30 illik Azərbaycan diasporu: Müdafiədən hücuma YUMŞAQ YUMRUQ
Bizi izləyin

Xüsusi

30 illik Azərbaycan diasporu: Müdafiədən hücuma YUMŞAQ YUMRUQ

6.3.14 Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Bu il Azərbaycanın müstəqilliyinin 30 ili tamam olur. Ölkəmizin beynəlxalq aləmdə tanınmasında, nüfuzunun yüksəldilməsində xarici ölkələrdə yaşayan azərbaycanlıların, onları birləşdirən diaspor təşkilatlarının da fəaliyyətini qeyd etmək lazımdır. Otuz ilin ilk iki ili bir qədər məşəqqətli olsa da, 1993-cü ilin iyununda ikinci dəfə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyevin prezidentliyi dönəmində xaricdəki Azərbaycan diasporu yenidən formalaşmağa başladı. Ulu öndər hər dəfə xarici ölkələrə səfər edərkən Azərbaycan diasporunun nümayəndələri ilə görüşürdü. Onlara müstəqil Azərbaycanın dünyada tanıdılması istiqamətində proqram xarakterli tövsiyə və tapşırıqlar verirdi.

2001-ci ilin 9-10 noyabrında Dünya Azərbaycanlılarının Birinci Qurultayı keçirildi və bu, Azərbaycan diasporunun yeni mərhələsi idi. 2006-ci ilin martındakı qurultayda isə diaspor təşkilatlarımız erməni yalanları və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində müdafiədən hücum diplomatiyasına keçid etdi.

Sonrakı dövrlərdə Şərqi Avropa və MDB məkanındakı diaspor təşkilatlarımızda müəyyən mənada dirçəlmə özünü göstərməyə başladı. Post-sovet məkanındakı diasporlarımızı əsasən Qarabağ məsələsi birləşdirirdi. 2016-cı ilin 4 günlük Aprel döyüşləri zamanı və ondan sonrakı mərhələdə Qərbi Avropadakı diaspor təşkilatlarımız isə daha çox öz fəallığı ilə seçilməyə başladılar. Azərbaycan diasporu Vətən müharibəsindən öncə də Xocalı soyqırımı kimi qan yaddaşımız olan tariximizin dünya ölkələrinə tanıdılmasında, “Xocalıya ədalət” kimi kampaniyaların təşkilində, erməni yalanlarının ifşasında böyük fəallıq nümayiş etdirirdi.

Müdafiədən hücuma...

Təkcə 2014-cü ildə dünyanın müxtəlif ölkələrində Azərbaycan diaspor təşkilatları tərəfindən 557 tədbir keçirildi. Bunların əksəriyyəti beynəlxalq əhəmiyyətli tədbirlər idi. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ötən il ərzində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə 189 tədbir düzənlənib ki, bu da Ermənistanın, erməni diaspor və lobbi qruplarının anti-təbliğat kampaniyalarının qarşısının alınması məqsədinə xidmət edib.

Hər il olduğu kimi cari ildə də Ermənistanın ölkəmizə qarşı keçirdiyi təcavüzkarlıq siyasətinin bütün dünyaya çatdırılması və ifşa olunması məqsədilə ABŞ, Kanada, Almaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İsveç, Litva, Gürcüstan, Rusiya, Fransa, Belçika, Niderland və digər ölkələrdə diaspor təşkilatlarımız tərəfindən müxtəlif məzmunlu tədbirlər, kütləvi etiraz aksiyaları, konfrans və seminarlar təşkil olunub. 2014-cü ilin yanvar və fevral ayları ərzində xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən Xocalı soyqırımının iyirmi ikinci ildönümü ilə bağlı 100-ə yaxın tədbir keçirilib.

Bununla yanaşı, xarici kütləvi informasiya vasitələrində Xocalı soyqırımı ilə bağlı materiallar verilib. Həmvətənlərimiz yaşadıqları ölkələrin dövlət və hökumət strukturlarını erməni təcavüzkarlarının törətdikləri cinayət barədə məlumatlandırmaq məqsədilə görüşlər keçirib, ictimai və siyasi xadimlərə müraciətlər və məktublar ünvanlayıblar. İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlayan "Xocalıya ədalət" kampaniyası çərçivəsində Almaniyanın Bielefeld şəhərində izdihamlı yürüş-mitinqi təşkil olunub. Aksiyada Bielefeld, Hannover, Hamburq və digər şəhərlərdən gəlmiş 350-dən çox həmvətənimiz, türk diasporunun nümayəndələri, iş adamları və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər. Torontoda Xocalı soyqırımı qurbanlarının xatirə lövhəsi açılıb, Maqdeburq şəhərində avtomobil yürüşü təşkil edilib.

Aprel döyüşlərindəki birlik...

Komitənin 2016-cı ilədək diaspor fəaliyyətinin gücləndirilməsi istiqamətində gördüyü işlərə Azərbaycan xalqının mədəni irsinin və qədim tarixinin təbliği, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin koordinasiyası və təbliğat işində müasir informasiya texnologiyalarının tətbiqi, xaricdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi, ictimai-siyasi fəallığının artırılması, hüquq və azadlıqlarının müdafiəsi, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsi, digər xalqların diasporları ilə əməkdaşlığın inkişaf etdirilməsi daxildir. Aprel döyüşləri zamanı diaspor təşkilatlarımızın birliyi göz qamaşdırdı. Hətta demək olar ki, güclü təşkilatlanmış düşmənlərimiz də diasporumuzun bu birliyi qarşısında təşviş keçirdi.

2018-ci ilin fevral ayında Brüsseldə Azərbaycan diasporu Ümumavropa Qarabağ mitinqi təşkil etdi, 20-dən çox ölkədən gələn iştirakçılar var idi, 10 dildə şüarlar səsləndirildi.

Həmin ilin noyabr ayında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyətinin Rusiya Federasiyasına işgüzar səfəri olduqca zəngin keçdi. Rusiyanın bir sıra rəsmi dövlət orqanlarında görüşlər də səmərəli oldu. Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti və diaspor sahəsində ikitərəfli əməkdaşlıq istiqamətləri, soydaşlarımızın Rusiya cəmiyyətinə inteqrasiyası və onların təmsil etdiyi qurumlar arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Moskva və Moskva vilayətində yaşayan soydaşlarımızla, onların təmsil etdiyi, rəsmi qeydiyyatdan keçmiş və qeydiyyata alınmamış, özündə müxtəlif sayda azərbaycanlıları birləşdirən təşkilatların nümayəndələri ilə görüşlər keçirilirdi. Rusiyada diaspor işinin təkmilləşdirilməsi üçün ilkin olaraq Koordinasiya şurasının yaradılması haqqında razılıq əldə olunmuşdu.

44 günlük savaş və vahid güc...

44 günlük Vətən müharibəsi isə son 28-30 ildə formalaşmadan inkişaf yoluna qədəm qoyan diasporumuzun gücünü ortaya qoydu. Müharibə dövründə diaspor təşkilatlarımız xaricdə yaşayan azərbaycanlılara komitə tərəfindən 5 dəfə - 27 sentyabr, 4 oktyabr, 21 oktyabr, 7 noyabr və 10 noyabr tarixlərində müraciət ünvanladı. Həmin müraciətlərdə həmvətənlərimizə sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırış edildi və xaricdə yaşayan hər bir həmvətənimiz Ermənistanın təxribatçı hərəkətlərinin, eləcə də Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında yaşadıqları ölkələrin ictimaiyyətinin doğru məlumatlandırılmasında fəallıq göstərməyə çağırıldı.

Yaşadıqları ölkələrin prezidentlərinə, parlamentlərinə, dövlət və ictimai qurumlarına həqiqətləri ifadə edən müraciətlər, məktub və bəyanatlar göndərməklə Azərbaycan Ordusunun haqq mübarizəsinə mənəvi dəstək olmağa çağırış edildi. Ermənistan ordusunun Gəncə, Mingəçevir, Bərdə və digər cəbhədən uzaq ərazilərdə mülki vətəndaşları hədəfə alması barədə məlumatlandırılan həmvətənlərimizə erməni təxribatlarına uymamaq və ayıq-sayıq olmaq tövsiyə olundu.

Yaxşı təşkilatlanmış diaspor təşkilatları öz tarixi vətənlərinin xeyrinə lobbiçilik fəaliyyəti ilə də məşğul olurlar. Təkcə 2021-ci ilin 8 ayı ərzində Azərbaycan diasporu lobbi fəaliyyəti ilə bağlı 21 tədbir reallaşdırıb. Niderland parlamentində Ermənistanın Azərbaycan torpaqlarını dərhal tərk etməsinin tələb edilməsi, Diasporla İş üzrə Dövlət Komitəsinin və "Timberwolf Phoenix" media şirkətinin təşkilatçılığı ilə "Ərazi bütövlüyü beynəlxalq hüququn bir hissəsi kimi: Azərbaycan nümunəsi" mövzusunda videokonfrans təşkil olunması və ya müxtəlif ölkələrdə yaşayan 40-a yaxın jurnalist, siyasi ekspertlər və digər şəxslərin iştirakı ilə Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyən dünya jurnalistlərini bir araya gətirmək, beynəlxalq ictimaiyyətə həqiqətləri çatdırmaq buna misaldır.

Müharibə dövründə təkcə Azərbaycanda yaşayan azərbaycanlılar yox, dünyanın bir çox ölkələrinə səpələnən 50 milyondan çox soydaşımız da bir yumruq kimi birləşərək dövlətimizə, ordumuza dəstək oldu, ermənilərə "dəmir yumruq" kimi cavab verdi. Ermənilərlə üz-üzə dayanan xaricdə yaşayan soydaşlarımız təkcə sayları ilə deyil, göstərdikləri fəallıqları ilə də erməni diasporundan üstün oldular.

Onu da qeyd edək ki, komitə və diaspor nümayəndələri tərəfindən ölkəmizlə bağlı həqiqətləri əks etdirən 355 məqalə hazırlanaraq 43 ölkənin müxtəlif qəzet və saytlarında 26 dildə ictimaiyyətə təqdim edilib.

Eyni zamanda müxtəlif ölkələrin prezidentlərinə, rəsmi şəxslərinə (nazir, kansler, ombudsman), Xarici İşlər Nazirliklərinə, yerli idarəetmə orqanlarına, BMT Təhlükəsizlik Şurasına, NATO, ATƏT, Qırmızı Xaç və digər beynəlxalq təşkilatlara bəyanat, məktub və müraciətlər ünvanlanıb. Bundan başqa, dünyanın müxtəlif ölkələrində Qarabağa dəstək kampaniyaları, tədbirləri, aksiyaları, yürüşlər keçirilib.

Ötən illər ərzində dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə, həmçinin müxtəlif ölkələrin parlamentlərində və hökumətlərində təmsil olunan siyasət adamları, ictimai xadimlərlə əlaqələrin qurulması, xarici dövlətlərin parlament üzvlərinin, dövlət rəsmilərinin və KİV nümayəndələri ilə əlaqələrin qurulması, onların Azərbaycana səfərlərinin təşkili məqsədilə yüzlərlə tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, tarixi Vətənlə əlaqələrinin genişləndirilməsi, habelə diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirməkdə davam edir.

Diasporla İş üzrə Dövlət Komitəsinin gələcəklə bağlı planlarına gəlincə, görünən odur ki, ilk növbədə xarici ölkələrdə yaşayan azərbaycanlıların birliyinin təmin olunması və təşkilatlanması durur. Müasir dövrdə xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında milli-mənəvi birliyin möhkəmləndirilməsi, soydaşlarımızın təşkilatlanması prosesi keyfiyyətcə yeni məzmun kəsb etməkdədir. Bu, Azərbaycan diaspor quruculuğu işinə xarici ölkələrdə yaşayan azərbaycanlı ziyalıların, gənclərin və qadınların, eləcə də Azərbaycanda yaşayan digər xalqların xarici ölkələrə köçmüş nümayəndələrinin cəlb olunması zərurəti ilə bağlıdır.

Dünyadakı 50 milyon azərbaycanlının 10 milyonunun Azərbaycanda, 36 milyonunun qonşu İranda (Cənubi Azərbaycanda) yaşadığını nəzərə alsaq, deyə bilərik ki, dünyanın müxtəlif ölkələrində 4 milyondan çox soydaşımız yaşayır.

Ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın dəqiq sayının müəyyənləşdirilməsi istiqamətində işlər görülür. Bu gün istər MDB, istərsə də Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında narazılıq müşahidə olunmur. Bu isə əvvəlki illərlə müqayisədə böyük uğurdur. Xaricdəki azərbaycanlıların təşkilatlanması işində əsas problemlər aradan qaldırılıb və Azərbaycan diaspor təşkilatlarının vahid cəbhədə birləşə bilməsinə nail olmaq üçün ciddi işlər görülüb.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq komitənin gördüyü işlər artıq öz bəhrəsini verməkdədir. Dəfələrlə bəyan edilib ki, Dövlət Komitəsi birgə fəaliyyətə, koordinasiya olunmuş təşəbbüslərə, kollegial qəbul edilmiş qərarlara üstünlük verir.

Dünyanın 27 ölkəsində yaşayan soydaşlarımızın təşəbbüsü ilə koordinasiya şuraları təsis edilib. Artıq soydaşlarımız bu şuralarda birgə layihələrini müzakirə edir, təşəbbüslərini, təkliflərini birgə qərarla qəbul edirlər. Koordinasiya şuralarının fəaliyyəti məsələsi Dövlət Komitəsi tərəfindən hazırlanmış Strateji Yol Xəritəsində qarşıya qoyulmuş hədəflərdən biridir və bu istiqamətdə işlər ardıcıl şəkildə aparılır.

Azərbaycan diasporunun xaricdəki erməni lobbisinin fəaliyyətinə qarşı atdığı addımlar erməni işğalının tanıdılması, eləcə də işğalla bağlı erməni yalanlarının qarşısının alınması üçün konsepsiyalar üzərində işləyir.

Fikrimcə, Vətən müharibəsindən sonra Azərbaycan diasporunun yol xəritəsi ölkə başçısının 44 günlük savaşdan sonrakı çıxışları olmalıdır. Qarabağdan sonra Azərbaycan diasporu yaşadıqları ölkələrdə tarixi Azərbaycan torpaqları olan Zəngəzurun, Göyçənin təbliğatını aparmalıdır. Həmin ərazilərə yenidən qayıdışımızda diaspor təşkilatlarımız da öz töhfələrini verməlidirlər. Çünki ordumuzun gücü dəmir yumruqdursa, diasporumuzun birliyi beynəlxalq aləmdə YUMŞAQ YUMRUQ kimi qəbul olunur. Erməni ordusu dəmir yumruğumuzu daddığı kimi, diasporu da diasporumuzun YUMŞAQ YUMRUĞUnun gücünü görməlidir.

Tural Turan

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm