Xüsusi
Tovuzda başlayıb Qarabağda bitən müharibənin DETALLARI
Hər xırda döyüş və toqquşmalar nədənsə xəbər verir. Bu, ordunun döyüş hazırlığını, döyüş qabiliyyətini, vətənpərvərlik ruhunu, yüksək səviyyədə döyüşə hazır olma qabiliyyətini və mübarizliyini göstərir. Tovuz döyüşləri gələcək Vətən müharibəsi üçün böyük fundamental bir təlim idi. Uğurlu da oldu. Düşmənin burnu sındırıldı, orada ermənilər kifayət qədər dağıdıcı, öldürücü zərbələr aldı, məhv oldu, yerində oturduldu. Ermənistan hərbi-siyasi rəhbərliyi, erməni xalqı Tovuz döyüşlərindən nəticə çıxarmalı idi. Ancaq çıxarmadılar. Nəticədə, 44 günlük Vətən müharibəsində Ermənistan ordusu tamamilə darmadağın edildi.
Bu sözləri Publika.az-a müsahibəsində millət vəkili Elman Məmmədov deyib.
Müsahibəni təqdim edirik:
- Elman müəllim, bu gün Tovuz döyüşlərinin birinci ildönümüdür. Bu döyüşlər Azərbaycan tarixində necə iz buraxdı?
- Tovuz döyüşləri Ermənistan dövlətinin Azərbaycana qarşı növbəti təxribatı idi. Bu döyüşlər onların məqsədli təxribatı nəticəsində baş verdi. Ermənilərin bu məkrli təxribatının və hiyləsinin məqsədi bəllidir. Birincisi, ermənilər elə hesab edirdilər ki, onların gücü çatacaq və Tovuz istiqamətindən Azərbaycan ərazilərinə daxil olaraq beynəlxalq səviyyəli neft və qaz müqavilələrinə aid olan kəmərlərə zərbə vura biləcəklər. Əsas niyyətləri isə hansısa məkrli məqsədlərinə çatıb bizə təhlükə yarada biləcəkləri idi. İkincisi isə, onlar belə nəzərdə tutdular ki, əgər buna nail olmasalar, Azərbaycan daha güclü olaraq onların bu murdar hərəkətləri nəticəsində Ermənistan sərhədlərini keçib, o ərazilərə daxil olacaqlar. Ermənistan da bundan istifadə edərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) köməyə çağıracaqdı ki, Azərbaycan bizim ərazilərimizə müdaxilə edib və bizə təcili yardım əlini uzadın. Bununla da böyük bir müharibənin başlamasına və başqa üstün dövlətlərin də bu təxribata qoşulmasına səbəb ola bilərdilər. Yəni bu, ermənilərin murdar bir təxribatı, hiyləgər əməli idi.
Ancaq Azərbaycan dövləti, ölkə başçımız Ali Baş Komandan İlham Əliyev bir daha müdriklik nümayiş etdirdi. Ordumuzun gücü, hərbçilərimizin ayıq-sayıqlığı və qəhrəmanlığı nəticəsində düşmən o istiqamətdə istəklərinə nail ola bilmədi. Ermənistan ordusu Tovuz istiqamətindən çox güclü zərbələr aldı, məhv edildi və yerində oturduldu. Azərbaycan Ermənistan ərazilərinə keçməyə və Ermənistan ərazisində onları məhv etməyə qadir idi və bunun üçün gücü də var idi. Ancaq Azərbaycan bunu etmədi. Biz bir daha sübut etdik ki, Azərbaycan olaraq bizim heç kimin torpağında gözümüz yoxdur.
- Biz Tovuz döyüşlərindən öncə də ermənilərin təxribatının şahidi olduq. Aprel döyüşlərində də onlar layiqli cavablarını aldılar...
- 2016-cı il Aprel döyüşlərindən sonra Tovuz döyüşləri ikinci dəfə Azərbaycan Ordusunun gücünü, qüdrətini, yenilməzliyini və rəşadətini göstərdi. Aprel döyüşləri eyni zamanda əsgər və zabitlərimizin cəsarətini, igidliyini, savaşa hazırlığını nümayiş etdirdi. Bu, düşmənə ciddi dərs olmalı idi, onlar bundan nəticə çıxarmalı idilər. Biz də itkilər verdik, generalımız da, yüksək rütbəli hərbçilərimiz də, əsgərlərimiz də şəhid oldu. Bu, müharibənin qanunlarıdır. Ancaq Ordumuzun cəsarəti, qəhrəmanlığı, döyüş qabiliyyəti nümayiş etdirildi, düşmən susduruldu, yerinə oturduldu və heç bir məkrli hiylələrinə, təxribatçı niyyətlərinə nail ola bilmədilər. Azərbaycan düşmənin məkrli hiyləsini dərk edərək ona uymadı. Yəni düşmən ərazisinə Azərbaycan əsgəri girmədi. Düzdür, ermənilər hay-küy qaldırdılar, yenə şər-böhtan kampaniyasına başladılar ki, guya Azərbaycan onlara məxsus yüksəklikləri ələ keçirib. Ancaq o yüksəkliklərin hamısı bizim ərazilərdə idi. Əsgərimiz Azərbaycan ərazisində kök salmış düşmənləri oradan geri atdı və öz sərhədlərində də möhkəmləndi. Tovuz döyüşləri Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin gücünü nümayiş etdirdi. Bu güc həlledici olaraq yenə erməni təxribatı nəticəsində başlamış 44 günlük Vətən müharibəsində özünü tam doğrultdu. Biz düşməni darmadağın edib, təslim etdik və qələbə qazandıq. Tovuz döyüşlərində fədakarlıq göstərən hərbçilərimizə eşq olsun, şəhid olanlara isə Allah rəhmət etsin. Qazilərimizə şəfa diləyirəm. Azərbaycan Ordusuna, Ali Baş Komandana eşq olsun.
- Tovuz döyüşlərinin Vətən müharibəsində qələbə qazanmağımızda hansı rolu oldu? Bu döyüşləri Zəfərimizin simvolu hesab edirsinizmi?
- Hər xırda döyüş, hər xırda toqquşmalar nədənsə xəbər verir. Bu, ordunun döyüş hazırlığından, döyüş qabiliyyətindən, vətənpərvərlik ruhundan, yüksək səviyyədə döyüşə hazır olma qabiliyyətindən, mübarizliyindən xəbər verir. Bu, gələcək Vətən müharibəsi üçün böyük fundamental bir təlim idi. Uğurlu da məşq oldu. Düşmənin burnu sındırıldı, orada ermənilər kifayət qədər dağıdıcı, öldürücü zərbələr aldı, məhv oldu, yerində oturduldu. Ermənistan hərbi-siyasi rəhbərliyi, erməni xalqı Tovuz döyüşlərindən nəticə çıxarmalı idi. Ancaq çıxarmadılar. Nəticədə, 44 günlük Vətən müharibəsində Ermənistan ordusu tamamilə darmadağın edildi.
- Bu döyüşləri Vətən müharibəsinin birinci hissəsi hesab etmək olarmı?
- Tovuz döyüşləri Azərbaycan-Ermənistan sərhədində baş vermiş ermənilərin törətdiyi bir təxribat idi. Azərbaycan tərəfi də bu təxribata layiqli cavabı verdi. Yəni əgər orada döyüşlər gedibsə, bu da xırda müharibə epizodudur. Döyüş oldu, hər iki tərəfdən itkilər oldu, ordumuz qabiliyyətini göstərdi, düşmənə üstün gəldi. Bunun bir saat və ya bir gün davam etməsinin önəmi yoxdur. Ancaq bu da epizodik bir müharibə yaşantısıdır.
- Şəhid general Polad Həşimov və silahdaşları qələbə simvolumuza çevrildi. Bütün gənclərimiz orduya könüllü yazıldı. Vətən müharibəsi iştirakçıları, qazilərimiz, şəhid ailələri ilə həmsöhbət olanda bildirirlər ki, Polad Həşimov, digər yüksək rütbəli zabitlərimiz şəhid olandan sonra onlar daha da ruhlanıb, qələbəyə can atıblar. Bu baxımdan Azərbaycan gəncinin, xalqımızın birliyini necə qiymətləndirirsiniz?
- Döyüşdə müxtəlif mənzərələr olur, müxtəlif vəziyyət yaranır. Olur ki, komandir əsgərlərini önə verib özü qaçıb arxada gizlənir. Olur ki, geri çəkiləndə komandir hamıdan öndə qaçır. Azərbaycan Ordusu Aprel döyüşlərində də, xüsusilə də Tovuz döyüşlərində bir daha nümayiş etdirdi ki, bu ordunun ən ali rütbəli zabitləri döyüşdə əsgərin önündə gediblər. Əsgəri qabağa verib, özü arxasında gizlənmir. Bu da əsgərə, döyüşçüyə ruh verir, onda inam yaradır ki, əgər mənim komandirim öndə gedirsə, mən də onun arxasında getməliyəm. Bu, gözəl bir nümunə olmaqla yanaşı, həm də gənclərimiz üçün çox yaxşı bir dərsdir. Bunun nəticəsində də Vətən müharibəsində bütün gənclərimiz, Azərbaycan xalqı səfərbər oldu, hamı yardım əlini uzatdı.
- Tovuz döyüşlərini, o cümlədən bütün zəfər tariximizi necə təbliğ etməliyik?
- Biz bu illər ərzində düşmənlə olan bütün döyüşlərimizi, irili-xırdalı bütün toqquşmalarımızı, düşmən təxribatlarına verdiyimiz cavabları, erməni terroruna qarşı apardığımız azadlıq mübarizəsini, Vətən müharibəsini, qazandığımız şanlı qələbəni bağça uşaqlarından bütün yaş təbəqəsinə qədər olan insanlar arasında təbliğ etməliyik, bunu bacarmalıyıq. Bütün dərsliklərdə, kütləvi tədbirlərdə, ictimai yerlərdə, hər yerdə təbliğ etməliyik. Çünki bu, bizim tariximizdir. Bu, bizim Vətənimizin azadlığı uğrunda aparılan ölüm-dirim mübarizəsidir. Bunların heç biri yaddan çıxmamalıdır. Unutmamaq və unutdurmamaq üçün isə çox sayda kitablar yazılmalı, bədii əsərlər qələmə alınmalıdır. Filmlər çəkilməli, döyüş iştirakçıları ilə söhbətlər olmalı, müsahibələr təşkil olunmalı, o qəhrəmanların həyatı, döyüş yolu işıqlandırılmalıdır. Onlar təbliğ olunmalıdırlar ki, unudulmasınlar, örnək olsunlar. Bu hadisələr gələcəyimiz üçün nümunə olmalıdır.
Akqabay Mıradov
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO