Asiman Ağa Rövşən: “Tək bizi izləsək, məişətin dibinə yuvarlanarıq” - VİDEO
Bizi izləyin

Xüsusi

Asiman Ağa Rövşən: “Tək bizi izləsək, məişətin dibinə yuvarlanarıq” - VİDEO

"Xosrov və Şirin" serialında Şapur, "Simurq"da Roma, "İfşa - Çətin hədəf"də isə Həyula obrazları ilə yaddaqalan aktyor, teatr rejissoru Asiman Ağa Rövşən hesab edir ki, bu gün incəsənət cameəsinin ən yaralı yeri qeyri-peşəkarlıqdır. O, həm də etiraf edir ki, aktyor işi tamaşaçıya dərs keçməli deyil, bu, onun vəzifəsi deyil və incəsənətin didaktika dövrü çoxdan bitib...

Publika.az aktyorla müsahibəni təqdim edir:

- Aktyorun işi səhnə və ekran arxasında rol oynamaqla bitmir. Özünü inkişaf etdirən artist ətrafında olub-bitənləri nəzərdən keçirir, çünki yaxşı bilir ki, gördüyü hansısa ifadə və kadr hansısa bir rolu canlandıranda köməyinə gələ bilər. Asiman bəy, siz cəmiyyəti izləyərkən ondan nə cür enerji alırsınız?

- Bu, cəmiyyətin halına görə dəyişir. Mən çalışıram, tək bizim cəmiyyəti yox, dünyada gedən prosesləri izləyim. Tək bizi izləsək, məişətin dibinə yuvarlanarıq. Çünki zamanla bu cəmiyyət ciddi meyllərdən, cəhdlərdən sanki bezdi, qapandı öz məhəlləsinə, həyətinə, darvazasına, blokuna.

- Necə düşünürsünüz, oynadığınız hansı rol izləyiciyə dərs olub?

- Mən tamaşaçıya dərs keçməyi düşünmürəm. Ümumiyyətlə, sənət nümunəsi, yaradıcılıq tədris vəsaiti deyil. İncəsənətin didaktika dövrü çoxdan bitib. Bəzi tamaşaçılar deyir, elə şeylər çəkin ki, əxlaqi nümunə olsun. Bu zaman sual vermək istəyirəm ki, bəyəm sən əxlaqsızsan?! Niyə əxlaqı filmdən, tamaşadan öyrənmək istəyirsən? Cavabı hazırdır əslində. Deyəcək ki, yox, mən əxlaqlıyam. Amma cəmiyyətdə əxlaqsızlaşma gedir, onlara görə deyirəm.

- Sizcə, tamaşaçını güldürə, yoxsa ağlada bilmək daha ciddi işdir?

- İkisi də ciddi işdir. Bəzən birini bacarmayanlar, məsələn, komediyada oynaya bilməyənlər deyirlər ki, komediya ciddi iş deyil, önəmsizdir. Necə yəni?! Bəyəm insanlar gülməyi tərgidib?! Belə artistlər çatışmayan tərəflərini düzəltmək, yaxud komediyada oynamaqdan zövq almadıqlarını demək, əlqərəz, məsələni individuallaşdırmaq əvəzinə janrın özünə dair mənfi qənaət hasil edir və bunu hamıya ötürüb öz peşəkar problemlərini, yaxud fərdi anlayışlarını normallaşdırmağa, kütləviləşdirməyə çalışırlar. Ümumiyyətlə, bəzi çevrələrin komediyaya münasibətində qəribə bir ikrah var, ona görə sualınızda sırf ona kökləndim. Komediyaya barmaqarası yanaşan sənətçilərə və özünü sənətsevər, intellektual kimi təqdim edən snoblara ciddi yanaşmıram.

- Son zamanlarda qarşılaşdığınız və ya gördüyünüz hansı səhnə gözləriniz önündən getmir?

- Son zamanlar üç hadisə ilə üzləşdim, hansı ki, çöküntü kimi alt qatlarıma endi. Amma mənə yaxın insanların şəxsi həyatı ilə bağlı olduğu üçün həmin səhnələri təsvir etməyəcəm. Amma çalışacam, nə zamansa onlardan icazəsini alıb öz yaradıcılığımda əks etdirim.

src="/storage/files/upload/59e71845e05f61bc23e1479f6c2531064433c442.jpeg" style="width: 300px;" class="fr-fic fr-dib">

- Asiman bəy, bu gün aktyorlarımızın ən yaralı yeri nədir?

- Yeni bir söz deməyəcəm, yaxşılardan iraq, qeyri-peşəkarlıq.

- Ümumiyyətlə, gördüyünüz işlər sizi xoşbəxt edir?

- Əylənməyə çalışıram ki, xoşbəxt olum. Əgər gördüyüm işə, yəni qurduğum tamaşaya, yaxud oynadığım rola ifrat ciddiyyət qatsam, əylənə və xoşbəxt ola bilmərəm. O sənət ki, mənim xoşbəxtliyimə mane olur, mənə lazım deyil. Bir adam öz işinə adekvat yanaşmırsa, incəsənətə onu aşan məsuliyyət yükləyirsə, onunla sanki uran zənginləşdirirmişcəsinə gərgin, səhvlərdən qorxaraq məşğul olursa, o adam xoşbəxt ola bilməz.

- Qarabağ müharibəsi mövzusunda çəkilən hər hansı bir əsərdə və ya ekran işində oynamaq arzunuz varmı?

- Əlbəttə. İnsan müharibədə elə bir kritik situasiyanın içinə düşür ki, orda iki substrat var - sağ qalmaq və ölmək. Orda istənilən yaxşılığın əmsalı həyatdır və bütün pisliklərin nəticəsi ölümdür. Baxın, məsələn, dinc vaxtda sizə edilən xəyanət sizin ölümünüzə gətirib çıxarmır. Ən pis halda siz işinizdən məhrum ola bilərsiz. Lakin müharibədə xəyanətə məruz qalsanız, öləcəksiniz. Yəni müharibədə siz daim birlə sıfır arasındasınız. Orda mücərrədliyə yer yoxdur. Hər şey konkretdir. Bax, ona görə də filmdə bu vəziyyətdə var olmaq istəyərəm.

src="/storage/files/upload/a48d70813a492daa7d51f161ef8e27078218532d.jpeg" style="width: 300px;" class="fr-fic fr-dib">

- Özünüzə nəyi bağışlaya bilmirsiniz?

- Sənət həyatımda belə bir addımım yoxdur. Çünki hamının öhdəsindən gəlmədiyi rolları olub, erkən dövrlərində bayağı işlərdə çəkilib və s. Şəxsi həyatımda isə, bəli, o cür səhvlərim olub.

- Gəlin, etiraf edək ki, insanlarımız başqasının həyatı barədə lazım olmadığı halda rəy və nəinki fikir bildirmək, mühakimə etmək haqqı olduğunu düşünür. Məsələn, bu yaxınlarda klubda baş verən partlayışda vəfat edən və yaralananlara şəfa arzulamaq yerinə, nifrət dolu mesajların şahidi olduq. Sizcə, cəmiyyət (əksəriyyəti) niyə başqasının əyləncə anlayışına hörmətlə yanaşmır?

- Pişiyin ətə münasibəti ətlə özünün arasındakı məsafəyə görə dəyişir.

- Səhər oyanıb yaşamaq, yaratmaq, gülmək və əylənmək istəyiriksə, deməli, həyatımız günəş və ilhamla doludur. Siz həyatınızın hansı dövrünü yaşayırsınız?

- Yəqin ki, tərəqqi dövrü adlandırmaq olar. Amma bu dövrümə dair daha dəqiq cavaba 5 il sonra çataram yəqin.




- Bütün dinlərin fəlsəfəsi deyir ki, ibadət, dua və tövbə mənəvi təmizlənməyə ən yaxın yoldur. Bəs sənətin gücü və missiyası nədən ibarətdir?

- Mən incəsənətə böyük missiyalar yükləməyin tərəfdarı deyiləm. Bu, süni ciddiyyət yaratmaq cəhdidir. Mənə görə incəsənət insanın özünüifadə vasitəsi və estetik tərbiyədir. İncəsənətə onu aşan mənalar yükləyən doktrinalar gün keçdikcə məhv olub gedir, tarixə çevrilir. Rahatlıq və sadəlik gəlir, necə ki, cəmiyyətlər ideologiyalardan qurtulub sərbəst nəfəs almaq istəyir, incəsənət də həmçinin. İncəsənət həm də əyləncədir - həm sənətçi əylənir, həm seyirçi. Əyləncə deyərkən ağlımıza mütləq güldürməyə, yaxud adrenalinə hesablanmış nümunələr gəlməməlidir. Məsələn, "2001: Kosmik səyahət" filmi də əyləncədir - intellektual əyləncə. Sən bu cür əsərləri çözdükcə əylənirsən. Bir növ intellektual tele-şou təsəvvür edin. Oyun və əyləncə intellekt üzərində qurulub. Bu da eynən o cür.

Sənətin gücünə gəldikdə, o, xalqın dünyadakı simasını təyin edir, sivil müqəddəratını həll edir, prestij qazandırır və bu, incəsənətə pərçimlənmiş şüarlarla əldə olunmur. Aktyorsansa aktyor sənətini, rejissorsansa rejissor sənətini, rəssamsansa rəssamlığı, musiqiçisənsə musiqini öyrənsən, bilsən, düzgün tətbiq etsən, peşə bacarıqlarını durmadan inkişaf etdirsən, mənsub olduğun xalqın dünyada sayğı qazanmasına xidmət etmiş olarsan, onu gücə çevirərsən. Xalqı təmsil etməyi qarşına məqsəd qoymasan belə. Mövzunu qloballaşdırmaq üçün bir paralellik aparım. Deməli, məşhur sosioloq Maks Veber "Protestant etikası və kapitalizmin ruhu" kitabında deyir ki, dünyadan üzülüşmüş katoliklər (onun dəqiq təyinini nə dərəcədə düzgün tərcümə etdim, bilmirəm) Tanrının gözündə yaxşı insan olmağı kilsəni ziyarət etməklə ölçürdülər. O kilsələr ki, dünyaya nifrət püskürürdü. Protestantlara görə isə günahlardan uzaq durmağın, yəni Tanrının qarşısında yaxşı insan olmağın yolu çox çalışmaqda idi. Bununla da protestantlar çox işləyib varlandılar və iqtisadiyyatı əllərinə aldılar. Avropadakı məzhəblərin nüfuz rəqabətinin qalibi protestantlar oldu. Daha sonra isə bütövlükdə Qərb dünyanın hakiminə çevrildi. Mövzumuza uyğun olaraq Tanrını uğurla, katolikləri tənbəl və intriqant sənətçilərlə, protestantları isə çalışqan sənətçilərlə əvəz edək. Formula birdir - öyrənmək, çalışmaq, keyfiyyətli iş görmək. Dünyanın nizamı budur, istər cəmiyyətlər səviyyəsində, istər peşələr müstəvisində.

src="/storage/files/upload/7bc048afae6d0a4b2cd7cde8ee4e742f90d09a32.jpeg" style="width: 300px;" class="fr-fic fr-dib">

Oxumağa davam et
Reklam
Reklam

Gündəm