Xüsusi
Məşhur azərbaycanlı aktyor ERMƏNİ ROLUNDA: “Bu filmə Prezident də baxacaq”
Aktyor Şahin Nəsirov Mədəniyyət Nazirliyinin sifarişi, Vaqif Mustafayevin rejissorluğu ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Fəryad 2” filmində erməni obrazında qarşımıza çıxacaq.
Publika.az-a müsahibə verən aktyor bildirib ki, canlandırdığı obrazın ona tamaşaçı nifrəti qazandırması onu narahat etmir. Çünki bütün diqqətini rolun incəliklərinə kökləyib. Şahin bəy həm də inanır ki, ekran işi ən az birinci qədər tarixi əsər olacaq.
- Şahin bəy, “Fəryad 2” filmində sizin də rol alacağınızı öyrəndim. Vaqif Mustafayevin bu təklifini necə qarşıladınız?
- Təbii ki, gözlənilməz oldu. Çünki Vaqif Mustafayevlə bu vaxta qədər işləmək şansım olmamışdı. O, məni təsadüfən “Kino Kino” filmində görüb və yeni layihəsinə çəkməyə qərar verib. Buna görə ona minnətdaram. Sevindim, həm də məsuliyyət hiss etdim. Vaqif bəylə tanış olandan sonra anladım ki, biz bir-birimizi “yarım sözdən” başa düşə və eyni düşüncə tərzinə malik ola bilirik. Bu dostluğumuz filmdən sonra da davam edəcək.
- Çəkilişlərə başlamısınızmı? Sizi bu filmdə hansı obrazda görəcəyik?
- Artıq çəkilişlərə start verilib, amma mənim səhnələrimin çəkilişləri sentyabr ayının sonlarında başlayacaq. Məni 87-88-ci illərə qədər Bakıda yaşayan erməni rolunda görəcəksiniz.
- Canlandırdığınız erməni obrazı müəyyən mənada sizə həm də Azərbaycan xalqının nifrətini qazandıracaq. Bu, sizi narahat edir?
- Düzünə qalsa, bu barədə düşünmürəm. Sən işini peşəkarcasına gör, nə olmalıdırsa, olacaq. Tamaşaçı nifrətini qazansam belə, demək ki, missiya yerinə yetirilib. Hər halda indiki tamaşaçının intellektual səviyyəsi obrazla aktyorun gerçək kimliyi arasında fərqi görə bilir. Buna görə də kütləvi nifrət gözləmirəm.
“İndiyə qədər müsbət rollar oynayıb xalqın gözündə qalxmışdı. Gərək filankəs filan mənfi rolu oynamazdı” demək bizim millətə xas xüsusiyyətdir. Xalqın içində bu cür fikirlər tez-tez eşidirəm. Niyə də oynamasın axı? Aktyor mənfi rolların da öhdəsindən gəlməyi bacarmalıdır.
Ədalətli yanaşma tərzi deyil. İnsan deyilən varlığın diapozonu çox böyükdür. Mənfi sifətlərdən tutmuş müsbət keyfiyyətlərə qədər hər şey insanın içində gizlənib. Ağıllı və ya yaxşı insan odur ki, o mənfiləri özündən kənarlaşdırır, ya da son anda ondan imtina edə bilir. Amma cəmiyyətdə mənfi cəhətləri özündə birləşdirən insanlar kifayət qədərdir. Aktyor isə bu mənfi obrazları canlandırarkən həyatda istifadə etmədiyi pis tərəflərini qabardır, cilovunu buraxır və beləliklə rola girir.
- Nə qədər ağır olsa da, istər məna yükü, istərsə də kino estetikası baxımından “Fəryad” filmi tarixi ekran əsəridir. Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunan filmin ikinci hissəsi birinci qədər təsirli ola biləcəkmi?
- Dünya kino praktikası da göstərir ki, filmin ikinci hissəsi çox vaxt birinci qədər təsirli alınmır, daha zəif olur. Bu mənada ikinci filmi çəkmək böyük riskdir. Bəzən də olur ki, ikinci film həqiqətən böyük müvəffəqiyyət qazanır. Ümid edirəm ki, bu azların içərisində “Fəryad 2” də yer alacaq, birincidən geri qalmayacaq.
- Erməni dilini bilirsiniz?
- Dili tamamilə deyil, müəyyən qədər əlbəttə ki, öyrənmək lazım gəldi və hələ də öyrənirəm.
- Filmin büdcəsi haqqında nə deyə bilərsiniz, ya bu barədə danışmaq hələ tezdir?
- Bu məsələlər aktyorun vəzifələrinə daxil deyil, bununla maraqlanmıram. Aktyorun işi ondan ibarətdir ki, ona tapşırılan rolu maksimum şəkildə yaxşı oynasın.
- Ekran işinin harada çəkilməsi planlaşdırılır? Real döyüş səhnələrindən istifadə olunacaq?
- Film bir neçə yerdə lentə alınır. Çəkiliş heyəti bir neçə günlük Hadruta da yola düşmüşdü, Qarabağda bəzi çəkilişlər olub.
Oynadığım epizodlar Duz gölünün ətrafındadır, amma hansı duzlu göldə olacağı hələ müəyyənləşməyib. Bir də toy səhnələrim var.
- Layihə nə vaxt ekranlara çıxacaq və ermənilər sizcə, hansı reaksiyanı verəcək?
- Dəqiq məlumatım yoxdur, yəqin ki, ilin sonuna qədər tam hazır olar. Sözsüz ki, ermənilər üçün daha bir psixoloji zərbə olacaq, yaşayarıq, görərik... Özlərini ali irq sayan bu millətin xislətini, təkəbbürünü və hər şeyi öz adlarına keçirmək kimi xəstəliklərini göstərməyə çalışmışıq.
- Ağladığınız səhnələr varmı?
- Mənim səhnələrim hələ çəkilməyib, təsirli hissələrdə ağlayıb-ağlamayacağımı deyə bilmərəm. Belə bir xüsusi tapşırıq verilməyib, ümumi vəziyyəti izah edirlər. Əgər ağlamaq o səhnəni gücləndirirsə, vəziyyət ağlamaq tələb edərsə, ağlaya bilərəm.
Onu da qeyd edim ki, bir çox dünya şöhrətli aktyorlar var ki, heç kim onları ağlayan görməyib.
- Filmdə başqa hansı aktyorlar rol alacaq?
- Qoy bunu sirr saxlayaq, hazır olanda tamaşaçılar özləri görəcəklər. Bircə onu deyə bilərəm ki, məşhur gürcü aktyoru Avtandil Maxaradzeni görə biləcəyik. İncəsənət Universitetinin ikinci kursunda oxuyanda onun oynadığı “Tövbə” filminə çox heyranlıqla baxmışdım. Ağlıma da gəlməzdi ki, 35 ildən sonra biz tərəf müqabili olacağıq. Buna çox sevinirəm.
- Şahin bəy, bəs dövlət başçısının diqqətini çəkə biləcəksinizmi?
- Onu bilirəm ki, “Fəryad 2” böyük diqqət mərkəzindədir. Bu filmə demək olar ki, hər kəs baxıb - Prezidentdən tutmuş sadə insanlara qədər. İndi də çox səbirsizliklə və böyük maraqla gözləyirlər ki, “Fəryad 2” necə olacaq. Düşünürəm ki, filmə hamı reaksiya verəcək, hətta Prezident də baxacaq. Dua edək ki, yaradıcı proses yaxşı keçsin və hər şey xeyrimizə olsun.
- Film barədə hər kəsin öyrənmək istədiyi suallara səmimi cavablar verdiyiniz üçün təşəkkür edir və sizə daha böyük yaradıcı uğurlar arzu edirəm.
- Təşəkkür edirəm, xeyir Allahdan.
Aytən Məftun
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar