Məşhur yazıçıdan SƏRT SÖZLƏR: Elitamız müğənni saxlayır, xalq da kreditlə həmin müğənnini...
Bizi izləyin

Xüsusi

Məşhur yazıçıdan SƏRT SÖZLƏR: Elitamız müğənni saxlayır, xalq da kreditlə həmin müğənnini...

Publika.az şair, yazıçı, publisist Aqşin Yeniseylə müsahibəni təqdim edir. Aqşin bəylə yeni çap olunmuş romanı haqqında danışdıq, eyni zamanda ədəbiyyat, oxucular, Türkiyə və s. kimi mövzularda maraqlı söhbətimiz oldu.

- Aqşin bəy, öncə yeni çap olunmuş "Hərflərin Vahiməsi" kitabınızla bağlı sizi təbrik edirəm. Öz əsərinizi bizə necə təqdim edərdiniz? İddialı roman hesab edirsinizmi? Çünki yazıçıların bəziləri sanki özlərini sığortalamaq üçün əsərlərinin çapından sonra "Bir iddiam yoxdur" deyirlər.

- Təşəkkür edirəm. “Hərflərin Vahiməsi” mənim iki il əvvəl çap olunmuş “Tarix və Tale” romanımın varisidir, bir növ, onun davamıdır. Çox güman gələcəkdə hər iki roman bir kitab şəklində çap olunacaq. Romanın mövzusu XX əsrin ikinci yarısından sonra “siyasi roman” deyilən romanların, belə deyək, araşdırdığı sənət-iqtidar qarşıdurmasını əhatə edir. Siyasət sənəti nəzarətdə saxlamaq, öz məqsədləri üçün istifadə etmək, bu baş vermədikdə isə onu yox etmək marağını güdür. Sənətin iki yolu var; ya klassisizm çağında olduğu kimi siyasi himayəyə sığınacaq, ya da modernizm çağında olduğu kimi, ondan imtina edib anderqraud mövqeyə çəkiləcək. Mənim qəhrəmanım ailənin və cəmiyyətin israrlı tələbi ilə klassisizm yolunu seçir və bir yazar olaraq məhv olur. Romanda baş verən hadisələrin böyük çoxluğu yazarın yaşadığı halüsinasiyalardan ibarətdir. O, əşyalarla danışır, əşyalar da onunla. Romanda dili olmayan heç bir nəsnə yoxdur. Yazar siyasi himayəni qəbul edən kimi proses sürətlənir və bir neçə səhifədən sonra hər şey başa çatır. Mən bununla sənəti siyasətə qurbanvermənin acınacaqlı nəticəsinin necə sürətlə baş verdiyini göstərmək istəmişəm. Bu mövzu roman üçün yeni bir mövzu deyil, hər nə qədər bizim ədəbiyyatımız üçün yeni olsa da. İqtidar-sənət mövzusu, məsələn, 1945-ci il də nəşr olunan Herman Broxun “Vergilinin ölümü” romanında ətraflı işlənmişdi. Afinadan Romaya gələn və imperatora sığınan şair Vergili “Mən öz sənətimlə nəyi dəyişə bildim” sualı qarşısında ölüm ayağındaykən öz əsəri “Eney”i yandırmaq istəyir. Amma imperator Avqustin onu inandırır ki, bu dastan artıq ona yox, Romaya məxsusdur. Çünki bu əsərdə “yuxarılar” şöhrətləndirilmişdilər. “Hərflərin vahiməsi”də də “yuxarıların” Kafkavari gözəgörünməz obrazı var. Yuxarılar mənim müxalif düşüncəli yazar qəhrəmanıma yazmadığı halda böyük pullar vəd edirlər və acınacaqlı həyatı, ailəsinin ehtiyacları qarşısında yazar bu təklifə boyun əyir və nəticədə bir heçə çevrilir. Siyasətin bığının altından keçəndən sonra istəsə belə yaza bilmir. Sözlər onu xəyanətinə görə tərk edirlər. İddiaya gəlincə, iddialıyam. Məni elə bu iddia nəsrə gətirib.

src="/storage/files/upload/0a0695a91b4955cc3d77125dac70ee9a6d28a5c0.jpeg" style="width: 555px; height: 419.95px;" class="fr-fic fr-dib">


- Siz ədəbiyyatımızda sayılı adamlardansınız ki, konkret oxucu kütləniz var. Amma sanki həmişə bu baxımdan bədbin görünürsüz. Bu əsərinizlə bağlı və ümumi yaradıcılığınızla bağlı oxuculardan razısınızmı?

- Təkcə özümə görə narahat deyiləm. Ümumi mənzərə ürəkaçan deyil. Bir statusumda da yazdığım kimi, heç kimə başa salmaq olmur ki, bundan sonra Nizami Gəncəvi, Nəsimi, Füzuli, nə bilim, Qətran Təbrizi gəlib əsər yazmayacaq. Sərmayəni günümüzün ədabiyyatına yatırmaq lazımdır, çünki çağdaş ədəbiyyatımız gözardı edilsə, bir müddətdən sonra adını çəkdiyim klassiklər də unudulacaq. İnzibati yolla sənət tarixini qorumaq mümkün deyil. Azərbaycan bu gün özünü elə aparır ki, sanki, mədəniyyətə ehtiyacı yoxdur. Bu gün hələ ki, sovet ədəbi irsi çulumuzu sudan çıxarır, bəs 20-30 ildən sonra nə olacaq? O gün bir dostum yaxşı bir söz dedi. Deyir, hamı şikayətlənir ki, uşaqlarımız Anadolu türkcəsində və rusca danışırlar. Səbəb isə gün kimi aydındır. Çünki uşaqlarımız çizgi filmlərinə ya Anadolu türkcəsində, ya da rusca baxırlar. Son otuz ildə öz dilimizdə hansı çizgi filmi çəkilib? Demək istədiyim odur ki, içində yaşadığımız səhra get-gedə daha da böyüyəcək. Mən bundan narahatam. Yoxsa məni heç oxumasalar da şikayət etmərəm.

src="/storage/files/upload/018a268a06850eea8dc9658bc59a7faef5b14f9a.jpg" style="width: 581px; height: 275.007px;" class="fr-fic fr-dib">


- Artıq sanki özünüzü nəsrə vermisiniz. Bu, çox şairdə belə olur. Lap Axundovdan bəri. Bunun səbəbi nədir? Şeir müəyyən müddətdən sonra sizi sıxdımı? Daha yazmayacaqsız?

- Bir dəfə Səlim Babullaoğlu ilə bu barədə danışırdıq. Səlim dedi ki, axıra qədər şair olmaq bəzən mümkün olmur. Cəmiyyət şairi də çirkləndirir, özünə oxşadır. Fikrimcə, şeir hiss, nəsr ağıl hadisəsidir. Şair istəyir ki, həyata bir də ağlın gözü ilə baxsın. Nəsrə keçid bu zaman baş verir. Əslində, şeir nəsr yazmaq üçün bir təcrübə məktəbidir. Mən həm də şeirlərimdə qafiyə cütləmədiyim üçün nəsrə keçməkdə çətinlik çəkmədim. Viktor Hüqo da şeirlə başlamışdı, amma nəsrə keçərək romantizmin banilərindən biri oldu. Nəsrdə pis-yaxşı ənənəvi olmadığımı bilirəm. Yaşlaşdıqca adamın deməyə sözü çoxalır. Şeir isə çənə döyməyi sevmir. Çənə döyməyin yeri nəsrdir. Mən nəsrə şeirdə deyə bilmədiklərimi daha rahat demək üçün keçmişəm. Umberto Eko bir essesində yazır ki, ədəbi personajlar mənim üçün bir vasitədir, mən onların dili ilə öz sözlərimi deyirəm. Milan Kundera da bu fikirdədir və romanlarının istənilən yerində obrazını geri itələyib kürsüyə özü dırmaşır. Sadəcə, bizim roman ənənələrimiz hələ Balzakın, Tolstoyun dövründə ilişib qaldığı üçün mənim nəsrim başa düşülmür, hətta ədəbi tənqid tərəfində qəbul olunmur. Müasir Azərbaycan nəsrində hələ televizor, radio, fotoaparat icad olunmayıb. Hamı nəsrdə hadisə, əhvalat danışmağımı istəyir, məni romanda xarakter, tip yaratmağa səsləyir. Əllərindəki hökm kağızı isə Rollan Bartın “müəllifin ölümü”dür. Mən ölü müəllif deyiləm.

- Feysbukda yazmısınız ki, ortada istedadsızlardan ibarət qarşısıalınmaz bir sürü hərlənir. Bəs axı Azərbaycan xalqı istedadlı xalq idi? Niyə belə düşünürsüz?

- Heç bir xalq istedadlı filan deyil. Hər xalq elitasını nümunə götürür. Fridrix özü Volteri oxuyurdu deyə alman xalqı da oxuyurdu. Nitsşe buna görə Bismarkdan narazı idi, çünki Bismark “qan və dəmir”in gücündən başqa heç bir güc tanımırdı. Elitanın dünyagörüşü hansı səviyyədədirsə, xalq da o səviyyəni mənimsəyir. Elitamız meyxana ilə nəfəs alır, xalq da ona qoşulur. Elitamız müğənni saxlayır, xalq da kredit götürüb həmin müğənnini oğlunun toyuna çağırır. İstedadsız sürünü formalaşdıran da elitamızdır. İstər ədəbiyyat olsun, istər musiqi, istərsə də, məsələn, jurnalistika.

src="/storage/files/upload/47020bbb8456ef1b66366232348947808e7cf72c.jpg" style="width: 554px; height: 446.893px;" class="fr-fic fr-dib">


- Uzun illərdir Türkiyədə idiniz. Əsasən sosial həyatı yox, ədəbi mühiti bilmək istəyərdik ki, necə fərqlər var? Biz onlara çatmalıyıq, yoxsa onlar bizə?

- Ümumi olaraq bizim onlara çatmaq ehtimalımızdan danışmaq olar ancaq. Fərqli mühitlərin sakinləriyik. Bizim ədəbi mühitdə hələ də sosrealizm ənənələri at oynadır ki, bu, dünyada çoxdan gülüş və təhqir hədəfidir. Modernistlər deyirdilər ki, sənətin özünəməxsus təbiəti olduğu üçün o, özündən başqa heç bir həqiqətə xidmət etməməlidir. Marksistlər modernistlərin çəkildiyi bu “qalanı” topa tutdular ki, sənət adamı, gec-tez özünün yaratdığı məhsulu bazara çıxardığı üçün o, bir istehsalçıdır və bazar münasibətlərində iştirak etməlidir, həm də fəhlə sinfinin yanında yer alaraq. Stalinizm marksizmin bu iddiasını zorla həyata keçirdi. Hətta marksizmdən əvvəl də Jak-Lui David kimi sənət adamları partiya üzvü olmaqdan qürur duyurdular. Məşhur “Maratın ölümü” əsərinin müəllifi David hətta yakobinlərin Təhlükəsizlik Komitəsində təmsil olunub əksinqilabçıların mühakimə olunmasında iştirak edirdi. Yaxud öz başımıza gələn “sovet ədəbiyyatı” hadisəsi yazıçı və şairləri bir-birilərini güdən və partiya mənafeyi üçün bir-birilərindən casusluq edən KQB agenti qılığına soxmuşdu. Bu, ənənə şifahi formada bu gün də davam edir. İkincisi, biz yeni-yeni dünya ədəbiyyatını birinci əldən oxumağa başlamışıq, Anadolu türkləri isə həmişə orijinaldan və vaxtında oxuyublar. Bu dediklərim çox ciddi amillərdir, mühitin formalaşması üçün.


- Aqşin bəy, bizim Nobel almamağımıza əsaslı səbəb nədir sizcə? Potensial varmı?

- Bu sual məni qəti maraqlandırmır.

src="/storage/files/upload/67c17836ff17b84d33e252ba193f019f03fa250c.jpg" style="width: 514px; height: 344.38px;" class="fr-fic fr-dib">


- Bir zaman - 30 il sonra məsələn, dərsliklərdə kimlər olacaq? Şagirdlər dövrümüzün yazıçı şairlərindən kimləri oxumalıdır?

- Ümumiyyətlə, ədəbiyyat bir dərslik kimi ləvğ olunmalıdır. Yazarlarımız dərsliyə düşməyə də “Fəxri xiyabanda” basdırlımaq kimi baxırlar. Bütün sənət sahələrini əhatə edən ümumi dərslik yazılmalıdır, ensklopedik formada. Dərsliyə düşmək istəyən şair, yazıcı səmimi əsər yaza bilməz. Çünki dərsliyin öz standartları var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm