Ermənilər Kəlbəcər təxribatını nəyə hesablayır? - DETALLAR
Bizi izləyin

Xüsusi

Ermənilər Kəlbəcər təxribatını nəyə hesablayır? - DETALLAR

Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken prezident İlham Əliyevə zəng edib. Ermənistanla Azərbaycan arasındakı münasibətlər, delimitasiya və demarkasiya məsələləri müzakirə olunub. Üstəlik, bu gün Qarabağda, Şuşada Xarıbülbül musiqi festivalının keçirildiyi bir vaxtda ermənilər atəşkəsi də pozublar. Kəlbəcəri hədəf alıblar.

Cənubi Qafqazdakı sürətlə cərəyan edən hadisələr bir-birini əvəzləyir. İrəvanda isə xaos Nikol Paşinyanın boynuna “düyünlü zəncir” kimi keçib. Nikol Vovayeviç revanşistlərdən xilas ola bilmir.

Bəs nə baş verəcək? Blinkenin Əliyevə telefon zəngi ilə regiondakı hərəkətlilik arasında nə kimi bağlar var? Kremlin başı Ukraynaya qarışsa da, Vaşinqtona dişlərini qıcaya biləcəkmi?

Politoloq Cümşüd Nuriyev Publika.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

Bu, həm də Ermənistanda aranın qarışıb, xaosun at oynatdığı bir vaxtda baş verir. Bəzi ekspertlər düşünürlər ki, Birləşmiş Ştatlar Rusiyanı Qafqazdan çıxarmağa çalışır. Digərləri isə Vaşinqtonun Minsk qrupunun fəaliyyətinin yenidən aktivləşdirmək niyyətində olduğu qənaətindədir.

- Cümşüd müəllim, Blinkenin Əliyevə telefon zənginin pərdəarxası məqamlarında nələr ola bilər? Bu zənglə Birləşmiş Ştatların Azərbaycanla bağlı hansı arzulara sahib olduğunu görmək mümkündür?

- Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng eləməsi və Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı öz təbriklərini çatdırması bir yenilikdir. Yəni Amerika Birləşmiş Ştatlarının Azərbaycana, eləcə də Prezident İlham Əliyevə olan münasibətidir. Söhbət çox pozitiv bir münasibətdən gedir. Telefon danışığı zamanı Ermənistanla Azərbaycan arasındakı sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunub. Entoni Blinken bu məsələdə Birləşmiş Ştatlarının mövqeyini açıqlayıb. Bu, əslində yaxşı bir haldır. Çünki Azərbaycanın seçim eləmək imkanı var. İndiyə qədər bu məsələni Rusiya birmənalı şəkildə öz nəzarətində saxlayıb. Moskva bu sahədə hegemonluq edirdi. Artıq Azərbaycanın alternativi var. Risklər nəzəriyyəsinə görə, alternativ varsa, deməli, qeyri-müəyyənlik nisbətən aradan qalxır. Yəni Azərbaycan istənilən vaxt siyasi seçimini edə bilər.

- Sizcə, Blinkenin Əliyevə bu zəngini ABŞ-ın Minsk qrupunu yenidən diriltmək cəhdi adlandırmaq olarmı?

- Xeyr. Bunu heç də ATƏT-in Minsk qrupunun yenidən bərpası kimi dəyərləndirmək lazım deyil. Bu, daha çox Birləşmiş Ştatların Qafqazdakı maraqlarına xidmət edən bir tendensiyadır. Amerika birmənalı şəkildə Rusiyanın Qafqazda hegemon mövqeyini qəbul etmək istəmir. Vaşinqton bir növ, bu cür təkliflərlə Kremlin Qafqazdakı mövqeyinin hegemon olmadığını göstərir. Yəni bütün hallarda Azərbaycan iri dövlətlərin mənafelərindən öz dövlət maraqları üçün yararlana bilər. Söhbət bu maraqlardan keyfiyyətli formada yararlanmaq üçün yaranmış şəraitdən gedir.

- Bu gün ermənilər Kəlbəcərdə də təxribatlara əl atdılar. Bu, onların növbəti təxribatıdır. Özü də Şuşada Xarıbülbül Festivalı keçirilən ərəfədə... Sizcə, bu cür təxribatlar və Ermənistandakı hazırkı vəziyyət iki ölkə arasındakı normallaşma prosesini kölgə altına ala bilərmi?

- Son otuz ildə biz dəfələrlə görmüşük ki, Ermənistanda müəyyən qüvvələr var və onlar Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşmasını istəmirlər. İstər Azərbaycan, istərsə də Ermənistan tərəfindən bu istiqamətdə hər hansı müsbət addım atılanda Ermənistanda bəlli olan və olmayan qüvvələr tərəfindən təxribatlar törədilib. Kəlbəcər istiqamətində bu cür təxribatların törədilməsi də əvvəlki təxribatların bir növ davamıdır. Aprelin 17-dən Ermənistanda başlayan mitinqlər də müəyyən mənada hakimiyyətə təsir göstərir. Burada maraqlı olan qüvvələr də var. Həmin maraqlı qüvvələr Ermənistanın daxili ilə kifayətlənmirlər. Ermənilərin Şuşa ilə bağlı problemləri mövcuddur. Söhbət psixoloji problemlərdən gedir. Bilirsiniz ki, bu gün orada Xarıbülbül Musiqi Festivalı başlayıb. Mayın 10-da cənab prezident növbəti dəfə Şuşaya səfər etdi. Oradan bəyanat verdi. Yəni bütün bunların hamısı Ermənistanda həddən artıq qorxu ilə qarşılanır. Eyni zamanda, əsas siyasi qüvvələri depressiyaya salır. Onlar da çalışırlar ki, bu cür təxribatlar törədilsin, Azərbaycan tərəfi də bunu rəsmi İrəvanın mövqeyi kimi qəbul etsin. Amma bu cür təxribatlardan o qədər çeynənmiş formada istifadə ediblər ki, artıq biz də bilirik ki, Kəlbəcərdə baş verən təxribatlar rəsmi İrəvanın mövqeyi deyil. Çünki artıq rəsmi İrəvanın elə bir gücü də yoxdur. Üstəlik, hazırkı Ermənistan hakimiyyəti hər hansı siyasi iradəyə də sahib deyil. Ermənilər bundan sonra da sərhəddə təxribatlar törətməyə çalışacaqlar. Ən əsası odur ki, Azərbaycan bu cür təxribatlara hazırdır.

- Bu təxribatlarla ermənilər vaxt uzatmağa çalışırlar, yoxsa başqa səbəblər də var?

- Ermənistan tərəfindən törədilən təxribatlar həmişə vaxtın uzadılmasına xidmət edib. Amma indi vaxtın uzadılması Azərbaycanın xeyrindədir, Ermənistanın ziyanınadır. Çünki Azərbaycan qalib tərəfdir və oyunun qaydalarını Azərbaycan müəyyənləşdirir. Azərbaycan öz şərtlərini də irəli sürüb. Bakının irəli sürdüyü 5 prinsipdən ibarət şərti İrəvan da qəbul edib. Doğrudur, onlar altı prinsip də əlavə etməyə çalışırlar. Bu da Qarabağın dağlıq hissəsində yaşayacaq ermənilərin təhlükəsizliyi ilə bağlıdır. Azərbaycan prezidenti də belə bir zəmanət verdi və bildirdi ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarının sahib olduğu bütün hüquqlara sahib olacaqlar. Prosesin uzanması əslində elə də ciddi problem deyil. Çünki proses uzandıqca Azərbaycan tərəfi daha ciddi hazırlaşır. Ermənilər başa düşməlidir ki, Bakı artıq hərbi qüdrətini ortaya qoyub, üstəlik, Azərbaycanın hərbi qüdrəti də var. Azərbaycan yeni komando briqadaları da yaradıb. Yəni ermənilərin ağılları işləsə, bu addımlara getməzlər. Bu məsələdə Ermənistanı şimal və cənub qonşularımızla yanaşı, ölkə daxilindəki kilsə daha çox təhrik edir. Xarici qüvvələrin təhrikinin, daxili revanşistlərin maraqları ilə üst-üstə düşdüyünə görə, onlar çalışırlar ki, nəyəsə nail olsunlar. Amma heç bir şeyə nail ola bilməyəcəklər. Əks halda Azərbaycan Qarabağda bir nəfər erməninin də qalmasına şərait yaratmayacaq. Onlar bunu başa düşməlidirlər. Vaxtilə ermənilər bu addımı Naxçıvana qarşı da atmışdılar. Naxçıvan əhalisi çox ustalıqla erməniləri oradan qovdular və Naxçıvanı çox ustalıqla qoruya bildilər. İndi də ermənilər Qarabağda bu cür təxribatçı addımlar atmaq istəyirlər. Bizim Azərbaycan qanunlarını qəbul edib yaşamaq istəyən ermənilərlə işimiz yoxdur. Bakıda indi 30 min erməni var. Qoy, orada da 10 min erməni olsun. Bu elə də ciddi bir şey deyil. Azərbaycan multikultural dövlətdir. Bizim bütün dinlərə böyük hörməyimiz var və biz tolerant xalqıq. Bu yanaşma Azərbaycanı bir dövlət kimi çox böyük yüksəklərə qaldırır. Ermənilər özləri qərar çıxarmalıdır. Seçim onlarındır; bizimlə birgə insan kimi yaşamaq istəyirlərsə, buyursunlar. Yox, əgər istəmirlərsə, terrorçularla bərabər onlar da Azərbaycandan süpürülüb atılacaq. Gedib kimlərinsə qapılarında nökərlik edəcəklərsə, bu da onların problemidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm