Xüsusi
Əcnəbi yazıçının azərbaycanlı qəhrəmanı: “Atəşfəşanlıq olanda qorxuram”
Bu günlərdə “Mən bunu bacaracağam. Azərbaycan haqda hekayə” kitabının müəllifi norveçli yazıçı Terye Holmedalla müsahibə etmişdim. Kitab Teryenin doğma övladı qədər sevdiyi, “Lalə”nin həyatından, ailəsi ilə birgə doğma torpağından məcburi köçkün düşdükdən sonra qarşılaşdığı çətinliklərdən bəhs edirdi.
Əsərin ilham pərisini axtarıb tapmaq qərarına gəldim. Əsl adı Şəfəq Məmmədova olan zərif qəhrəmanımın hekayəsini bir də öz dilindən dinləmək istədim.
Publika.az">Publika.az Şəfəq Məmmədova ilə müsahibəni təqdim edir:
- Şəfəq xanım, əminəm, tək Terye kimi əcnəbi dostlarımız üçün deyil, çoxumuzun gözündə qəhrəmansınız. Uşaqlığınızdan başlayaq?
- Cəbrayıl rayonunda müəllim ailəsində doğulmuşam. 6-7 yaşımadək hədsiz xoşbəxt uşaqlığım olub. Çox hərəkətli idim. Bacım və qardaşımdan fərqli olaraq yeni macəralar axtarırdım. Özü də atamla çox yaxın münasibətimiz vardı. Özümü xatırladığım gündən bəri anam həm sosial, həm də iş həyatında fəal idi. Bu, kitabda da öz əksini tapıb. Hətta bacım və qardaşım dünyaya gəldikdən sonra üçüncü övlad istəmədiyini eşitmişdim. Deyilənə görə, tam təsadüfən doğulmuşam. Daha sonra zənn edib ki, oğlan olacam. Skandinav ədəbiyyatını da sevdiyi üçün hələ bətnində ikən adımı Eynar qoyub. Ona qismət olmadı, mən oğluma bu adı verdim.
- Və bir anda o xoşbəxt həyatınız alt-üst olur...
- Müharibəyə qədər xatirəm o qədər rəngarəng və işıqlıdır ki... Doğrudur, savaş hər kəsin yaddaşında ağır izlər qoyur, amma məndə bu təsir iki, yaxud üçqat dəhşətlidir. Ən sərt travmalarımı elə kitabın yazıçısı Terye və xanımı sayəsində dəf edə bildim. Çünki həyatımla, ağrılarımla çox yaxından maraqlanırdılar.
Müharibə başlayanda atam dünyasını dəyişdi. Bu, həyatımın ən böyük faciəsi idi. Məşəqqətimiz də ondan sonra başladı. Silah səsləri susmurdu. Elə ağır travma almışam ki, hələ də atəşfəşanlıq səsi eşidəndə qulaqlarımı tuturam. Ən ağırı isə o oldu ki, anam 3 uşaqla tək qaldı. Hərəmizi bir qohumun evinə Bakıya göndərdi. Sonralar danışırdı ki, evimizdən dizin-dizin sürünərək çıxıbmış ki, gülləyə tuş gəlməsin. İndiki kimi mobil telefonlar da yox idi. Bir-birimizdən xəbərsizdik. Bəlkə buna görədir ki, hələ də bacımdan, qardaşımdan ayrı çox qala bilmirəm.
src="/storage/files/upload/bb3f54315b6fbe9cd7455aff569093293b73354e.png" style="width: 487px; height: 608.75px;" class="fr-fic fr-dib">
- Təhsilinizlə bağlı çox cəsur addım atdığınızı da oxumuşam. Özünüzdən ətraflı eşitmək istərdim.
- Müharibədən öncə məktəb hazırlığında oxumuşdum. Elə ki, məcburi köçkün həyatımız başladı, mənim də təhsilim yarım qaldı. Tez-tez evimizi dəyişdiyimiz üçün stabil təhsil ala bilmədim. Teryenin kitabında da olduğu kimi, bir idarə binasında məskunlaşmışdıq. Çay içməyə fincan da tapmırdıq. İndi bunu sakit səslə danışıram, amma həmin günlərin ağırlığı hələ də qəlbimdədir. Anam psixoloji və mənəvi baxımdan çox güclüdür. Bəlkə buna görədir ki, iş tapıb bizi böyütdü. Həm müəllim, həm də fəhlə kimi çalışdı. Mən də ona bənzəmişəm. Çünki bu çətinliklərdən qurtulmalı, bizə baxan yad gözlərə qalib gəlməli idik. Qardaşımın 17 yaşı olmasına baxmayaraq, o da işləməyə başladı.
12 yaşındaydım. Amma o qədər məktəbdən uzaq qalmışdım ki, yazıb-oxumağı da bacarmırdım. Anlayırdım ki, tək çıxış yolum təhsil alıb ailəmi də, özümü də bu acı həyatdan qurtarmaqdır. Bir gün çox güclü yağış yağdı. Çıxıb küçədə oturdum. Anama dedim ki, məni də özünlə birgə normal məktəbə apar, oxumaq istəyirəm. Anam sanki oyandı, məni çalışdığı məktəbin direktorunun kabinetinə gətirdi. O da dedi ki, biz onu qəbul edə bilmərik. 12 yaşı var, amma yazıb-oxuya bilmir. Məktəbə qəbul etsək, bizə töhmət gələcək. Anam israr etsə də, dedilər, yox, 1-ci sinifdə oxusun. Özü də mən hündürboylu idim. Uzun xahişdən sonra 2-3 ay sınayacaqlarını bildirdilər. Çox çalışdım. Hətta gecə-gündüz durmadan oxudum. Təsəvvür edin, yaşıdların tədris proqramı ilə irəliləyir, sən hələ heca-heca söz öyrənirsən. Oxumağa yerim, otağım da yox idi. Qardaşım taxtalardan parta hazırlamışdı. Bilirdim ki, bu mənim yeganə şansımdır. Bu baxımdan məni məktəbə qəbul edən, səbrli davranan rəhbərliyə də bugünədək minnətdaram. Məktəbi uğurla bitirib universitetə qəbul oldum. Ali məktəbi də fərqlənmə ilə tamamladım.
- Terye və xanımı ilə harada tanış oldunuz?
- Universiteti bitirdikdən sonra Norveç Humanitar Müəssisəsində fəaliyyət göstərməyə başladım. Elə burada Norveç iş etikasına, mədəniyyətinə, insani dəyərlərinə yiyələndim. Terye ilə xanımı mənim mənəvi ailəmə çevrildilər. Tez-tez Norveçə gedirdim. Artıq öz ayaqlarım üzərində durmağa başlamışdım. Bizim köçdüyümüz ilk daxmanın ərazisini söküb gözəl binalar tikdilər. Mən ailə qurandan sonra orada anama da, özümüzə də ev aldıq. Hərdən pəncərədən o komanın səmtinə baxıram. Çay içməyə fincan tapmadığımız günlərimi xatırlayıram. İnanıram ki, Qarabağla bağlı mənim hekayəm kimi minlərlə faciə var. Məsələn, bacımın həyat yoldaşı Xocalıdandır. Onlar da doğma evlərini tərk edəndə atası gözünün önündə güllələnib. Təsəvvür edin, bu, necə ağır travmadır.
- Əlbəttə, o ağrını biz savaş uşaqları hamımız yaşamışıq. Odur ki, tarixi zəfərimiz bizim üçün möcüzədir.
- 44 günlük müharibə başlayanda mən hər dəqiqə uşaqlıq ağrılarıma dönürdüm. Çünki mən uşaqlığımı bir məqamdan sonra itirmişəm. Bir dənə də olsun uşaqlıq fotom yoxdur. Cəbrayıl mənim itirdiyim uşaqlığım, xoşbəxtliyimdir. Biz tarixən savaşa, müharibəyə qarşı olmuşuq. Amma bizə qarşı olunan haqsızlığa, ədalətsizliyə dünya susursa, artıq səsimizi ucaltmalıyıq. Çox xoşbəxtəm ki, doğulduğum torpaq yenə sahiblərinə qayıtdı. Biz bu möhtəşəm zəfərin həsrətini çox çəkmişik. Bilirsiniz, çox qürurlu xalqıq. Mən bununla fəxr edirəm və sevincimi norveçli dostlarımla bölüşürəm. Ocağımızın heç kimə tapdamağa haqqı olmadığını deyirəm.
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...