Əliyevin tələbi: dilemma qarşısında qalan İranın Rusiyadakı fiaskosu - DETALLAR
Bizi izləyin

Xüsusi

Əliyevin tələbi: dilemma qarşısında qalan İranın Rusiyadakı fiaskosu - DETALLAR

Oktyabrın 6-da İran və Rusiyanın xarici işlər nazirləri Moskvada bir araya gəldi. XİN başçılarının Moskva görüşü bir sıra maraqlı nüanslarla yadda qaldı. Daha dəqiq ifadə etsək, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov iranlı həmkarını pərt edib Moskvadan “ətəyi sulu” yola saldı.

İranlı nazirin Moskva hava limanında iranlı jurnalistin “pas-sualı”ndan sonra Azərbaycandan şikayətlənməsi isə ümumiyyətlə yersiz idi. Ekspertlər bunu İranın yeni Xarici İşlər naziri Hüseyn Əmir Abdullahianın təcrübəsizliyi, diplomatik etik qaydalarını bilməməsi ilə əlaqələndirirlər. Məhz bunun nəticəsidir ki, Abdullahian Moskvaya ayaq basar-basmaz, başqa ölkədən şikayət etməklə özünü gülünc vəziyyətə salıb. Hətta rusiyalı jurnalistlər Lavrovun müəllim, Abdullahianın şagird görkəmində çıxış etdiyini yazıb ələ də salırlar.

İran təmsilçisinin Moskvada Bakıdan şikayətlənməsi isə molla təfəkkürlü “eşikağasının” bir başqa təcrübəsizliyini göz önünə sərdi. Bunu da biz yox, ekspertlər deyir.

Politoloq İlqar Vəlizadə Publika.az-a müsahibəsində İranın xarici işlər nazirinin tragikomik “Kreml sərgüzəştləri”nə toxunub. Politoloq bildirib ki, Abdullahian Kremldə özünü İranın xarici işlər naziri yox, müdafiə naziri kimi aparıb.

- İlqar bəy, Abdullahianın Moskvadakı fiaskosunun pərdəarxası məqamları varmı? İranın xarici işlər nazirinin Kremldə özünü biabır etməsinin səbəbi nədir?

- İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif xələfi Hüseyn Əmir Abdullahiandan daha təcrübəli və səriştəli bir diplomat idi. İndiki nazirin Moskva səfəri də bunu bir daha təsdiqlədi. Yeri gəlmişkən, Zərifin zamanında İranın nüvə sazişi ilə bağlı razılıq əldə olunmuşdu. Zərifin nazir olduğu dövrdə Xəzər Konvensiyası təsdiq edilmişdi. Daha dəqiq desək, İranla bu məsələdə razılıq əldə edilmişdi. Sadəcə olaraq, İran parlamenti həmin sənədi bu vaxta qədər təsdiqləməyib. Amma İran bu konvensiyanı imzalamışdı. Eyni zamanda Zərifin xarici işlər naziri olduğu dönəmdə Azərbaycan-İran münasibətləri daha praqmatik şəkildə inkişaf edirdi. Doğrudur, bir sıra məsələlərdə ikitərəfli ziddiyyətlər var idi, amma hər halda Zərif bu ziddiyyətləri minimuma endirməyə çalışırdı. Amma İranın indiki xarici işlər naziri belə deyil. Abdullahian elə təsəvvür yaradır ki, o, XİN rəhbərindən daha çox, müdafiə naziridir.

- Tehran təmsilçisini Moskvaya qədər aparıb çıxaran səbəblər nə idi? Doğrudanmı Azərbaycana qarşı təsdiqlənməmiş uydurmalar səsləndirən İran və onun “eşikağası” bu boşboğazlığın beynəlxalq arenada ciddi qəbul edilməyəcəyinin fərqində olmayıb?

- Hüseyn Əmir Abdullahian diplomatiyadan xəbəri olmayan bir adamdır. Əgər diplomatik təcrübəyə malik bir şəxs olsaydı, yəqin ki, Moskva səfəri zamanı başqa cür davranardı. İran tərəfi özünü Moskvada çox pis vəziyyətdə qoydu. Çünki İran Moskvada elə bir təşəbbüs göstərməyə çalışırdı ki, Kreml Tehranın bütün təşəbbüslərini dəstəkləsin. Amma Abdullahian anlamalıdır ki, Rusiyanın regionda öz maraqları var. Rusiya Federasiyası həm Azərbaycanla, həm Türkiyə, həm də İsraillə dostluq münasibətlərində olan bir ölkədir. Abdullahian heç olmasa bu kimi məlumatları bilməli idi. Heç olmasa, qəzet oxuyardı. Özündə bu haqda bilgilər yoxdursa, kütləvi informasiya vasitələrindən bu məlumatları götürərdi. Arayışlara baxardı ki, Rusiyanın digər ölkələrlə münasibəti nə yerdədir. Məsələn, bu yaxınlarda Türkiyə Prezidenti Ərdoğanın Moskvaya səfəri baş tutub. Orada çox mühüm məsələlər müzakirə olunub. İranın xarici işlər naziri heç olmasa region və həmin səfərin nəticələri ilə bağlı məlumat əldə edərdi. Görünən odur ki, Abdullahian Moskvaya öz istəkləri ilə gedib, elə öz arzuları ilə də qayıdıb. Abdullahian bilməlidir ki, Moskvanın bu regionda öz oyunu var. Həmin oyun da Moskvanın maraqlarına söykənir. Yeri gəlmişkən, Moskva burada öz maraqlarını təyin edib. Bu məsələdə Kremlə Tehranın yardımı lazım deyil. Moskva həm Qarabağda sülhməramlılarla təmsil olunub, həm Azərbaycan-Ermənistan sərhədində öz sərhədçilərini yerləşdirib, həm də İran-Ermənistan sərhədində öz sərhədçilərini qoyub. Moskva bu kimi məsələlərdə bütün nöqtələrə yerləşib. Üstəlik, bu aspektdən yanaşdıqda görürük ki, Rusiya regionda bütün üstünlükləri qazanıb.

- Bəs İran? Tehran bu kimi nüanslarda özünü harda görür və ya görməyi hədəfləyir?

- İranın bu kimi məsələlərdə rolu yoxdur. İranın bu regionda mövqeyi zəifləyib. Buna Moskva nə etsin?! Kremlin bu regionda Tehranın mövqeyini bərkitmək kimi bir missiyası yoxdur. Üstəlik, Rusiya İranın maraqlarına uyğun oynamayacaq. Lavrov Abdullahiana başa salıb ki, sənin öz maraqların var, mənim də öz maraqlarım, yəni sən bu regionda mənim əlimlə öz maraqlarını təmin edə bilməzsən. Ona görə də Sergey Lavrov son hadisələrlə bağlı Azərbaycanın narahatlığını da qeyd edib. Bildirib ki, sən Azərbaycanın təlimlərindən narahat olduğun kimi, Bakı da Tehranın sərhəddəki təlimlərindən narahatlıq keçirir.

- Bəs Abdullahianın Moskvadakı “Xəzər fiaskosu”nun kökündə nə dayanır?

- Bütün Xəzəryanı dövlətlər mövcud konvensiyanı ratifikasiya edib. Məlum sənədi ratifikasiya etməyən yeganə dövlət məhz İrandır. Tehran iddia edir ki, konvensiyaların bəndləri yerinə yetirilməyib. Ona Rusiya nə etsin? Lavrov iranlı həmkarına söylədi ki, bu, sizin problemlərinizdir, biz dəfələrlə söylədik ki, konvensiyanı ratifikasiya etmək lazımdır. Bundan öncə Rusiya tərəfinin, XİN sözçüsü Maria Zaxarovanın açıqlamalarına görə, Moskva Xəzərdə keçirilən təlimlərlə bağlı Bakı ilə əlaqə saxlayıb. Zaxarovanın ifadəsinə görə, türk və azərbaycanlı hərbçilərin Xəzərdəki təlimləri ilə bağlı kifayət qədər dolğun informasiya verib. Bu o deməkdir ki, həmin məsələdə Rusiyanı narahat edən nüanslar yoxdur. Mənə elə gəlir ki, türk əsgərlərinin həmin təlimlərdə iştirakını Putinlə Ərdoğan da öz aralarında danışarkən aydınlaşdırıb. Ümumiyyətlə, bu məsələdə İranın narahatlığına yer yoxdur.

- Belə çıxır ki, İran xarici işlər nazirinin Kreml ziyarəti rüsvayçılıqla yekunlaşıb?

- Bəli, Abdullahian Moskvada rüsvay oldu. Hesab edirəm ki, bu səfərdən sonra İran öz cari mövqelərinə göz gəzdirəcək. Özü üçün müəyyən nəticələr çıxaracaq. Yəni Azərbaycanla daha konstruktiv münasibətlərin qurulmasına cəhdlər göstərəcək.

- Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev də İranın Azərbaycanla bağlı son ittihamlarına toxunmuşdu və faktlar, sübutlar tələb etmişdi... İran əsassız və sübutsuz şəkildə Azərbaycanın üzərinə “hücuma keçdi”. Doğrudanmı Abdullahian və Tehran rəsmiləri boşboğazlığın beynəlxalq arenada ciddi qəbul edilməyəcəyini anlamayıb, düşünməyib?

- Yəqin ki, düşünməyib. Düşünən adam belə etməzdi. Təəssüflər olsun ki, hazırda İranda daha radikal qüvvələr hakimiyyətdə təmsil olunurlar. Keçmiş iqtidara baxanda onlar həssas davranmağa üstünlük vermirlər. Bunlar elə bilirlər ki, meydanlarda çıxış edirlər. Artıq seçkilər qurtarıb. Real, diplomatik səylər göstərmək lazımdır. Xarici işlər naziri mollaların hansısa çıxış ritorikasından istifadə edirsə, bu, biabırçılıqdır. Molla hardasa gedib nəsə haqqında danışa bilər, axı sən molla deyilsən, xarici işlər nazirisən. Üstəlik, dövlətin diplomatiyasına cavabdeh şəxsən. Eyni zamanda sənin qarşında hansısa məscid əhli deyil, digər ölkələrdir, onların cəmiyyətləridir. Bunu dərk etmək, bilmək lazımdır ki, kimə hansı ismarışları göndərirsən. Həmin ismarışların hamısı İranın özünə qayıtdı. Həmin ismarışların heç biri reallaşmadı. Yeri gəlmişkən, Tehran təmsilçisi Moskvada bildirdi ki, sərhədlərin dəyişməsindən narahatdır. Bu narahatlığı Rusiyaya bildirir. Halbuki Ermənistan-Azərbaycan sərhədində elə rusiyalı sərhədçilər dayanıb. Rusiya deyir ki, mən buradayam, sən narahat olma, bu məsələləri özüm çözəcəyəm. Yəni İranın bu məsələlərə qarışmağına heç bir halda yer yoxdur. Bu da onu deməyə əsas verir ki, İranda səriştəsiz adamlar hakimiyyətə gəlib. Nəticəsini də Moskvada hər kəs gördü.

- Ümumiyyətlə, Abdullahianın Moskvadan əliboş qayıtdığını düşünmək olarmı? Bundan sonrakı proseslər necə olacaq?

- Ümid etmək istəyirəm ki, bütün bunlardan İranın siyasi rəhbərliyi müəyyən nəticələr çıxaracaq. Öz planlarını da korrektə edəcəyini düşünürəm. Yeri gəlmişkən, onu da demək lazımdır ki, İranın regionda maraqlarının reallaşdırılması məsələsi Azərbaycanla əməkdaşlıqdan keçir. Bunu coğrafiya da, iqtisadi əlaqələr də göstərir. Əgər doğrudan da İran bu regionda öz nüfuzunu artırmaq istəyirsə, o zaman Azərbaycana münasibətini dəyişməlidir. Üstəlik, Moskvada 3+3 platforması müzakirə olunurdu. İran 3+3 platformasını reallaşdırmaq üçün digər ölkələrlə də öz münasibətlərini yaxşılaşdırmalıdır, təkcə Rusiya və ya Ermənistanla yox.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm