Xüsusi
Albertin vurduğu tankın yanına çatanda 3 erməni bizi... – Daşqın Əzizin SAVAŞ XATİRƏLƏRİ
Bu gün Şuşanın azad edilməsindən 365 gün keçir. Bir il əvvəl Azərbaycan xalqının 29 illik həsrəti sona çatdı. Müzəffər Ordumuz Azərbaycan mədəniyyətinin paytaxtını – Şuşanı düşmən işğalından qurtardı.
Budəfəki həmsöhbətim həmkarımdır. Jurnalist Daşqın Əziz. O, 1 il əvvəl Şuşa uğrunda döyüşüb, hətta yaralanıb. Onunla Şuşa və Şuşa-Xankəndi yolundakı döyüşlərlə bağlı söhbətləşdik.
Vətən müharibəsi qazisi Daşqın Əziz Publika.az-a müsahibəsində şanlı Şuşa döyüşləri ilə bağlı xatirələrini bölüşdü, düşmənin onları Xankəndiyə yaxın təpəliklərdə pusquya salmaq cəhdlərindən danışdı.
- Daşqın bəy, Vətən müharibəsində döyüş yolunuz haradan və necə başladı?
- Mən hərbi xidmətə səfərbərlikdən çağırışla getmişəm. Sentyabrın 27-i müharibə başladı. Mən 29 sentyabrda səfərbərliyin çağırışı ilə orduya yollandım. Bizi əvvəlcə Gəncəyə apardılar. Sonra Şəmkirdə, Seyfəli poliqonunda təlimlər keçdik. Bizim təlimlərimiz əsasən dağlara qalxıb-düşmək idi. Bizə daha çox bu təlimi öyrədirdilər. Bu da bizdə maraq oyadırdı ki, niyə ancaq dağa qalxıb-düşürük. Oradakı komandirlərimiz söylədi ki, bunun bir nəticəsi olacaq. Biz Seyfəli poliqonunda keçdiyimiz təlimlərin nəticəsini noyabr ayında gördük. Şuşa döyüşlərinə qədər biz artıq bir sıra hazırlıqlar keçmişdik. Bu dağ döyüşlərinə yaxşı hazırlaşmışdıq.
- Şuşa istiqamətinə hərəkətiniz nə vaxta təsadüf etdi?
- Noyabrın 6-na qədər biz Füzulinin işğaldan azad edilən yerlərində patrul xidmətini təşkil edirdik. Oranın mühafizəsində dururduq. Noyabrın 6-da bizə hərbi komandanlıq tərəfindən əmr verildi və biz Xocalı rayonunun Sığnaq kəndinə getdik. Məlum olduğu kimi, ora artıq xüsusi təyinatlı qüvvələrimiz tərəfindən alınmışdı. Sığnaqda, Daşaltıda artıq bizim əsgərlər möhkəmlənmişdi. Hətta artıq Şuşa şəhəri də alınmışdı. Biz sadəcə olaraq oraya ərazinin mühafizə və müdafiəsini təşkil etmək üçün aparılmışdıq. Deməli, noyabrın 7-i Şuşaya gəlib çatdıq. Şuşa artıq azad olunmuşdu. Xüsusi təyinatlılar artıq Şuşada idi.
- Şuşaya çatanda nələr gördünüz?
- Şuşaya gəlib çatanda düşmən bizi artilleriya ilə vurmağa başladı. Minaatanlar vasitəsi ilə bizi atəşə tuturdular. Biz orada şəhid vermədik. Minaatan mərmilərindən yayındıq. Noyabrın 8-də biz artıq Şuşa-Xankəndi yolu istiqamətində açıq döyüşə girdik. Şuşa artıq bizdə idi. Belə bir ehtimal var idi ki, düşmən Xankəndi istiqamətindən Şuşaya təkrar həmlə etmək istəyir. Həmin həmlənin qarşısını almaq üçün məhz bizim tabor - səfərbərlikdən gələn birinci tabor orada düşmənlə açıq döyüşə girdi. Hətta düşmənlə üzbəüz döyüşdə qarşı tərəflə daha yaxın təmaslı döyüşlərimiz də oldu. Onlar tanklarla, minomyotlarla bizi ağır atəşə məruz qoyurdular. Hətta orada şəhidlərimiz də oldu. Mən özüm də həmin döyüşlərdə yaralandım. Güllə bədənimin bir tərəfindən dəyib, o biri tərəfindən çıxdı. Bütün bunlara baxmayaraq, biz sonrakı tapşırıqları yerinə yetirdik. Düşməni təpələrdən qovmağı bacardıq. Bir gün sonra – noyabrın 10-da atəşkəs elan olundu.
- Məşhur kadrlar var - Şuşa-Xankəndi yolunda erməni meyitləri səpələnib. Düşmən hərbçiləri nə vaxt məhv edildi?
- Onların orada məhv edilməsi Şuşa alınan ərəfədə olub. Bizə belə dedilər. Biz oraya çatanda artıq həmin meyitlər var idi. Hətta həmin meyitlərin içərisində adi əsgərlər yox, ermənilərin diversantları da var idi. Həmin yola səpələnmiş ermənilər onların kəşfiyyat-diversiya qruplarının cəsədləri idi. Həmin ermənilər gözləyiblər, dumanlı havada pusqu ataraq Şuşaya girmək istəyiblər. Elə həmin vaxt bizim xüsusi təyinatlılar onları məhv etmişdi. Eyni zamanda həmin istiqamətdə bizim tabor da ermənilərə dərs vermişdi. Onları məhv etmişdi. Oradakı meyitlərin içərisində bizim taborun məhv etdiyi ermənilər də var idi. Düşmən təxribatının qarşısını almaq üçün bizim taborun şəxsi heyəti qumbaraatan mərmilərlə erməni kəşfiyyatçılarını məhv etmişdi. Mən də həmin döyüşlərin iştirakçısıyam.
- Ən maraqlı döyüş xatirələrinizdən danışaq.
- Deməli, Şuşa ətrafında çox maraqlı bir an oldu. Birinci Qarabağ döyüşlərinin qəhrəmanı, Milli Qəhrəman Albert Aqarunovu yəqin ki, hər kəs tanıyır. Yəhudi əsilli tankçımızdır. Müharibədən əvvəl mən bu yəhudi əsilli Milli Qəhrəmanımızın sosial şəbəkələrdə piarını aparırdım. O vaxt “Albert Aqarunov” adlı səhifəm var idi, həmin səhifəni mən işlədirdim. Şuşanın girişində onun Birinci Qarabağ müharibəsində vurduğu erməni tankının maketi var. Həmin tankın maketi Xankəndi yolundadır, elə o vaxtdan lüləsi Şuşaya tuşlanmış vəziyyətdə qoyulub. Deməli, ötən il noyabrın 8-də həmin tankın yanına çatdıq. Həmin maketdən bir az qabağa getmişdik. Sən demə, düşmən əsgərlərindən üç nəfər həmin tank maketinin altına gizlənibmiş. Onlar bizim arxamızca düşüb yolu bağlamaq, bununla da bizi mühasirəyə salıb məhv etmək istəyirdilər. Amma bizdən arxada qalan bir pulemyotçumuz var idi. Onun ayıq-sayıqlığı nəticəsində həmin düşmən əsgərlərini biz orada məhv etdik. Daha doğrusu, həmin pulemyotçumuz onları zərərsizləşdirdi. Belə bir maraqlı an yaşanmışdı orada... Film kimi idi. Mənə yuxu kimi gəlirdi ki, Albertin vurduğu tankın yanına gedib çıxmışdım.
- Şuşa istiqamətində düşmənlə təxminən neçə metr məsafədən döyüş aparırdınız?
- Elə yerlər var idi ki, düşmənlə məsafəmiz cəmi iyirmi metr olub. Xankəndi yolunda təpələr var. Ermənilər həmin təpələrdə mövqelənmişdilər. Onlar həmin təpələrdə gizlənərək bizi iki dəfə mühasirəyə saldılar. Biz öz mövqelərimizdən baxanda düşmən əsgərlərini görürdük. Çünki məsafə olduqca yaxın idi. Həmin mövqelərdən bizi aramsız atəş altında saxlayırdılar. Təbii ki, biz də onlara qarşılıq verirdik.
- Bəziləri Şuşanın noyabrın 8-də, bir sıra qazilər isə 7 noyabrda bizim nəzarətimizdə olduğunu deyir...
- Bu barədə müxtəlif versiyalar var, mən ayın 7-də Şuşaya çatanda şəhər tamamilə bizdə idi. Bəlkə də simvolik olaraq Şuşanın azad edilməsi ayın 8-nə təsadüf etdi. Çünki Şuşa 1992-ci il mayın 8-də işğal olunmuşdu. Bəlkə də buna görə simvolik olaraq Şuşanın azad olunması 8 noyabra düşdü.
Tural Turan
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI