Böyük zəfərin 1 ili: kinomuz qayalardan qələbəyə yürüyən igidlərimizi necə əbədiləşdirdi?
Bizi izləyin

Xüsusi

Böyük zəfərin 1 ili: kinomuz qayalardan qələbəyə yürüyən igidlərimizi necə əbədiləşdirdi?

6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;

“20-ci əsr rus kinosunun tarixi”nin müəllifi Neya Zorkaya kitabında yazır ki, İkinci Dünya müharibəsində 250 operator iştirak edib və hər 5 nəfərdən biri həlak olub. Qeyd olunur ki, müharibə başlayan kimi operatorlar dərhal cəbhəyə getdilər, bunun sayəsində o dövrün insanları və sonrakı nəsillər döyüş əməliyyatlarının gedişi haqqında etibarlı məlumat əldə edə bildilər. Bu kadrlar müharibə mövzusunda çəkilən filmlər üçün də zəngin mənbələr idi. Müharibə kinolarının ideoloji gücü ondan ibarətdir ki, xalqı nəinki cəbhədə baş verənlərdən xəbərdar etməyə, həm də onları qələbəyə ruhlandırmağa xidmət edir. Bəs bu 1 il ərzində kino xadimlərimiz Azərbaycanın tarixi qələbəsini əbədiləşdirmək adına hansı işləri görüb?

Bilinən odur ki, İkinci Qarabağ müharibəsinin canlı döyüşləri peşəkar operatorlar tərəfindən lentə alınmayıb. Bizə gəlib çatan - əsgər və zabitlərimizin telefonla çəkdiyi kadrlar, bir də pilotsuz uçuş aparatlarının mətbuata təqdim olunan görüntüləridir. AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovsa döyüşdən sonrakı proseslərdə şəhid olan jurnalistlərdir.

Çingiz Mustafayevin Birinci Qarabağ müharibəsində çəkdiyi videolara baxa-baxa böyüyən nəslin nümayəndəsi kimi deyə bilərəm ki, artıq komediya filmlərinin hər il onlarla lentə alınan ucuzlaşmış versiyalarına deyil, daha dərin mövzuları əhatə edən, bizi gücləndirən və gücümüzlə öyünə biləcəyimiz yerli filmlərə daha çox ehtiyacımız var. Xalqın məğlubiyyətdən qələbəyə doğru yaşadığı hər bir ağrı, hər bir itki və bütövlükdə ölkəmizin qalib gəlmək üçün verdiyi böyük fədakarlıqları film mövzusu olmağa layiqdir və olmalıdır.

Publika.az tanınmış incəsənət xadimləri ilə bu istiqamətdə keçirdiyi sorğunu təqdim edir:

İncəsənətin bütün növlərində öz möhtəşəm bədii-estetik ifadəsini tapacaq

Xalq yazıçısı, professor Elçin Əfəndiyev qeyd edib ki, qələbənin bədii təcəssümü həm keyfiyyət, həm də kəmiyyət etibarı ilə bu 1 il ərzində lazımi səviyyədə deyil:

“Bu, elə bir tarixi zəfərdir ki, bu 1 il onun möhtəşəmliyini hərtərəfli göstərmək üçün kifayət deyil. Təskinliyim bundan ibarətdir. Ümid edirəm ki, bu möhtəşəm zəfər gələcəkdə yalnız kino sahəsində yox, ədəbiyyatda, dramaturgiyada və poeziyada, eləcə də incəsənətin başqa növlərində öz möhtəşəm bədii-estetik ifadəsini tapacaq.

Qələbə əhval-ruhiyyəsində bir hekayə yazdım və çap olundu. Amma bu hekayə ilə kifayətlənməyəcəm, əlimdə bir pyes var. İstəyirəm ki, bu qələbəni bədii cəhətdən səhnələşdirim, əsərim səhnədə oynanıla bilsin. Azərbaycan möhtəşəm qələbə qazandı, bunun böyük bir sevinci, böyük sevinclə bərabər həm də böyük bir kədəri var. Sevinci ondan ibarətdir ki, torpaqlarımızı azad etdik, Ali Baş Komandan başda olmaqla Azərbaycan əsgəri mərdlik göstərdi. Eyni zamanda minlərlə əsgərimiz, zabitimiz, hətta generalımız bu müharibədə şəhid oldu. Sözsüz ki, bütün bunlar kino və ədəbiyyatın mövzusudur. Müharibə heç bir vəchlə bədbinliyə gətirib çıxaran mövzu deyil. Əksinə, vətən uğrunda canını fəda edən qəhrəmanların ruhunu şad etməkdən ötrü şəhidliyi ən yüksək bədii-estetik səviyyədə ifadə etməyi bacarmalısan”.

Hazırda sənədləşdirmək və publisistika dövrüdür

Şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi bu qənaətdədir ki, müharibəni bədiiləşdirmək vaxt aparır:

“Problem odur ki, biz həmişə tələsirik. İkinci Dünya müharibəsi başlayandan təxminən 1 və il yarım sonra filmlər çəkilməyə başlandı. Texnika baxımından əvvəlki kimi çətinliyimiz olmasa da, ssenarinin yazılması, qəbul olunması və ekranlaşdırılması vaxt tələb edir. Tez-tələsik yazılan layihələr adətən keyfiyyətsiz olur. Rusiyada indiyə qədər İkinci Dünya müharibəsindən filmlər çəkilir. Bundan sonrakı Azərbaycan ədəbiyyatı və kinosunun bazasının bir hissəsini müharibə mövzuları təşkil edəcək.

Hazırda sənədləşdirmə və publisistika dövrüdür. Real baş verən hadisələri olduğu kimi təqdim edirik, onu bədiiləşdirmək isə vaxt aparır. Öz filmlərimizi Hollivud layihələri ilə müqayisə etmək yersizdir. Onların texniki bazası və maliyyə imkanları bizimkindən çox-çox yuxarıdır. İnanıram ki, müəyyən vaxtdan sonra biz də öz imkanlarımız çərçivəsində çox maraqlı işlər və əsərlər çəkə biləcəyik”.

İncəsənət Universitetində - kinonun beşiyində komanda işindən savayı hər şey öyrədilir

Azərbaycan Film Akademiyasının direktoru, kinorejissor Zaur Tahirsoy hesab edir ki, hər şeydən əvvəl kino sektorunda sistem formalaşmalıdır ki, qələbə ruhunu, vətən sevgisi və digər milli dəyərləri ora yansıda bilək:

“Kino bir komanda işidir. Biz komanda işini düzgün şəkildə həyata keçirə bilmiriksə, burada artıq nə qələbə ruhunu, nə də cənab Prezidentin dəmir yumruğunu göstərə biləcəyik. Kino sahəsində bu gün komanda işi yoxdur. İncəsənət Universitetində - kinonun beşiyində hər şey öyrədilir, amma komanda oyunu kənarda qalır. Komanda işinin olmaması nəticədə kinoya yansıyır, qələbə ruhunu tamaşaçıya yaxşı çatdıra bilmirik. Rejissorlarımız bir-birinin çəkdiyi filmləri bəyənmir. Komanda işi düzgün formalaşsaydı, çox iş görmək olardı. Zəfər mövzusunda çəkilən filmlərimizi həm xarici festivallara göndərə, həm də dünya arenasına çıxara bilərdik. Bu gün kino sektorunun dinamikası Hollivuddan çıxıb Şərqə tərəf yönəlib. Məsələn, Cənubi Koreya istehsalı olan “Squid Game” tarix boyu ən çox izlənən ekran işlərindən biri oldu. Hollivud kino üzərində dominantlığını itirib. Dünya izləyicisi artıq fərqli estetika axtarışındadır, kino vasitəsilə başqa mədəniyyətləri tanımaq istəyir. Bu da bizim üçün böyük avantajlar yaradır ki, həm qələbəmizi, həm də milli-mənəvi dəyərlərimizi kino dili ilə dünyaya çatdıraq”.

Rejissorun fikrincə, torpaqlarımızın işğaldan azad olunmasına dair lentə alınan filmlərdə baş rollara türk məşhurların dəvət olunması müsbət hadisədir:

“Qarabağ zəfərində Türkiyə bizə dəstək verdi, yanımızda oldu. Bu məsələni kinoda ön plana çəkmək alqışlanır. Çünki biz var olan prosesi kino vasitəsilə insanların diqqətinə bir daha çatdırırıq. Bu yaxınlarda türk jurnalist Fulya Öztürk və Halil Kahraman haqqında bir sənədli film nümayiş olundu. Həqiqətən uğurlu bir film alınıb. Bu işdə biz də qabağa düşməli idik. Bir azərbaycanlı jurnalistin və ya əsgərin müharibə həyatını çox gözəl şəkildə ekranlaşdıra bilərdik. Azərbaycanda film üçün mövzu çoxdur. Təəssüflər olsun ki, kino sahəsinin hazırkı vəziyyəti bu mövzuları işləməyə icazə vermir. Maddi tərəfdən heç bir problem yoxdur, Azərbaycanda kinoya kifayət qədər pul ayrılır. Kino çəkilişlərində düzgün rəhbərlik bacarığı, müasir insan psixologiyasını bilmək və trendi araşdırmaq xüsusiyyəti çox təəssüf ki, yoxdur.

Cənab Prezident kino sahəsinə böyük diqqət ayırır

Mədəniyyət Nazirliyindən əvvəl, xüsusilə cənab Prezident tərəfindən bu sahəyə diqqət çox böyükdür. Kino sadəcə əyləncədən ibarət deyil. Kino strateji əhəmiyyəti olan bir sahədir. Ancaq istənilən nəticəni görməyəndə dövlət başçısında da kinomuzun inkişafına qarşı məyusluq yaranır. Sponsorları ümumiyyətlə kino sahəsindən küsdürüblər. Çünki nəticə görmürlər.

Kino çəkildikcə inkişaf edən bir sahədir. Ən azından normal filmlər çəkilməlidir ki, rejissor və ssenaristlər səhvlərini görüb düzəldə bilsinlər. Rejissor və ssenarist istedadlı ola bilər, amma normal komanda işi olmayan yerdə onlar da inkişaf edə bilməyəcəklər. Odur ki, bizə vaxt lazımdır. Aktyordan kifayət qədər boluq, amma ssenari və rejissor sarıdan geridə qalırıq.

Əminliklə deyə bilərəm ki, tamaşaçıların bu gün nəinki vətənpərvərlik filmlərinə, ümumiyyətlə yerli filmlərə tələbatı böyükdür. “Bizdə çəkilən film nə olar” sözlərini tez-tez eşidirik, rejissorların qeyri-peşəkarlığı tamaşaçıları o qədər iyrəndirib ki, filmlərimiz də ikrah doğurur. Tamaşaçı 1-2 saat hansısa Azərbaycan kinosuna baxanda özünü narahat edir. Buna baxmayaraq, hər bir azərbaycanlı istəyər ki, “Netflix” kimi platformalarda səviyyəli filmlərimiz yer alsın, biz də yaxşı filmlər çəkək. Kifayət qədər intellektual və izləyici kütləmiz var. Sadəcə, biz onların tələbatlarına cavab verməliyik!”

Zaur Tahirsoy qeyd edib ki, döyüş səhnələrini nəzərə alsaq, müharibə mövzusunda film çəkmək daha ağır zəhmət tələb edir: “O şəraiti yaratmaq rekvizit baxımdan çətinlik yaradır. Lakin süjet xətti güclü deyilsə və ya filmin daşıdığı məna yükü yoxdursa, bu, sadəcə vaxt itkisidir. Azərbaycanda dəfələrlə müharibə mövzusuna toxunulub, amma aralarında süjet xətti dolğun olanları azdır. Məsələn, “Dolu” filmində mövzu tam əhatə olunmuşdu. Bu filmin uğurlu alınmasının digər bir səbəbi də düzgün komanda işinin qurulması idi. Əks halda keyfiyyətli bir film ərsəyə gətirmək mümkün olmazdı.

Vətənpərvərlik tək atışmadan və aktyorlara hərbi forma geyindirməkdən ibarət deyil. Vətən sevgisini bir oğlanın baxışında və ya gülüşündə də göstərmək olar. Məsələyə daha geniş baxmaq tələb olunur. Film çəkilişindən çox münbit sistemin yaradılmasının tərəfdarıyam. Dəfələrlə cəhd etmişəm, amma komanda oyunu düzgün formalaşmadığına görə müəyyən problemlər ortaya çıxıb. Buna psixologiyada “Stokholm sindromu” deyilir. İncəsənət Universitetində mədəniyyətdən daha çox intriqalar öyrədilir. Bu səbəblərə görə, Azərbaycan Film Akademiyasında ən əsası sağlam bir mühitdə komanda oyununu düzgün qurmağın yolları öyrədilir. Və bundan sonra kino çəkilişlərinə başlamaq niyyətimiz var”.

Məşhur kinoşünas, kinorejissor Ayaz Salayev isə sorğumuza çox qısa cavab verməklə kifayətlənib. O hesab edir ki, rejissor və ssenaristlər torpaqlarımızın işğaldan azad olunması və qələbə mövzusuna bu 1 il ərzində yetəri qədər diqqət ayırmayıb, təbliğat istənilən səviyyədə deyil: “Daşaltıdan Şuşaya qalxıb şəhəri işğaldan azad edən qəhrəmanlarımıza kinomuz çox borcludur”.

Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsi Publika.az-ın ünvanlandığı sorğuya cavabında bildirib ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yaxın 1 il ərzində Vətən müharibəsindəki şanlı qələbəmizə həsr olunmuş 20-dən artıq müxtəlif metrajlı filmlərin istehsalına maliyyə dəstəyi göstərib. Bu filmlərin istehsalı həm dövlət studiyaları, həm də özəl prodüser mərkəzləri tərəfindən aparılıb.

Vurğulanıb ki, milli-mənəvi və ümumbəşəri dəyərlərimizin kino vasitəsilə təbliğini, habelə kinematoqrafiya sahəsində çalışan peşəkarların yaradıcılıq fəaliyyətini stimullaşdırmaq məqsədilə nazirlik kino sahəsinə dəstəyini davam etdirir:

“Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi mövzusunda “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi elan olunmuşdu. Müsabiqənin qalibi olan 11 filmin çəkiliş prosesləri davam edir.

“Salnaməfilm” studiyasında hər il olduğu kimi, bu il də “Azərbaycanın Milli Qəhrəmanları” adlı silsilə sənədli filmlərin istehsalı davam etdirilib. İl ərzində bu səpkidə 10-a yaxın film çəkilib”.

HAZIR OLAN FİLMLƏR:

“Görünməyən qəhrəmanlar” - sənədli filmlər silsiləsi

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında “Görünməyən qəhrəmanlar” adlı sənədli filmlər silsiləsi istehsal olunub. Bu filmlər hər biri 44 dəqiqə olmaqla, müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibə müddətində keçdiyi şərəfli və müzəffər döyüş yolundan bəhs edir.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə İctimai Televiziyanın müştərək işi olan sənədli silsilə noyabr ayının ilk həftəsində İTV-də nümayiş etdirilib və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

“Görünməyən qəhrəmanlar: 27 sentyabr”

“Görünməyən qəhrəmanlar: Hərbi Hava Qüvvələri”

“Görünməyən qəhrəmanlar: Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları”

“Görünməyən qəhrəmanlar: Artilleriya”

“Görünməyən qəhrəmanlar: Dövlət Sərhəd Xidməti”

“Biz” - sənədli film

İstehsalçı: Bakı Media Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası

Filmin qəhrəmanları 44 günlük Vətən müharibəsi dövründə sosial şəbəkələrdə müxtəlif yanaşmaları, videoları, statusları ilə trendə düşmüş insanlardır. Bu film bizdən – müharibə dövrünü yaşamış xalqın birliyindən bəhs edir.

Film ilk dəfə 26 İyun Silahlı Qüvvələr Günündə Heydər Əliyev Sarayında ictimaiyyətə təqdim olunub. Rejissoru və ssenari müəllifi Orman Əliyev olan filmin növbəti təqdimatları həm 5 noyabr tarixində Heydər Əliyev sarayında, həm də 12 noyabr tarixində “Korkut Ata” Türk Dünyası Film Festivalının bağlanış mərasimində həyata keçirilib. Film həm də 6-cı Türk Dünyası Sənədli Filmlər Festivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

“Şuşa, sən azadsan!” - sənədli film

İstehsalçı: Bakı Media Mərkəzi, “Salnaməfilm” studiyası

Film Şuşa şəhərinin işğaldan azad olunması prosesini əks etdirir. Xüsusi Təyinatlı Qüvvələrlə eyni vaxtda şəhərə daxil olan çəkiliş qrupunun eksklüziv videogörüntüləri bu filmdə öz əksini tapıb. Film ilk dəfə 5 noyabr tarixində Heydər Əliyev Sarayında geniş ictimaiyyətə təqdim olunub.

“Fulya” - tammetrajlı sənədli film

İstehsalçı: “Azərbaycanfilm” – “Dadafilm” (Türkiyə)

Film müharibə dövrünün bütün həqiqətlərini, erməni barbarlığının yıxıcı təsirlərini dünyaya ilk səsdən çatdıran “CNN Türk”ün müxbiri Fulya Öztürkün həmin bölgələrə yenidən səyahəti ətrafında baş tutub.

Filmin oktyabr ayının əvvəlində Türkiyədə, ayın 31-də isə Nizami Kino Mərkəzində təqdimatı həyata keçirilib.

2022-Cİ İLDƏ NÜMAYİŞ OLUNACAQ FİLMLƏR:

“Həyat, deyəsən, gözəldir” - tammetrajlı bədii filmi

İstehsalçı: “Azərbaycanfilm” studiyası

Böyük zəfərimizin milli kinoda növbəti mühüm əksi olan film hazırda “post-production” mərhələsindədir. Tragikomediya janrında olan filmin ssenari müəllifi və rejissoru Xalq artisti Vaqif Mustafayevdir.

“Doğma torpaq” - tammetrajlı bədii film

İstehsalçı: “Narimanfilm” kinostudiyası, “Azərbaycanfilm” kinostudiyası

Rejissoru və ssenari müəllifi İlqar Safat olan filmdə Xocalı faciəsi, habelə Vətən müharibəsində baş verən hadisələr əks olunur. Filmin 2022-ci ilin əvvəlində geniş tamaşaçı auditoriyasına çıxarılması nəzərdə tutulur.

“Müharibənin uşaqları” - sənədli film

İstehsalçı: “Azərbaycanfilm”

“Çin olan gizlinlər” - sənədli film

İstehsalçı: “Balans” studiyası

“Evimin səsi” - sənədli film

İstehsalçı: “Debut” studiyası

“Tanrının nəbzi” – qısametrajlı bədii film

İstehsalçı: “İnteraz Media and Broadcasting”

“İkinci planetin qırmızı rəngi” – qısametrajlı bədii film

İstehsalçı: “Mozalan” studiyası

“Arxa cəbhə” – qısametrajlı bədii film

İstehsalçı: “Karvan production”

“İki gün” – qısametrajlı bədii film

İstehsalçı: “Debüt” studiyası

“Hasar” – qısametrajlı bədii film

İstehsalçı: “Ultra Production”

“Qarabağ nağılı” - animasiya filmi

İstehsalçı: “Birlik” kinostudiyası

“Tarix” - animasiya filmi

İstehsalçı: OB film

AYTƏN MƏFTUN

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm