Xüsusi
103 il əvvəlki Bakı əməliyyatı ilə Şuşa döyüşlərini nə birləşdirir? – DETALLAR
Bu gün – 14 sentyabr Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın “Bakı uğrunda irəli!” əmrini verdiyi gündür. Sabah isə Bakının bolşevik-daşnak işğalından azad olunmasının 103-cü ildönümünü qeyd edəcəyik.
Həmin tarixi birgə vərəqləmək üçün AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun fikirlərini öyrənməyə çalışdıq.
Tarixçi alimin Publika.az-a müsahibəsini təqdim edirik.
- Cəbi müəllim, bu gün Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın “Bakı uğrunda irəli” əmrini verdiyi gündür. Sabah isə Bakının bolşevik-daşnak işğalından azad olunmasının 103-cü ildönümünü qeyd edəcəyik. 103 il əvvəl nə baş vermişdi? Ötənilki Şuşa əməliyyatı ilə 103 il əvvəlki Bakı əməliyyatı arasında nə kimi oxşarlıqlar var?
- 103 il bundan əvvəl Bakının azad edilməsi uğrundakı döyüşlə 2020-ci ilin noyabrında Şuşanın alınması uğrundakı savaş arasında oxşarlıq var. O mənada ki, biz Anadolu türkləri ilə bir millətin övladlarıyıq. Bakı şəhərinin azad edilməsi və Şuşa istiqamətindəki əməliyyatla bağlı hərbi strategiya da eyni idi. 103 il əvvəl Bakı yönündə hücum əmri Qurd qapısı istiqamətindən Nuru Paşa tərəfindən verildi. Bakı hər zaman Azərbaycanın ürəyi olub. Şəhərin relyefini də nəzərə almaq lazımdır. Çox çətin, dağlıq, təpəlik ərazilərdən keçərək Bakıya daxil olan Qafqaz İslam Ordusunun tərkibində çoxsaylı Azərbaycan əsgərləri də var idi. O cümlədən Türkiyədən 15-ci diviziyanın əsgərləri gətirilmişdi. Bakı ətrafında gedən döyüşlərin baş verdiyi ərazilərə getsəniz, görəcəksiniz ki, orada xeyli sayda səngərlər qazılıb. Bu, Bakı dairəvi yolunun ətrafındakı yüksəkliklərdədir. Həmin səngərlər o zamankı Sentrokaspi diktaturası və ingilislər tərəfindən bilavasitə düzəldilmişdi. Buna baxmayaraq, Azərbaycan əsgərləri ilə qardaş Türkiyə ordusunun əsgərləri birlikdə hücuma keçərək Bakı şəhərini erməni-daşnak və bolşevik qüvvələrindən azad etdilər. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Bakının işğalda saxlanılması təkcə bolşevik, sovet Rusiyasının deyil, eləcə də ABŞ-ın, ingilislərin, fransızların marağında idi. Onlar bu şəhəri vermək istəmirdilər.
- Niyə, səbəb nə idi?
- Ona görə ki, burada nobellər, rotşildlər, rokfellerlər var idi. Nobellərin, rotşildlərin səhmlərində rokfellerlərin səhm payları da həmçinin... Uinston Çörçillin dediyi kimi, neft məsələsində Bakının tayı-bərabəri yox idi. Çörçill deyirdi ki, neft kraliçadırsa, Bakı onun tacıdır. O da məlumdur ki, Birinci Dünya müharibəsi illərində İngiltərənin müharibədə istifadə etdiyi neft məhsullarının, yanacağın 72 faizini məhz Bakı verirdi. Bu, az rəqəm deyil. Ona görə də bu şəhərin birləşmiş Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi həmin qüvvələrin ürəyincə deyildi. Məhz bu səbəbdən də cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətini beynəlxalq münasibətlərin subyekti kimi, de-yure olaraq tanımadılar. Eyni zamanda tanımağa qoymadılar. Trotskinin ifadəsi ilə desək, bu işdə okeanın o tayında olan bankirlərin rolu böyük oldu. Onlar Amerika Birləşmiş Ştatları hökumətinə, Fransa hökumətinə, sovet Rusiyasını quranlara təsir göstərdilər. Onlar bizim qurduğumuz cümhuriyyəti tanımadılar. 23 aydan sonra buranı sovet Rusiyası işğal etdi.
- Bəs sovet hökuməti rusların milli dövlətçilik sisteminə aid idimi?
- Uzun illər ərzində heç tarixçilər də bu sualı özlərinə verməyiblər. Xeyr! Sovet hökumətinin rusların milli dövlətçilik sisteminə aidiyyəti yoxdur. İndi bu haqda xeyli məqalələr dərc olunur. Təkcə Amerika alimi Entoni Satonun “Wall Street and the Bolshevik Revolution” əsərini oxusanız, görəcəksiniz ki, sovet hökumətini kim qurub. Bir faktı da mən deyəcəyəm. Amma həmin fakta keçməzdən öncə cənab Prezidentə təşəkkür edirəm ki, Nobel prospektinin adını dəyişərək “8 Noyabr” prospekti adını verdi. Bu da təsadüfi deyil, çünki həmin nobellər, rotşild və rokfellerlər, onların tabeliyində olan şirkətlər, dövlətlər erməniləri öz əllərində “ölüm aləti” kimi istifadə etdilər. Onlar da Azərbaycan xalqına qarşı soyqırımı cinayəti törətdilər. İndi bu məsələlər tədqiq olunur, araşdırılır. Dünən biz Tarix İnstitutunda geniş dəyirmi stol keçirdik. O məsələləri aydınlaşdırdıq. 3 məruzə dinlənildi. Arxiv sənədləri dövriyyəyə gətirilir. Həmin sənədlərdə ingilis dövlət məmurlarının, hərbçilərinin, o cümlədən Şaumyanın, onun ətrafında olanların, bütövlükdə anti-Azərbaycan mövqedə duran şəxslərin fəaliyyəti ilə bağlı yeni sənədlər, məqamlar ortaya çıxır. Ona görə də həmin dövlətlərin nümayəndələrinin Bakıda olmasının əsas səbəbi heç şübhəsiz ki, Bakı nefti idi. Bu baxımdan 15 sentyabr – Bakının işğaldan azad edilməsi tariximizə qızıl hərflərlə, bəlkə də ondan da qiymətli hərflərlə yazılan bir tarixdir. Çünki biz 103 il bundan əvvəl əyilməz xalq olduğumuzu sübuta yetirdik. Eləcə də 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na kimi - biz bunu 102 il sonra bir daha sübut etdik ki, hünərvər və yenilməz, əyilməz bir xalqıq. Ona görə də 44 günlük müharibədəki qələbəmizi təsadüf saymaq olmaz. Bu qələbə bir növ varislik ənənəsidir.
- Türkiyənin 102 il sonra bizə eyni dəstəyi verməsi də?..
- Bəli! Qardaş Türkiyənin Azərbaycanın yanında olması, maddi, mənəvi dəstək göstərməsi də varislik ənənəsinin davamı idi. O cümlədən dost Pakistanın da bu qardaşlıq missiyasına qoşulmasının şahidi olduq. Bir neçə gün öncə türk ordusu ilə birgə Laçında təlimlər gerçəkləşdirdik. Bu da təsadüfi deyil, biz öz torpağımızdayıq. Başqa ölkənin ərazisində təlimlər keçmirik. Biz 103 il əvvəl də, indi də öz torpaqlarımızı azad etmişik. İndi erməniləri bizə qarşı “ölüm aləti” kimi istifadə edənlərin yanında İran dayanır. Qərb ölkələrinin bir nömrəli düşməni sayılan İran Azərbaycan məsələsində onlarla bir sırada dayanır. Fikir verirsinizsə, Ermənistan adlı bir varlıq artıq çökmək üzrədir, darmadağın edilib. Erməni faşizmi və onun ordusu məhvə məruz qalıb. Ermənistan xülyası sabun köpüyü kimi partlayıb, yox olub gedib. Amma indi İran müxtəlif yollara əl ataraq Qarabağda qalan 5-10 erməniyə yardım göstərir. Bilirsiniz, onları qorxudan böyük, qüdrətli Azərbaycan kabusudur. İran bunu ona görə edir ki, 1813-28-ci illərdə Azərbaycanı iki yerə bölən dövlətlərin yanındadır. Azərbaycanın birləşməyini istəmir. Bizim heç kimin torpağında gözümüz yoxdur. Biz heç kimin torpağına ərazi iddiası etmirik. Tarixən özümüzünkü nə olubsa, onu istəyirik. Ali Baş Komandanımız Kəlbəcərə sonuncu səfəri zamanı bildirdi ki, jurnalistlər xəbər hazırlayarkən bizim tarixi kənd və şəhər adlarımızı olduğu kimi yazsınlar. Biz həmin adları unutmağa qoymamalıyıq. Ermənistan adlanan ərazidə bizim toponimlərimiz dəyişdirilib. Həmin torpaqlar da bizim tarixi ərazilərimizdir. Həmin ərazilər 1918-ci ildə bağışlanılmaz bir səhv ucbatından ermənilərə güzəştə gediləndən sonra təkcə bizim özümüzə qarşı deyil, tariximizə, mədəniyyətimizə qarşı da cinayət törədilib. Cənab Prezident dedi ki, bu tarixi torpaqların adları necədirsə, o cür də olmalıdır. Biz bunu araşdırmışıq. Ermənilərin həmin adları necə dəyişdirdiklərini tədqiq etmişik. Bununla bağlı kitab da nəşr olunub. Məsələn, Vardenis yox, Basarkeçər, Yerevan yox, İrəvan, Sünik yox, Zəngəzur, Masis yox, Zəngibasar... Artıq bu adlar bərpa olunur. Bu da böyük bir işdir. Biz tarixi mirasımızı bərpa etmək üçün çalışırıq. Bizim başqa ölkələrin ərazisində, torpağında gözümüz yoxdur.
- Cəbi müəllim, yenidən 103 il öncəyə qayıdaq. 15 sentyabr 1918-ci ildə qələbə təxminən nə zaman elan edildi?
- Axşama yaxın... Yəni saat 4-5 arası qələbə artıq qeyd olunmağa başlayıb. Ondan sonra da hərbi parad keçirilib. Hətta onun kadrları da var. Məsələ orasındadır ki, Bakı azad edilərkən 3 mindən çox Azərbaycan əsgəri, 1300-dən çox Türkiyə ordusunun əsgəri şəhid olub. Ona görə də Ulu öndərin təşəbbüsü ilə Bakının işğaldan azad edilməsində şəhid olan türk qardaşlarımızın şərəfinə abidə ucaldılıb. Bunu hamımız bilirik. Bu faktı da qeyd edim ki, təkcə Türkiyə əsgərləri deyil, həm də Azərbaycan hərbi birləşmələrinin komandanı, o zaman Nuru Paşanın müavini də bizim məşhur generalımız Əliağa Şıxlinski idi. Onun tabeliyində olan əsgərlərin iştirakı ilə Bakı düşmən işğalından azad olunub. Həmin şəhidlərin də ruhu şad olsun deyə, onların adlarının və ya saylarının yazılması vacibdir. Onun üçün də biz tarixi nöqteyi-nəzərdən araşdırmaq üçün nə lazımdırsa, onu da edirik.
Tural Turan
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...