Xüsusi
Saakaşvili hakimiyyətə gəlsə, Azərbaycanla... - Georgi Mamuliya ilə MÜSAHİBƏ
“Ermənilərin yerinə olsaydım, özüm sülh danışıqları üçün cəhd edərdim. Ötən hər bir saniyə onların zərərinə işləyir”.
Bu sözləri Publika.az-a müsahibəsində Fransada yaşayıb fəaliyyət göstərən tarixçi-alim Georgi Mamuliya bildirib.
- Cənab Mamuliya, Gürcüstanın sabiq prezidenti Eduard Şevarnadzenin müşaviri vəzifəsində çalışmısınız. Tarixdən siyasətə nüfuz etmək çətin olmadı?
- 1967-ci ildə Tbilisidə doğulmuşam. Tbilisi Dövlət Universitetinin tarix ixtisası üzrə təhsil almışam. Dissertasiyamı da orada müdafiə etmişəm. Elmlər Akademiyasının Tarix İnstitutunda çalışanda siyasətlə yaxınlaşdım. Ümumiyyətlə, özümü həm tarixçi, həm də diplomat sayıram. 90-cı illər idi, qarışıqlıq hökm sürürdü. Eduard Şevarnadzenin daxili işlər üzrə müşaviri vəzifəsinə təyin olundum. Xidmətlərimi nəzərə alıb məni Rusiyadakı səfirliyimizə müşavir göndərdilər. 2000-ci ildə Moskvadan Tbilisiyə döndüm. İki il sonra isə Fransaya köçdüm. Burada da elmi işimi müdafiə etdim. Elə həmin dövrdən elmi fəaliyyətimlə, Qafqazın tarixi mövzusunda, bu regionun xalqları haqqında yazdığım elmi məqalələrimlə məşğulam.
- Şevarnadze ilə çalışdığınız illəri necə xatırlayırsınız?
- Çox çətin dövr idi. Nəinki Gürcüstanın, eləcə də Cənubi Qafqazın digər ölkələrinin yenidənqurma dövrü başlamışdı. Həm Azərbaycanda, həm də Gürcüstanda münaqişə başlamışdı. Siyasi pərakəndəlik baş götürüb gedirdi. Odur ki, çox ağır iş rejimi ilə çalışırdıq. Xüsusən də ölkəmizi beynəlxalq səviyyədə tanıtmaq, doğru siyasi əməkdaşlıqlar qurmaq üçün əlimizdən gələni edirdik. Sovet İttifaqının bir hissəsi olmadığımızı, müstəqillik qazandığımızı car çəkirdik. İdarəetmənin Avropa modelinə keçmək isə heç də asan deyildi. Həmin dövrkü fəaliyyətim mənə çox böyük peşəkar təcrübə qazandırdı. Rusiyadakı işim də çox maraqlı idi. İnformasiya sahəsində çalışdığım üçün hər gün mətbuatı izləyib Gürcüstan haqda yazılan bütün xəbərləri oxuyurdum. Moskvada yaşadığım 6 il həyatımın ən rəngarəng dövrüdür.
- Amma yenə də mühacirətə qərar verdiniz.
- Gürcüstana qayıdandan sonra siyasətdən uzaqlaşmağa qərar verdim. Anladım ki, Şevarnadze həm şəxsiyyət, həm də siyasətçi kimi öz imicini itirir və xalqın marağında deyil. Ölkəmizə də, mənə də artıq yenilik lazım idi. Mən Fransaya köçəndən sonra isə bildiyiniz kimi, siyasi inqilab baş verdi. Elə ilk gündən etibarən Mixail Saakaşvili siyasi kursunu dəstəkləyənlərdənəm. Çünki Gürcüstan Qafqazın ürəyidir. Ətraf dövlətlərlə münasibətin stabilləşməsi baxımından Gücüstanın suverenliyini və azadlığını bünövrədən gücləndirmək lazımdır. Yalnız bu halda həm regionda, həm də ölkəmizdə sülhə, inkişafa nail ola biləcəyik.
- Yəqin təsadüfi deyil ki, Fransadakı fəaliyyətinizi həm də Azərbaycanla Gürcüstan arasındakı tarixi münasibətlərə həsr etmisiniz. Bəs Fransa sizi necə qarşıladı?
- İlk dövr çox çətin idi. Əslində, Fransaya gəlməyim tamamilə təsadüfdür. Amma hər təsadüf də zərurətdən doğur. Fransada Gürcüstan və Azərbaycana dair araşdırılmamış tarixi mənbələr, məlumatlar çox idi. Həyat yoldaşım fransızdır, amma yenə də ilk illər çətinliyim çox oldu. Öncə dili yaxşı öyrənməliydim. İnsan istədikdən sonra mümkünsüz heç nə yoxdur. Tezliklə Fransada təhsil alıb, dissertasiya müdafiə etdim. Elmi fəaliyyətimlə yanaşı insan, vətəndaş kimi də cəmiyyətə uyğunlaşmağa nail oldum. Ümumiyyətlə, mühacirət ağır anlayışdır. Öz üzərində çox işləməlisən, dəyişməlisən, müdrikləşməlisən, əziyyət çəkməlisən. Amma düşünürəm ki, Fransaya köçməklə doğru addım atmışam. Həyatımı yenidən yaşamaq imkanım olsa idi, yenə bu addımı atardım.
- İkinci Qarabağ müharibəsində Azərbaycana dəstəyinizi əsirgəmədiniz. Ümumiyyətlə, bu müharibəni xarakterizə etməyinizi istərdim.
- Bu, Qafqaz xalqlarının faciəsidir. Öncə deyim ki, ermənilər ən başdan, hətta sovet dövründən bəri yanlış tərəfə yönəldilər. Cənubi Qafqazın hərtərəfli inkişafı buradakı dövlətlərin qarşılıqlı əməkdaşlığından, stabil münasibətindən asılıdır. Onlar isə bu bulağı qurutdular. Hər şeyi bir kənara qoysaq, Ermənistan öz intiharını imzaladı. Çünki təbii resurs baxımından Qafqazın ən kasıb ölkəsidir. Elə tək bu faktı nəzərə alsaq, Ermənistan bu mövzuya daha həssas yanaşmalı, separatizm toxumları səpməməli idi.
- Hadisələrin gedişatını nəzərə alsaq, vəziyyətin dəyişəcəyini düşünürsünüz?
- Düşünürəm ki, İkinci Qarabağ müharibəsi erməni xalqına dərs olmalıdır. Heç bir ölkə beynəlxalq hüquq tərəfindən qəbul olunmuş sərhədlərini pozmağa imkan verməməlidir. Azərbaycan da məhz bu haqsızlığın qarşısını aldı. Bu müharibə olmalı idi. Azərbaycan ədaləti bərpa etdi. Artıq Ermənistan sərhəd ölkələrlə münasibəti normallaşdırmalı və beynəlxalq hüququ nəzərə almalıdır. Ermənilərin yerinə olsaydım, özüm sülh danışıqları üçün cəhd edərdim. Ötən hər bir saniyə onların zərərinə işləyir.
- Bəs informasiya mübarizəsində erməni yalanını ifşa etməyin hansı yolları var?
- Qafqazın real durumunu təbliğ etmək lazımdır. Bildiyiniz kimi, Fransada yaşayan ermənilərin əksəriyyəti Osmanlı imperiyasından bu ölkəyə gələn mühacirlərin nəvə-nəticələridir. Onlar da illər boyu sakit oturmayıblar, anti-türk təbliğatı ilə məşğul olublar. Odur ki, obyektiv düşünən, yazan, fransız psixologiyasına bələd olan alim və jurnalistlərin bu ölkədə irəliləməsinə, cəmiyyətə nüfuz etməsinə çalışmaq lazımdır. Həmçinin Gürcüstan və Azərbaycan arasındakı münasibətlərin möhkəmlənməsi də bu məqsədə xidmət edəcək. Hazırda bildiyiniz kimi, Gürcüstanda xalq ayağa qalxıb. Yəqin ki, yaxın günlərdə Mixail Saakaşvili dövlətin başına keçəcək. Saakaşvili isə Azərbaycanla sıx tərəfdaşlığa daim önəm verib. Ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əməkdaşlıq gücləndiriləndən sonra isə Ermənistan da bu ittifaqa qoşulmaqdan başqa şansının qalmadığını görəcək. İnanıram ki, Azərbaycan qüdrətli zəfərindən sonra ermənilərə də xeyirxahlıq göstərəcək. Qafqaz erməniləri də Avropadakı diasporlarının, onları ölümə sürükləyən havadarlarının təsir qüvvəsindən azad ola biləcək.
- Ölkəmizi uzun illər Fransada təmsil edən tarixçi, diplomat Ramiz Abutalıbovla birgə layihəniz haqda danışmağınızı istərdim.
- Fransada Azərbaycan mühacirlərinə həsr olunmuş kitabımız işıq üzü görəcək. Bu layihəni böyük alim, tarixçi dostum Ramiz Abutalıbovla birgə həyata keçirəcəyik. Əlimərdan bəy Topçubaşov və digər ziyalılar haqda tarixi mənbələri araşdırırıq. Həmin dövrdə belə Qafqaz ittifaqı haqda qüsursuz ideyaların şahidi oluruq. Düşünürəm ki, dövlətlərimizin mədəniyyətinə, sərhədlərinə, vətəndaşlarına hörmət və toxunulmazlıq duyğularını önə çəkməliyik.
- Xalqımıza nə demək istərdiniz?
- Ölkə rəhbərliyinin siyasətini dəstəkləyirəm. İşğaldan azad olunmuş ərazilərdəki bərpa, yenidənqurma sürətlə və düzgün siyasi kursla irəliləyir. Bir yandan qələbə, digər tərəfdən şəhidlərinizin acısı xalqınıza həm qürür, həm də kədər daddırır. Lakin əsas fakt odur ki, Azərbaycan qalib, təbii resurslarla zəngin dövlətdir.
Leyla Sarabi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO