“Qulp”un məşhur aşığı: Heydər Əliyev bizi çağırıb dedi ki... - - FOTO
Bizi izləyin

Xüsusi

“Qulp”un məşhur aşığı: Heydər Əliyev bizi çağırıb dedi ki... - - FOTO

Azərbaycan televiziyasında satirik-publisistik janrın yeganə təmsilçisi olan “Qulp” proqramı ilə tanınan, xalqın sevgi və hörmətini qazanan Aşıq Yedigar bu gün kanalların bayağı yumora qaçmasından gileylidir.

Publika.az-a müsahibə verən sənətçi bildirib ki, bəziləri onun Şuşa Dövlət Musiqili Dram teatrının direktoru olduğunu bilmir.

Şuşa səfərindən söz aşan Əməkdar artist onu da bildirib ki, Şuşadakı evində hazırda şəhərin hər tərəfini cənnətə çevirən inşaat işçiləri yaşayır.

- Neçə vaxtdır sizi televiziyalarda görmürük. Kanallardan incimisiniz?

- Heç bir kanalla incikliyim yoxdur. Vaxtı ilə bir ANS kanalında çalışırdım, məni xalqa tanıdan da bu kanal olmuşdu. Satirik “Qulp” verilişində gözəl yumoristik mahnılar yaradırdıq. Aşıq obrazını canlandırırdım, çox adam elə bilirdi ki, həqiqətən aşığam. Bilməyənlərə deyim ki, aktyoram. Sadəcə müşahidələrim mənə aşıq rolunu oynamağı asanlaşdırmışdı. Sazda ifa edə bilirdim, gəncliyimdə tar çalmışam. Həm də öz səsimlə oxuyurdum.

- Ümumiyyətlə, televiziyalardan təkliflər gəlirmi?

- Veriliş bağlandıqdan sonra bəzi kanallardan təkliflər olub, adlarını çəkmək istəmirəm. Problem ondadır ki, heç kim satira istəmir, özü də bayağı yumoristik verilişlər daha çox tələb olunur. Bu səbəblərə görə, imtina etmişəm. Sözsüz ki, satirik verilişlər çəkilsəydi, sevə-sevə gedərdim.

Bir dəfə Novruz bayramı şənliyində Qoşa Qala Qapısında "Qulp" üçün səhnəcik çəkirdik. Bizi görən Ulu Öndər Heydər Əliyev yanına çağırdı. Onunla həm söhbət etmək imkanımız oldu, həm yumurta döyüşdürdük, həm də bir az zarafatlaşdıq. Bizə dedi ki, bu xalqa satira lazımdır, hələ bir az da bundan güclü satiralar yazın. Satira xalqın maariflənməsinə birbaşa təsir edir, gözünü açır.

- “Qulp”da çalışdığınız illər üçün darıxırsınız?

- Əlbəttə! Hətta o illərdə satirik mahnıları oxuyanda el dili ilə desək, bəzi ağzıgöyçəklər adımı müxalifətçi qoymuşdular. Təzyiqlər olunurdu ki, Şuşa Dövlət Teatrının direktorusan, niyə gedib o verilişdə çıxış edirsən və satirik mahnılar oxuyursan. İndiyə qədər dilə gətirmirdim, təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, Şuşa Dövlət Musiqili Dram Teatrı təklifimlə açılıb.

- Yenə də xalq mahnılarına siyasi “qulp” qoyursunuz?

- Xalq və bəstəkar mahnılarının musiqisindən istifadə edib satirik mahnı oxumuşam. Sazın qüdrəti böyükdür, aşıq obrazını oynamışdım ki, haqqı dilə gətirim, aşıq gördüyünü çağırar. Ənənəni daha davam etdirmirəm.

Elçin Əfəndiyev bir dəfə dedi ki, bilərəkdən və ya bilməyərəkdən yeni satirik-publisistik bir janr yaratmısan. Bildirdi ki, bu janrı ölməyə qoyma, davam elə. İndi harda davam edə bilərəm? İstəmirəm ki, ifa etdiyim mahnılar instaqram, tik-took kimi sosial şəbəkələrdə yayılsın. Millətimizə yaraşmayan elə videolar qoyurlar ki, onların cərgəsində və sırasında olmaq istəmirəm.

- “Aşıq Yedigar” Azərbaycanda nələri dəyişə bilib?

- Xalqın maariflənməsinə çalışırdım, içimdə bir yanğım var idi. Sabir məktəbinin davamçısı Baba Pünhanın yazdığı şeirlər məni onları oxumağa həvəsləndirirdi. Güclü musiqi “baqajım” olduğuna görə, hardansa musiqisi də şeirlə birgə gəlirdi. Heç axtarmırdım. Nə xalq, nə də bəstəkar mahnılarının musiqisinə xələl gətirmişəm. Əksinə, o musiqinin sədaları və müşayiəti ilə xalqın ürəyinə yol tapırdım, ona tənqidi və satirik çaları verirdim. Hər səviyyədə də qəbul olunurdum.

Heç bir siyasi partiyanın üzvi deyiləm, 32 ildir ki, Şuşa teatrının direktoruyam, xalqıma və dövlətimə xidmət edirəm. Sadəcə bir siyasi mövqeyim var - vətənə və xalqa layiqli xidmət etmək. Digər məsələlər mənlik deyil.

- Necə oldu ki, Şuşa teatrı yarandı və direktorluq Sizə həvalə olundu?

- Şuşada teatr mühiti həmişə olub. 1949-cu ildə Nazirlər Soveti sərəncam verib ki, maliyyə çətinliklərinə görə, Üzeyir Hacıbəylinin adını daşıyan Şuşada Dövlət Dram Teatrının fəaliyyətinə xitam verilsin. Əslində, teatrın bağlanma səbəbi maliyyə çətinlikləri deyildi. Əgər belə olsaydı, niyə məhz həmin il Xankəndində Maksim Qorki adına Stepanakerd Dövlət dram teatrı açılmışdı? Həmin maliyyəni Şuşa teatrından kəsib ermənilərə verdilər.

Düz 31 il keçəndən sonra, 80-ci ildə universiteti bitirib təyinatla Ağdam Teatrına getdim, eyni zamanda da Şuşada Mədəni Maarif Texnikumunun aktyor sənətindən, səhnə danışığından, teatr tarixindən, rəqsdən dərs deməyə başladım. Görürdüm ki, Şuşa Dram Teatrını yenidən qurmaq üçün Mədəni Maarif Texnikumunda çox yaxşı baza var. 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illiyi münasibəti ilə “Arşın mal alan” tamaşasını hazırlamışdım. Bu tamaşanın həm rejissoru olmuşdum, həm də Əsgər rolunu oynamışdım. İndi isə Opera və Balet Teatrında Soltan bəyi oynayıram. O vaxt Gülçöhrəni 500 qızın içindən seçmişdim. Üzeyir bəyin yazdığı keyfiyyətlərə uyğun olan bir qəhrəman axtarırdım. Həm gözəl səsi, həm təmiz diksiyası, həm də gözəl aktyorluq məharəti var idi.

Həsən bəy Zərdabinin nəticəsi Rəbiyyə Zərdabi də bizimlə işləyirdi. Həm Rəbiyyə xanım, həm Kəmaləddin Məmmədli, həm Naqil Primov, həm də Nazim Mərdanov bir neçə tamaşa hazırlamışdı. Bu xidmətlərimizə görə, 87-ci ildə bizə Xalq Teatrı adı verildi. Artıq Şuşada teatr aclığı var idi. Dram dərnəyinin hazırladığı tamaşalara bilet almaq üçün insanlar Mədəniyyət evinin qarşısında növbəyə düzülürdü. Tamaşaların hörmətli qonaqları arasında Şuşanın birinci katibi ilə xanımı da var idi. Hamı kimi bilet alıb içəri keçirdilər.

O vaxtı Nazirlər Kabinetində Həsən Həsənov çalışırdı. Onun və Polad Bülbüloğlunun sayəsində 90-ci ildə nəhayət ki, Şuşa dövlət teatrı açıldı. Üzeyir bəyin adını daşıyan teatrın bağlanmasından düz 41 il sonra uf demədən işə başladıq, nazirliyin verdiyi 6 ayda biz 2 yox, 3 tamaşa hazırladıq: Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Süleyman Ələsgərovun Şıxəli Qurbanovla birgə yazdığı “Özümüz bilərik” operattaları və Eldar Baxışın “Uzun Həsən” əsəri. Təəssüf ki, erməni işğalı nəticəsində Şuşa Dövlət Musiqili Dram Teatrı cəmi 2 il fəaliyyət göstərə bildi.

- Teatra marağın azaldığı bir dövrdə Şuşa Dövlət Musiqili Dram Teatrına Bakıda ikinci həyat verməyi necə bacardınız?

- Bu bina 2018-ci ilin dekabrın 24-də istifadəyə verildi, ondan sonra Şuşa Dövlət Dram Teatrının bütün işləri qaydasına düşdü, tamaşaçı baxımdan heç vaxt kasadlıq çəkməmişik. Teatra maraq necə azala bilər? Azərbaycanda həmişə teatra maraq olub, var və olacaq. Çox səviyyəli tamaşaçılarımız var. Pandemiya bizə çox mane oldu, teatrların hələ də bağlı qalmasına münasibətim yaxşı deyil. Mən və kollektivim səhnə üçün çox darıxmışıq, formadan düşmüşük. İcazə versinlər heç olmasa, kiçik tamaşalarla sosial məsafəni qorumaq şərtiylə izləyicilərin qarşısına çıxaq. Əgər toylara icazə verilirsə, teatrlar niyə bağlı qalmalıdır?.. Bizim də yoluxduğumuz bir xəstəlik var, teatr. Səhnə də bizdən ötrü darıxıb. Arzu edirəm ki, pandemiya tezliklə başa çatsın və teatrlar tezliklə fəaliyyətlərini davam etdirsinlər.

- Şuşada aparılan yenidənqurma işlərindən razısınız?

- Aparılan işlər göz önündədir: Üzeyir Hacıbəyovun heykəlinin açılışı oldu, Molla Pənah Vaqifin büstü və məqbərəsi yenidən təmir olundu, Vaqif Poeziya günləri keçirildi, Xarıbülbül və Qarabağ otellərinin açılışı oldu və s. Düşmənləri toprağımızdan qovmuşuq, zəfər çalmışıq! Cənab Prezident İlham Əliyevin diplomatik məharəti, xalqımızın birliyi və Azərbaycanın qüdrətli ordusu 44 günün içində nələr etdi... Şuşa üçün çox narahat idim. Çünki bilirdim, Şuşa dağın başındadır və ora çıxmaq çox çətindir, halal olsun ordumuza, canlarını, qanlarını verdilər. Kişi kimi döyüşüb qanları bahasına aldılar Şuşanı.. Xarıbülbül musiqi festivalında Prezident bizimlə ayaqüstü görüşdü və bildirdi ki, Şuşada tezliklə hər şey tikiləcək, o cümlədən teatr binası. Görünən odur ki, mədəniyyətin beşiyi olan Şuşa əsl mədəniyyət ocağına çevriləcək.

- Şuşaya ayaq basarkən keçirdiyiniz duyğuların tərifi var?

- Çox sevincli idim... Cəmi 8 ay yaşadığım evimi gördüm, dağılmayıb, müharibə vaxtı çox az zədə alıb. Təzə ev idi, oranı ermənilər hərbi komissarlıq kimi istifadə edib. Deyilənə görə, birinci mərtəbəsində də keşiş yaşayıb. Bu gün evimdə doğma bir işıq yanır, Şuşada quruculuq və inşaat işləri ilə məşğul olan tikinti işçilərini bir hissəsi evimdə qalır. Ermənilərdən qalan bütün əşyalar yığışdırılıb və inşaat işçiləri üçün otaqlara çarpayılar qoyublar.

- Yadigar bəy, bir gün Şuşaya qayıdacağımıza inanırdınız? Bu illər ərzində inam sizi tərk etməmişdi?

- İnam heç vaxt tərk edə bilməzdi, ümidin itməsi insanın ömrünün sonu deməkdir. Bu sualı bir dəfə də mənə vermişdilər. Əgər məni inandırsaydılar ki, bir daha Şuşaya qayıda bilməyəcəm, elə həmin gün özümə ölüm arzulayardım. Qayıda bilməməkdənsə, ölüm yaxşıdır. Etiraf edirəm ki, sonra Şuşa vüsalı məndən çox uzaqlaşmışdı. 30 ilə yaxın bu münaqişə davam edirdi, necə olacaq sualları məni də narahat edirdi. Heç nəyə baxmayaraq, ümid qırılmırdı. Demək ki, Prezident bilirdi ki, nə edir və etdi də. Həmişə deyirdim ki, hansı prezidentin zamanında torpaqlarımız azad olunsa, mənim prezidentim odur. Torpaq uğrunda canından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə sağlamlıq arzu edirəm.

- Adınız maraqlıdır, kimin yadigarısınız, Yadigar bəy?

- Atamın anama tapşırdığı yadigaram, mən doğulanda atam dünyasını dəyişib, onu görmək nəsib olmayıb. Odur ki, adımı Yadigar qoyublar. Xalqdan eşitdiyimə görə, atam sözünün ağası olan mərd kişilərdən olub, xeyirxahlıq etməyi sevib. Atamı görməsəm də, onu tanıyanlar deyərdi ki, xasiyyətiniz oxşayır. Bu adı yaşatmağa və ona layiq olmağa çalışıram.

Aytən Məftun

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm