Xüsusi
Moldova parlamentinin sədri mənə dedi ki, Şuşada... – CÜMƏ SÖHBƏTİ
Türk Şurasının qərarı ilə Şuşa Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edildi. Ekspertlər düşünür ki, bu, bir çox anlamda Şuşanın dünyaya inteqrasiyası baxımından böyük hadisədir.
Publika.az-ın “Cümə söhbəti”ndə politoloq Tofiq Abbasovla Şuşa və Azərbaycan mədəniyyəti, ictimaiyyəti üçün önəmli olan bu məsələ üzərindən söhbətləşmişik.
Müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Türk Şurası Şuşanı Türk Dünyasının Mədəniyyət Paytaxtı elan etdi. Bu, 30 illik işğaldan sonra Şuşanın dünyaya inteqrasiyası baxımından nə deməkdir?
- Şuşa təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də bütövlükdə türk dünyasının, hətta deyərdim ki, Şərq dünyasının vacib, rəmzi xarakter daşıyan şəhərlərindən biridir. Şuşa bineyi-qədimdən mədəniyyət ocağı olub. Şuşa bir çox siyasətçiləri yetişdirib. Yazarlarımızın, mütəfəkkirlərimizin doğulub boya-başa çatdığı bir mədəniyyət beşiyidir. Şuşadakı mühit elə bir mühit olub ki, orada yaradıcı atmosfer, yaradıcı ruh hər zaman diqqət çəkib. Faktiki olaraq bizim dahilərimiz, klassiklərimiz orada dünyaya göz açıblar, fəaliyyət göstəriblər. Şuşa təkcə bizim mədəniyyət mərkəzimiz deyil, orada həm də bizim çox önəmli siyasətçilərimiz, dövlət xadimlərimiz yetişib. Yazarlarımızın, ədiblərimizin yazıb-yaratdığı, boya-başa çatdığı bir yerdir. Ona görə də Şuşanın həm Azərbaycan xalqı, həm türk dünyası, həm də Şərq dünyası üçün çox böyük əhəmiyyəti var. Çünki bu şəhər unikal və universal keyfiyyətlərə malikdir. Həqiqətən də buradakı mühit bir çox tarixi şəxsiyyətlərin yetişməsində mühüm rol oynayıb.
- Sanki erməni işğalı da onun ruhunu korlaya bilmədi...
- Ermənilər Şuşaya qarşıdurmanı, dağıntıları, nifrət ruhunu və digər lazımsız, idbar hissləri gətirib çıxardı. Ermənilər daşıdıqları dəyərlərini də Şuşaya oturtmağa çalışdılar. Ancaq bu baş vermədi. Çünki Azərbaycan xalqının əzmi, Azərbaycan millətinin mübarizliyi, nəhayət, bizim Prezidentimizin qətiyyəti ilə bu proseslərin hamısı öz həllini tapdı. Erməni “izləri” Şuşada qalıcı olmadı.
- Şuşa Bəyannaməsi ilə sanki bu şəhər dünyanın da diqqət mərkəzinə düşdü. Sizcə, Şuşanın dünyada tanıdılması prosesi davam edəcəkmi?
- 2021-ci ilin 15 iyununda Şuşada Şuşa Bəyannaməsi imzalandı. İlk dəfə başqa ölkənin prezidenti ölkə başçısı İlham Əliyevin dəvəti ilə Şuşaya təşrif buyurdu. Mən özüm bir jurnalist, bir televiziya əməkdaşı kimi Moldova parlamentinin sədri İqor Qrosun müsahibəsini də Şuşada çəkdim. Bu onun öz xahişi idi. O bizə bildirdi ki, müsahibə Şuşa şəhərində çəkilsin. Moldova bizə yaxın dövlətdir, dost ölkədir. Bundan başqa, bizim Moldova ilə bir çox sahələrdə əlaqələrimiz mövcuddur. Moldovanın ikinci şəxsi bildirdi ki, biz sizinlə Şuşada görüşək, müsahibə də Şuşada olsun. Mən Şuşanı çox görmək istəyirdim, bu mənim arzumdur – söyləmişdi. Biz görürük ki, beynəlxalq münasibətlər sistemində də artıq bu unikal şəhərimiz tanınır. Eyni zamanda dəyərləndirilir. Elə ona görə də orada bir sıra konfranslar, simpoziumlar keçirilir. Bu, təsadüfi deyil. Bütün bunlar Şuşanın həqiqi mahiyyətinə işıq tutur. Həm milli, həm də beynəlxalq müstəvidə Şuşanın dəyəri əvəzsizdir. Şuşa bütün dünyada özünü təsdiqləmiş dilbər guşədir. Eyni zamanda Şuşadakı xüsusi mühit hər zaman insanları ruhlandırıb, yaradıcılığa sövq edib. Ona görə də məhz bu baxımdan Şuşa beynəlxalq müstəvidə öz statusunu təsdiqləməyə hazırdır və təsdiqləyir. Biz görürük ki, Şuşa özünün qədim dəst-xəttini saxlamaqla, həm də yenilənir. Çünki orada hazırda böyük quruculuq və bərpa işləri gedir. Bütün bu planlar bizim xalqımızın, millətimizin planlarına uyğundur. Digər tərəfdən, biz dünyaya bir daha göstərdik ki, ermənilər kimi dağıdıcı xalq deyilik. Onlar bizim kəndlərimizi, şəhərlərimizi viran qoyublar. Şuşanın bir qədər bəxti orada gətirdi ki, ermənilər oraya iddialı idilər. Guya bu şəhəri “salanlar” da, onun “qədrini bilənlər” də, “yaşadanlar” da ermənilərdir. Amma biz işğaldan sonra Şuşada ürək sıxıntısı ilə qarşılanan mənzərələri gördük. Mən də bunun şahidi oldum. Bəzi binalar dağılıb. Şəhərin infrastrukturu bərbad vəziyyətdədir. Əgər ermənilər Şuşanın qədrini belə bilirdilərsə, əgər doğrudan da bu şəhər onların idisə, əgər Ağdam, Füzuli, Qubadlı onlara məxsus idisə, niyə bu şəhərləri yerlə-yeksan edirdilər?! Niyə həmin şəhərlərdə, rayonlarda daşı daş üstə qoymadılar?! Şuşanın taleyindəki bədbəxtlik ondan ibarət idi ki, 30 il ərzində qəsbkar düşmənin əlinə keçmişdi. Ermənilər vandal olaraq nəyə qadir olduqlarını göstərdilər. Biz də işğal dövründən sonra bütün dünyaya qurub-yaradan xalq olduğumuzu nümayiş etdirdik. Bizim potensialımız, istəklərimiz var. Azərbaycan xalqı həmişə bəşəri dəyərləri üstün tutmağı bacarıb.
- Ola bilərmi ki, gələcəkdə Şuşada beynəlxalq mədəniyyət təşkilatlarının, siyasi qurumların mənzil qərargahları yaradılsın?
- Əlbəttə! Ola bilər... Mən bunun baş verəcəyinə əminəm. Hətta məndə olan məlumata görə, 2-3 dövlət Şuşada öz konsulluqlarını açmaq haqqında da düşünürlər. Onlardan biri də qardaş Türkiyədir. Digər ölkələr də var. Amma onlar bu niyyətlərinin üstünü məlum səbəblərə görə hələ də açmaq istəmirlər. Çünki hər şeyin vaxtı var, hazırlıq işləri görülməlidir. Diplomatik səviyyədə razılaşmalar aparılmalıdır. Odur ki, digər ölkələrin planlarında bu kimi məqamların olması şübhə doğurmur. 2018-ci ildə Prezident İlham Əliyevin təşəbbüskarlığı ilə Bakı Prosesi təsis edildi. Həmin proses dünya səviyyəsində oturuşmuş bir platformadır. Əminəm ki, Şuşa da beynəlxalq səviyyədə sülh, bərabərlik, qardaşlıq, əməkdaşlıq məfkurəsinə dəstək verə biləcək bir platformaya, mərkəzə çevrilə biləcək. Çünki həqiqətən də Şuşanın adı bizim üçün həm rəmzdir, həm də dəyərdir. Eyni zamanda Şuşa bizə ruh verən bir anlayışdır. İnşallah, tez bir zamanda şuşalılar öz ata-baba yurdlarına qayıdacaqlar və orada yaşayacaqlar. Onlar da yaratmaq eşqi ilə yaşayırlar. Onların da arzuları, niyyətləri var. Əsas məqam odur ki, Şuşa öz layiqli statusunu özünə qaytarıb. Biz mənfur, idbar düşmənin əl-ayağını oradan yığışdırmışıq. Bir də Şuşanın üzərində qara buludlar olmayacaq.
- Son günlər Qarabağın dağlıq hissəsində gərginlik artıb. Fərrux kəndindən sonra erməni terrorçu dəstələri Xocalının Pirlər kəndində də təxribatlara əl atdılar. Bunlar sülhməramlıların gözünün qarşısında baş verir. Fərruxda olduğu kimi, ordumuz bir güllə atmadan Pirlərdə də məsələni yoluna qoya bilərmi?
- Bilirsiniz, biz haqlı olaraq rusiyalı sülhməramlıların fəaliyyətindən narazıyıq. Çünki onlar gah nala, gah da mıxa vururlar. Öz fəaliyyətlərini lazımi, layiqli səviyyədə həyata keçirə bilmirlər. Onlar dağıdıcı qüvvəyə rəvac verirlər, imkan yaradırlar. Biz bununla barışa bilmərik. Ona görə də yəqin ki, bu proses bir qədər çəkəcək. Amma mən əminəm ki, rusiyalı sülhməramlılar Qarabağda çox qalmayacaq. Çox güman ki, 5 il tamam olan kimi oradan çıxıb gedəcəklər. Çünki onların fəaliyyətinə lüzum yoxdur. Azərbaycan Ordusu heç vaxt birinci atəşi açmayıb. Bunu hər zaman ermənilər ediblər. Biz hər zaman alicənab, təvazökar rolunda olmuşuq. Amma ermənilər bunu düzgün anlamadılar. Ermənilər bunu zəifliyin rəmzi kimi anladılar. Ona görə də çox ağır bir vəziyyətdə kapitulyasiyalarını boyunlarına aldılar. Azərbaycan Ermənistana sülh təklif edirdi, onlar isə danışıqlar prosesini pozurdular. Bu kimi durumlar nə diplomatiyaya, nə də siyasətçi fəaliyyətinə başucalığı gətirir. Hazırda Qarabağın dağlıq hissəsində Balasanyan və digərlərinin timsalında suyu bulandıranlar var. Bizimkilər oradakı istənilən təhdidlərə cavab verəcəklər və verməlidirlər. Atəş açacaqlarsa, cavab atəşi ilə susdurulacaqlar. Hansı təxribatlara əl atsalar, onların qarşısı alınacaq. Qarabağda müharibə bitib, ərazi bütövlüyümüz təmin olunub. Oradakı bir ovuc ermənilər isə istəsələr də, istəməsələr də Azərbaycan qanunvericiliyi ilə barışmalıdırlar. Silah-sursatdan əl çəkməlidirlər. Əks halda məhv ediləcəklər.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO