Zəngəzurun bu kəndi Azərbaycana QAYTARILA BİLƏR - Deputat ANONS VERDİ (VİDEO)
Bizi izləyin

Xüsusi

Zəngəzurun bu kəndi Azərbaycana QAYTARILA BİLƏR - Deputat ANONS VERDİ (VİDEO)

Video əlavə olunub.

xxx

Ötən gün erməni mediası məlumat yaydı ki, Ermənistandakı rus hərbçilər Qazaxın kəndlərində tikinti işləri gerçəkləşdirir. Söhbət Əskipara kəndindən gedir. Ardınca Ermənistan Müdafiə Nazirliyi Rusiya sərhədçilərinin Tavuşda Azərbaycanla sərhəddə yerləşdirildiyini təsdiqlədi. Paşinyanın “Azərbaycanla sərhədə rus hərbçiləri gəlsin” çağırışını rədd edən Moskva niyə bu bölgəyə əsgər göndərir? Rəsmi Bakı Moskvaya etiraz edəcəkmi?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədovun fikirlərini öyrənməyə çalışdıq. Millət vəkili Publika.az-a müsahibəsində bildirdi ki, Azərbaycan bu kimi hallara aydınlıq gətirməlidir.

- Elman müəllim, rusiyalı hərbçilərin Qazaxın işğal altındakı kəndlərində tikinti işləri aparması ilə bağlı yayılan məlumatlara münasibətinizi bilmək istərdik. Nə baş verir? Bakı bununla bağlı Moskvaya nə kimi mövqe sərgiləməlidir?

- Əvvəla onu deyim ki, Ermənistan mediası daim təxribat xarakterli, həqiqətə uyğun olmayan məlumatlar yaymaqla məşğul olur. Bunu məqsədli şəkildə edirlər. Bununla Rusiya-Azərbaycan münasibətlərində problem yaratmağa çalışırlar. Ancaq məndə Qazaxın işğal edilmiş kəndlərində rusiyalı hərbçilərin yerləşməsi ilə bağlı məlumat yoxdur. Bəlkə də ermənilər bu barədə də təxribat xarakterli məlumat yayırlar. Dediyim kimi, bununla Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmağa cəhd edə bilərlər. Ola bilər ki, erməni mediasında gedən xəbər doğru olsun. Əgər doğrudursa, belə bir hal varsa, bu, Rusiya tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulması deməkdir. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə müdaxilədir. Çünki Rusiya da, başqa dövlətlər də bilir ki, həmin kəndlər Azərbaycana aiddir. Azərbaycan 2 mart 1992-ci ildə həmin ərazilərlə Birləşmiş Millət Təşkilatına üzv qəbul edilib. Həmin ərazilər tarixi Azərbaycan kəndləridir. Sonradan həmin kəndlər ermənilər tərəfindən işğal olunub. Əgər doğrudan da bu gün elə bir fakt varsa, düşünürəm ki, Azərbaycan Respublikası bununla bağlı Rusiya Federasiyasına rəsmi qaydada etirazını bildirməlidir. Eyni zamanda bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Proses isə dayandırılmalıdır. Həmin kəndlər bizimdir və dərhal Azərbaycana qaytarılmalıdır.

- Rusiyalı sülhməramlılara kim dur deməlidir?

- Biz 10 noyabr tarixindən sonra dəfələrlə şahidi olmuşuq ki, rusiyalı hərbçilər sülhməramlılara aid olmayan fəaliyyətlərlə məşğuldurlar. Bu gün də belə halların şahidiyik. Eyni zamanda sülhməramlılar separatçı rejimi dəstəkləyiblər. Bu gün də belə hallar baş verir və biz bunları görürük. Onlar bu istiqamətdə fəaliyyətlərini yenə davam etdirirlər. Bu gün Azərbaycan ərazisində Qarabağdakı separatçı rejimlə birlikdə ermənilərə humanitar yardım edirlər. Onlar üçün evlər tikirlər. Eyni zamanda hələ sovet dövründən Ermənistanda mövcud olan, ora dislokasiya edilmiş, bu gün də orada yerləşmiş Rusiyaya məxsus böyük bir ordu Azərbaycan-Ermənistan sərhədlərinin qorunmasında fəaliyyət göstərir. Yəni bunların hamısı aydınlıq gətirilməli məsələlərdir. Biz də buna qarşı çıxmalıyıq və çıxırıq da... Mən hesab edirəm ki, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatda, 11 yanvar 2021-ci ildə Moskvada baş tutan üçtərəfli görüşdə də öz əksini tapan sənədlərdə bu kəndlərin, o cümlədən Naxçıvan istiqamətindəki Kərki kəndinin, Nüvədinin və başqalarının Azərbaycana qaytarılması məsələsi gündəmdədir. Başqa məsələlərlə birlikdə...

- Hətta Nüvədinin də?

- Bəli. Nüvədi tarixi Azərbaycan kəndidir. Tarixən Nüvədi və ətraf kəndlər bizim ərazilərimiz olub. Nüvədi Ermənistanın kəndi deyil. Bəli, bizimkidir. Hazırda Zəngəzur söhbəti gedir, Şərqi Zəngəzur, Qərbi Zəngəzur, Zəngəzur dəhlizi. Nüvədi vaxtilə Qarabağ mahalı, Cəbrayıl qəzasının tərkibində olan bir kənd olub. Hazırda Nüvədidən olan insanlar beynəlxalq qurumlar qarşısında məsələ qaldırıblar. 500-ə qədər nüvədili ailə öz doğma kəndlərinə qayıtmaq və orada yaşamaq arzusundadır. Onlar bu iddiadadırlar. Yəni biz hər qarış torpağımızın iddiasını etməliyik.

- Bir ara 1929-31-ci illərdə Ermənistana verilmiş, Zəngilanı Naxçıvanla birləşdirən 9 kəndin Azərbaycana qaytarılması məsələsi gündəmdə idi. Həmin kəndlər də qaytarıla bilərmi?

- Təbii ki, bu kəndlərin də Azərbaycana qaytarılması məsələsi gündəmdədir. Bu iki respublikanın – Azərbaycan və Ermənistan sovet sosialist respublikalarının yarandığı dövrdə, söhbət 1920-ci ildən gedir, vəziyyət başqa idi. İndiki Ermənistan ərazilərinin xeyli hissəsi Azərbaycanın olub. Ermənilərin hiyləgərliyi, Moskvanın ermənipərəstliyi nəticəsində bizim tarixi ata-baba torpaqlarımız Ermənistana verilib. Bizim əraziləri alaraq ermənilərə veriblər. Amma bu gün ermənilər Kəlbəcər-Laçın istiqamətindəki sərhəd xətlərində cığallıq edirlər.

- Bunu nəyə görə edirlər?

- Ona görə edirlər ki, onlar sovet dövründə bizim ərazilərimizə yiyələnmişdilər. Deyirdilər ki, bu ərazilərin hamısı bizimdir. Amma bu gün müstəqil Azərbaycan özünün bütün ərazilərinin iddiasını edir. Biz bu məsələdə iddialıyıq. Biz bu məsələdə haqlıyıq.

- O zaman belə bir sual çıxır: Niyə Azərbaycan BMT-yə SSRİ-dən çıxdığı xəritə ilə qəbul olundu. Niyə SSRİ-yə qatıldığı ərazilərlə qəbul edilmədi? Niyə bu gün həmin ərazilərin iddiasını edə bilmirik?

- Bu, bir az izah tələb edən məsələdir. Bəlkə də zamanı gələndə biz bu iddianı da irəli sürəcəyik. Bəli, haqlısınız, biz bu iddia ilə də çıxış etməliyik.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm