Xudayarın səsinin eşidilməsi bütün Azərbaycan üçün olduqca əlamətdar bir hadisə idi. Şou İkinci Qarabağ müharibəsi şəhidi Xudayarın ifası ilə başlayırdı. Onun timsalında bütün şəhidlərin qarşısında iştirakçılarımız baş əydi. Xudayar təsnifindən başqa Tofiq Quliyevin “Qaytağı”sının, Polad Bülbüloğlunun “Eşq və ölüm” baletinin musiqisinin sədaları altında təmsilçilərimizin bənzərsiz çıxışları oldu. Kompozisiyanın finalında isə görkəmli bəstəkar Arif Məlikovun “Sehrli xalat” filmi üçün bəstələdiyi musiqisi səsləndirildi. O cümlədən işğaldan azad olunmuş Qarabağın və ətraf rayonların böyük ekranlarda füsunkar görüntüləri göstərildi.
- Britaniya Kraliçasının sərt xarakterə malik olmasından hamımız xəbərdarıq, əzəmətli bir duruşu var. Bu, sizi həyəcanlandırmadı?
- Aydın məsələdir ki, həyəcanlı idim. Amma kraliça çox səmimi insandır, heyətimizi böyük diqqət və qayğı ilə qarşıladı. Onun üçün bizim çıxışları izləmək çox maraqlıdır. Odur ki, hər il özü dəvət göndərir. Bu il milli geyimdə olan rəqqasların və atçıların bir qrupu ilə görüşdü və “sizi gələn il də burada görmək istəyirəm” sözünü dilinə gətirdi. Şəxsən mən kraliçanın baxışlarından və üzünün ifadəsindən özümüzə qarşı yalnız sevgi, xoş münasibət sezirdim.
- Bu çıxış Azərbaycana nə qazandıracaq?
- Uğurumuz erməniləri çox qıcıqlandırıb. Erməni mətbuatı Azərbaycanın göstərdiyi kompozisiyanı “Artistlərin rəqs terrorizmi” adlandırıb. Belə çıxır ki, məqsədimizə çatmışıq. Bu, siyasi və mədəni uğurdur. Azərbaycanı bir daha dünyaya tanıda bildik. Festivalı bir çox mötəbər kanallar lentə aldı, bütün dünya nə qədər qədim mədəni tariximizin olduğunu bir daha gördü. Rəqslər də, igidlərimizin at belində çıxışları da mədəniyyətimizin və musiqimizin nə qədər qədim, zəngin olduğunu göstərir. Burada təkcə Nicat Kazımovun adı getmir, ingilislər Nicatı tanımırlar. Amma onlar Azərbaycanı tanıyırlar və biz isə ölkəmiz adına çıxış etmişdik.
- Həqiqətən də böyük bir missiyanı yerinə yetirmisiniz. Bu münasibətlə həm sizi, həm də bütün iştirakçıları təbrik edirəm. Bu çıxışdan sonra daha böyük tədbirlərə və layihələrə dəvət ala biləcəksiniz?
- İnşallah! Artıq neçə illərdir ki, həm Gənclər və İdman Nazirliyi, həm də Dövlət Sərhəd Xidmətinin xətti ilə ölkəmizdə keçirilən tədbirlərə quruluş verirəm. Hər kəs öz sənəti ilə Azərbaycana xidmət etməlidir. Nə xoş ki, bu şans bizə qismət oldu. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə təşəkkürümü bildirmək istəyirəm, bütün heyəti “Hərb və əməkdaşlıq sahəsində göstərilən xidmətə görə” medalları ilə təltif etdi. Bu, bizim üçün böyük bir şərəfdir. Şuşada təşkil olunan “Xarıbülbül” festivalının ab-havası hələ də qanımızdadır. Cənab Ali Baş Komandan və ordumuz sayəsində İkinci Qarabağ müharibəsində torpaqlarımız işğaldan azad olundu və biz yenidən o müqəddəs yerləri görə bildik. Şuşanı heç vaxt görməmişdim, birdən-birə o torpaqlara ayaq basmaq və belə bir mötəbər tədbirə rejissorluq etmək qismət oldu.
- Əminəm ki, həm Londonda keçirilən şounun, həm də rejissorluq etdiyiniz digər layihələrin səs-sorağını hələ çox eşidəcəyik. Kadrların hər saniyəsinə böyük əmək sərf olunduğu hiss olunur. Hazırlıq prosesinin necə keçdiyini də bilmək istərdik.
- Məşqlər Bakıda, Azərbaycan Atçılıq Federasiyasının manejində keçmişdi. Quruluş burada verilmişdi. Milli geyimlər sırf bu şou üçün hazırlanmışdı. Dizaynerlər iştirakçının hərəkətlərini nəzərə alır. Məsələn, at belində olan iki xanıma sırf milli geyim geyindirsəydik, o tryuku etmək çox qəliz olardı. Bu geyimləri hoteldə geyinib tədbir keçirilən məkana getdik. At belində olan igidləri və piyada gedən rəqqasları bütün yolboyu ingilislərin heyrandolu baxışları müşayiət edirdi. Hər kəs onlarla şəkil çəkdirmək istəyirdi. Kraliça özü də heyətlə xatirə şəkli çəkdirdi.
Teatr rejissoruyam, teatr rejissorlarının kino rejissorlarından fərqi odur ki, ümumi plana işləyirik. Eyni vaxtda səhnədə bir neçə yerdə, bir neçə hadisə baş verə bilər. Burada şou daha geniş planda hazırlandığı üçün bütün ərazini tutmaq lazımdır və ərazi boyu nələrsə baş verir. Ümumi planda baxanda tamam ayrı bir effekt verir. Zövqverici bir işdir. Təşəkkür edirəm ki, mənə müraciət ediblər və bu işdə mənim də imzam var.
- Teatrlarımızın uzun müddət bağlı qalmasına münasibətinizi bilmək istərdim?
- Akademik Milli Dram Teatrında keçən il martın 24-də tamaşa təhvil verməli idim. O ərəfədə iş dayandı və aydındır ki, teatrlar açılandan sonra o tamaşamı sıfırdan başlamalı olacağam. Ümid edirəm ki, teatrlarımız tezliklə açılacaq və onu tezliklə təhvil verəcəyik. Çünki çox maraqlı bir tamaşadır, tamaşaçılarımız da çox bəyənəcək. Fürsətdən istifadə edərək hər kəsə deyirəm ki, gözdə-qulaqda olun.
Teatr canlı sənətdir, kino və televiziya deyil. Kinolara çox çəkilsəm də, teatrdan aldığım enerji və zövqü heç yerdən ala bilmirəm. Teatr tarixdir! Yeni mövsümdə teatrlar açılandan sonra bizi böyük işlər gözləyir, onların hamısını yenidən qurmaq tələb olunacaq. Çox istərdim ki, əlaqədar təşkilat və qurumlar bu barədə düşünsünlər. Əslində, ilk açılmalı olan yerlərdən biri məhz teatrlar idi. Təəssüflər olsun ki, ən axıra saxlayıblar. Səbəbini bilmirəm... Ümid edirəm ki, tezliklə bu məsələ həll olunar, yenidən öz tamaşaçımıza qovuşarıq. Teatr elə bir sahədir ki, özündə mədəniyyətin bir çox sferalarını cəmləşdirir və xalqın nə dərəcədə mədəni olduğunu göstərir.
Aytən Məftun
-
Rəsmi xronika16:20
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Qarabağ 13:42
Tokayevdən Bakı və İrəvana təklif: Hazırıq
-
İdman12:57
Daha Ronaldoya ehtiyac yoxdur, Corcina brenddir: Görün nə qədər sərvəti var - FOTOLAR
-
Hadisə12:00
Generala ağır itki üz verdi - FOTO
-
Qoroskop11:12
Ən uğursuz bürclər açıqlandı: Onlar həyata geridə başlayırlar
-
Dünya10:12
İsraili şoka salan taktika: İran bacarmadı, "Hizbullah" isə görün nələr etdi
-
ABŞ09:54
Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”
-
MDB09:18
Rusiyada böhran: Rekord sayda insan müflis oldu