Azərbaycan ordusunda mühüm yenilik: xüsusi birliklər hansı zərurətdən yaranır? - POLKOVNİK
Bizi izləyin

Xüsusi

Azərbaycan ordusunda mühüm yenilik: xüsusi birliklər hansı zərurətdən yaranır? - POLKOVNİK

Müdafiə naziri Zakir Həsənov bir neçə gün öncə Azərbaycan Ordusunda yeni mobil birliklərin yaradılmasından danışdı. Nazir bildirdi ki, artıq bu birliklərin yaradılmasına başlanılıb.

İndi cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də odur ki, bu cür mobil, xüsusi hazırlıqlı hərbi bölmələrin yaradılması zərurəti nədən doğdu?

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Üzeyir Cəfərov Publika.az-a müsahibəsində bu birliklərin hansı zərurət əsasında yaradılmasından danışıb.

Müsahibəni təqdim edirik:

- Üzeyir bəy, yeni mobil hərbi birliklərin yaradılmasını zəruri edən hansı amillərdir? Bu birliklər yaradıldıqdan sonra Xüsusi Təyinatlı Qüvvələr ləğv ediləcək?

- Məndə xüsusi təyinatlı qüvvələrin ləğv olunması ilə bağlı hər hansı məlumat yoxdur. Düşünmürəm ki, həmin qüvvələr ləğv olunacaq. Həqiqətən də bizdə yeni mobil hərbi qüvvələrə ehtiyac var idi. İşğaldan azad edilmiş ərazilərimiz var. Həmin ərazilərdə, yerlərdə məhz gələcəkdə veriləcək tapşırıqları yerinə yetirmək üçün komando qüvvələrinin imkanları mövcuddur. Ona görə də həmin qüvvələr yaradılır. Bir sözlə, komando birliklərinin yaradılmasına zərurət var. Çünki onlar sırf elit qüvvələrdir. Eyni zamanda həmin qüvvələr öz hazırlıqları ilə seçilir. Eləcə də komandolar daha çox mobil qüvvələr hesab edilir. Düşünürəm ki, böyük hərbi hissələri tabor və ya bölük şəklində saxlamaqdansa, komando hərbi qüvvələrinin saxlanılması daha əlverişlidir. Eyni zamanda daha məqsədəmüvafiq qüvvələrdir. Məhz bu nöqteyi-nəzərdən qardaş Türkiyənin təklifi ilə Azərbaycanda yeni hərbi qüvvələr yaradılır.

- Nazirin anonsunu verdiyi bu mobil birliklərin yaradılması təkcə Azərbaycanda aparılacaq?

- Bu komando birliklərinin yaradılması istiqamətində hazırlıqlar həm Azərbaycanda, həm də Türkiyədə aparılır. Eyni zamanda başqa dövlətlərdə - bizə yaxın, bizimlə hərbi əməkdaşlıq edən ölkələrdə keçirilir. Məhz ona görə də bu qüvvələr yaradılır. Bu qüvvələrin yaradılmasının əhəmiyyəti çox böyükdür. Müdafiə naziri də mətbuata açıqlamasında məhz bu bölmələri nəzərdə tuturdu. Bizdə qərb istiqamətində dağ hərbi hissəsi var idi. Komando birliklərinin digərlərindən fərqi ondan ibarətdir ki, onlar həm havada, həm quruda, həm də suda hərbi təlimlər keçirlər. Onların dəqiq atıcılıq göstəriciləri də çox yaxşı olur. Xüsusi təyinatlılar kimi çox dözümlü olurlar. Komando birlikləri bütün bu sadalananları kompleks şəkildə öyrənirlər. Bir sözlə, dözümlüdürlər. Elə 44 günlük Vətən müharibəsində də komando qüvvələrinin sıldırım qayalıqlarla, keçilməz ərazilərdə necə hərəkət etdiyindən hamımız xəbərdarıq. Onlar həmin ərazilərdə maneələri dəf edərək, eyni zamanda mürəkkəb şəraitdə dözümlülük nümayiş etdirərək bir müddət qala bilirlər. Digər tərəfdən, artıq dünya da dəyişilir. İndi komando qüvvələrinin geyimi də tamam fərqlidir. Həmin geyimlər xüsusi olaraq sifariş verilir, hazırlanır. Həmin geyimlərdə bütün elementlər nəzərdə tutulub. Hətta soyuq silahlarından tutmuş binokla, gecəgörmə cihazlarına qədər özəlliklər həmin geyimlərdə yer alıb. Ona görə də hesab edirəm ki, yeni komando birliklərinin yaradılması ilə çox düzgün istiqamət götürülüb. Sadəcə bunu təkmilləşdirmək lazımdır. O qədər hərbi hissələr var ki, sadə dillə desək, yeyib yatırlar. Büdcəni göyə sovurmaqla məşğuldurlar. Onların saxlanılması, ərzaq məsələləri, nəqliyyat təminatları xeyli xərc tələb edir. O cür 10 hərbi hissə saxlamaqdansa, 5 komando birliyi, dəstəsi saxlamaq daha məqsədəuyğundur. Bizim üçün bu, daha əlverişlidir. Bu istiqamətdə də işlər görülür.

- Bu komando birlikləri yalnız milli ordu üçün nəzərdə tutulub?

- Əgər Azərbaycan Ordusu Türkiyə modelinə uyğunlaşdırılırsa, bütün sahələrdə bu mobil birliklər tətbiq olunacaq. Bizim ən böyük silahlı birləşməmiz Azərbaycan Ordusudur. Bu birliklər Azərbaycan Ordusunda tətbiq olunduqdan sonra Sərhəd Qoşunlarında da tətbiq edilə bilər. Prinsip etibarı ilə onlar 44 günlük Vətən müharibəsində də iştirak ediblər. Yəqin ki, Daxili Qoşunlarda və digər güc strukturlarında da bu iş həyata keçiriləcək. Mənə elə gəlir ki, yaxın aylarda daha yeni xəbərlərin şahidi olacağıq. İndiki miqdarda, hazırkı sayda silahlı qüvvələrin saxlanmasına ehtiyac yoxdur. Onlar peşəkarlarla əvəz olunmalıdır. Baxın, əvvəllər bizdə 1 il, il yarım həqiqi hərbi xidmət keçən əsgərlər hərbi texnikaları, avtomobilləri idarə edirdilərsə, artıq bu işi müddətdən artıq xidmət edən hərbi qulluqçular görür. Tank ekipajları, avtomobillər tam şəkildə peşəkarlar tərəfindən idarə olunur. Həmin texnikanı da onlar göz bəbəyi kimi qorumağa çalışırlar.

- Bəs əvvəllər necə idi?

- Əvvəllər əsgərlər gəlirdilər, deyirdilər ki, bu hərbi minik vasitəsi və ya digər texnikalar mənə 6 ay müddətində həvalə olunub, mən bunu idarə edəcəyəm, sonra da texnikanı necə gəldi qoyub gedirdilər. İndi isə mənzərə bir qədər fərqlidir. İndi müddətdən artıq həqiqi qulluqçular yaxşı başa düşür ki, ondan soruşacaqlar ki, sən onun təmir işlərini vaxtlı-vaxtında həyata keçirmisən, ya yox? Buna görə bir məsuliyyət məsələsi var. Məhz buna görə hesab edirəm ki, digər qoşun birləşmələrində də bu işlər həyata keçiriləcək.

- Bu o deməkdir ki, Azərbaycan Ordusu sırf peşəkarlardan təşkil olunacaq?

- Onsuz da peşəkarlığa keçid bu vaxta qədər baş vermişdi. Sadəcə olaraq bu proses bir qədər də sürətləndiriləcək. Bizdə bu proses zaman-zaman gedirdi. Türk qardaşlarımızın da məsləhəti ilə bu proses həm sürətlənib, həm də bu istiqamətdə xeyli təkmilləşdirmə işləri aparılır. Hətta Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xətti ilə də müəyyən işlər görülür. Yəni bu qədər şəxsi heyətin saxlanmasına ehtiyac yoxdur. Başa düşürsünüz, kompüter əsridir. İndi Türkiyədə vaxtilə ordunun gördüyü işləri bələdiyyələr yerinə yetirir. Başqa qurumlar həmin işləri görürlər. Biz isə bütün bu işlər üçün rütbəli və dövlət büdcəsindən kifayət qədər ciddi məvacib alan şəxsi heyət saxlayırıq. Buna əsla ehtiyac yoxdur. Təsəvvür edin, indi onlayn rejimdə okeanın o tayından hansısa proseslər idarə olunur. Azərbaycan isə kiçik ölkədir. Burada da müəyyən işlər görmək lazımdır və peşəkarlıq qabiliyyətini artırmaq əsas şərtdir. Daha çox işi bilənlərə, onun öhdəsindən gələnlərə önəm vermək lazımdır. Bu da güc strukturlarında ən önəmli məsələlərdən biridir. Hətta türk mütəxəssislər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işinin təkmilləşdirilməsi, şəffaflıq, digər neqativ halların aradan qaldırılması, olmaması ilə bağlı müəyyən təkliflər verirlər. Düşünürəm ki, həmin işlər, islahatlar da yaxın zamanlarda həyata keçiriləcək.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm