İrəvanda xaos: Paşinyan devrilir? - “Cümə söhbəti”
Bizi izləyin

Xüsusi

İrəvanda xaos: Paşinyan devrilir? - “Cümə söhbəti”

Ermənistanda vəziyyət olduqca gərgindir. Bir çoxları düşünür ki, Nikol Paşinyan bu gedişlə devrilə bilər. Üstəlik, müxalif düşərgənin radikal etirazçıları da polisin dəyənəyinə “qonaq edilir”. Həbs olunanların sayı durmadan artır.

Budəfəki “Cümə söhbəti”nin əsas mövzusu Ermənistandır.

Politoloq İlqar Vəlizadə Publika.az-a müsahibəsində söyləyib ki, ABŞ-la imzalanan nüvə sazişi Kremlin İrəvana münasibətini dəyişəcək.

- İlqar bəy, Ermənistanda durum getdikcə çətinləşir. Bu gedişlə indiki baş nazir Nikol Paşinyan devrilə bilərmi?

- Doğrusunu demək lazımdırsa, mən nə vaxtsa kiminsə bir başqasını devirməsi ilə bağlı fərziyyələr irəli sürməmişəm. Həmişə reallıqlardan çıxış etməyə çalışıram. Ermənistanda baş verən hadisələr fonunda reallıqlar ondan ibarətdir ki, İrəvanda hazırkı baş nazir Nikol Paşinyana və onun komandasına qarşı etirazlar var. Etirazçıların sayı da hər gün artır. Amma burada bir nüans da var. Çünki baş nazir Nikol Paşinyanın da tərəfdaşları kifayət qədər çoxdur. Sadəcə olaraq onlar küçələrə çıxmırlar. Paşinyan öz tərəfdaşlarını küçələrə çıxarsa, o zaman vətəndaş qarşıdurması ola bilər. Çox güman ki, hakimiyyət ona görə belə bir addım atmaq istəmir. Digər tərəfdən, Ermənistanın hüquq-mühafizə orqanları da bu istiqamətdə müəyyən işlər görür. Bir çox nümayişçilər, müxalifət tərəfdarları həbs olunub. Bu barədə mediada da kifayət qədər məlumatlar yayılıb. Çox güman ki, digər etirazçılarla bağlı da bu kimi işlər aparılır. Yəni onların da həbs olunması gözləniləndir. Düşünürəm ki, sadəcə olaraq Ermənistan hakimiyyəti daha ciddi və daha repressiv addımlar atmaq məcburiyyətindədir. Onlar bu addımları atmağa məcbur qalıblar. Hətta deyərdim ki, Ermənistanın hüquq-mühafizə orqanları etirazçılara qarşı daha sərt addımlar atmaq astanasındadır.

- Bəs bundan sonra hadisələr hansı istiqamətə doğru yol alacaq?

- Bundan sonra hadisələrin hansı axar istiqamətində irəliləyəcəyini söyləmək çətindir. Bütün hallarda yaxın günlərdə Ermənistanı rahat, sakit həyat gözləmir. Eyni zamanda hazırda İrəvan və Bakı arasında postmünaqişə dövründə münasibətlərin nizamlanması ilə bağlı danışıqlar gedir. Türkiyə və Ermənistan arasında da danışıqlar aparılır. Əlbəttə, bütün bunlar Ermənistan daxilindəki siyasi fonu daha da mürəkkəbləşdirən amillərdəndir. Düşünürəm ki, baş verən hadisələrin fonundakı gərginliyin əsas səbəbi də bu kimi qeyri-müəyyənliklərdir. Fikrimcə, Ermənistan cəmiyyəti bu qarışıq və xaotik durumda hələ bir müddət yaşayacaq.

- Sizcə, hazırkı müxalifət Nikol Paşinyanı devirmək gücündədir?

- Xeyr! Birmənalı olaraq, yox! Çünki sayları çox azdır. Bunu Paşinyan da qeyd etdi. Sadəcə olaraq burada bir məsələ var. Onu təcrübə də göstərir ki, bu məsələdə erməni diasporunun rolu həlledici ola bilər. Yəni daha çox diasporun pulu burada əsas rol oynayır. Eyni zamanda onun təsir imkanları da önəmli olacaq. Görünən odur ki, hazırda erməni diasporunun müxalif düşərgəyə təsir imkanları elə də güclü deyil. Çünki Qərb dairələri Nikol Paşinyanı dəstəkləyirlər. Yadınızdadırsa, 4 il bundan əvvəl Qərb dairələri əvvəlki prezident Serj Sarkisyanı dəstəkləmirdi. İndi isə Qərb Nikol Vovayeviçə dəstək verir. Eyni zamanda Rusiya da müxalif düşərgədə olanlara “görüm-baxım” etmir. Bütün hallarda hazırkı Ermənistan müxalifətinin mövqeləri zəif görsənir.

- ABŞ-la Ermənistan arasında mülki nüvə müqaviləsi imzalandı. Bu, Rusiyanı qıcıqlandıra bilərmi?

- Bəli, fikrimcə, çox güman ki, Birləşmiş Ştatlarla Ermənistanın imzaladığı nüvə müqaviləsi Rusiyanı qıcıqlandıracaq. Bununla bağlı Rusiyanın daha çox sərt addımlar atacağını düşünmürəm. Çünki bu, sadəcə olaraq memorandumdur. Bu sənəddən sonra gedişata görə Rusiyanın hansı addımı atıb-atmaması daha da dəqiqləşəcək. Vəziyyətə görə hər şey dəyişə bilər. Bütün hallarda bu, Kreml üçün xoşagəlməz hadisədir. Hər kəs gözəl başa düşür ki, Ermənistandakı “Metsamor” atom elektrik stansiyasının texnologiyaları Rusiya istehsalıdır. Onları Amerika texnologiyaları ilə əvəzləmək mümkün deyil. Ona görə də yeni atom elektrik stansiyası tikilməlidir. Ermənistanın buna imkanı yoxdur. Düşünürəm ki, bu müqavilə sadəcə olaraq gələcək üçün atılan bir addımdır.

- Ermənistanda baş verənlər, xaotik durum Azərbaycan-Ermənistan münasibətlərinin bundan sonrakı gedişatına mane ola bilərmi?

- Bəli, bir qədər uzada bilər. Çünki burada bir qədər qeyri-müəyyənlik müşahidə olunur. Bu siyasi qeyri-müəyyənlikdən baş nazir Nikol Paşinyan da istifadə edə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm