Bakının “Brüssel qovluğu”nda nələr var: İrəvan sülhə gəlir? – DETALLAR
Bizi izləyin

Xüsusi

Bakının “Brüssel qovluğu”nda nələr var: İrəvan sülhə gəlir? – DETALLAR

Bakının “Brüssel qovluğu”nda nələr var: İrəvan sülhə gəlir? – DETALLAR

Aprelin 6-da Belçikanın paytaxtı Bresseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq. Bir çox ekspertlərin bu görüşdən elə böyük gözləntisi olmasa da, ümid işığını tamamilə söndürənlər də az deyil.

Bəs Brüsseldə nələr baş verəcək? Bakının və İrəanın “Brüssel qovluğu”nda nələr var?

Keçmiş Xarici İşlər Naziri Tofiq Zülfüqarov Publika.az-a müsahibəsində deyib ki, Ermənistan Azərbaycana ərazi iddialarını yeni müstəviyə daşıyıb.

Müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Przident Əliyev və baş nazir Paşinyan Brüsseldən ümidverici nəticə ilə qayıda biləcəklərmi?

- Mən Brüssel görüşü ilə bağlı pessimist fikirdəyəm. Ermənistan tərəfi, daha dəqiq desək, bu ölkənin baş naziri Nikol Paşinyan ziddiyətli bəyanatlar verir. Həmin ziddiyətli bəyanatlar onu göstərir ki, hələlik Ermənistan rəhbərliyində fərqli fikirlər mövcuddur. Yəni onlar Qarabağla bağlı siyasətlərini təzə şəraitdə davam etdirmək niyyətindədirlər.

- Nəyə görə bu fikirdəsiniz?

- Ona görə ki, Paşinyan sonuncu bəyanatında bununla bağlı bəyanatlar səsləndirdi. Söylədi ki, Qarabağın dağlıq hissəsində və ya rusiyalı sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə qalan erməni əhalisinin təhlükəsizliyini Ermənistan tərəfindən təşkil olunan təhlükəsizlik qüvvələri təşkil edə bilər. Söhbət ondan gedir ki, İrəvan indiki şəraitdə Qarabağla bağlı köhnə siyasətini davam etdirməyə cəhdlər göstərir. Bu da birmənalı olaraq Azərbaycana qarşı Ermənistanın ərazi iddialarının yeni formasını təmin eləmək anlamına gəlir. Sözümün canı odur ki, bu əhval-ruhiyyə ilə Brüsseldə hansısa dəyişikliklərin olacağını gözləmək əsassızdır. Eyni zamanda, hesab edirəm ki, Brüssel görüşündə köhnə tendensiya davam edəcək. Yəni Avropa İttifaqının bu və ya digər şəkildə bölgəyə iqtisadi yardımını gözləmək olar. Bu baxımdan Brüssel görüşü məhz buna yönəlib.

- Son günlər Ermənistan yenə də sərhəddə və qanunsuz erməni silahlı birləşmələri isə rusiyalı sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərdə təxribatlara əl atırlar. Sizcə, görüş öncəsi İrəvan bu cür təxribatları nəyə hesablayır?

- Bu da yuxarıda qeyd etdiyim məsələ ilə birbaşa bağlıdır. Ermənistan bununla göstərmək istəyir ki, Qarabağdakı ermənilərin “təhlükəsizliyini” Azərbaycan Konstitusiyasına zidd olan, hansısa “müdafiə qüvvələri” adı altında təqdim etdikləri qanunsuz silahlı birləşmələri və Ermənistanın “könüllüləri” təmin edə bilər. Təbii ki, bu məsələ 10 noyabr 2020-ci ildə imzalanan bəyanata ziddir. Hesab edirəm ki, Azərbaycan bu məsələləri kompleks şəkildə həll eləməlidir. Yəni sülhməramlılara tapşırıq verilməlidir ki, Qarabağdakı Ermənistana aid bütün hərbi qoşunlar identifikasiya olunsun. Onların bu bölgələrdən çıxmasını rusiyalı sülhməramlılar təmin eləməlidirlər. İkinci məsələ ondan ibarətdir ki, gələcəkdə Laçın dəhlizi deyilən mərhələdə Azərbaycan özünün nəzarət məntəqəsini qurmalıdır. Ermənistandan Qarabağa qeyri-qanuni yolla gəlmək istəyən hansısa hərbçilərin, Azərbaycan qanunlarına zidd olan addımlarda iştirak edəcək insanların ölkəmizə gəlişi dayandırılmalıdır.

- Hadisələrin gedişindən belə başa düşmək olar ki, bu ilin sonuna qədər gözlədiyimiz sülh müqaviləsi real görünmür?

- Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinin əsas məqsədi odur ki, ölkələr post-münaqişə vaxtı bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımalıdırlar. Eyni zamanda buna qarşılıqlı olaraq hörmət eləməlidirlər. Bu necə sülh müqaviləsidir ki, gələcəkdə ona imza atacaq tərəf olan Ermənistan söyləyir ki, mən sənin ərazində qoşun saxlayıram?! Təbii ki, İrəvan Azərbaycan Konstitusiyasına zidd olan hansısa qurumları dəstəklədiyini və maliyyələşdirdiyini nəzərdə tutur. Bu isə mümkün deyil. Azərbaycan Ermənistanın bu yanaşmasını heç vaxt qəbul edə bilməz. İstərdim ki, bu məqdamda Azərbaycanın mövqeyindəki iki məqamı qeyd edim; birinci istiqamət ondan ibarətdir ki, Azərbaycan və Türkiyə sülhün cəlbedici olması istiqamətində hansısa siyasət həyata keçirirlər. Buna Antaliyada baş tutan görüşü misal göstərmək olar. Bakı və Ankara tərəfindən səsləndirilən müxtəlif bəyanatları da buraya əlavə etmək mümkündür. Digər tərəfdən, Azərbaycan həm diplomatik, həm də hərbi güc təzyiqlərini davam etdirir. Gələcəkdə Ermənistanın öz qonşularına qarşı normal siyasət yürütmək üçün Bakı bu təzyiqləri ilə bir növ şərait yaradır. Çünki ayrı cür mümkün deyil. Hətta otuz ilin təcrübəsi də bunu göstərir ki, İrəvanla normal münasibətlər qurmaq üçün siyasi disskusiya aparmağın xeyri yoxdur.

- Əvvəl Ermənistan işğal və o zamankı “status-kvo”ya görə vaxtı uzadırdı, bəs İrəvan indi vaxtı uzatmağı nəyə hesablayır?

- Nikol Paşinyan özündən əvvəlki siyasətçilər kimi öz hakimiyyətini uzatmağa çalışır. Əsas məqsədi budur. Onlar da yaxşı başa düşürlər ki, yürütdükləri siyasət hansı nəticələrə gətirib çıxara bilər. İrəvanda da bunu çox yaxşı anlayırlar. 44 günlük müharibədən sonra hamı yaxşı başa düşür ki, Azərbaycan öz potensialına görə Ermənistandan qat-qat üstündür. Burada mən iqtisadi, siyasi, hərbi amilləri nəzərdə tuturam. Üstəlik, Azərbaycan və Türkiyə birliyinin formalaşması da bu üstünlüyü qat-qat artırıb. İndi Rusiyanın bu bölgədə zəifləməsi prosesi də gedir. Yəni bu baxımdan İrəvanın ümid bəsləyəcəyi hər hansı bir nüans da yoxdur. Amma Nikol Paşinyan hökuməti öz siyasi varlığını uzatmaq üçün bu cür ziddiyətli bəyanatlar verirlər və ona uyğun da siyasət aparırlar. Əslində Ermənistanın maraqlarına ən böyük ziyan vuran da özləridir.

- Bəs Minsk qrupu bölgəyə qayıdacaqmı? Belə bir ehtimal varmı?

- Mən inanmıram ki, ATƏT-in Minsk qrupunun bölgəyə qayıtmaq şansı var. çünki Azərbaycana bu lazım deyil. Biz başa düşməliyik ki, Minsk qrupu göndən düşməyib. Sadəcə olaraq Azərbaycan vasitəçilik üçün müraciət edib. Həmin vasitəçilik heç bir nəticə verməyəndən sonra Azərbaycan ATƏT-in Minsk qrupuna və onun üzvlərinə tapşırıb ki, təzə bir təklifiniz var ki, Bakını maraqlandırsın?! Onlar da indiyə qədər heç bir real təklif verməyiblər. Əgər Minsk qrupu təklif vermirsə, o zaman onların fəaliyyəti heç kimə lazım deyil. Bəzən düz başa düşmürlər, elə düşünürlər ki, Minsk qrupu hansısa dövlətdən, hökumətdən üstün qurumdur, gəlib hansısa məsələləri bizə diqtə edə bilər. Yox, qətiyyən belə deyil. Beynəlxalq qanunlara uyğun olaraq vaxtilə vasitəçilik üçün Azərbaycan onları dəvət eləmişdi. Əslində onların fəaliyyətlərinin nəticəsi olmadı. Ona görə də həmin vasitəçilərə maraq itib. Minsk qrupunun vasitəçiliyi bu mənada onların özlərindən asılıdır. Əgər Azərbaycanın xoşuna gələn, məsələnin xeyrinə hesablanmış normal bir şey təklif eləsələr o zaman Bakı onların fəaliyyətinə imkan verə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm