Xüsusi
Ziya Bünyadovla bağlı maraqlı FAKTLAR AÇILDI: Falçı deyir ki, səni vuracaqlar... - MÜSAHİBƏ - FOTO
Ziya Bünyadovun respublikamızda tarix elminin yeni mərhələyə yüksəldilməsində misilsiz xidmətləri olub. Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair uzun illər ərzində meydana gətirdiyi fundamental tədqiqatlar, eləcə də orta əsrlərə aid çox sayda mənbələrin tərcüməsi ilə yanaşı, onlara yazdığı geniş şərhlər alimə böyük şöhrət qazandırıb. Azərbaycanda yeni ərəbşünas tarixçilər nəslinin formalaşmasında onun fəaliyyəti təqdirəlayiqdir. Vətənini həmişə azad, firavan görmək istəyən tarixçi şübhəsiz ki, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan öncüllərdən biri idi.
Sayğı və ehtiramla yad etdiyimiz görkəmli alimin bu il anadan olmasının 100 ili tamam olur.
Bu münasibətlə Publika.az Ziya Bünyadovun Elmlər Akademiyasının 7-ci mərtəbəsində yerləşən kabinetini ziyarət edib.
Kabinetdə bizi tanınmış türkoloq, eyni zamanda Ziya Bünyadovun həyat yoldaşı Tahirə Bünyadovanın bacısı qızı, filoloq Zemfira Qurbanova qarşıladı. Zemfira xanım 25 ildir ki, bu otağı göz bəbəyi kimi qoruyur. Hər bir elmi əsər, kitab, eləcə də digər detalların dəyəri qiymətsizdir. Ziya Bünyadov haqqında Zemfira xanımla söhbətimiz də elə alimin bizi nura boyayan işıqlı kabinetində baş tutdu.
- Zemfira xanım, Azərbaycanın görkəmli alimi necə ailədə böyümüşdü?
- Ailədə çox sərt təlim-tərbiyə hökm sürürdü. Atası - Musa Mövsüm oğlu Bünyadov Bibiheybətin nüfuzlu üləmalarının nəslindəndir və bir neçə xarici dil bilirdi. Buna görə Ziya uşaqlıqdan ərəb dilində danışa bilir, Quran oxuyurdu, ümumiyyətlə dərsləri ilə ciddi məşğul olurdular. Ziya altıuşaqlı ailənin ən böyüyü olduğundan bütün diqqətlərin onun üzərində olması anlaşılan idi. Dərslərini əla qiymətlərlə oxusa da, hərdən istənilən oğlan kimi o da yaramazlıq edirdi. Xidməti işi ilə əlaqədar olaraq Musa Mövsüm oğlu Bünyadov Göyçaya göndərilmiş, Ziya Bünyadov da orta məktəb illərini Göyçayda keçirmişdi. Orta məktəbi bitirəndən sonra 16 yaşlı Ziya aviasiya məktəbinə daxil olmaq arzusu ilə Bakıya gəlir, lakin hündürboy olduğundan onu təyyarəçilik məktəbinə qəbul etməmişdilər. Tibb komissiyasından keçə bilmədiyindən, yaşına 2 il əlavə etmişdi. Daha sonra o, təhsilini S.Orconikidze adına Bakı Piyadalar Məktəbində davam etdirməli olmuşdu. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirəndən sonra onu Moldovaya göndərirlər. Burada - Dnestr çayı üzərindəki kiçik liman şəhəri olan Bəndərdə İkinci Dünya müharibəsi başladıqdan cəmi 1 saat sonra həyatında ilk döyüşünə girir. Xəstəxanalarda keçirdiyi vaxtı çıxmaqla, Ziya Bünyadov İkinci Dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçib.
src="/storage/files/upload/947c9570160b6272dceb408e5e029b9613de3c06.jpg" style="width: 530px; height: 353.333px;" class="fr-fic fr-dib">
- Müharibə onun həyat yolunda hansı izləri qoymuşdu?
- Ziya gənc leytenant idi, bizə danışırdı ki, silahdaşlarının gözlərinin qarşısında necə can verdiyinə baxmaq çox ağır idi. Müharibə dəhşətdir, hər saniyə ölümlə üz-üzəsən.
Bir dəfə müharibədə olduğu dövrdə ona bir qaraçı yaxınlaşıb “Gəl falına baxım” deyir. İstəməsə də, qaraçı onun gələcək taleyi barədə danışmağa başlayır. Qaraçı deyir ki, həyat yolun çox ağır olacaq, ağır yaralanacaqsan, lakin savaşdan sağ çıxacaq və ulduzunun parladığı zirvəyə qalxacaqsan. Bu ulduz sənin bütün həyat yolunu işıqlandıracaq! Ziya deyirdi: “Qaraçının “müharibədən sağ çıxacaqsan” sözləri həmişə ağlımda idi”. Sonra o, həqiqətən də kontuziya alır və ağır yaralanır. Stalinqradın müdafiəsində iştirak edir. Yeri gəlmişkən, Stalinqradda Mamoyev kurqanında vəfat edən bütün hərbçilərin adları yazılıb. Orda Ziya Bünyadovun da soyadı qeyd olunub, xəstəxanada bir müddət yaralı və huşsuz halda yatdığına görə hamı düşünürdü ki, vəfat edib. Özünün də bu heykəlin yanında fotosu var.
Bu, alman əsgərin qulağından qopartdığım bir parça idi
src="/storage/files/upload/c45a3e6eb0c310c871fb4915cbdbf0c540099ec5.jpg" style="width: 512px; height: 341.333px;" class="fr-fic fr-dib">
- Sirr deyil ki, müharibədən sonra həyata davam etmək asan olmur. O, dövrü necə aşmışdı?
- O, bir müddət xəstəxanada huşsuz halda yatıb. Müharibə haqqında xatirələrində özü də yazırdı: “Ayılıb özümə gələndə ağzımda nə isə olduğunu hiss etdim və tüpürdüm. Bu, alman əsgərin qulağından qopartdığım bir parça idi. Əlbəyaxa döyüşdə almanın qulağını dişləmişdim”.
Əlbəttə ki, müalicə və müharibə travmalarının keçməsi üçün zaman lazım idi. Müharibədən sonra o, Berlində komendant təyin olunur, alman uşaqlarına böyük yardımlar edir, vətəndaşlara əlindən gələn köməyi əsirgəmir. Özü haqqında çox dərin xatirələr qoymuşdu. Zabit olmasına baxmayaraq, savaşdan sonra sakit həyata qayıtmaq istəyir. Beləliklə, o, Moskva Universitetinin şərqşünaslıq fakültəsinə daxil olur, ərəb dili ilə məşğul olur, eyni zamanda müəllimlərinin sevimlisinə çevrilir.
Zaqs idarəsinə gedəndə tramvaya minməyə pulları olmayıb
- Tahirə xanımla da universitetdə tanış olmuşdu.
- Bəli, ortaq dostlarının sayəsində tanış olublar. Müharibə illərində Tahirə xanım hərbi hospitalda yaralılara qulluq edib. Daşkənddə olarkən müalicə etdiyi əsgərlər ona təşəkkür məktubu yazır və deyirlər ki, universitetə hündürboy bir azərbaycanlı oğlan qəbul olub, Moskvada sizi tanış edərik. Tahirə xanım universitetdə hündürboy, göygöz bir oğlan görür, bütün qızlar ona heyran idi. Başa düşür ki, bu oğlan Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovdur. Buna baxmayaraq, ondan bir qədər çəkinirdi, çünki Ziya Bünyadov həmişə çox ciddi görkəmdə gəzirdi.
Anası Vəzirova Azat Mirbabayeva (Yusif Vəzir Çəmənzəminlinin kiçik bacısı) Bakıya gələndə Tahirə xanım ona etiraf edir ki, Ziya Bünyadovla ünsiyyət qurmağa qorxur. Anası ona tapşırır ki, azərbaycanlıdır, yanından keçəndə mütləq “salam əleyküm” de salamlaş. Bir gün Tahirə xanım Ziya bəyə doğma dilində “salam əleyküm” deyəndə o, təəccüblənir.
src="/storage/files/upload/26f3876e190d683a9c105f83a01c3405a37ab0e8.jpg" style="width: 555px; height: 369.169px;" class="fr-fic fr-dib">
Tahirə xanım görkəmli şərqşünas-alim və ictimai xadim, Sovet İttifaqı Qəhrəmanı, akademik, böyük vətənpərvər Ziya Bünyadova həsr olunmuş “Ölümdən güclü” kitabında da yazırdı ki, Ziya Bünyadov heç kimə icazə vermirdi ki, ona yaxınlaşsın və rəqsə dəvət etsin. Tələbə yataqxasında rəfiqələrindən birinin toyu olur. Bu toyda hər ikisi iştirak edirdi. Tahirə xanım yazır ki, Ziya Bünyadov ona yaxınlaşıb səssizcə “Mənə ərə gəl” deyə pıçıldayıb. Daha sonra Tahirə xanımın böyük xalası Moskvaya gedib Ziya ilə tanış olur və ondan xoşu gəlir. Beləliklə, gənclər ailələrin də xeyir-duasını alır.
Onlar nikah bağlamaq üçün zaqs idarəsinə gedəndə tramvaya minməyə pulları olmayıb. VVAQ-dan yataqxanaya 15 km yolu piyada gəliblər. Yataqxanada müəllim və tələbə dostları onlar üçün gözəl bir süfrə açıb, toy edib. Onlar 50 il birlikdə ömür sürüblər, bütün çətinliklərdən bir keçiblər.
- Bəs qısqanc idi?
- Qısqanclıq müxtəlifdir, bu mənada Tahirə xanıma heç vaxt səsini qaldırmayıb, Ziya Bünyadov kifayət qədər mədəni insan idi.
Gözləmirdi ki, insanlar ondan nəsə xahiş etsin
- İnsanlarda hansı xüsusiyyəti yüksək qiymətləndirirdi?
- Disiplinli olmasını. O deyirdi ki, əgər adam disiplinli deyilsə, heç kimdir. Ömrünün sonuna qədər hərbçi ruhu onu tərk etmədi. İşə piyada və hamıdan tez gəlirdi, otağının qapıları da hamıya açıq idi, onunla görüşmək üçün əvvəlcədən yazılmaq lazım deyildi. Əgər məşğul deyildisə, insanlar dərhal onunla görüşə bilirdilər. Bütün məktubları və xahişləri cavablandırıb, imkan daxilində kömək etməyə çalışardı. Sərt adam olduğuna görə tənbəlləri və boş gəzənləri sevməzdi. Eyni zamanda sözünün üstündə dura bilməyən insanları görəndə dərhal özündən çıxırdı. Ümumilikdə, böyük ürəyi olan xeyirxah, həm də hamıya qarşı eyni dərəcədə həssas bir insan idi.
Həmişə işlərimin necə getdiyini soruşardı, problemlərdən yayınanda əsəbiləşərdi. Deyirdim ki, Ziya dayı, əsəbiləşməyinizi istəmirəm. O cavab verərdi ki, danışdığım insanın hansı problemlərinin olduğunu və onu nəyin narahat etdiyini bilmək istəyirəm. Sevmir və gözləmirdi ki, insanlar ondan nəsə xahiş etsin və kiminsə qarşısında əzilsin. Birinci özü yardım əlini uzadırdı. Bu, onda ən üstün keyfiyyətlərdən biri idi. Xaricə yollananda hər bir işçisinin nəyə ehtiyacı olduğunu yaxşı bilir, onlara lazım olan bütün material və kitabları gətirirdi ki, həyatda nəyəsə nail olsunlar.
Bizdə Hacı Qara kimilər çoxdur, istəyirlər ki, hər şey özlərinin olsun. İnsanın ayağa qalxması və uğur qazanması üçün əlindən gələni edirdi. Yüzlərlə insan ona təşəkkür məktubu yazardı. Əminliklə deyə bilərəm ki, indi alim və akedemiklərə çətin ki, kimsə bu qədər minnətdarlıq məktubları göndərsin. Dünyanın dörd bir yanından həkimlər, tarixçilər, arxeoloqlar və digər peşə sahibləri Ziya Bünyadova məktub göndərirdi. O, həm səhiyyədən, həm də yeraltı zəlzələlərdən yazırdı. Onun bu mövzuda məqalələri dünya alimlərini riqqətə gətirmişdi.
Alimin araşdırması erməniləri hələ də sakitləşdirmir
Ən böyük xidmətlərindən biri “Azərbaycan VII-IX əsrlərdə” adlı kitabı idi. Üzərindən 60 il keçməsinə baxmayaraq, alimin bu mövzuda araşdırması erməniləri hələ də sakitləşdirmir. Onun arxivlərində olan sənədlərdə ermənilərə qarşı tutarlı faktlar var idi. Ermənilər Ziya Bünyadova böyük pullar təklif etmişdi ki, faktların yalan olduğunu desin. Mərhum akademik “Vətənim mənə hər bir var-dövlətdən üstündür” deyərək ermənilərin bu təklifini rədd etmişdi. Hətta onun rus dilində yazdığı kitabları ermənilər dərhal alırdılar ki, SSRİ-də yayılmasın. Bu kitab bütün dünyaya böyük səs salmışdı. Ziya Bünyadov orijinal qədim erməni, fars, ərəb mənbələrinə müraciət etmişdi. Odur ki, bu faktları silmək və yox etmək heç kimin hünəri deyil.
src="/storage/files/upload/60d663c0656aa64035afd1f28cad27a8779742e0.jpg" style="width: 523px; height: 348.667px;" class="fr-fic fr-dib">
Daha sonra “Azərbaycan Atabəyləri dövləti: 1136-1225-ci illər” kitabına görə Heydər Əliyevin təqdim etdiyi dövlət mükafatına layiq görülür. Bu, İkinci Dünya müharibəsindən sonra onun aldığı birinci mükafat idi.
Ziya Bünyadovun Azərbaycan xalqına verdiyi töhfələrdən biri də “Qurani-Kərim”i tərcümə etməsidir. Həyatının 4 ilini Quranın tərcüməsinə həsr edən alimin bundan qazancı cəmi 4 şirvan olmuşdu. O, bu işi heç bir təmənna güdmədən etmişdi. Hər bir sadə müsəlmanın nə və kim haqqında oxuduğunu bilməsini istəyir və deyirdi ki, dinimiz barədə hər kəsdə daha aydın təsəvvür yaranmalıdır.
- Bəs, özü inanclı idimi?
- Bəli, həmkarlarından biri danışırdı ki, gözlənilmədən maşını məscidin qarşısında saxlayır, ayaqqabılarını soyunur və dua etməyə gedirdi. Bu da onun şəcərəsi (Çərçivəni göstərir). Ziya Bünyadovun tam adı belədir: Şeyx Ziya əd-Din bin Şeyx Musa bin Şeyx Məsum bin Şeyx Mehdi bin Şeyx Mirzə bin Şeyx İsmayıl bin Şeyx Əli Məhəmməd bin Şeyx Məhəmməd Əmin bin Şeyx Əli Əsğər bin Şeyx Məhəmməd Müqim bin Şeyx Əsğər Əli bin Şeyx Qulam Əli bin Şeyx Bünyad əl-Bakuvi. Ziya Bünyadov şeyxdir, onu öldürən insan isə böyük bir günaha batıb. İslam dininə görə, bunun cəzası ağırdır...
src="/storage/files/upload/bdeac40a5e8826a6a7797b3434414a7a6b63b42f.jpg" style="width: 541px; height: 360.667px;" class="fr-fic fr-dib">
- Ölümündən əvvəl onu hədələyirdilər? Bu acı xəbəri necə öyrənmişdiniz?
- Neçə il keçməsinə baxmayaraq, bu barədə danışmaq mənim üçün hələ də çox ağırdır, çox...
- Necə ata idi?
- Kifayət qədər ciddi idi. Cəmil müstəqil olmaq üçün Moskvaya getmişdi, həyatda hər şeyə öz gücü və zəhməti hesabına nail olmaq istəyirdi. Kiçik oğlu Heydər də ərəb dili fakültəsinə daxil olmuşdu. O, bir müddət Xarici İşlər Nazirliyində işləmişdi, həm də olduqca ciddi adam idi.
- Oğlu və nəvəsinin ölümü də dəhşətlidir. Bu ölümlərin Ziya bəyin qətli ilə əlaqəsi var idi?
- Ziyadan sonra 1998-ci ildə nəvəsi Musa, 2000-ci ildə isə böyük oğlu Cəmili itirdik. Çox dəhşətli, vaxtsız və qəddar ölümlər idi. Yaxşı ki, Ziya bəy bunları görmədi.
Onun kiçik oğlundan 3 oğul nəvəsi var: Ziya, Əli və İsa. Göstərdiyi köməyə görə Ziyaya çox minnətdaram, Ziya Bünyadov haqqında 2013-cü ildə açılan saytın hazırlanmasında, əsərlərinin toplanmasında və qorunmasında çox kömək edib. Böyük sevgi və qayğı ilə babasının xatirəsini yaşatmağa çalışır. 25 ildir ki, bu kabinetdə işləyirəm, 25 ildir Ziya yoxdur. Bu illər ərzində bir çox kitab çıxarmışıq.
Cəmil və Musanın ölümündan danışmaq ağırdır, üzrlü sayın, bu suallarınızı cavabsız qoyacam...
- Ziya Bünyadov Heydər Əliyevlə dostluğundan söz açardı?
- Heydər Əliyev ona hörmətlə yanaşırdı, bu faciə baş verəndə məsələni nəzarətə götürmüşdü və Ziya Bünyadovun vida mərasimində onun ölümünü bu sözlərlə ifadə etmişdi: “Xalqımıza böyük itki üz verib. Xalqımızın böyük oğlunun vəhşicəsinə qətlə yetirilməsi hamımızı kədərləndirir. Yenə təkrar edirəm, o, 20-ci əsrin xalqımıza hədiyyə etdiyi böyük bir alimdir. O, elə bir insan idi ki, öz varlığı və şərəfli həyat yolu ilə onun haqqında nə qədər danışsaq da, tam qiymətini verə bilməyəcəyik. Xüsusi fitri istedada malik olan, eyni zamanda öz cəsurluğu, rəşadəti, zəkası, fədakarlığı, zəhmətkeşliyi və işgüzarlığı ilə cəmiyyətdə görkəmli bir yer tutmuşdu. O, təkrarolunmazdır, özündə bütün gözəl keyfiyyətləri birləşdirmişdi. Ziya Bünyadov bir alim kimi heç kimdən qorxmadan və çəkinmədən elmi baxışlarını açıq şəkildə deyirdi”.
src="/storage/files/upload/a4e757167038f3aa6268a9f23f352794325f076e.jpg" style="width: 525px; height: 350px;" class="fr-fic fr-dib">
Biz Qarabağı ermənilərdən azad etməyənə qədər sakitləşməməliyik!
- Zemfira xanım, Ziya Bünyadov inanırdı ki, işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad edəcəyik?
- Nəinki inanırdı, o, tam əmin idi. “Biz Qarabağı ermənilərdən azad etməyənə qədər sakitləşməməliyik” deyirdi. Şuşanın işğaldan azad olunduğu gün yazmışdım ki, artıq Ziyanın ruhu şaddır (kövrəlir).
O illərdə Z.Bünyadov Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün çox ciddi işlər görüb. Birinci Qarabağ müharibəsində deyirdi ki, döyüşmək üçün mənə əsgər rotası verin. Onda əsl döyüşçü ruhu var idi, əlbəttə ki, narahat idi, fikir çəkirdi. Tahirə xanımın anası əslən Şuşadan idi. Şuşa işğal olunanda nənəm tez-tez soruşardı: “Ay Ziya, Şuşa nə oldu...”
Çox təəssüf ki, bu gün gənclərin çoxu Ziya Bünyadovu tanımır. Bir dəfə küçədə sorğu keçirilirdi, ancaq yaşlı bir adam Ziya Bünyadovun şəxsiyyəti və kimliyi barədə düzgün danışa bildi. Kimdir günahkar? Məktəb və universitetlər. Məktəbə dəvət olunanda məmnuniyyətlə gedərdi, cavanlarla görüşməyi sevərdi. Deyirdi ki, keçmişini bilməyən gələcəyini doğru qura bilməz. Biz öz tariximizi bilməliyik. Tək “Qarabağ bizimdir” deməklə biz dünyaya nəyisə sübut edə bilmərik, ortaya tutarlı faktlar qoymalıyıq.
Azərbaycan SSR-in Ağdərə rayonunun Marağa kəndinə İrandan ilk 200 erməni ailəsinin köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə “Marağa-150” abidəsi ucaldılıb. Bu abidəni sonradan ermənilər özləri məhv edib. Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə ofnlara “Xalqlar dostluğu” ordeni verilmişdi. Ziya deyirdi ki, abidəni dağıtmısınız, bəs medal, ordenlər nə olsun? Bu faktdan çox az adam xəbərdardır, xüsusilə gənclər.
Faciəvi ölümü olmasaydı, daha böyük işlər görə bilərdi, enerjisi dolub-daşırdı. Azərbaycan üçün tərcümə etdiyi məqalələr və yazdığı monoqrafiyalar hələ uzun illər gənc nəsil üçün fundament rolunu oynayacaq.
- Görkəmli tarixçimizin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulur?
- Bunun üçün çalışırıq, o, buna layiqdir. 90 illiyində biz böyük bir beynəlxalq konfrans təşkil etmişdik, hətta Arxangelskdən gələn alim olmuşdu. Düşünürəm ki, ona layiqli 100 illik keçirməliyik.
Foto: Ceyhun Rəhimov
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...