Aşıqlarımız, xanəndələrimiz əcnəbi dillərdə... - Fransada yaşayan cazmen
Bizi izləyin

Xüsusi

Aşıqlarımız, xanəndələrimiz əcnəbi dillərdə... - Fransada yaşayan cazmen

Düşünürəm ki, bu, beynəlxalq aləmdə də Şuşa brendinin tanınması üçün çox gözəl addım ola bilər. Mən də bu işdə tam təmənnasız iştirak etməyə hazıram.

Bu sözləri Publika.az-a müsahibəsində Fransada yaşayıb fəaliyyət göstərən pianoçu, caz ifaçısı Etibar Əsədli bildirib.

- Bu gün harada yaşamağımızdan asılı olmayaraq hamımızın ən çox səfər etmək istədiyi şəhər Şuşadır.

- İlk dəfə Şuşaya Dünya Azərbaycanlılarının Qurultayına gəldim. Əvəzsiz tarixi anlara şahid olduq. Qurultayda çıxış edən cənab Prezidentimiz bildirdi ki, artıq sülh müqaviləsi qurulur və biz qalib ölkəyik. Bundan sonra düşmən kimi yaşaya bilmərik. Mən də bu prinsipi rəhbər tutub Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə “Play for peace” (Sülh üçün çal) layihəmi ərsəyə gətirdim. Layihəyə 20 ölkədən musiqiçiləri cəlb etdik. “Pıçıldaşan ləpələr” kompozisiyasını hər kəs öz tərzində ifa etdi. Möhtəşəm vəhdət yarandı. Klipimiz də maraqlı alındı. Hazırda həmin layihənin ikinci hissəsi üzərində işləyirəm. Hələ tam qərar verməsəm də, Şuşa ili ilə bağlı əsərlərin birinə üstünlük verəcəyimi düşünürəm.

- Ardınca isə V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalındakı möhtəşəm konsertiniz...

- V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında baş tutan konsertimdə ilk dəfə folktronika janrında ifa etdim. Onadək elektronika, caz-muğam, akustik konsertlərim baş tutub. Folktronika isə birinci dəfə idi. Düşünürəm ki, istənilən musiqidə olduğu kimi, bu janrın da dinləyiciyə ikiqat həzz verməsi üçün fonoqramdan qaçmaq lazımdır. Həmçinin bu dəfə mən ayaq üstə ifa edirdim. Bu mənim özümə də xüsusi zövq verdi. Çünki enerjini tamaşaçıya tam ötürdüyümü düşünürəm.

src="/storage/files/upload/1c6f2cf56ef84aa567c1f555e1ba3c43cc5fd5ad.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">

- Əminəm ki, bu enerjiyə görə sizi yenidən səhnəyə çağırdılar.

- Təbii ki... Xüsusən də illərdir həsrətini çəkdiyimiz Şuşada, dağların qoynunda musiqi səsləndirmək özü böyük xoşbəxtlikdir. Mənim qrupumda fransız musiqiçi də vardı. O da Şuşanın təbiətindən ilham aldı. İzah etdim ki, bura bizim tarixi ərazilərimizdir və işğaldan azad etmişik. Ümumiyyətlə, əcnəbi musiqiçilərin Zəfərimizdən sonra Qarabağa gəlib sülh çağırışına qoşulmaları özü də böyük uğurdur.

- Beynəlxalq təcrübənizi musiqiçilərimizlə bölüşmək istəmirsiniz?

- Düşünürəm ki, musiqimizi daha gözəl duymaq, ətrafına da dərindən hiss etdirmək üçün çərçivələri qırmaq lazımdır. Məncə, musiqiçi səhnədə tam azad olmadıqca, emosiyalarını da gözəl ifadə edə bilməyəcək. Artıq standartlardan kənara çıxıb, səhnədə tam rahat görünməliyik. Həmçinin məni narahat edən bir məsələ də var ki, gözəl sənətkarlarımız, aşıqlarımız, xanəndələrimiz əcnəbi dillərdə danışmırlar. Çox istərdim ki, onların xarici ölkələrdə ustad dərsləri təşkil olunsun və xarici həmkarları ilə ortaq dildə ünsiyyət qurub musiqimizi, mədəniyyətimizi təbliğ etsinlər. Çünki sənətçinin fikirlərini heç bir tərcüməçi olduğu kimi, onun həssaslığı və yaradıcı dili ilə ifadə edə bilməz. Həmçinin Türkiyədə “Bizim köy” adlı layihəyə dəvət almışam. Layihə “Kəndlərdə konservatoriya qur” sloqanı ilə davam edəcək. Əslində çox maraqlı ideyadır. Gələcəkdə biz də kəndlərimizdə, bölgələrimizdə musiqini buna bənzər formada təbliğ edə bilərik.

- Şuşada gerçəkləşdirmək istədiyiniz başqa arzunuz var?

- Ən böyük arzum odur ki, Şuşada beynəlxalq tələbatlara cavab verən studiya fəaliyyətə başlasın. Bu həm ölkəmizdə, həm də xaricdə fəaliyyət göstərən musiqiçilər üçün əvəzsiz təklif olardı. Bu layihə artıq bir neçə inkişaf etmiş ölkələrdə sınaqdan keçirilib. Musiqiçilər 1 həftə, yaxud da daha uzun müddətə turistik məkanlara səfər edir. Həm yaxınlıqdakı hoteldə qalıb istirahət edirlər, həm də istədikləri saata studiyaya girib kompozisiyalarını ərsəyə gətirirlər. Şuşamızın bu tələblərə cavab verən bütün özəllikləri var. Düşünürəm ki, bu, beynəlxalq aləmdə də Şuşa brendinin tanınması üçün çox gözəl addım ola bilər. Mən də bu işdə tam təmənnasız iştirak etməyə hazıram.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm