Xüsusi
Silahlar işə düşür: Bu baş verərsə, Rusiyada... - ŞOK PROQNOZ
Ötən gün Federal Ehtiyatlar Şurası gələn il 3 dəfə faiz artımına gedəcəyini öncədən müəyyən etdi. Bu, o deməkdir ki, 2022-ci ildə dollar daha da güclənəcək. Dolların güclənməsi təbii ki, digər inkişaf etmiş və etməkdə olan ölkələrin valyutalarına da təsir göstərəcək.
Bu sözləri Publika.az-a müsahibəsində iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
Müsahibəni təqdim edirik:
- Co Bayden Vladimir Putinlə görüşdən sonra bildirdi ki, Rusiya Ukraynaya hücum edərsə, ABŞ və NATO-nun üzvü olan Avropa ölkələri Rusiyaya iqtisadi sanksiyalar tətbiq edəcəklər. Sizcə, bu nə dərəcədə gözləniləndir?
- Rusiya tərəfi Ukraynada ciddi provakasiyaların olacağını qəti şəkildə inkar edir və hansısa bir formada Ukraynaya müdaxilə etməyəcəyini söyləyir. Amma faktiki olaraq, Ukraynaya müdaxilə çoxdan baş tutub. Krımın ilhaqı və Donbasda qondarma respublikaların yaradılması faktiki olaraq elə Rusiyanın müdaxiləsidir. Sadəcə olaraq, bu müdaxilənin daha da genişləndirilməməsi üçün Qərb dövlətlərinin planları ondan ibarətdir ki, Ukraynada Rusiyanın hansısa irimiqyaslı müdaxiləsi olmasın. Əgər olarsa, çox böyük iqtisadi sanksiyaların olması ehtimalından danışılır. Yəni şəbəkə təhlükəsizliyi sistemindən Rusiyanın çıxarılması, neft və qaz şirkətlərinə də sanksiyaların tətbiq olunması kimi tipli məsələlər müzakirə olunur. Ancaq düşünmürəm ki, Rusiya indiki şəraitdə hansısa bir formada bu addımı atsın. Çünki faktiki olaraq Krıma nəzarət Rusiyanın əlindədir və bu ölkənin tərkib hissəsi kimi fəaliyyət göstərir. Donbasda isə pasportların paylanması prosesi sürətlənib. Zaman burada Ukraynanın əleyhinə işləyir. Bir müddətdən sonra Donbas əhalisinin demək olar ki, tamamı Rusiya pasportu alandan sonra orada müdaxilə etmək və yaxud da fəaliyyəti dizayn etmək daha asan olacaq. Maksimum gözlənilir ki, ola bilsin Rusiya bir müddətdən sonra qondarma Donbas “respublikalarını” Abxaziya və Cənubi Osetiya kimi rəsmi şəkildə tanıya bilər. Bu, daha real görünür. Çox güman ki, tanınmadan sonra qondarma qurumlarla Abxaziya ilə olduğu kimi, hərbi müqavilələr də bağlaya bilər. Faktiki olaraq həmin “respublikaların” Rusiyanın müttəfiqi olan bəzi ölkələr tərəfindən tanınmasına çalışa bilər. Bu, daha real görünür, nəinki böyük hərbi müdaxilələr.
- Rublun çökəcəyi ilə bağlı proqnozlar var. Sizcə, hazırkı geosiyasi proseslər fonunda Rusiya iqtisadiyyatını nə gözləyir?
- Əgər, həqiqətən də şəbəkə təhlükəsizliyi sistemindən çıxarılması olsa və Rusiyanın enerji şirkətlərinə və enerji daşıyıcılarına sanksiyalar qoyulsa, bu, Rusiyanın çox böyük iqtisadi çətinliklərlə üzbəüz qalmasına səbəb ola bilər. Rus rublunun hətta faiz nisbəti ilə yox, dəfələrlə dəyərdən düşməsi ilə nəticələnə bilər. Bunu Rusiya da anlayır. Buna görə də açıq şəkildə hərbi müdaxilədən daha çox yarı hərbi, yarı siyasi qərarlarla gələcəkdə vəziyyətə nəzərət etməyi düşünür.
- Bu gün gündəmdə belə fikirlər var ki, Avropa Ukraynaya silah satışını dayandırdı və bir növ Qərb Ukraynanı yenə də pis vəziyyətdə qoyur. Sizcə, Bayden Putinin qarşısından geri çəkilir?
- Bu, Qərbin siyasətində də birmənalı deyil. Kollektiv Qərb anlayışı yoxdur. Tez-tez Rusiya mediasına bu sözü işlədirlər. Ancaq Qərb dövlətlərinin hərəsinin öz maraqları var. Almaniyanın Rusiya ilə çox sıx münasibətləri var, on milyardlarla dollarlıq ticarət dövriyyəsi mövcuddur. “Şimal axını-2” layihəsi Rusiyaya nə qədər lazımdırsa, Almaniyaya da bir o qədər lazımdır. Buna görə də Qərb ölkələrinin siyasəti müxtəlifdir və bu müxtəliflik fonunda da addımların atılması, Rusiya ilə anlaşmaya gedilməsi gözləniləndir. Mənim üçün burada təəccüblü bir şey yoxdur. Ancaq düşünürəm ki, ABŞ və bəzi dövlətlər bacardıqları qədər Ukraynaya hərbi yardım göstərməkdə davam edəcəklər.
- Baş verənlər fonunda söyləmək olarmı ki, artıq dünyada silahlar yox, iqtisadiyyatlar bir-birinə qarşı vuruşur.
- Bu trend İkinci Dünya müharibəsindən sonra başlanıb. İqtisadi müharibələr 1945-ci ildən sonra beynəlxalq iqtisadi institutların yaradılması ilə başqa müstəviyə keçdi. Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının və digər qlobal institutların yaranması ölkələrarası münasibətlərdə iqtisadiyyatı önə çıxardı. Çünki atom silahı kəşf ediləndən sonra hər kəsə də məlumdur ki, Üçüncü Dünya müharibəsi ola bilməz. Bu, baş verəcəksə, dünyanın sonu ola bilər. Ona görə də iqtisadi müharibələr və təsirlər son 70-80 ildə daha çox önə çıxıb və bu gün də öndədir, bundan sonra da məhz elə iqtisadiyyat üzərindən həmlələr müşahidə edə bilərik.
- Qarışıq geosiyası durumda türk lirəsinin perspektivini necə görürsüz?
- Türk lirəsinin təəssüflər olsun ki, yenidən dəyərdən düşməsi sürətləndi. Ancaq bu, beynəlxalq münasibətlərdən daha çox, Türkiyənin daxilin də yaranan vəziyyətdən asılıdır. Çünki Mərkəzi Bankın müstəqilliyinin olmadığı, faiz endiriminə getdiyi bir dövrdə, turizm gəlirlərinin və valyuta daxilolmalarının kəskin azaldığı bir vaxtda Türkiyə lirəsinin dəyər itirməsi daha çox daxili siyasətdə tutulmuş yolla əlaqədardır. Çünki AKP hökuməti, o cümlədən də Rəcəb Tayyib Ərdoğan bildirir ki, türk lirəsinin ucuzlaşması Türkiyənin ixracatını artıracaq, yəni Türkiyəni daha cəlbedici ixracatçı ölkəyə çevirəcək. Amma bu, həm də insanların yoxsullaşması və qiymətlərin kəskin artması ilə müşahidə olunur. Ola bilər ki, bu yolla 3-5 ildən sonra Türkiyə iqtisadiyyatında başqa dəyişikliklər, istehsal və ixracat yönümlü dəyişikliklər olsun. Bu, mümkündür. Amma 5 il ərzində bir neçə seçkinin olması da gözlənilir. Düşünmürəm ki, Türkiyə cəmiyyətə bu siyasətə çox isti baxsın. Növbəti seçkilərə qədər vəziyyət düzəlməsə, türk lirəsində irəliləyiş olmasa və qiymət artımının sürəti azalmasa, AKP-nin ciddi səs itirəcəyi gözləniləndir.
- 2022-ci ildə dünyada qiymət artımının sürətlənəcəyi proqnozlaşdırılır. Bu fonda növbəti il əsas valyutaları nə gözləyir?
- Görünən odur ki, dolların güclənməsi hələ də davam edir. Uzun illərdir ki, dolları zamansız dəfn edirdilər. Tez-tez müxtəlif ölkələrdən. O cümlədən, Rusiyada da fikirlər səsləndirirdilər ki, artıq dollar erasının sonu çatıb. Amma mənzərə tam əksidir. Dollar indeksi son iki ilin maksiumum səviyyəsindədir. Ötən gün Federal Ehtiyatlar Şurası da gələn il 3 dəfə faiz artımına gedəcəyini öncədən müəyyən etdi. Bu, o deməkdir ki, 2022-ci ildə dollar daha da güclənəcək. Dolların güclənməsi təbii ki, digər inkişaf etmiş və etməkdə olan ölkələrin valyutalarına da təsir göstərəcək. Rus rublu kağız neftdir və dünyada neft və qazın qiymətindən asılıdır. Əgər neft və qaz qiymətləri indiki səviyyədə qalsa və Rusiyaya qarşı yeni sanksiyalar olmasa, rublun çox böyük həcmdə dəyər itirəcəyini düşünmürəm. Amma türk lirəsində vəziyyət bir qədər başqadır. Əgər faiz endirimləri davam edəcəksə və Türkiyə hökumətinin genişləndirmə, daha çox türk lirəsini bazara buraxmaq hesabına canlanma siyasəti davam edəcəksə, lirə yenidən daha kəskin dəyər itkiləri ilə qarşılaşa bilər. Yeni taarifi maksimumlar görə bilərik. Dollar bahalaşacaqsa, təbii olaraq avro, ingilis funt sterlinqi, İsveçrə farankı da dollar qarşısında dəyər itirməyə davam edəcək. Yeri gəlmişkən, funt sterlinq son iki ilin minimumundadır. Bir neçə gün öncə 1 funt 1 dollar 30 sentdən aşağı düşdü. Bu, son illərdə çox nadir görülən hadisə idi. Bu, o deməkdir ki, dolların hegemonluğu və bahalaşması dünyada davam edə bilər və buna hazırlaşmaq lazımdır. Azərbaycan manatı isə adi qaydada tənzimləndiyindən, dünyada ancaq neft və qaz qiymətlərinin ciddi təsiri olur. Ona görə də bizdə manatın dəyərdən düşməsi iqtisadi qərarla ola bilməz.
Akqabay Mıradov
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”