Məşhur əcnəbi rəssam SİRLƏRİ AÇDI: O binanın bütün mərtəbələri...
Bizi izləyin

Xüsusi

Məşhur əcnəbi rəssam SİRLƏRİ AÇDI: O binanın bütün mərtəbələri...

Burada hətta məhəllə idarələri sanki mədəniyyət səfirliyidir. İnsanların onlara təqdim etdikləri antik əşyaları, lap paslanmış açarı belə böyük nəvaziş və həssaslıqla qəbul edib, qoruyurlar.

Bu sözləri Publika.az-a müsahibəsində Fransada yaşayan türk rəssam Tülay Haqqı bildirib.

- Tülay xanım, ömrünüzün çoxunu Türkiyədən uzaqda keçirmisiniz. Əminəm ki, həm yaradıcı fəaliyyətiniz, həm də həyat yolunuz olduqca rəngarəngdir.

src="/storage/files/upload/7cb2d9c70cb72fdbc9346eac6d81719a68aa34dc.jpg" style="width: 640px; height: 480px;" class="fr-fic fr-dib">

- Doğru vurğuladınız. Həyat yoldaşımın diplomatik fəaliyyətilə əlaqədar həyatımın böyük hissəsini xarici ölkələrdə yaşayıb fəaliyyət göstərmişəm. Amma ölkəmlə bağlı da xatirəm az deyil. Sivasda doğulub böyümüşəm. Atam dövlət qulluqçusu idi. İncəsənətə bağlılığım bir az da irsi mirasdır. Böyük qardaşım karikaturaçı rəssamdır. Digər qardaşım isə musiqiçidir. Demək olar ki, bir sıra alətdə çox gözəl ifa edir. Həmçinin türk sənət musiqisini də təbliğ edir. Özüm isə şüşəaltı sənət növü ilə məşğulam. Eyni zamanda da səyyaham.

- İlk uzunmüddətli səfəriniz hansı ölkəyə olub?

- 1992-ci ildə Əlcəzairə yollandıq. İki il müddətində orada yaşadıq. Sərgi salonlarındakı tablolara aşiq oldum. Sanki mavinin bütün çalarlarına müraciət etmişdilər. Sonra Fransanın Lion şəhərinə ezam olunduq. Lionda yaşadığım müddətdə həm oradakı, həm də ətraf şəhərlərdəki muzeyləri gəzmək imkanım oldu. Bir gün qərar verdim ki, Madridə gedib, sevdiyim rəssam Fransisko Qoyyanın əsərlərindən tələsmədən zövq alacam. Madridin məşhur küçələrindən birində 4 mərtəbəli bina var. Həmin tikilinin bütün mərtəbələri Qoyyanın tabloları ilə bəzədilib. Bu əsərlərdə qırmızının çalarlarının rəqsi məni yaradıcılığa ruhlandırdı. İstər Salvador Dali olsun, istərsə də Pikassonun gənclik çağının hayqırtısına çevrilən əsərləri, yaxud elə ağla qaranın vəhdətindən ibarət tablolar... Hər bir incə toxunuş, çətinliklə seçilən detal mənim üçün yeni bir dünya idi. İspaniya sanki mənim üçün yeni yelkənlər açdı. Həyatımı çox dəyişdi. İtaliyanın istər memarlığı, istərsə də əsrlərdən bəri öz cazibəsini itirməyən kilsə tavanları üzərindəki işləmələrinə heyran qaldım.

Rusiyada yaşadığım dövrdə isə küçələrdə fəaliyyət göstərən tanımadığımız, amma çox istedadlı küçə rəssamlarının işləri ilə tanış oldum.

- Siyahı getdikcə uzanır...

- Bu haqda günlərlə danışa bilərəm. Məsələn, Vyanada pəncərə üzərindəki yaradıcılıq nümunələrini çox bəyənmişdim. Klassik bəstəkarların əsərləri tabloların gözəlliyini sanki tamamlayırdı. Paris isə mənim üçün xüsusi zəngin şəhərdir. Paris ən yüksək təriflərə layiqdir. Monenin impressionist tərzi mənim də özümü sənətdə tapmağıma yardım etdi. Onun yaşıldan istifadə texnikasına məftun oldum. Bir müddət sonra isə müasir incəsənət deyilən sənət nümunələrinə maraq göstərməyə başladım.

- Çoxları bu mövzuya ciddi yanaşmır.

- Amma mən bu cərəyanı sevirəm. Təsəvvür edin, bir əsərin önündə 5 nəfər durub. Hər biri öz mülahizəsini irəli sürür.

- Bəli, ölkədən uzaqda yaşamaq mənəvi dünyanızı zənginləşdirib. Bəs qürbət boşluğu ruhunuzu yormadı?

- Əslində, uzun müddət Türkiyədə yaşamadığım illərdə doğma incəsənətimizi yaxından izləməyə davam etdiyim üçün xüsusi boşluq hiss etməmişəm. Orhan Hamdi adlı çox gözəl rəssamımızın "Uşaq məzarları başında duran adam" əsərindən çox təsirlənmişdim. Parisdə yaşayan keramika ustalarımızdan dərs də almışam. Məsələyə obyektiv yanaşsaq, Türkiyədən ayrı qalmağın sənətsəl boşluğunu deyil, həsrətini hiss etmişəm.

- Əcnəbilərlə ünsiyyət sizə nə verdi? Nələrdən məhrum etdi?

- Xarici ölkələrdə yaşamaq, həmin ölkələrin insanları ilə ünsiyyət qurmaq mənə çox şey qazandırıb. Avropa insanı sənətə, sənətkara çox önəm verir. Deyərdim, çox həssas yanaşır. Hətta şəhər bələdiyyələri rəssamların özlərini inkişaf etdirməsi, onların rahatlığı üçün səylərini əsirgəmir. Məhəllə idarələri sanki mədəniyyət səfirliyidir. İnsanların onlara təqdim etdikləri antik əşyaları böyük nəvaziş və həssaslıqla qəbul edib, qoruyurlar.

- Müsahibələrinizdə demisiniz ki, yaradıcılığınızın episentri Parisdir.

- Parisə adətən mədəniyyət, incəsənət beşiyi deyirlər. Bu ifadə ilə tamamilə razıyam. Burada incəsənəti sevən, yaradıcılığa dəyər verən minlərlə insan yaşayır. Parisdə yaşadığım 4 il ərzində incəsənət nümayəndələrilə dostlaşdım. Sanki hamımız eyni amala xidmət edirdik. İnanın ki, dostluğun ən saf şəkli elə budur. Mən şüşəaltı sənəti ilə məşğulam. Müxtəlif rənglərə müraciət edirəm. Bir də Parisdə əsrlər öncə inşa edilən dəmir körpülərin rəng çalarlarına heyran qaldım. Boyaları qarışdırararaq köhnəlmiş dəmir rəngini əldə ətməyə nail oldum. Hətta bu mövzuya əsərlər də həsr etdim.

src="/storage/files/upload/87a3d151a5793f9755c6eb680617ee987319c1d7.jpg" style="width: 594px; height: 445.5px;" class="fr-fic fr-dib">

- Şüşəaltı rəngləmə texnikasından istifadə edirsiniz. Əminəm ki, iş prosesiniz maraqlı keçir.

- Şüşəaltı əsərlərdə şüşənin arxa səthində işləyirik. Kontur rənglərdən istifadə edərək rəsmin çərçivəsini çizəndən sonra 45 dəqiqə ərzində sobada isidirəm. Sonra isə əsər üzərində çalışmağa başlayıram. Daha çox peyzaj, kaftanlar, Azərbaycan xalçaları və digər mövzulara müraciət edirəm.

Bu günədək əsərlərim bir sıra beynəlxalq sərgi salonlarında, o cümlədən UNESCO-nun baş ofisində dəfələrlə nümayiş olunub. Hətta pandemiya dövründə də onlayn tədbirlərin iştirakçısı olmuşam. Yaradıcılığımın qaynar dövrü Parisə məxsusdur. Lakin ən qısa zamanda Bakıda da sərgimin təşkil olunmasını arzu edirəm. Şüşəaltı sənəti sonsuz səbir, təmkin tələb edir. Odur ki, daha çox dərvişlərə, səmazənlərə bənzəyirik. Təsvir etdiyimiz əsərlərə ikiqat həssas yanaşırıq.

- Gəlin, qadınlarımıza motivasiya dolu mesaj ötürək.

- 3 ildir, 8 mart tarixində onlayn konfranslar təşkil edirəm. Qadınlarımız çox güclüdür. Yetər ki, bunun fərqinə varsınlar. Yaşadıqları şəhərin bələdiyyəsinə müraciət etsinlər. Evdən çıxmaq imkanları yoxdursa, onlayn şəkildə kurslarda təhsil alsınlar. İnanın ki, istək fəaliyyətin tam yarısıdır. Mən Azərbaycan xanımlarını özümə çox doğma sayıram. Ümumiyyətlə, Bakı, Azərbaycan bizim qanımız, qardaşımızdır. Odur ki, dost, qardaş ölkəyə məmnuniyyətlə səfər edəcəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm