Xüsusi
Hadrut BU TAKTİKA ilə azad edildi - Xüsusi təyinatlı kəşfiyyatçı DETALLARI AÇDI
Bu gün - 9 oktyabr Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. Ötən il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edildi. Həmin gün Hadrut qəsəbəsi ilə yanaşı, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndləri də düşmən işğalından azad olundu.
Qəsəbənin və ətraf kəndlərin işğaldan azad olunması əməliyyatına Hadrut döyüşləri də deyilir. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyatlardan biri olub. Çünki Azərbaycan Ordusu məhz Hadrutun azad olunmasından sonra Şuşaya doğru istiqamət aldı.
27 illik işğaldan sonra Hadruta ilk ayağı dəyən hərbilərimizdən biri ilə həmsöhbət olmuşuq.
Qəhrəmanımız Hadrutun azad olunmasına qədər keçdikləri bütün mərhələlərdən danışıb, qəsəbənin necə azad edildiyindən, döyüş taktikasından bəhs edib.
Hadrutun azad olunması xüsusi təyinatlı kəşfiyyatçı, ehtiyatda olan xüsusi təyinatlıların giziri Kamran Dadaşzadənin dili ilə
Kamran Dadaşzadə döyüşlərin ilk günündən son gününə qədər düşmənə ağır zərbələr endirib, işğalda olan torpaqlarımızın azad olunmasında iştirak edib, qəhrəmanlıq göstərib. Xüsusi təyinatlı kəşfiyyatçımızın döyüş yolu Hadrutdan sonra da davam edib. O, Qubadlının və digər ərazilərimizin azad olunmasında yaxından iştirak edib: “Sentyabrın 27-də Füzuli istiqmətindən döyüşlərə qoşuldum. Azərbaycan ordusunda ilk mina səhəsinin açılmasını yerinə yetirən qrupun istehkamçısı, İkinci Qarabağ müharibəsində ilk bayrağı Kənd Horadizə sancan qrupun üzvü olmuşam. Həmin gün 6 kəndi azad etdik”.
Mühasirəyə düşürlər
“Füzulidə - Kənd Horadiz yaxınlığında mühasirəyə düşmüşük. Bizi pusquya saldılar, xüsusi təyinatlıların hamısını öldürmək istəyirdilər. Ancaq bacarmadılar, onların pusqusunu yardıq, erməniləri orada məhv etdik.Onlara gözdağı verdik, bir xüsusi təyinatlının pusqudan necə çıxmalı olduğunu göstərdik. Biz xüsusi təyinatlılar pusqudan şəhid vermədən çıxdıq. Amma bizdən arxada olan qruplardan şəhidlər oldu”.
K.Dadaşzadə və döyüşçü yoldaşları daha sonra Füzuli istiqamətində döyüşə başlayırlar. Cəbrayıl şəhərinin, ətraf kəndlərinin azad olunmasında iştirak edirlər.
İstiqamət Hadrut
Cəbrayıl şəhəri azad olunandan sonra Kamran və onun silahdaşları dağların arxası ilə bir gün yarım yol gediblər. Daha sonra isə Hadruta yaxınlaşaraq, qəsəbəyə sızma əməliyyatı vasitəsilə daxil olublar.
Hadrut planı
Xüsusi təyinatlımız qeyd edir ki, əsas plan Hadruta gələn əsas yolları bağlamaq idi. K.Dadaşzadə planın bəzi detallarını açıqlayıb: “İrəvandan Hadruta, Cəbrayıl və Füzuliyə gələn təminatın qarşısı alınmalı, düşmənin canlı qüvvəsi məhv olunmalı idi. Həmin yolu bağladıq və bundan sonra Hadruta sızdıq. Bundan əvvəl isə qəsəbəyə çatdıq, yarım saat dincəldik, lazım olan nöqtədə döyüş tapşırığımızı yerinə yetirdik, daha sonra Hadruta doğru bütün kəndləri axtara-axtara qəsəbəyə girmişik. Hadrutun mərkəzində bir yüksəklik var, ora çatdıq və həmin yerdən lazım olan koordinatları artilleriyamıza ötürdük. Bu yüksəklik bölmələrimiz tətrəfindən vuruldu, səhər saat 6-7 radələrində Hadrutda döyüşə girdik. Əslində heç bir erməni əsgəri bizim Hadrutda olduğumuzu bilmirdi. Dağın ətəyi ilə gedirdik. Dua edirdik ki, bizi heç kəs görməsin, əgər görsəydilər, bizi atəşə tuta bilərdilər ki, oradan da sağ çıxmaq qeyri-mümkün idi. Sadəcə sızdıq və həmin yeri keçdik. Bir gün yarım Hadrutda döyüş getdi, ayrı-ayrı qruplar şəklində vuruşurduq. Qəsəbənin alınmasında xüsusi təyinatlılardan 12 nəfər olmuşuq, kəşfiyyat bölüyündə 25-30 arası, həmlə taborundan isə 30 nəfər şəxsi heyət iştirak edib”.
Düşmənə sarsıdıcı zərbə
“Düşmən bizim gəlişimizdən xəbərsiz idi, Hadruta girib lazım olan yeri götürüb, Cəbrayıldan, Füzulidən İrəvana gedən hərbi kolonları içərisi şəxsi heyətlə dolu şəkildə məhv etmişdik. Ermənilərin qəsəbədəki canlı qüvvələrini, texnikalarını məhv edib, əsas yolu bağlamışıq. Az sayda qalan erməni hərbçiləri meşəyə çəkilmişdi. Onlar Hadrutda daha çox minomyotlardan istifadə edirdilər. Bizi bununla qorxutmağa çalışırdılar”.
Hadrut bir neçə rayonumuzun açarı oldu
K.Dadaşzadə bildirdi ki, Hadrutun azd olunması Füzuli və Qubadlının mərkəzinin, Cəbrayılın kəndlərinin, həmçinin Şuşanın azad olunmasında mühüm rol oynadı. Hətta Hadrutun azad olunduğu zaman Cəbrayılda, Füzulidə döyüşlər davam edirdi: “Biz onları Cəbrayılda, Füzulidə məhv etsək də, “KamAz”larla şəxsi heyət həmin yerə gətirilirdi. Bildik ki, təminat Hadrut istiqamətindən gəlir. Buna görə də ora girməli idik. Hadrutun azad olunması ilə onlar nə Füzuliyə, nə də digər yerlərə şəxsi heyət və təminat daşıya bildilər. Hadrut strateji əhəmiyyətə malik idi. Oranı azad etməklə İrəvandan Cəbrayıl və Füzuliyə gələn kömək və təminatın, həm də buradan İrəvana gedən şəxsi heyətin qarşısını aldıq.
Qəsəbədə biz ermənilərə dəhşət yaşatmışıq, onlar şəxsi heyətləri ilə birlikdə yalvarırdılar. Düşmən bizi görüb qorxuya düşmüşdü. Füzulidə, Cəbrayılda çox sayda şəhid verdik, qardaşlarımızı itirdik, ordumuzun əfsanələri orada şəhid oldu. O kinlə də Hadruta girmişdik. Qisas hissi ilə erməni hərbçilərini, şəxsi heyətlə dolu texnikalarını, nəqliyyat vasitələrini məhv etdik. Biz orada heç bir uşağa, qadına, sivilə toxunmadıq. İşimiz mülki şəxsləri deyil, erməni hərbçilərini məhv etmək olub”.
Müsahibimiz Hadrut döyüşünün çətinliyindən danışıb: “Ora gedənə qədər nə qədər yol qət etmişdik, fiziki yorğunluq var idi. Psixoloji olaraq da bizə təsir edən döyüşçü yoldaşlarımızın şəhid olması idi. Yorulan zaman onlar yadımıza düşürdü, ayağa durub hərəkət edirdik. Ancaq irəliləməyi düşünürdük”.
Hadrutdan sonrakı plan
Hərbçilərimiz Hadrutu düşmən işğalından azd etdikdən sonra Cəbrayılın kəndlərini, Qubadlını fə Füzulinin azad etmək üçün əməliyyatlara başladılar. K.Dadazadə oktyabrın 22-də Cəbrayılın Dağ Tumas kəndində yaralansa da, oradakı silsilədə 37 erməni əsgərini məhv ediblər. Həmin gün ağır döyüş əməliyyatı yerinə yetirib, günlərdir düşmənin müqavimət göstərdiyi yüksəkliyi ələ keçiriblər: “Həmin kənd 20-22 nəfər şəxsi heyət tərəfindən azad edilib. Silsələnin nəzarətə götürülməsindən sonra Qubadlıya yol açıldı və rayon azad olundu. Oktyabrın 22-də həmin yerdə yaralandım, qəlpə ayağımdan girdi, kəllə-beyin travması və kontuziya aldım. Kapitan Vəliyev Rəşadla birgə düşmən qüvvəsi ilə qarşı-qarşıya gəldik, onlar bizim başqa qüvvələrimizin qarşısını kəsmişdilər, ora çatanda artıq öndəki qüvvələrimizdən 3 nəfər şəhid olmuşdu. Xüsusi təyinatlıların forması oxşar olduğu üçün onlar bilmədən bizə də atəş açırdılar, rabitə əlaqəsinə çıxdıq və atəş dayandırıldı. Ermənilər də bizi görüb üzərimizə qaçdılar, elə bilirdilər onlara köməyə gələn qüvvələrik, çaşbaş qalmışdılar, biz də onlara doğru qaçdıq. Yaxınlaşıb 10-15 metr məsafədən şok atəşi ilə onları məhv etmək istəyirdik. Yaxınlaşıb atəş açdıq, həmin yerdə 4 yaralımız oldu, ermənilərdən də 37 nəfəri məhv etdik.
Rəşad Vəliyev, Rəşad İsrafilov, Rasim Muxtarov ayaqlarından yaralandılar. Həmin zaman yaralıya kömək göstərmək qeyri-mümkün idi, çünki bizi də vura bilərdilər. Düşməni tam məhv edəndən sonra yaxınlaşdım. Hər iki Rəşadla yumruqlarımızı vurub “qaziliyiniz mübarək” dedim və onları döyüş meydanından uzaqlaşdırdıq. Yaralılarımıza yaxınlaşıb kömək etmək istəyəndə düşmən həmin yeri vurmağa başladı. Ermənilər Azərbaycan xüsusi təyinatlılarının girdiyi yeri öz hərbçilərinin olub-olmamasından asılı olmayaraq artilleriya ilə vururdular. Mən kaskamı götürmək üçün çıxdım, minomyot 4-5 metrliyimə düşdü, qəlpə ayağıma girdi. 2 gün müalicə aldım, daha sonra Qubadlının və kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdim. Qubadlının alınmaz yüksəkliyini iki xüsusi təyinatlı qrupla cəmi bir yaralı verib azad etdik. Oradan da bir kilometr daha irəlilədik. Həmin yer Qubadlının sonuncu azad olunduğu yerdir. Noyabrın 10-a qədər döyüşlərdə iştirak etmişəm”.
Kamran Dadaşzadə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” “Qubadlınln azad olunmasına görə” medalları ilə təltif olunub.
Akqabay Mıradov
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO