Xüsusi
Gündəlik yoluxma sayı REKORD HƏDDƏ çatacaq - Pulmonoloqdan PROQNOZ
Pulmonoloq Eldar Zeynalovun proqnozlarına görə, yaxın həftələrdə gündəlik yoluxma sayı 4000-5000-ə qədər yüksələ və karantin rejiminin yenidən sərtləşdirilməsi gündəmə gələ bilər.
Vaksinin nəticələri barədə danışan ekspertin Publika.az-a müsahibəsini təqdim edirik:
- Doktor, vaksinasiyanın təsirləri haqqında bu gün həkimlər hansı nəticələrə gəlib?
- Koronavirusa qarşı vaksinlər yeni yarandığına görə, ilk vaxtlarda cəmiyyətdə ona münasibət birmənalı deyildi. Dünya praktikasında geniş istifadə olunmaması fərqli düşüncələrə səbəb olurdu. Azərbaycanda vaksinasiya inkişaf etmiş ölkələrlə müqayisədə bir neçə ay gec başladı. Ona görə ki, Azərbaycan daha effektiv və ən təhlükəsiz vaksini seçdi.
Vaksinasiya işlərinin sürətlə aparılmamasının digər bir səbəbi yetəri qədər vaksin alına bilməməsi idi. Vaksinləşdirmə ilk növbədə risk qrupuna daxil olan əhali arasında aparıldı. Bilirik ki, risk qrupuna daxil olan insanlarda ölüm təhlükəsi daha yüksəkdir. Vaksinasiyanın əsas məqsədi infeksiyadan bu insanları qorumaq, qoruma olmasa da ən azından həmin xəstəliyi yüngül keçirtməyə kömək etməkdir.
Vaksinasiya haqqında sosial şəbəkələrdə hələ də yanlış təbliğatlara rast gəlirik. Vaksinin əks təsirlərə, hətta ölümə səbəb olması iddia olunur. Pulmonoloq və infeksionistlərə ən çox verilən suallar elə vaksinlə bağlıdır. Bütün bunlara baxmayaraq, həm dünya statistikasında, həm Azərbaycanda koronovirusun 4-cü dalğasında vaksinasiyanın effektlərini görməyə başladıq. Vaksin olunmuş insanlar demək olar ki, xəstələnmir. Hətta delta ştammını müəyyən edə bilməsək, xarakterik əlamətlərinə əsasən görürük ki, vaksinasiya bu varianta qarşı olduqca təsirlidir. Azərbaycanın istifadə etdiyi vaksinlərin delta ştammına qarşı effektivliyi 60-70 faizdən yuxarıdır. 30-40 faiz isə vaksin olunmasına baxmayaraq, virusu yenidən keçirə bilirlər. Böyrək, ürək-damar, diabet xəstələri və ya allergik bronxitlər koronovirusu ağır keçirən qrup sayılır. İstənilən halda vaksin bu insanları ağırlaşmalardan qoruyur. Vaksin vurduran insanların böyük hissəsi xəstəliyi yüngül keçirir.
- Ölkəmizdə yoluxma sayı artıq 1200-ü keçib. Yoluxma sayının artması delta ştammının yayılması ilə bağlıdır?
- Hər bir dalğanın özünün xarakterik simptomları və özünün virulentlik dərəcələri var idi. Bizim üçün ən ağır dövr və xəstələnmə halları ötən ilin dekabr ayında oldu. Bunun bir neçə səbəbləri var idi. Müharibə dövründə xalqımız birlik və həmrəylik nümayiş etdirdi, qələbə xəbərlərini hər kəs təntənəli şəkildə qeyd etdi. Belə bir vəziyyətdə karantin rejiminə əməl etmək çətin idi. Eyni zamanda havaların soyuması da xəstəliyin yayılma dərəcəsinə təsirsiz ötüşmədi.
Hazırki vəziyyətdən danışsaq, yoluxma sayının tədricən artacağını gözləyirəm. Bu vaxta qədər yoluxma hallarında bütün ailə üzvlərinin yoluxması müşahidə olunmurdu. İnsanların əksəriyyəti xəstəliyi ya asimtomatik keçirirdi, ya da bir ailədə bir-iki nəfər arasında yoluxma baş verirdi. Hesab edirəm ki, ən sonuncu yüksək dalğa elə 4-cü olacaq. 5-ci dalğa isə hiss olunmadan ötüşəcək, düşünürəm ki, karantin rejimi artıq bu ərəfədə yekunlaşacaq. Proqnozu bir neçə tərəfdən izah etmək olar. Birincisi, artıq əksər insan xəstələnib, artıq onda immun dayanıqlıq var. İkincisi, əhalinin böyük risk qrupları vaksinasiya olunub və olunmağa davam edir.
- Azərbaycan üçün bu mənada kritik hədd hansıdır?
- Virusun yüksək virulentliyi olduğu üçün yüksək yoluxma gözlənilir. Ola bilsin ki, ötən ilin dekabrın müşahidə olunan rekord yoluxma halları yenidən təkrarlansın. Gündəlik xəstə sayı 4000-5000-ə qədər arta bilər. Bu, bizim üçün təhlükəlidir. Təbii ki, yoluxmalar bu istiqamətdə davam edərsə, qapanmalar qaçılmaz olacaq. Qapanma o zaman olur ki, artıq səhiyyə sistemində koronovirus xəstələrinə yer almır, reanimasiyalar tamamilə dolur. Bu mərhələdə karantin rejiminin sürətləşdirilməsi qüvvəyə minir ki, xəstəxanalarda yüklənmə getməsin, yoluxma tendensiyası azalsın. Nə qədər çox olsa da, Azərbaycanın modul tipli xəstəxanaları hazırdır, səyyar tipli hospitallar da mövcuddur. Onları istənilən vaxt istifadə etmək mümkün olacaq.
Digər dalğalardan fərqli olaraq artıq xəstəlik haqqında kifayət qədər məlumatımız var, tibbi personalarımız, poliklinika şöbələrində işləyən həkimlərimizin artıq koronovirusun müalicəsində səriştələri var. Yük bir neçə həkimin üzərinə düşmür, paylanır, çoxlu sahə həkimlərimiz var ki, ev şəraitində ambulator olaraq bu xəstələrə nəzarət edir. Bu, xəstəxanaların daha çox yüklənməsinə imkan verməyəcək. Odur ki, yeni yoluxmaların öhdəsindən gələ biləcəyik.
- Xəstəliyin gedişində hər hansı dəyişiklik nəzərə çarpır?
- Sanki xəstəliyin gedişi də dalğavaridir. Müxtəlif simptomlarla üzə çarpır. Hərarətin həddən artıq yüksəlməsi, hətta hərarətin bir neçə gün olub sonra dayanması və yenidən başlaması kimi vəziyyətlər qeydə alınır. Bizi ən çox narahat edən məsələlərdən biri də artıq kiçik yaşlı uşaqlarda ikitərəfli pnevmoniya və ya birtərəfli pnevmoniya, ağciyər zədələnmələri müşahidə olunmağa başlayıb. Odur ki, valideynlər kiçikyaşlı uşaqları daha çox qorumağa çalışmalıdır. Bunun üçün ictimai yerlərdə qoyulan qadağalara əməl etməliyik.
İstər mağazalarda, istərsə də ictimai nəqliyyatlarda müşahidə edirəm ki, insanlar laqeyd davranır, maskadan düzgün istifadə etmirlər. Bundan başqa tövsiyə edirəm ki, bir insanın bir və ya iki gün temperaturu olarsa, bu qrup və soyuqlama əlaməti kimi qəbul etməsin və cəmiyyət içinə çıxmasın. Əgər temperaturunuz varsa, ən azı bir həftə müddətində ətraf mühitə çox çıxmayın, insanlarla çox kontaktda olmayın. Ən azından özünüzü izolyasiya etməyə çalışın və maskalardan istifadə edin, ətrafdakıları toplum şəklində yoluxdurmayın. Dövlətə də möhlət vermək lazımdır ki, dövlət strukturlarında vaksinasiya tamamlansın. Hesab edirəm ki, 2-3 ay ərzində vaksinasiya tamamlanacaq və bundan sonra digər dalğalar bizim üçün çox təhlükəli olmayacaq.
Aytən Məftun
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...