Azad sahibkarlığın inkişafı üçün nələr edilməli? - Ekspertlərdən təkliflər
Bizi izləyin

Xüsusi

Azad sahibkarlığın inkişafı üçün nələr edilməli? - Ekspertlərdən təkliflər

6.3.12. Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

Azad sahibkarlığın və bütövlükdə liberal iqtisadiyyatın formalaşması bu gün həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindəndir. Ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” gizli iqtisadiyyatın məhdudlaşdırılmasını, eyni zamanda liberal iqtisadiyyatın genişləndirilməsini özündə ehtiva edir.

Publika.az azad sahibkarlığın inkişafı və liberal iqtisadiyyatın təşviqinə mane olan səbəbləri araşdırıb.

Liberal iqtisadiyyatın təşviqi üçün kifayət qədər vergi və gömrük güzəştləri tətbiq edilməlidir

İqtisadçı Eldəniz Əmirov bildirib ki, azad sahibkarlığın və liberal iqtisadiyyatın təşkili bilavasitə bir-birinə yaxın istiqamətlərdir və liberal iqtisadiyyatın yaradılması üçün mütləq şəkildə azad sahibkarlığın formalaşdırılmasına böyük ehtiyac var:

“Bu məqsədlərə nail olmaq üçün ölkədə münbit investiya mühitinin formalaşması, xarici kapitalın ölkəyə cəlb olunması, eyni zamanda müəyyən sənaye məhəllələrinin və parklarının yaradılması kimi son dərəcə vacib məsələlər öz həllini tapıb. Liberal iqtisadiyyatın təşviqi üçün məhz bu tip sahibkarlıq subyektlərinə kifayət qədər vergi və gömrük güzəştləri tətbiq edilməlidir. Bu, müəyyən sahələrdə sahibkarlıq subyektlərinin qarşılaşdığı əsas problemlərdən biridir.

Digər bir məsələ azad rəqabət haqqında, ümumiyyətlə, rəqabət məcəlləsinin uzun illərdən bəri qəbul edilməməsidir. Odur ki, rəqabət haqqında qanunun qəbul olunması azad sahibkarlığın və liberal iqtisadiyyatın formalaşması üçün çox ciddi əhəmiyyətə malikdir. Mümkün qədər tez bir müddətdə rəqabət məcəlləsinin qəbul edilməsi bir zərurətdir”.

Ekspert qeyd edib ki, sahibkarlıq subyektlərinin qarşılaşdığı problemlər silsiləsinə biz onların ucuz maliyyə əlçatanlığında olan problemləri daxil edə bilərik:

“Kredit faizlərinin yuxarı olması əsas problemlərdən biridir. Eyni zamanda müəyyən qədər təsərrüfat subyektlərinin biznes mühitinin formalaşmasında aktiv iştirakçıya çevrilməsi üçün onların dövlət satınalmalarında iştirak payının artılmasına nail olmaq əsas hədəflərdəndir. Bu iki istiqamət bilavasitə kiçik və orta biznes subyektlərini narahat edən məsələlərdir.

Problemləri alt kateqoriyalara bölə və sadalaya bilərik. Belə ki, müəyyən sahibkarlıq subyektlərinin fəaliyyətini müasir qanunvericiliyin tələblərinə uyğun qura bilməməsi, məlumat yetərsizliyi, bəzi hallarda müəyyən bürokratik əngəllərlə rastlaşması, eləcə də maliyyə əlçatanlığının bəzi hallarda qənaətbəxş olmaması, kredit faizlərinin yuxarı olması kimi problemləri sadalamaq olar. Bütün bunlara rəğmən, ötən illərlə müqayisə etsək, görərik ki, kiçik və orta biznesin inkişafında artım dinamikası müşahidə edilir və iqtisadiyyatın ağardılması istiqamətində də məhz kiçik və orta sahibkarlıq subyektlərinin böyük rolu var. Mikro sahibkarlıq subyektlərinin qeydiyyata alınması, onların daha sonrakı proseslərdə kiçik sahibkara çevrilməsi artıq zəncirvari proses olaraq iqtisadiyyatın ağardılmasının zəruri elementinə çevrilmişdi”.

İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərovun sözlərinə görə, ölkədə azad sahibkarlığın inkişafı ümumi iqtisadi kursun əsas məğzini təşkil edir.

“Xüsusən 2005-2006-cı illərdə neft və bazar qiymətlərinin kəskin düşməsi nəticəsində ölkə iqtisadiyyatının böyük risklə üzləşməsindən sonra bu məsələlərə daha çox diqqət yetirildi. Və bir neçə istiqamət üzrə çox sayda dövlət proqramları qəbul edildi. 2018-ci ildə İlham Əliyev növbəti dəfə prezident seçildikdən sonra bu məsələ iqtisadi siyasət kursunun başlıca strateji məqsədini daşımağa başladı. Bunun nəticəsidir ki, 2019-cu ildə ölkədə böyük islahatlar həyata keçirildi. Vergi Məcəlləsinə bir çox dəyişikliklər edildi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində 2 böyük sosial paket həyata keçirildi. Eyni zamanda bütün bunların davamlı xarakter daşıması kimi bir daha orta və kiçik sahibkarlığın inkişafının prioritet təşkil etməli olduğu növbəti dəfə gündəmə gəldi.

Keçən il pandemiya şəraiti ilə əlaqədar olaraq iqtisadiyyatın müasir risklərdən sığortalanması üçün dövlət və hökumət tərəfindən müvafiq yardım göstərildi.

Cari ildən, xüsusən də işğal altında olan ərazilər azad edildikdən sonra görülən təsərrüfat işlərini əsas götürsək, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində ciddi addımlar atılmağa başlandı. Hazırda bu siyasət davam etdirilir”, - P.Heydərov qeyd edib.

Azad sahibkarlığın inkişafına mane olan səbəblər nədir?

İqtisadçı bazar rəqabətinin olmamasının gətirdiyi problemlərə də toxunub:

“Mövcud vəziyyət onu diktə edir ki, ölkədə sahibkarlığın inkişafı üçün mövcud vergi siyasəti bir az da liberallaşdırılmalı və stimullaşdırıcı xarakter daşımalıdır. Monopoliya, inhisarçılıq amilləri aradan qaldırılmalıdır. Vergi güzəştlərini nə qədər çox genişləndirsən də, ortada inhisarçılıq və monopoliya amilləri varsa, bunun heç bir effekti olmayacaq. Üçüncüsü, bazar rəqabəti təmin olunmalıdır. Bunun üçün rəqabət məcəlləsinin qəbulu tezləşdirilməlidir. Sahibkarlığın inkişafı üçün əsas ilkin şərtlərdən biri rəqabət amilinin olmasıdır. İnhisarçılıq olan yerdə rəqabət olmur. Rəqabət olmayan yerdə isə sahibkarlığın inkişafı üçün dövlət və hökumət tərəfindən nə tədbirlər görülsə də, bunun effekti çox çətin başa gələ bilər, ümumiyyətlə effekt verməyəcək. Odur ki, ölkədə tezliklə qanunvericilikdə rəqabət məcəlləsinin qəbulu baş tutmalı, inhisarçılığın aradan qaldırılması ilə geniş rəqabət imkanlarının təşkili təmin olunmalıdır.

Məhkəmə sistemi də getdikcə daha ədalətli bir mexanizm əsasında təşkil olunmalıdır. Bu, eyni zamanda xarici investisiyaların ölkəyə axını üçün tələb olunan şərtlərdən biridir”.

Aytən Məftun

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm