Xüsusi
Yeni çəkilən filmlərimizin əsas problemi odur ki... - Cəmil Quliyevlə MÜSAHİBƏ
Publika.az-ın budəfəki həmsöhbəti kinorejissor, ssenari müəllifi, Azərbaycan Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi professor Cəmil Quliyevdir.
Müsahibəni təqdim edirik:
- Cəmil müəllim, istərdim rejissorluq fəaliyyətinizdən başlayaq...
- Rejissorluq fəaliyyətim Ümumittifaq Kinematoqrafiya İnstitutu ilə bağlıdır. 1979-cu ildə Moskva şəhərində bu instituta daxil olmuşam. Bədii kino və televiziya rejissoru ixtisası üzrə 1984-cü ildə bu institutu bitirmişəm. Elə həmin ildən Azərbaycan Film Kinostudiyasında çalışmışam. Bədii və sənədli filmlər çəkmişəm. “Mozalan” satirik kino jurnalları və s. - rejissorluq fəaliyyətim bu olub. 1987-ci ildən etibarən isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bugünədək bu ixtisası tədris edirəm. Bu işin professional yönündən təhsilini almışam və artıq bu sahədə 30 ildən artıqdır ki, çalışıram.
- Bugünkü rejissorluq səviyyəsi sizi nə dərəcədə qane edir?
- Bu gün bütün sənətlər - rəssamlıq, musiqi, teatr, kino, fərqi yoxdur, yenilənir. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Rejissor sənəti də bu gün bir çox istiqamətlər üzrə dəyişib. Çünki indiki zamanda müasir texnologiyalar, kompüter qrafikaları var və film çəkmək üçün müasir texnikalardan istifadə olunur. Bizim dövrümüzdə ağır kameralardan, kinolentlərdən istifadə olunurdusa, bu gün bu, çox sadələşib, kameralar dinamik işləyir, yüngülləşib. Bunlar da rejissor sənətinə təsir göstərən meyarlardır. Bu gün də Azərbaycanda gənc kinorejissorlar yetişməkdədir. Onlardan çoxu xaricdə təhsil alıb, Azərbaycanda da təhsil alanlar var və mən ümid edirəm ki, yeni nəsil rejissorlar Azərbaycan kinosuna böyük töhfələr verəcək.
- Maraqlıdır, bu sənətə yiyələnmək üçün sənətə sevgi olmalıdır, yoxsa loru dildə desək, içinə-astarına bələd olmalısan peşənin?
- Məsələ burasındadır ki, bu sənət məhz fitri istedad tələb edir və istedadlı insanlar bu sahədə çalışmalıdır. Amma müasir dövrdə bu işdə təhsil alıb müəyyən kommersiya məqsədilə çalışan insanlar da var. Kinorejissorluğun ancaq kommersiya tərəflərini nəzərə alırlar, sifarişlə müxtəlif detektiv seriallar, melodramalar və s. məhsullar çəkirlər. Kinorejissorluq kommersiya nöqteyi-nəzərindən bu gün vaxtilə olan kinorejissorluqdan fərqlənir. Kommersiya istiqaməti daha geniş inkişaf edir. Yəni rejissorlar daha çox kommersiya filmləri çəkir, az öncə qeyd etdiyim kimi. Bu isə bəzən istedaddan kənar olur.
- Yeri gəlmişkən, peşəkarlığın kökündə dayanan təhsildir, yoxsa qabiliyyət?
- Peşəkarlığın kökündə, keşiyində dayanan həm təhsildir, həm də qabiliyyət. Bu ikisi birlikdə dayaq olmalıdır.
- Bəs yaxşı, qondarma filmlərin, bayağı serialların efirə buraxılmağı nə dərəcədə doğrudur?
- Bu gün internet televiziyalar inkişaf edir. O cümlədən yutub kimi kanallar var. Orada da hər kəs çəkdiyi sosial çarxları, filmləri nümayiş etdirə bilər. Efirə çıxması isə kommersiya nöqteyi-nəzərindən istiqamətləndirilir. Yəni vəsait gətirən, keyfiyyətindən asılı olmayan hər nə varsa, o da efirdə yayımlanır. Hazırda kino sənətinin kommersiya tərəfi üstünlüyü daha çox təşkil edir. Bu, ən vacib məsələlərdən birinə çevrilib. Elə buna görə də bu proses daimi olaraq davam edəcək və biz istəsək də, bu prosesin qarşısını ala bilmərik. Sənətdən uzaq olsa da, bu filmlərə tələbat yüksəkdir.
- Televiziyalarımızın gələcək taleyi ilə bağlı hansı fikirləriniz necədir?
- Bu gün televiziya sahəsi artıq sosial şəbəkələrə uduzur. İnsanlar daha çox sosial şəbəkələri izləyir. Müxtəlif internet telekanallarına baxırlar, məlumatlar əldə edirlər və deyərdim ki, bu gün televiziyalar sosial şəbəkələrlə ciddi rəqabət aparır. Hesab edirəm ki, televiziya çoxşaxəli bir sahədir. Çünki televiziya həm maarifləndirici funksiya daşımalıdır, həm əyləndirməlidir, informasiyanı ötürməklə bərabər, həm də kommersiya nöqteyi-nəzərdən də istifadə olunmalıdır. Televiziyaya böyük sərmayələr yatırılır və bu sərmayələr əldə olunmalıdır. Ona görə də bu gün televiziyalar müxtəlif yeni formalar axtarışındadır və o formalar əminəm ki, tapılacaq.
- Azərbaycan kinosuna necə, dövlət sərmayə yatırırmı? Bugünkü kinomuzun vəziyyəti sizi qane edirmi?
- Düşünürəm ki, istedadlı rejissorlarımız çoxdur. Onlar maraqlı layihələr həyata keçirir. Hətta bu yaxınlarda Mədəniyyət Nazirliyi çox gözəl bir layihə həyata keçirdi və bu layihə bizim Qarabağdakı qələbəmizlə bağlı idi və mən bu layihədən çox maraqlı, uğurlu filmlər gözləyirəm. Bir neçə ssenari ilə tanış olmuşdum ki, onları çox bəyəndim. Artıq o ssenarilər müxtəlif şirkətlər tərəfindən təsdiq olunub və istehsalata buraxılacaq. Ümid edirəm ki, Azərbaycan kinosunun çox parlaq gələcəyi olacaq. Hazırda bizim filmlər bir çox festivallarda böyük mükafatlar alır.
- Hazırda eyni zamanda pedaqoji fəaliyyətlə də məşğulsunuz. Bəs maraqlıdır, tələbələriniz arasında necə, sənətə sevgini hiss edirsinizmi?
- Məsələ burasındadır ki, bu gün tələbələr də artıq yeni informasiya və texnologiyalara öyrəşiblər. Onlar öz tədris prosesində yeni texnologiyalardan istifadə edirlər. Həm çəkiliş avadanlıqları dəyişib, həm də müxtəlif yeni formalar meydana gəlib. Təbii ki, yeni nəsil tələbələr də daha müasir, yeni texnologiyalarla ayaqlaşa bilən tələbələrdir. Ümid edirəm ki, yeni nəsil gənclərimiz də gələcəkdə istedadlı sənətkarlar olacaq.
- Texnologiyalara toxundunuz. Baxın, ötən dövrdə texnologiyalar bir o qədər inkişaf etməmişdi, lakin filmlərdə doğmalıq, səmimiyyət var idi, amma indi avadanlıqlar yüksəkdir, texnologiyalar inkişaf edib, təəssüf ki, biz o səmimiyyəti yetərincə ala bilmirik. Bu, nədən irəli gəlir?
- Əsas problem ssenari problemidir, çünki filmin əsasını ssenari, dramaturgiya, mövzu və idea təşkil edir. Ssenarinin ərsəyə gəlməsi çətin və olduqca maraqlı bir prosesdir. Bu gün kinoda da yaranan problemlərin əksəriyyəti məhz ssenari ilə bağlıdır. Hazırda gənc nəsil axtarış prosesindədir və mən dəfələrlə münsiflər heyətinin üzvü olmuşam, görmüşəm ki, doğrudan da çox gözəl yazılar var. Bu işlərlə də şəxsən yaxından tanış olmuşam. Hesab edirəm ki, bir müddət keçdikdən sonra maraqlı layihələr, ssenarilər yaranacaq və bu proses tez bir zamanda uğurla həyata keçəcək.
- Sizi televiziya və kinodan tanıyırıq, maraqlıdır, teatrda necə, nə vaxtsa tamaşalara rejissorluq etmək, quruluş vermək kimi fikriniz ola bilər?
- Məsələ burasındadır ki, vaxtilə dəfələrə teatra dəvət almışam. Söhbət 20 il öncədən gedir. Amma o dövrdə intensiv şəkildə pedaqoji fəaliyyətim var idi və elə bu səbəbə görə də universitetdən ayrıla bilmirdim. Ona görə də bu təklifi dəyərləndirə bilmədim. O vaxtlar həm kafedra müdiri idim, həm də paralel şəkildə iki kurs aparırdım kinorejissorluq ixtisası üzrə. Vaxt məhdudiyyətim çox idi. Ondan sonra da belə bir təklif olmadı, mən başqa sahəyə istiqamətləndim. Və hazırda elə bir ümidim yoxdur ki, teatrda tamaşa hazırlayam...
- Bəs yenidən televiziyaya dəvət alsanız, dəyərləndirərsiniz?
- Baxır hansı səpkidə... mənim atam televiziya sahəsində demək olar ki, ömür boyu çalışıb. Sovet dövründə televiziyaya 20 ildən artıq rəhbərlik edib. Televiziyada böyümüşəm, çalışmışam. Amma mənim üçün kino daha doğmadır və mən kinoda çalışmağı daha çox sevirəm. Televiziyada çalışmağım isə gələcək təkliflərdən və maqamlardan asılıdır.
- Nədənsə indi televiziyaların hər birində bənzər verilişlərə, bənzər kinolara rast gəlirik. Bu, peşəkarlığın olmamasından, ya tamaşaçı tələbindən irəli gəlir?
- Televiziya daim yenilənir, formalaşır və yeni, kreativ formalar tələb edir. Bu gün televiziyada çalışan hər bir kəs yenilik axtarışında olmalı, yeni formalar tapmalıdır ki, tamaşaçıları cəlb etsin. Əgər bu axtarış prosesi maraqlıdırsa, təbii ki, televiziyaya diqqət artacaq. Bunların hər biri isə televiziyaya istedadlı kadrların cəlb olunmasından asılıdır.
- Sosial şəbəkələr irəlilədikcə sənət geriyə düşmədimi?
- Biz insanların zövqünü idarə edə bilmərik. Hər bir insanın özünəməxsus duyumu var və sosial şəbəkələr də müəyyən şəxslərə yönəlir.
- Yeni hansı layihələr gözləmək olar sizdən?
- Hazırda arxiv sahəsi üzrə çalışıram. Yeni albom üzərində işləyirəm. Kino xadimlərimiz eyni zamanda Həsən Seyidbəyliyə, Rasim İsmayılova həsr edilmiş albomlardır. Vaxtilə kino sahəsində çalışmış insanların salnamələrini yaradıram.
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI