Xüsusi
Rusiya böyük səhv etdi, Azərbaycan və Türkiyə... - MÜSAHİBƏ
Hazırda bütün dünyanın diqqəti Ukrayna-Rusiya savaşındadır. 4 cəbhədə Ukraynaya qarşı müharibə aparan Rusiyaya qarşı Qərbin sanksiyaları nəticə verəcəkmi, ruslar geri çəkiləcəkmi? – İndi hər kəsi düşündürən əsas sual da məhz budur. Azərbaycan və Türkiyənin bu müharibədə vasitəçilik missiyası da xüsusi diqqət çəkir. Antaliya Diplomatiya Forumu çərçivəsində Ankaranın nümayəndələri Moskva və Kiyev təmsilçiləri arasında vasitəçi kreslosunda əyləşmişdi. Bəs, danışıqların davamı Bakıda gerçəkləşəcəkmi?
Professor Toğrul İsmayıl Publika.az">Publika.az-a müsahibəsində söyləyib ki, istənilən halda Ukrayna-Rusiya savaşında hər şey Kremldəki söz sahibindən asılı olacaq.
Müsahibəni təqdim edirik:
- Sizcə, Ukrayna-Rusiya savaşı nə zaman yekunlaşa bilər? Rusiyanı indidən geosiyasi və iqtisadi baxımdan məğlub saymaq mümkündürmü?
- Əslində, sualınız bir qədər mürəkkəbdir. Müharibənin nə vaxt yekunlaşacağını indidən söyləmək çətindir. Hələlik müharibənin gedişatında heç bir şey görmürük. Rusiya tərəfi qısa bir müddətdə Ukraynanı ram edəcəyini düşünürdü. Amma görünən odur ki, bu, mümkün olmadı. Beləliklə, proseslər yeni bir mərhələyə keçdi. Hücumlar baxımından deyirəm. Əsas problemlərdən biri də sivil hədəflərlə bağlıdır. Müharibə böyük şəhərlərə də ayaq açıb. Sivil insanlar arasında ölüm halları artdıqca dünyanın Rusiyaya təzyiqi də qəribə bir şəkil ala bilər. Bu təzyiqlərin böyümə ehtimalı da mümkündür. Buna görə də Ukrayna-Rusiya müharibəsinin nə zaman yekunlaşacağını söyləmək çətindir. İndiki məqamda görünən odur ki, Rusiya hər iki halda bu savaşdan qalib ayrıla bilməyəcək. Hətta Rusiya Ukraynanın iri şəhərlərini ələ keçirsə belə, artıq nəticə bəllidir.
- Yəni, Rusiya Ukrayna məsələsində xətaya yol verdiyini anlayır?
- Bəli, Rusiya tərəfindən ciddi xətaya yol verilib. Gözlənilən o idi ki, Rusiya qoşunları Donetsk və Luqansk üzərində hakimiyyət qurduqdan sonra Krım və onun çevrəsindəki əraziləri ələ keçirərək Donbasla quru əlaqəsini bərpa edəcək. Amma ruslar tamam fərqli həmlə etdilər, Ukraynanın böyük şəhərlərini ələ keçirməyə cəhd göstərdilər. Bunun da sonluğu Rusiya üçün gözlənilməz nəticələrə gətirib çıxarmaqdadır. Bu, müharibə və Ukraynanın işğalı məsələsidir. Ona görə də düşünürəm ki, Rusiya rəhbərliyi bu məsələdə ciddi səhvlərə yol verdi. Onların hesablamaları özünü doğrultmadı. Belə olan halda indidən deyə bilərik ki, bu məsələ birmənalı olaraq Rusiyanın əleyhinə nəticələnəcək. Yəni, Rusiyanın əvvəlcədən bu məsələdə ehtiyatlı davrandığı anlaşılan idi. Amma Kremlin Ukrayna məsələsindəki davranış şəkli də qəbuledilməzdir. Əlbəttə, Rusiya ilə Qərb arasındakı qarşıdurma sadəcə Ukrayna məsələsi ilə bağlı deyil. Bunun daha dərin kökləri var. Rusiyanın Ukraynaya qarşı atdığı addımlar Moskvanı bütün dünya qarşısında işğalçı durumuna gətirib çıxardı. Üstəlik, Qərbin, Birləşmiş Ştatların da əlini gücləndirdi.
- Qərb və Rusiya qarşıdurması Ukrayna hadisələri fonunda Üçüncü Dünya müharibəsinə çevrilə bilərmi? Nüvə təhdidləri sonda nə ilə nəticələnəcək?
- Bunu dünya müharibəsi adlandırmaq doğru deyil. Dünya müharibəsinin baş verməsi üçün blokların olması lazımdır. Bir tərəfdə Rusiya, digər qütbdə dünyanın digər dövlətləri yer almalıdır. Bu, dünya müharibəsindən daha çox, dünyanın Rusiya ilə müharibəsinə çevrilə bilər. Görünən odur ki, Rusiya hazırda bu məsələdə təklənmiş şəkildədir. Moskvanı Ukrayna məsələsində dəstəkləyən ölkələr mövcud deyil. Onun ciddi müttəfiqi də yoxdur. Rusiya tərəfindən səsləndirilən nüvə təhdidləri də olduqca gərəksizdir. Bu gün Rusiya tərəfindən nüvə silahından istifadə ediləcəyini kiminsə düşünməsi belə absurddur. Yanaşmanın özü absurd təsiri bağışlayır. Bu cür təhdidlər onu dünya ictimaiyyəti qarşısında haqlı çıxarmaz. Məsələlərin hər birinin həlli yolu varkən, silahlı münaqişəyə əl atmaq Rusiya kimi bir dövlətə yaraşmaz. Kreml Qərblə problemlərini başqa bir şəkildə həll edə bilər. Belə olan halda Moskvanın nüvə təhdidləri ilə bağlı fikirlər səsləndirməsi, bu cür addımlara, hərəkətlərə yol verməsi çox ciddi nəticələrə gətirib çıxaracaq.
- Baş verən hadisələr fonunda eks-prezident Yanukoviçin yenidən Ukraynada hakimiyyəti ələ alması nə dərəcədə realdır?
- Viktor Yanukoviçin yenidən hakimiyyətə gətiriləcəyini düşünmürəm. Çünki Yanukoviç siyasi lider olaraq dəyərini çoxdan itirib. Onun nə Rusiya, nə də Ukrayna cəmiyyəti üçün dəyəri var. Bugünkü müharibə şəraitində Kiyevdə rusiyayönümlü bir fiqurun hakimiyyətə gətirilməsi olduqca çətin məsələdir. Ona görə ki, hər kəs ona işğalçı dövlətin qoyduğu bir xunta kimi baxacaq. Eyni zamanda, ukraynalılar da onu qəbul etməyəcək. Onların özünün seçdiyi bir lideri silah gücünə devirərək onun yerinə başqa birini oturtmaq açıq şəkildə xarici müdaxilə deməkdir. Eləcə də açıq formada təzyiq deməkdir. Ukrayna xalqının da bunu qəbul edəcəyinə inanmıram. Yəni bu, doğru bir qərar ola bilməz.
- Azərbaycanla Türkiyə Ukrayna və Rusiya arasında vasitəçi ola biləcəkmi? Bakı və Ankara Ukrayna hadisələri fonundakı bu böhran pəncərəsindən iqtisadi baxımdan karlı çıxa biləcəkmi?
- Bu yöndə cəhdlər var. Həm Türkiyənin, həm də Azərbaycanın prezidentləri qarşılıqlı olaraq bir-birini ziyarət edirlər. Zəng edərək müzakirələr aparırlar. Antalya Diplomatiya Forumunda hər iki ölkənin – Ukrayna və Rusiyanın xarici işlər nazirlərinin görüşləri baş tutdu. Orada bir masa arxasında görüş gerçəkləşdi. Vasitəçi kimi Türkiyə təmsilçisi orada əyləşmişdi. Vasitəçilik var, amma bunun nə qədər uğurlu olacağını söyləmək çətin məsələdir. Ona görə ki, burada çox şey Rusiyanın özünün atdığı addımlardan asılıdır. Türkiyə və Azərbaycan bu məsələdə əlindən gələni edir, amma Rusiya Prezidenti Vladimir Putinin alacağı qərarlar çox vacibdir. Müharibə uğurlu bir şey deyil. Qonşularla müharibə bizim – Türkiyə ilə Azərbaycanın iqtisadiyyatına da ciddi zərər vurur. Yaxın gələcəkdə də bunun müsbət nəticələrini görməyəcəyik. Müharibə dayanarsa və bəzi məsələlər öz həllini taparsa, o zaman deyə bilərik ki, həm Azərbaycan, həm də Türkiyə bu məsələdən karlı, qazanclı çıxar. Hələlik bizim sərgilədiyimiz mövqe olduqca doğrudur. Amma hər şey müharibənin nə qədər davam edəcəyindən, Rusiyanın siyasi iqtidarından çox asılıdır.
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi