Tariximizin qanlı səhifələri: Ermənilərin azərbaycanlılara qarşı törətdikləri DƏHŞƏTLİ QƏTLİAMLAR
Bizi izləyin

Xüsusi

Tariximizin qanlı səhifələri: Ermənilərin azərbaycanlılara qarşı törətdikləri DƏHŞƏTLİ QƏTLİAMLAR

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

Son bir əsrdə Azərbaycan xalqına qarşı ermənilər və onların havadarları tərəfindən məqsədyönlü siyasət həyata keçirilməklə ölkəmizin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyi əleyhinə təcavüz cinayətləri, qədim və tarixi torpaqlarımızda bütövlükdə XX və XXI əsrlərdə yerli əhaliyə qarşı soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə və terror cinayətləri törədilib.

1-ci hissə burada Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter alıb. Qarabağın işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalinin yaşadığı məntəqələrdə terror aktları təşkil edib, nəticədə minlərlə günahsız insan həlak olub.

44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbə ilə Qarabağın 30 illik erməni işğalına son qoysaq da, Ermənistan dövləti terror əməllərini bu gün fərqli formada davam etdirir. Onlar bu gün də nəinki ölkəmizin, bütövlükdə dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, habelə regionun digər dövlətlərinin ərazi bütövlüyünə təhdid hesab edilirlər.

Publika.az-a danışan AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov bildirib ki, XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ məkanında və ilk növbədə Ermənistan SSR ərazisində anti-Azərbaycan, anti-türk təbliğatı və terrora səfərbərlik daha da güclənməyə başlayıb. 1985-ci ildə Azərbaycan SSR-in DQMV-də erməni separatizmi açıq-aşkar şəkildə təbliğ olunurdu. 1992-ci il fevralın ortalarında isə Ermənistanın hərbi quldur dəstələri Xocavənd rayonunun Qaradağlı kəndinə güclü hücuma keçdilər: “Dörd gün davam edən qeyri-bərabər döyüşdən sonra erməni quldurları Qaradağlı kəndini ələ keçirərək onun 92 müdafiəçisini və 54 sakinini vəhşicəsinə qətlə yetirərək onları silos quyularına atdılar. Qalan əhali isə əsir alındı. Təcavüzkar Ermənistan Azərbaycan Respublikasına qarşı qanlı terror aksiyalarını daha da genişləndirdi. 1992-ci il yanvarın 8-də “Bakı-Krasnovodsk” dəniz sərnişin bərəsində belə bir terror aktı nəticəsində 25 nəfər həlak oldu. 88 nəfər ağır yaralandı. Həmin il fevralın 28-də Qudermes stansiyası yaxınlığında “Kislovodsk-Bakı” sərnişin qatarının partladılması zamanı 11 nəfər həlak oldu, 18 nəfər yaralandı. Təkcə belə bir faktı qeyd etmək lazımdır ki, ermənilər tərəfindən Azərbaycan Respublikasına məxsus dəmir yolu nəqliyyatı sistemində 1989-cu il iyulun 14-dən 1994-cü il mayın 7-dək 206 terror aktı həyata keçirilmişdi. Erməni quldurları Rusiyaya məxsus Xankəndidəki 366-cı mexanikləşdirilmiş atıcı alayı ilə əlbir olaraq XX əsrin Xatın, Sonqimi faciələrini geridə qoyan Xocalı soyqırımını törətdilər. 1992-ci il fevralın 25-də axşam saat 21-də erməni hərbi birləşmələri 366-cı alay, habelə xarici ölkələrdən gətirilmiş muzdlu quldurlarla Xocalıya hücum etdilər. Hərbi təcavüz nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 1000 nəfərdən artıq dinc sakin, o cümlədən 76 uşaq müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi, 130 uşaq valideynlərindən birini itirdi, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı”.

Bütün bu dəhşətləri görən 366-cı alayın 02270 saylı xüsusi şöbəsinin rəisi polkovnik V.R.Savelyev RFMN Baş Qərargahı yanında Baş Kəşfiyyat İdarəsinə, BMT və Avropa Şurasına ünvanlandığı müraciət məktubunda Azərbaycan xalqına qarşı soyqırımı cinayətinin törədildiyini etiraf edir: “Mən məndən on addımlıqda güllə yarası almış səkkiz-doqquz yaşında qızcığaza yardım edə bilmədim. Mən Allahın məni cəzalandıracağı o gündən qorxuram. Lənətlənmiş günlər bir-birini əvəz edirdi”.

Hadisələri ilk olaraq videolentə olan Azərbaycan jurnalistləri Seyidağa Mövsümlü və Çingiz Mustafayevin çəkdikləri görüntülərdən məlum oldu ki, öldürülənlər içərisində 2 yaşından 15 yaşına qədər olan uşaqlar əksəriyyət təşkil edirdi. Faciənin şahidi olan fransız jurnalisti Jan-İv Ginyet yazırdı: “Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qırmaqla ermənilər onları arxada qoydular”.

Erməni quldurları Rusiya Federasiyasının hərbi dairələrinin köməyinə arxalanaraq 1993-cü ildə Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal edərək etnik təmizləmə aparıb və nəticədə Azərbaycan Respublikasının 1 milyondan çox vətəndaşı öz ölkəsində qaçqına çevrilib. Hərbi təcavüz nəticəsində 100 000 nəfər yaralanıb, 50 mini şikəst olub, 20 min nəfər şəhid olub, 4853 nəfər isə itkin düşüb və onlardan 439 nəfər əsirlikdə öldürülüb, 783 nəfər indiyə qədər də əsirlikdədir.

Tarixçi alimin sözlərinə görə, 1991-1992-ci illər ərzində Azərbaycan Respublikasının keçmiş DQMV-nin ərazisi Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra, 1993-cü il aprelində Kəlbəcər rayonunun işğalı ilə Azərbaycan Respublikasına qarşı hərbi təcavüzün yeni mərhələsi başlanıb:

“1993-cü il iyulun 24-dən oktyabrın 28-dək Rusiya Federasiyasının hərbi-siyasi yardımı ilə Ermənistan Respublikası silahlı qüvvələri Azərbaycan Respublikasının Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdi. Azərbaycan Respublikasının ərazilərinin işğalı ilə bağlı qəbul edilən 4 qətnamə yerinə yetirilməmiş olaraq qaldı. Lakin 28 illik fasilədən sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Vətən müharibəsinə başlayaraq bu qətnamələri rəhbər tutaraq öz ərazilərini erməni işğalından azad edərək ərazi bütövlüyünü bərpa etdi. 2020-ci il iyulun 12-də və sentyabrın 27-də erməni faşistlərinin törətdiyi hərbi cinayətlərə cavab olaraq Ali Baş Komandan İlham Əliyev ölkə ərazilərimizi erməni nasistlərindən təmizləmək və ölkənin ərazi bütövlüyünü təmin etmək haqqında qərar qəbul etdi. 27 sentyabr tarixindən başlanan hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu tərəfindən düşmənə sarsıdıcı zərbələr endirildi və ölkənin Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd, Tərtər və Kəlbəcər rayonlarının böyük hissəsi və Şuşa şəhəri işğaldan azad edildi. Azərbaycan Ordusu tərəfindən darmadağın edilən Ermənistan ordusu 2020-ci il noyabrın 10-da təslim olmaq aktına imza atmağa məcbur edildi. Azərbaycan xalqının 2020-ci ilin sentyabrın 27-də başladığı və 44 gün ərzində qələbə ilə başa vurduğu Vətən müharibəsi erməni faşizmini məhv etməklə bərabər, bu dövrlər ərzində itirdiklərinin geri qaytarılmasının əsasını qoydu”.

Milli Məclisin deputatı, tarixçi alim Anar İsgəndərov bildirib ki, ermənilərin məkrini Qarabağdan əvvəl Bakıda gördük. 1918-ci ildə azərbaycanlılar dəhşətli formada, vəhşicəsinə qətlə yetirildilər: “Kiçik uşaqların gözləri çıxardılır, burnu, qulağı kəsilir, qadındırsa əzaları kəsilir, anadırsa qarnı yırtılır, yaşlıdırsa dişləri çıxarılıb gözləri ovulurdu. Bununla bağlı yüzlərlə sənədlər var. Qubada, Şamaxıda, Qərbi Azərbaycanda törədilən qətliamların da sənədləri mövcuddur. Amma çox maraqlıdır ki, Osmanlı və Azərbaycan ərazilərində ermənilərə qarşı törədilən soyqırımı ilə bağlı sənəd dünya tarixində yoxdur. Bunu ermənilər iddia edir, dünya onu qəbul edir, biz beynəlxalq ictimaiyyətə sənədləri təqdim edirik, onlar isə buna baxır və susur. Necə ki, 30 ilə yaxın davam edən işğal müddətində də onlar susmuşdular. ATƏT-in Minsk qrupu ən böyük ədalətsizliyə yol vermişdi. Hadisələri başları ilə təsdiq edib, dilləri ilə təsdiqləmədilər. Ermənilər 90-cı illərdə işğalçılıq siyasətini həyata keçirəndə insanlarımız təkcə qaçqın və məcburi köçkün həyatını yaşamadılar, ən ağır işgəncələrə məruz qalmadılar, onların ev-eşikləri yandırıldı, əmlakları müsadirə olundu. Bu proses 30 ilə yaxın bir müddəti əhatə etdi. Bu müddətdə isə ən ağrılı hadisələrin canlı şahidi bütün dünya oldu. Kəlbəcər geri qaytarılanda onlar bizdən vaxt istədilər, 10 gün əlavə vaxt verildi, amma evləri, meşələri, tarixi abidələri yandırdılar, erməniləşdirə bilmədikləri abidələri isə partlatdılar. Hətta bu, faşizmlə müqayisə olunmayacaq dərəcədə bir düşmənçilikdir.

Bu illər ərzində erməninin ayağı hara dəyibsə, oradakı tarixi abidələrimiz məhv edilib, məscidlərimiz, qəbiristanlıqlarımız dağıdılıb, evlərimiz talan edilib, yandırılıb. Bu, dünyanın heç bir xalqına məxsus olmayan qəddarlıqdır. Dünya tarixində kifayət qədər müharibələr olub, bu gün faşizm deyəndə sarsılırıq, amma faşistlər belə o zaman müharibələrdə mülki insanlara toxunmurdular. Ermənilər isə əsasən körpələrə, qadınlara, qocalara, qaça bilməyən köməksiz insanlara zülm edirdilər”.

A.İsgəndərov qeyd edib ki, 44 günlük müharibə ermənilərin bu mənada bir daha iç üzünü açdı: “Tərtərə, Bərdəyə, Gəncəyə, digər cəbhəboyu ərazilərə raket zərbələri endirdilər, qadağan olunmuş silahlardan istifadə edərək mülki insanları hədəf aldılar. Müharibə bitib, ancaq onlar bu gün də öz məkrindən qalmır. Hansı yolla olursa-olsun, göz yaşı tökməklə, havadarlarının sayını artırmaqla Azərbaycanın torpaqlarına iddialıdırlar. Həm də yalançı soyqırımıdan möhkəm yapışıb, Türkiyəni və Azərbaycanı istəməyən qüvvələrlə birləşsələr də, bütün bunlar əbəsdir.

44 günlük Vətən müharibəsi ermənilərin güvəndiyi “Ohanyan xətti”ni darmadağın etdi, toxunulmazlığı barədə mifin yalan olduğunu göstərdi. Azərbaycan öz tarixi torpaqlarına sahib durdu. Haqq bizim tərəfimizdədir, xalq və iqtidar dəmir yumruqdur, dövlət başçısının da dediyi kimi, bu müharibənin qəhrəmanı Azərbaycan əsgəridir. Vətən müharibəsi bizim humanizmimizi dünyaya bəyan etməklə yanaşı, erməni faşizminin də iç üzünü açdı”.

Millət vəkili əlavə edib ki, erməni cinayətləri ilə bağlı İkinci Qarabağ müharibəsi başlanan gündən Azərbaycanın hüquq-mühafizə orqanları bu istiqamətdə çox uğurlu işlər aparıblar: “Bütün istintaq işləri həyata keçirilib, bütün sənədlər hazırdır. Hətta Avropa məhkəmələrinə də göndərmişik. Ancaq Avropa heç zaman azərbaycanlıların haqqını, Azərbaycan həqiqətini müdafiə etməyib. Biz buna baxmayaraq, sona qədər gedəcəyik ki, Avropanı da məcbur edək ədalətli qərar qəbul etsin. Həm də istintaq sənədləri yüz illər keçsə də, saxlanılır və bir gün Avropa da onları təmin edəcək. Necə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə heç kim fikir vermirdi, ancaq biz o qətnamələrdə irəli sürülən, dünyanın nüfuzlu dövlətləri tərəfindən həyata keçirilə bilməyən və ya bilərəkdən gözardı edilənləri öz gücümüzlə 2020-ci ilin sentyabrından başlayaraq əks-hücum əməliyyatları ilə həyata keçirdik. Biz Avropa məhkəmələrini də məcbur edəcəyik ki, ədalətli qərar çıxarsınlar. Bunu etməsələr belə, təəccüblənməyəcəyik, çünki bu günə qədərki Avropa, onların Azərbaycanla Ermənistana olan münasibəti bizə məlumdur. Nə qədər ki, faşist təxəyyüllü erməni var, ona güzəşt və aman yoxdur, biz mübarizəmizi axıra qədər aparmalıyıq ki, ermənilər ifşa olunsunlar. Onlar dərk eləsinlər ki, Qarabağ, Zəngəzur tarixi Azərbaycan torpağıdır, İrəvan tarixi Azərbaycan şəhəridir”.

Akqabay Mıradov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm