Xüsusi
Azərbaycan komandoları hazırlaşır: maksimum 3-4 günə Qarabağda... - Polkovnikdən SENSASİYA
Video əlavə olunub.
xxx
Son günlər ermənilər Azərbaycan-Ermənistan sərhədində təxribatları ard-arda sıralayırlar. Atəşkəs bu dəfə də Kəlbəcər istiqamətində pozulub. Sual olunur: niyə Ermənistanla sərhəd olan digər 7 rayonumuzda bu hal baş vermir? Atəşkəs niyə məhz Kəlbəcər istiqamətində pozulur. Ermənilər son təxribatları ilə nəyə hazırlaşırlar?
Suallarımızı Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Üzeyir Cəfərova ünvanladıq.
Polkovnik Publika.az-a müsahibəsində suallarımıza incəliklərinə qədər cavab verib.
Müsahibəni təqdim edirik:
- Cənab polkovnik, niyə Zəngilan, Qubadlı, Laçın, Qazax, Gədəbəy, Tovuz istiqamətindən ermənilər təxribatlara cəhd edə bilmirlər? Atəşkəs niyə məhz Kəlbəcərdən pozulur?
- Həmin ərazi ermənilər üçün daha “əlçatandır”. Ona görə də atəşkəs həmin istiqamətdən daha tez-tez pozulur. Ermənilər Zəylikdən, Böyük Şorcadan Barmaqbinədəki, Yellicədəki mövqelərimizi rahat şəkildə müşahidə edə bilirlər. Ermənilərin yerləşdiyi mövqelərdən bizim üzbəüz mövqelərimiz rahat şəkildə görünür. Məhz buna görə də ermənilər təxribat törətmək və atəşkəsi mütəmadi pozmaq üçün həmin mövqeləri “əlverişli” hesab edirlər. Eyni zamanda işğaldan azad olunandan sonra ermənilərdə Kəlbəcərlə bağlı bir qıcıq, kin qalıb. Ona görə də dünən axşam saatlarında və bu gün səhər həmin istiqamətdə ermənilər atəşkəsi pozublar. Digər istiqamətlərdə isə ermənilər üçün bizim mövqelərimiz əlçatan deyil.
- Bəs bu təxribatlarla ermənilər nəyə nail olurlar?
- Birmənalı şəkildə heç nəyə nail olmurlar. Sadəcə olaraq gərginlik yaradırlar. Çalışırlar ki, sərhəddə hər hansı bir gərginlik olsun. Bilirsiniz, Ermənistanın özündə vəziyyət nə qədər gərgindir. İrəvanda etirazçılar küçələri bağlayırlar. Mitinqlər keçirirlər. Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Bunların hamısı Ermənistanın daxili ilə bağlı olan məsələlərdir. Sərhəddə ermənilərin imza atdığı bütün təxribatlar Ermənistanın daxildəki durumu ilə birbaşa bağlıdır. İrəvanın daxilində nə qədər gərginlik artırsa, bu, özünü cəbhə, döyüş bölgəsində də göstərir.
- Yəni atəşkəsi pozaraq diqqəti daxildən sərhədə yönəltməyə çalışırlar?
- Bəli, fikri yayındırmaq istəyirlər. Onsuz da ermənilər yaxşı bilirlər ki, istənilən atəşkəs pozulmasına və təxribatına Azərbaycan Ordusu cavab verəcək. Cavab atəşi açacağımızı onlar da gözəl başa düşürlər. Ermənilər istəyir ki, həmin təxribatlar zamanı ya bir nəfər ölsün, ya da yaralansın. O zaman ermənilər də deyəcək ki, siz İrəvanın mərkəzində mitinq keçirirsiniz, istefa tələb edirsiniz, türklər, azərbaycanlılar da orada bizim əsgərlərimizə atəş açırlar, öldürürlər, yaralayırlar. Atəşkəsin pozulması məhz bu məqsədə hesablanıb. Atəş açmaqla heç nəyə nail olmurlar. Sadəcə atəşi özlərinə cəlb edirlər. Yəni Azərbaycan onların təxribatlarına cavab verərkən mütləq orada bir hadisə baş versin, ermənilər də səs-küy salsınlar. Sonra deyəcəklər ki, eşşəyimiz ölüb, başı da qızıldan idi.
- Hazırda sərhəddə, yerində delimitasiya işləri nə yerdədir? Bu haqda sizdə yeni məlumatlar varmı?
- Bildiyim qədər bu gün Moskvada sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı işçi qrupları görüşəcəklər. Səhv etmirəmsə, Kremlin təşəbbüsü ilə yaradılan işçi qrup bu gün Moskvada bir araya gələcək. Hələ ki, demarkasiya və delimitasiya işləri aparılmır. Prinsip etibarı ilə Azərbaycan tərəfindən bəzi işlər görülüb. Bir sıra hallarda mövqelər dəqiqləşdirilir, Müdafiə Nazirliyi də bütün bunlarla bağlı məlumatlar verir. Amma rəsmi qaydada bu istiqamətdə heç bir iş aparılmır. Çünki bu işləri həyata keçirmək üçün tərəflər bir sıra məsələləri – o cümlədən delimitasiya işlərinə haradan başlayacaqlarını razılaşdırmalıdırlar. Xəritələr, işçi qrupun qərarları olmalıdır. Belə götürəndə ermənilər maksimum çalışacaqlar ki, məsələni yubatsınlar. Nəzərə alaq ki, iki gün əvvəl Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş olub. Çalışırlar ki, sülh sazişinin imzalanması məsələsini yubatsınlar, ermənilər və onların havadarları bu məsələni aylarla yubadacaqlar. Aprelin axırına kimi hansısa fəaliyyət olacaqdı. Amma artıq may ayının sonuna doğru gedirik, ortada nəticə yoxdur.
- Sizcə, işin getməməsi ilə bağlı əsaslı problemlər nələrdir?
- Heç bir problem yoxdur. Ortada xəritələr var. İşçi qrupu da yaratmaq olar. Sadəcə olaraq bu gün Rusiyanın başı Ukraynaya qarışıb. Ona görə də məsələnin uzadılmasında Kreml maraqlı görünür. Moskva deyir ki, mənim iradəmdən kənar hansısa bir addım atmayın. Baxın, İlham Əliyevlə Nikol Paşinyan bundan əvvəl iki dəfə Brüsseldə görüşdülər. Sonra Moskvaya gedən kimi Paşinyanın fikri dəyişdi. Ona görə də bu cür təxribatlar vaxtilə olub, indi də baş verir, sabah da olacaq. Sülh müqaviləsinin vaxtını ona görə uzadırlar ki, bir qədər güc toplasınlar. Bundan sonra yenə də müəyyən taktiki gedişlər irəli sürməyə başlayacaqlar.
- Cənab polkovnik, biz Qazaxın 7 və Naxçıvanın 1 kəndini öz sərhədlərimiz daxilinə qata biləcəyikmi? Bəs Başkənd məsələsinin aqibəti necə olacaq?
- Mən sizə deyim ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannamədə Qazaxın 7 və Naxçıvanın 1 kəndi ilə bağlı məsələ var idi. Mən onu həmin sənəddə oxumuşdum, öz gözlərimlə həmin müddəaları görmüşdüm. Sonradan Rusiya tərəfi həmişə olduğu kimi ermənilərin təhriki ilə həmin məsələni gündəmdən çıxardı. Bildirmək istəyirəm ki, anklavların azad edilməsi ən ümdə məsələlərin sırasındadır. Həmin 7 kənd Azərbaycanın nəzarətinə qayıtmalıdır. Azərbaycan orada öz suverenliyini bərpa etməlidir və bütün bunlar baş verəcək. Sadəcə olaraq Başkənd məsələsi də danışıq mövzusu olacaq. Kərki də buraya daxildir. Ermənilərin cəhdlərinə baxmayaraq, bu gün də Kərki və Qazaxın 7 kəndi müzakirə mövzusudur. Bu mövzular danışıqların predmeti olaraq qalır. Kərki və Başkənd də sonrakı mərhələdə gündəmə gələrsə, müzakirə olunacaq. Bununla bağlı hər hansı bir qərar hələlik yoxdur. Başkənd hazırda bizim nəzarətimizdədir. Xəritə əsasında müəyyən məsələlər müzakirə olunandan sonra qərar veriləcək.
- Prezident İlham Əliyev ermənilərə 6 ay vaxt vermişdi. Əgər ermənilər daşı ətəyindən tökməsə, Azərbaycan tərəfi buna sərt cavab tədbirləri ilə qarşılıq cavab verəcək – söyləmişdi. 6 ay başa çatmaq üzrədir. Azərbaycan yenidən hansı sərt addımları ata bilər?
- Bilirsiniz, bizim onlarla varinatımız var. Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, o cümlədən Hadrutdakı komando qüvvələri hazır vəziyyətdədir. Ermənilərin bu məsələni həll etməyəcəyi və yaxud uzadacağı təqdirdə bizim yaxın aylar üçün konkret planımız var. Əslində həmin planın icrasına mart ayından başlanılırdı. Sonradan Rusiya sülhməramlıları müəyyən problemlər yaratdılar. Onlar həm Ağdərə, həm də Xankəndi istiqamətindəki hərəkətlərimizə maneə yaratdılar. Amma ordu da öz işini görür. Müəyyən təbliğat işləri aparılır. Bir sıra mühəndis-istehkam işləri görülür. Komando qüvvələri üçün həmin məsələləri həll etmək üç-dörd gün vaxt alacaq. Bu, maksimum zaman müddətidir. Azərbaycanın hansı addımlar ata biləcəyini ermənilər qısa bir müddətə başa düşəcəklər. Bu məsələni uzatsalar, yəqin ki, Azərbaycan bir balaca fiziki güc tətbiq etməyə məcbur olacaq. Ondan sonra həm ermənilər, həm də ruslar başa düşəcəklər ki, imzaladığı sənədin, üçtərəfli bəyanatın müddəalarını vaxtında yerinə yetirmək lazımdır. Onlar bu sənədin icrasını yerinə yetirməsə, Azərbaycan oturub 20-30 il gözləməyəcək. Yaxın aylarda bu məsələlərin qısa bir tərpənişi olmalıdır. Əgər bu baş verməsə, Azərbaycan nə edəcəyini yaxşı bilir.
- Yadınızdadırsa, ermənilər yazırdılar ki, Qarabağın dağlıq hissəsindəki bəzi kəndlər boşaldılıb. Ola bilərmi ki, birdən-birə yox, mərhələli şəkildə həmin ərazilər Azərbaycana təhvil verilsin?
- Yenə deyirəm, biz bunun üçün bir balaca çevik tərpənməliyik. Yəni ən azından məsələni sərt şəkildə qoymalıyıq. Biz danışıqlara, görüşlərə üstünlük veririk. Hələlik məsələləri diplomatik yolla həll etməyə çalışırıq. Amma paralel olaraq ordu da bir balaca qətiyyət göstərməlidir ki, ruslar və ermənilər bəzi şeyləri başa düşsünlər. Yəni məsələnin uzadılması onlar üçün heç də yaxşı nəticələrə gətirib çıxarmayacaq.
-
Magazin107:47
Efirdə birgə ağladılar - VİDEO
-
Dünya07:30
Yeni qasırğa bu ölkəni fəlakətli daşqınlarla TƏHDİD EDİR
-
Ekologiya07:17
Hava çiskinli olacaq - PROQNOZ
-
Qoroskop06:46
Yeni həftə bürclər üçün nə vəd edir? - Uğurun açarı öz əlinizdədir
-
Magazin104:14
Damlanın ABŞ-a girişinə bir illik QADAĞA QOYULDU
-
Dünya03:43
Yaponiya şahzadəsi 101 yaşında vəfat etdi
-
Magazin202:42
Məşhur model alt paltarında pozalar verdi - FOTO
-
Əmlak01:41
Bu ərazidə torpaq BAHALAŞIR - Sotu 2 minə idi, 15 minə satılacaq