Nə deyirlər, desinlər, heç vecimə də deyil... - "Zəhər tuluğu"nun ssenaristi ilə MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Nə deyirlər, desinlər, heç vecimə də deyil... - "Zəhər tuluğu"nun ssenaristi ilə MÜSAHİBƏ

Publika.az">Publika.az yazıçı, şair, ssenarist Cəlil Cavanşirlə müsahibəni təqdim edir:

- Müsahibədən əvvəl Feysbukda post paylaşmışdım ki, müsahibə nə suallarınız var? Açığı orada məni də maraqlandıran və vermək istədiyim sual var idi. Uzun müddətdir şeir yazmırsınız, və ya üzə çıxarmırsınız. Səbəbi nədir?

- Şeir ovqat məsələsidir. 14 yaşımdan - 25 ildir şeir yazıram. Heç zaman şeir yazacam deyə masanın önünə keçməmişəm. Olur ki, kitab redaktə edərkən, tərcümə edərkən, dostumla danışarkən ağlıma bir misra gəlir və məni özü ilə çəkib aparır. Şeir mənim üçün planlı bir məsələ deyil. Elə zaman olub ki, bir il şeir yazmamışam. 25 illik fəaliyyətimin toplam 5-6 ilini aktiv şeir yazmışam. Şeir kitablarım da çox və qalın deyil. Mən məhsuldar şair deyiləm və məhsuldar da yaradıcılıq olmur. Şairlik sözün tələbidir. Buna görə də uzun müddətdir şeir yazmıram və bu, məni narahat etmir. Durğunluq yaşayıram, bu mərhələdən sonra yəqin 5-6 şeir yazaram sonra yenə bir il keçər.

src="/storage/files/upload/51ade99243de891ff6064a174252e14d2dfe0050.jpg" style="width: 568px; height: 377.978px;" class="fr-fic fr-dib">


- Bir dəfə ədəbiyyatla bağlı bir tədbirdə çıxışlar zamanı hamı özünü təqdim edirdi. Kimi özünü şair, yazıçı, kimi şair publisit və s. Yadımda qalmadığı, yalnız səsini eşitdiyim bir nəfər yaşlı səs tonu ilə belə dedi: "Hamı yazıçı-şairdir, yalnız şair və ya yalnız yazıçı yoxdur". Bu fikirlə bağlı nə düşünürsünüz? Doğrudan da yalnız yazıçı, yalnız şair olmaq yaradıcı insan üçün qəlib deyilmi?

- Məncə, yaradıcılıq tam bütövdür. Mənim yaradıcı adam nümunələrim hər şeyi bacaran adamlardır. Rəsm çəkirlər, rejissorluq edirlər, aktyorluq edirlər və s. Yaradıcılıq insanı hara çəkib aparırsa, ora da getməlidir. Mənim bunların hamısı ilə bağlı cəhdlərim var. Zamanında meyxana da demişəm, "KVN"də də çıxış etmişəm, fotoya da marağım var. Yaradıcılıq bütöv gözəldir. Konkret şair, yazıçı deyə bir şey yoxdur. Hər şairin həyatında bir hekayə, hər yazıçının həyatında bir şeir olur. Mən özümü təqdim edəndə yazıçı kimi təqdim edirəm, amma tərcüməçi, jurnalist, ssenarist kimi dəvət olunduğum yerlər də olur. Bu, məni narahat etmir, çünki hər biri ilə məşğulam.

src="/storage/files/upload/e05f9987eb51bebbfe7c2f125322ab0400b6513f.jpg" style="width: 568px; height: 378.667px;" class="fr-fic fr-dib">


- Bir az da kinodan danışaq. Yeni yaradılan Kino Agentliyi barədə paylaşımınız oldu. Təklifləriniz olub. Nə idi təklifiniz və agentlikdən gözləntiniz nədir?

- Mən təkliflərimi hələ Kino Agentliyi yaranmadan öncə, bir ildən çoxdur vermişəm. Agentlik yaranandan sonra isə təkliflərimi yenidən verdim. Həll olunmalı vacib məsələlər var. Təklifim bundan ibarətdir ki, Azərbaycan kino mütəxəssislərinin nüfuzlu dünya kino məktəblərində təhsil almalarının təmin olunması, euroimaja qəbul olmaq lazımdır. Bu kinomuzu inkişaf etdirəcək. Müstəqil fəaliyyət göstərib, Azərbaycan kinosunu müxtəlif festivallarda təmsil edən rejissorlara xüsusi diqqət və qayğı göstərilməlidir. Kino tənqidçilərini xüsusi olaraq dinləməliyik. Səhv etmirəmsə, yeni yaradılacaq agentliyin komandasının 70-ə yaxın heyyəti olacaq. Çox yaxşı olar ki, biz peşəkarlardan bəhrələnək. Belə olmasa, bu qurumun da fəaliyyəti uğursuz olacaq. Biz isə belə olmasını istəmirik. Məsələ məni dinləmələri deyil, bütün kino sahəsindəki adamları dinləməkdir.

src="/storage/files/upload/ad5d2dbdeba30caa0e6d1a5273579e9577495f6f.jpg" style="width: 574px; height: 382.667px;" class="fr-fic fr-dib">


- "Zəhər tuluğu" filminin ssenari müəlliflərindən birisiniz. Maraq böyük idi. Bunu gözləyirdinizmi? Kinonun uğurunu nədə görürsünüz? Ssenaridə, aktyorların əvvəldən müəyyən kütləsinin olmasında? Bəzi fikirlər var ki, ssenari plagiatdır. Plagiat, bəhrələnmə yoxsa heç biri idi?

- Artıq ortada bir iş var və bu iş haqqında nə danışılırsa, sinəyə çəkməyə hazıram. Dörd ssenaristin oturub yazdığı filmin plagiat olduğunu iddia edən zehniyyətin filmdən anlayışı yoxdur. Özümü belə zehniyyətlərin qarşısında müdafiə etməyi gərək görmürəm. Vecimə də deyil, nə deyirlər, desinlər. "Zəhər tuluğu" Taleh Yüzbəyovun ideyasıdır. Filmə qədər dörd bölüm olaraq ayrı-ayrı internetdə nümayiş olunub. Fərqli ssenari ilə film şəklinə gətirilməsi isə Orxan Mərdan və Taleh Yüzbəyovun ideyası idi. Ssenarinin yazılmasında Orxan Mərdan, Pərviz Həsənov, Taleh Yüzbəyov və mən iştirak etmişəm. Hər birimiz bir detal üzərində işləyirdik. Səkkiz ay ssenarisi üzərində işlənən film haqqında plagiat demək kobud olsa da tərbiyəsizlikdir. Hansısa oxşar cəhət, oxşar detalın olması normal haldır. Filmin uğurlu olmasının əsas səbəblərindən biri Taleh Yüzbəyov və Ləman Mərrihin rolunu uğurlu oynamasından aslıdır. Ən başlıcası isə Orxan Mərdanovun prodüser, rejissor kimi uzaqgörən addımları və filmin təbliği üçün gecə-gündüz çalışmasıdır. Azərbaycanda iki böyük kinoteatr şəbəkəsi arasında filmin nümayişi ilə bağlı ciddi mübarizə gedirdi. Birində nümayiş olunan film digərində oluna bilməzdi. Orxan Mərdanın səyləri nəticəsində bu iki kinoteatr şəbəkəsi ortaq məxrəcə gələ bildi və film hər iki kinoteatrda eyni zamanda vizyona girdi. Qala gecələri keçirildi, həm Bakı həm rayonlarda. Aktyor heyətinin əvvəldən məşhurluğunun olması filmi baxımlı edən faktorlardan biri ola bilər. Amma əsas səbəb filmdə böyük zəhmətin olmasıdır. Filmin hazırda dublyajı hazırlanır. Mayın 19-da film Qazaxıstanda 21 kinoteatrda nümayiş olunacaq. İyun ayında ABŞ-ın altı ştatında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə nümayiş olunacaq. Bir film üçün bu ciddi uğurdur. Son 20 ilə nəzər yetirsək, ilk hadisədir ki, Azərbaycan fiımi okeanın o tayında nümayiş olunacaq. Bu, hansısa dövlət dəstəyi və Mədəniyyət Nazirliyinin layihəsi kimi yox, tamaşaçıların marağı və xahişi ilə olan bir prosesdir. Yəqin ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Mədəniyyət Nazrliyi də bizə dəstək olacaq. Təşəbbüs zəhmətin nəticəsidir. İşıqçıdan, çayçıya qədər hamının böyük zəhməti var idi. Mənim bu istiqamətdə ilk işimdir deyə belə olacağını gözləmirdim. Amma komanda özünə inanırdı. Üç dəfə başlayıb çəkilişi yarımçıq qoyduğumuz bir iş, xərclər çəkdiyimiz işin indi bəhrəsini görürük.

src="/storage/files/upload/4ec04aad0b2fcf60dcd1bd5af64513497ec70a19.jpg" style="width: 569px; height: 378.947px;" class="fr-fic fr-dib">


- Cəlil bəy, belə bir fikir var ki, yaxşı şeir yazmaq üçün çox hekayə, yaxşı hekayə, roman yazmaq üçün çox şeir oxumalısan. Mən deyərdim ki, bunların hamısını yaxşı edə bilməkçün həm də yaxşı filmlərə baxmaq lazımdır. Bəs ssenari yaza bilmək üçün nə etmək lazımdır? Doğrudan da ssenari yazmaq üçün açar fikir verə bilərsinizmi bizə? Yazıçılar necə ssenari yaza bilərlər? Bir də mənə maraqlıdır ssenari yazmaq üçün çox kitab oxumaq lazımdır, yoxsa çox filmə baxmaq?

- Yaxşı ssenari yaza bilmək üçün dramaturgiyanı, ədəbiyyatı yaxşı bilmək lazımdır. Çox ciddi müşahidə qabiliyyəti, həyat detallarını, gündəlik qarşımıza çıxan hadisələri müşahidə etmək, nəticə çıxarmaq qabiliyyəti lazımdır. Əks halda texniki baxımdan ssenari yazmağı bilmək insanı yaxşı ssenarist etməyəcək. Mənim tanıdığım ssenaristlər hamısı mütaliəli, ciddi ədəbiyyatı oxuyan insanlardır. Bunsuz yaxşı ssenari yazmaq mümkün deyil. Daha əvvəl sənədli filmlərə ssenari yazsam da bədii film tam ayrı estetika tələb edir. Mən hər zaman bunun üzərində çalışıram. Bir gün müstəqil tammetrajlı bədii filmin ssenarisini yazanda özümdən razı qalacam.

src="/storage/files/upload/2e0572b53ae5c963c0aba60b224fd2d62e77ae70.jpg" style="width: 590px; height: 393.333px;" class="fr-fic fr-dib">


- İndi musiqiçilər özü söz yazıb, özü də oxuyur, aktyorlar özü ssenari yazıb, özü də oynayır. Bir növ hamı özü çalıb, özü oynayır. Əvvəlki dövrlərdə musiqiçilər şairlərlə, rejissorlar yazıçılarla sıx bağlı idi. Bəlkə də ona görə hər şey keyfiyyətli idi. Hamı bildiyi işi görürdü. Bu haqda nə düşünürsüz? Bəlkə Kino Agentliyi ilə Yazıçılar Birliyi birləşsin? Deyirlər gözdən uzaq olan könüldən də iraq olar...

- Mən sovet təfəkkürü ilə hamının bir binanın içinə yerləşdirilməyin tərəfdarı deyiləm. Yazıçılar üçün bir binanın olmasına, Yazıçılar Birliyinin özünə də ehtiyac yoxdur. Məsələnin bu tərəfi ilə tam razıyam ki, kino adamları yazıçılarla sıx əməkdaşlıq etməlidirlər ki, hamı öz peşəkarlığını göstərsin. Bu da bir şərt deyil ki, yazıçılarla iş birliyi olsun. Bu, uğurlu olmaya da bilər. Amma hər anlamda bu olmalıdır. Yazıçılar onsuz da yazıçılıqdan başqa sahələrdə də özlərini sınamağa məcburdurlar. Jurnalistika, köşə yazarlığı, tənqidçilik və s. Əməkdaşlıq mütləqdir və bu, musiqiyə də aiddir. Hər yerindən qalxan mahnı yazmamalıdır, hər yerindən qalxan ssenari yazmamalıdır. Bu məsuliyyəti işdir, buna görə də bayağılıq baş alıb gedir. Yaradıcı insanlara hər yerdə ehtiyac var. Bu, mətbuata da aiddir. Yaradıcı insanların mətbuata verdiyi faydanı biz həmişə görmüşük.

src="/storage/files/upload/2dc22c3cbf849e0a2ddbc41cfacf5e0758062425.jpg" style="width: 584px; height: 389.333px;" class="fr-fic fr-dib">


- Cəlil, bəy yaradıcılığınızda nə yeniliklər var nə yazırsınız, bizi nə yeniliklər gözləyir?

- Bir şeir kitabımı çapa hazırlayıram. Redaktəsi hazırdır, sadəcə çapa verməmişəm. Mən qış aylarında şeir kitablarını çıxarıram. Yəqin qışda və ya qışa yaxın işıq üçü görər. Bu şeir yaradıcılığımın 25 illik yekun kitabı olacaq. Qarabağ mövzusunda ssenari üzərində komanda şəklində çalışırıq. Bu proses bir il, bir il yarım çəkəcək. Publisistika ilə bağlı daimi yazılar yazıram. İlin sonunda bu yazıları da kitab halında çap etdirməyi düşünürəm. Ən əsası isə, gecə-gündüz yuxumu qaçıran bir layihə var. Bu nəşriyyat məsələsidir. Müzakirələr gedir və bu ilin sonunda bir nəşriyyatı fəaliyyətə başlatmaq istəyirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm