30 ildə Cümhuriyyətimizlə bağlı hansı işlər görülüb? - CÜMƏ SÖHBƏTİ
Bizi izləyin

Xüsusi

30 ildə Cümhuriyyətimizlə bağlı hansı işlər görülüb? - CÜMƏ SÖHBƏTİ

Azərbaycan Xalq Cümhuriyyətinin 104 ili tamam olur. Son 30 ildə müstəqil Azərbaycan dövləti öz hüquqi və siyasi varisini yaşatmaq üçün bir çox işlər gerçəkləşdirib.

Publika.az-ın “Cümə söhbəti”ndə tarix üzrə fəlsəfə doktoru, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramovla söhbətləşdik.

Müsahibəni təqdim edirik:

- Cəbi müəllim, Azərbaycan Xalq Cümhuriyyəti, onun öyrənilməsi istiqamətində son 30 ildə nə kimi işlər görülüb?

- Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 104 ili tamam olur. Cümhuriyyətin adının, tarixinin tədqiqi, adının əbədiləşdirilməsi üçün 1990-cı ildən çox böyük işlər görülüb. Hələ o zaman Tarix İnstitutunda bir qrup yaradıldı. Həmin qrup Azərbaycan Xalq Cümhuriyyəti Tarixi Qrupu adlanırdı. 1990-cı ilin noyabrın 17-də Ulu öndər Naxçıvanda olarkən onun təklifi ilə bizim üçrəngli bayrağımız dövlət bayrağı elan edildi və Naxçıvan Ali Məclisinə gətirildi. Bu, Cümhuriyyətin simvollarının bərpa edilməsi və əbədiləşdirilməsi yolunda birinci addım idi. Bundan sonra 5 fevral 1991-ci ildə yenə də Naxçıvan Ali Məclisinin və Azərbaycan Ali Sovetinin deputatı olan Heydər Əliyevin təşəbbüsü ilə artıq burada oturanlar Ulu öndərin təklifini qəbul etməyə məcbur oldular. Azərbaycan Respublikasının adından SSR, sosialist sözlərini götürdülər. Azərbaycan Respublikasını elan etməyə məcbur qaldılar. Beləliklə, bizim dövlət bayrağımızı bərpa etdilər.

- Heydər Əliyev hakimiyyətə gələndən sonra bu istiqamətdə başqa hansı addımları atdı?

- 1993-cü ildə Ulu öndər Azərbaycanın rəhbəri seçiləndən sonra bu istiqamətdə çox böyük işlər gördü. Onun ilk addımlarından biri Cümhuriyyətin yaradıldığı 1918-ci ildə Azərbaycan xalqına qarşı çox ağır bir cinayətin törədilməsi ilə bağlı 26 mart 1998-ci ildə Azərbaycanlıların soyqırımı günü ilə bağlı idi. Ulu öndər həmin tarixin əbədiləşdirilməsi ilə bağlı fərman imzaladı. 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmiləşdirildi. 1998-ci ilin yanvar ayının 31-də Ulu öndərimizin imzaladığı fərmanla Cümhuriyyətimizin 80 illiyi qeyd olundu. Bunun davamı olaraq 2003-cü ildə onun 85 illik yubileyi ilə bağlı ölkədə çox böyük beynəlxalq elmi konfrans keçirildi. 1998-ci ildə Milli Arxiv İdarəsinin hazırladığı, tarix elmləri doktoru Aslan Paşayevin rəhbərliyi ilə Cümhuriyyət Parlamentinin sənədlərinin yeddi cildliyi çap olundu. O cümlədən Fətəli Xan Xoski və digərləri haqqında o dövrün sənədləri nəşr edildi.

- 1990-cı illərin ikinci yarısında bu gün üçün böyük əhəmiyyət daşıyan fərmanlar da imzalanmışdı...

- Bəli. Bundan sonra Ulu öndərin bilavasitə fərmanları ilə 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü elan edildi. 1918-ci ilin həmin günü Azərbaycan Xalq Cümhuriyyətinin ordusu yaradılmışdı. Bu tarix bərpa edildi. Noyabrın 9-u Dövlət Bayrağı Günüdür. Bununla bağlı Prezident İlham Əliyev ayrıca fərman verdi. Yəni, Cümhuriyyətin atributlarının qaytarılması, onun adının əbədiləşdirilməsi üçün bizim konstitusiyamızda yazılıb ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu varisliyi əsas tutaraq bilavasitə Cümhuriyyətin adının, tarixinin əbədiləşdirilməsi üçün çox böyük addımlar atılıb. 1998-2003-cü illərdə Tarix İnstitutu Azərbaycan tarixinin 7 cilddə çoxcildiyini nəşr etdirdi. Onun beşinci cildində Cümhuriyyət tarixinə çox geniş yer verilib. Cümhuriyyət tarixinə ilk dəfə 1993-cü ildə nəşr edilən bircildlik Azərbaycan tarixində nəzər salınıb. Həmin bircildlik Azərbaycan tarixi Cümhuriyyət tarixi ilə başa çatdırılıb. Yəni orada ilk dəfə ümumiləşdirici əsər kimi Azərbaycan tarixi kitabında Cümhuriyyətin tarixi obyektiv olaraq verilib. Bundan başqa, bizim institut, Bakı Dövlət Universitetinin alimləri tərəfindən, eləcə də digər ali təhsil ocaqlarımızda Cümhuriyyət tariximizlə bağlı çox işlər görülüb.

- Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti tarixinin əbədiləşdirilməsi ilə bağlı nə kimi işlər reallaşdırılıb?

- Cənab Prezident İlham Əliyevin dövründə bu istiqamətdə çox böyük işlər gerçəkləşdirilib. Bizim ən böyük abidələrimizdən biri – Dövlət Bayrağı Meydanının yaradılması üçün orada Cümhuriyyət dövründə qəbul edilən bayrağımız dalğalanır. Bu istiqamətdə çox böyük işlər reallaşdırılıb. Məhz Prezidentimizin təşəbbüsü ilə 2006-cı ildə İstiqlaliyyət küçəsində İstiqlaliyyət abidəsi ucaldıldı. Bu da Cümhuriyyət tariximizin əbədiləşdirilməsi üçün atılan çox mühüm addımdır. Cümhuriyyət tariximizin heykəlləri ucaldılıb. O cümlədən, onların istər Gürcüstanda, istər Türkiyədə, istərsə də Fransada yaşayan Cümhuriyyət dövrü xadimlərimizin, mühacirlərimizin qəbirlərinin üstü götürülüb. Adları əbədiləşdirilib, dərsliklərə daxil edilib. Cümhuriyyət tarixi ayrıca olaraq universitetlərin tarix fakültələrində, digər fakültələrdə öyrənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm