Xüsusi
Dilqəm Əsgərovun oğlu maraqlı DETALLARI AÇDI: Atamın məqsədi o idi ki...
Budəfəki həmsöhbətimiz 6 il erməni girovluğunda qalmış, 2014-cü ilin iyulunda Kəlbəcərdəki doğmalarının məzarını ziyarət etməyə gedərkən erməni terrorçuları tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovdur. Onunla atası haqqında söhbətləşdik. Girovluqdan azad olunduqdan sonra onun sağlıq durumundan, nə ilə məşğul olmasından danışdıq.
Publika.az">Publika.az Kürdoğlu Əsgərovla müsahibəni təqdim edir:
- Kürdoğlu bəy, atanız Dilqəm Əsgərovun səhhəti necədir? İşlə təmin olunubmu? Nə ilə məşğuldur?
- Ümumiyyətlə, götürdükdə səhhəti normaldır. Sağlığı beş gün yaxşı olanda, iki gün də problemlər olur. Mütəmadi olaraq həkimə aparıram. Müayinə və müalicə götürür. Atam hazırda bizim işlərimizə nəzarət edir. Biz kənd təsərrüfatı ilə məşğul oluruq. Özümüzün əkin sahəmiz, yerimiz var. Şəmkir rayonunun Çinarlı qəsəbəsində yerimiz var idi. O vaxt atam Kəlbəcərdə girov götürüləndə həmin yeri təmizləmək imkanımız olmadı. Əkib-becərə bilmirdik. Çünki həmin ərazini camaat zibilxanaya çevirmişdi. Bu il həmin ərazidən zibili tamamilə təmizlədik. Zibilləri kürütdürüb çıxartdırdıq. Qara torpaq tökdürdük. Oraya ağac əkdik. Haradasa hektar yarımlıq bağ salmışıq. Moruq, “malina” əkmişik. İki qardaşıq, öz təsərrüfatımızla məşğuluq. Atam da bizim işlərimizə nəzarət edir. Atamın hazırda işi budur.
- Bir ara Dilqəm kişinin ağır xəstə olması ilə bağlı xəbərlər yayılmışdı. Bildirilirdi ki, erməni girovluğunda olarkən işgəncələrə məruz qalıb. Ağır xəstəliyi yoxdur ki?
- Yox, şükür Allaha, ciddi problemləri yoxdur. Səhhəti hərəkət etməyə imkan verir. Şükür, ciddi bir problemi olmayıb. Yəni müayinə, müalicə olunur, hər şey qaydasındadır.
- Hər hansı bir təqaüd, əlillik pensiyası təyin olunubmu?
- Xeyr, pensiya kəsilməyib. Heç əlillik dərəcəsi də təyin olunmayıb. Atamda bu işin arxasınca düşməyə heç maraq da yoxdur. Gərək gedib hansısa nazirin qəbuluna düşəsən və ya aksiya keçirəsən. O da bizə yaraşan iş deyil. Allah dövlətimizi var, dövlət başçımızın canını sağ eləsin. Cənab Prezidentimiz atamı bizə sağ-salamat gətirdi. Bu bizə bəs edir.
- Bəs Şəmkir Rayon İcra Hakimiyyəti Dilqəm Əsgərovla, onun ailə vəziyyəti, durumu ilə maraqlanırmı?
- Yeni təyin olunan icra başçısı bir dəfə də olsun atamla maraqlanmayıb ki, Dilqəm Əsgərov necədir, hansı vəziyyətdə yaşayır.
- Ümumiyyətlə, nələrə ehtiyacınız olur?
- Bu gün hər kəsin nələrəsə ehtiyacı var. Sadəcə olaraq bu gün atamın sağ-salamat ailəsinə qovuşmağı, bizim yanımızda olması hər şeydən üstündür. Mən belə fikirləşirəm ki, bizdən daha çox şəhid ailələrinin maddi və mənəvi dəstəyə ehtiyacı var. Şəhidlərimizin, qazilərimizin ailələrinə, onların balalarına yardımlar olunsa, onlar diqqətdə saxlanılsa, bu bizim üçün hər şeyə bərabərdir. Bu, elə bizə yardım deməkdir. Biz iki qardaşıq, şükür Allaha, əkin-biçinimiz var. Şükür Allaha, əl-ayağımız, ağlımız var. Daşdan da pul çıxarırıq, amma şəhid və qazi ailələrinə diqqət həmişə ən ümdə məsələ olmalıdır. Qazilərimiz bizdən ötrü əl-ayaqlarını, sağlamlıqlarını, gözlərini itiriblər. İşləyib pul qazana bilmirlər. Onlara dəstək olunsa, biz də sevinərik. Bizim nəyəsə ehtiyacımız yoxdur. Cənab Prezidentimiz, ordumuz sağ olsun ki, atamı azad edib gətirdi. Bu bizim üçün hər şeydən üstündür.
- Şahbaz Quliyevlə atanızın arasında narazılıqlar var idi. İndi barışıblarmı?
- Vallah, mən o işlərə qarışmıram. Dövlətimiz kimin kim olduğunu daha yaxşı bilir. Atamgil girovluqdan azad olunduğu gündən bu işə qarışmadım. Dilqəmi də, onu da yaxşı tanıyırlar. Dilqəm Əsgərov Birinci Qarabağ savaşından Qarabağ azad oluna qədər onun azadlığı uğrunda mübarizə aparıb. 1998-ci ildə Qarabağ torpaqları işğal altında olarkən həmin əraziləri ilk dəfə işğal dövründə ziyarət edib. O vaxt 60 yaşlı Hidayət adlı bir kişi ilə düşmən tapdağında olan ərazilərimizə keçiblər. Onun oğlu Birinci Qarabağ müharibəsində itkin düşmüşdü. Onu axtarmağa getmişdilər.
- Bəs itkin əsirimizi tapa bilmişdilərmi?
- İtkin düşən oğlanı axtarmaq üçün gedərkən əfsuslar olsun ki, tapa bilməmişdilər. Orada azərbaycanlı əsirlərin saxlanıldığı düşərgələri tapmışdılar. Oradakı digər əsirləri azad etmək üçün isə güclü əməliyyat planı lazım idi. Onlar onu bacara bilməzdilər. Birinci Qarabağ savaşı 1993-94-cü illərdə yekunlaşmışdı. Aradan heç 3-4 il keçməmişdi ki, atam Kəlbəcərə ziyarətə getmişdi. Həmin dövrlərdə əsir düşərgələri var imiş, sonrakı dövrlərdə isə görməyib. Dediyinə görə, 1998-99-cu illərə qədər əsir düşərgələri olub. Mübariz İbrahimov şəhid olanda bir qrupa şəhid Fərid Əhmədov, digər qrupa isə atam rəhbərlik edirdi. Nəşi dəyişmək üçün adam gətirmək istəyirdilər. Əfsuslar olsun ki, Fəridin başçılıq etdiyi qrup orada mühasirəyə düşmüşdü. Atam isə öz rəhbərlik etdiyi qrupu sağ-salamat çıxarmışdı. Hamısı sağ-salamat gəlmişdilər.
- Atanız əsir düşənə qədər neçə dəfə Kəlbəcərə gedib-gələ bilmişdi?
- 1999-cu ildə qohumumuz Rəfi ilə Qarabağı ziyarət etdilər. 2005-ci ildə Şahbaz Quliyevi bir dəfə Kəlbəcərə aparıb gətirmişdi. 2007-ci ilin iyun ayında təkbaşına işğal altındakı ərazilərimizə getmişdi. Həmin ilin sentyabrında isə iki nəfəri özü ilə aparmışdı. Həmin səfərdən də sağ-salamat qayıdıb gəlmişdilər. 2009-2010-cu illərdə də ziyarət etmişdilər. 2010-cu ildə Mübariz İbrahimov şəhid olmuşdu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. O zaman atam iki qrupla işğal altındakı Qarabağa girmişdi. Onların məqsədi Mübariz İbrahimovun nəşi ilə dəyişmək üçün canlı adam gətirmək idi. 2014-cü ildə gedəndə isə girov götürüldülər. Birinci elə Şahbaz Quliyev düşmən əlinə keçir. İyulun 8-də kənd sakinləri Şahbazı vuraraq girov götürürlər. Ondan sonra baş verənlər də hər kəsə ayındındır. Şahbazı da qınamıram, erməni əlinə keçib, işgəncə veriblər, o da hər şeyi açıb danışıb. Deyib ki, Dilqəm Əsgərov da, Həsən Həsənov da buradadır. Atam həmin gedişinə qədər Qarabağa ona yaxın səfər gerçəkləşdirmişdi.
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır