Gəncə Mətbuat Evi necə "Kaspi" Təhsil Mərkəzinə çevrildi - FOTO
Bizi izləyin

Xüsusi

Gəncə Mətbuat Evi necə "Kaspi" Təhsil Mərkəzinə çevrildi - FOTO

Yeddi il öncə, 2015-ci ilin 5 iyulunda ölkəmizin ikinci böyük şəhərində, Gəncədə Mətbuat Evi açılır. Gəncə Mətbuat Evi məhz milli mətbuatımızın 140 illiyi münasibəti ilə həmin bölgədə yaşayan və fəaliyyət göstərən media nümayəndələrinin ixtiyarına verilir. Verilirmi?

Publika.az-ın əldə etdiyi məlumatlara görə, sözügedən binanın təməli 2011-ci ildə atılıb. Üç ildən sonra isə jurnalistlərin istifadəsinə verilməsi məqsədilə açılış mərasimi keçirilib.

Açılış mərasimində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdir müavini Ərəstun Mehdiyev, Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru, hazırda həbsdə olan Vüqar Səfərli və ölkənin bir sıra aparıcı mətbu orqanlarının rəhbərləri iştirak ediblər. Bu tədbir barədə mediada məlumatlar yayılıb.

Amma... Yeddi il əvvəl Gəncə Mətbuat Evinin açılış mərasimində qeyd edilirdi ki, 4 mərtəbədən ibarət olan binanın 1-ci mərtəbəsində konfrans keçirmək üçün zal, 2 və 3-cü mərtəbələrdə jurnalistlərin fəaliyyət göstərmələri üçün otaqlar, 4-cü mərtəbədə isə Gəncəyə ezam olunan media nümayəndələrinin gecələmələri üçün xüsusi otaqlar yaradılıb.

Araşdırma zamanı bəlli oldu ki, Gəncə Mətbuat Evi 1 gün belə adına və istiqamətinə uyğun fəaliyyət göstərməyib. Açılış mərasimindən bir müddət sonra binada “Kaspi” Təhsil Mərkəzinin Gəncə şöbəsi fəaliyyətə başlayıb və bu günədək sözügedən qurum orada fəaliyyət göstərir. Çox maraqlıdır, milyonlarla maliyyə vəsaiti hesabına inşa edilən, Mətbuat Evi kimi fəaliyyət göstərməsi nəzərdə tutulan bu bina necə olub ki, “Kaspi” Təhsil Mərkəzinin ixtiyarına və istifadəsinə verilib? PA İctimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevaya məxsus “Kaspi” Təhsil Mərkəzi Gəncə Mətbuat Evinə necə sahiblənə bilib?

Ən böyük regionlarımızdan olan Gəncədə bu bina jurnalistlərdən necə alınıb? Aydın məsələdir ki, PA-nın sabiq şöbə müdiri Ə.Həsənovun hüdudsuz səlahiyyətləri burada ciddi rol oynayıb və binanı öz şəxsi biznesinin fəaliyyətinə yönəldib. Və maraqlıdır ki, uzun illər hamı bu fakta göz yumub...

Qeyd edək ki, “Gəncə Mətbuat Evi” adına olan və bircə gün də media evi funksiyasını yerinə yetirməyən binada hələ də “Kaspi” Tədris Mərkəzi fəaliyyətini davam etdirir.

Məsələ ilə bağlı saytımızın sorğusuna cavab olaraq Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda həmin binada 2 müəssisə fəaliyyət göstərir: “Sözügedən bina 2015-ci ildə “Azərmətbuatyayımı” ASC-nin Gəncə Mətbuat Evi” adı ilə istifadəyə verilib. Mətbuat Evi kimi fəaliyyət göstərməsə də, “Azərmətbuatyayımı” ASC hazırda orada yerləşir. Bina Gəncə Şəhər İcra Hakimiyyətinin balansında deyil və şəxsi mülkdür”.

7 il əvvəl açılış mərasimində Mətbuat Şurasının sədri kimi iştirak edən Əflatun Amaşov da Gəncə Mətbuat Evinin sonrakı taleyindən xəbərsiz olduğunu bildirib: “Dövlət büdcəsi hesabına mətbuatla bağlı nəsə tikilibsə, gərək həmin bina aidiyyəti üzrə özünün missiyasını həyata keçirsin. Hansı məqsədlə tikilibsə, o məqsədlə fəaliyyət göstərsin. Əgər dövlətin hesabına tikilibsə, bu cür olmalıdır. Həmin bina dövlətin balansına keçməlidir. Əgər belə deyilsə, özəl mülkiyyətdirsə, o zaman məsələ başqadır. Həmin binanın hansı qurumun balansında olması ilə bağlı mənim məlumatım yoxdur. Bəlkə də həmin binanı hansısa şirkət, özəl təşkilat tikib. Bu, tamam başqa məsələdir. Mən binanın tikintisində heç bir formada iştirak etməmişəm. Açılış mərasiminə isə qonaq kimi dəvət olunmuşam. Amma mən belə düşünürəm ki, Gəncə kimi bir şəhərdə mütləq jurnalistlərin fəaliyyət göstərməsi üçün Mətbuat Evi olmalıdır. Çünki Gəncə ikinci böyük şəhərimizdir. Bu məsələyə təkrar baxılmalıdır”.

Ə.Amaşov əlavə edib ki, hazırda Gəncədə xeyli sayda media orqanı fəaliyyət göstərir: “Eyni zamanda, Bakıda fəaliyyət göstərən media qurumlarının Gəncədə bölgə üzrə əməkdaşları var. Əcnəbi jurnalistlər tez-tez Gəncəyə səfər edirlər. Əgər Gəncədə Mətbuat Evi olarsa, Bakıda fəaliyyət göstərən kütləvi informasiya vasitələri əməkdaşlarının yerləşməsi üçün həmin bina əhəmiyyətli rol oynaya bilər. Həmin binada regional və beynəlxalq səviyyəli müəyyən görüşlər, tədbirlər də keçirmək mümkündür. Ümumiyyətlə, belə bir məkanın olması informasiya almaq baxımından jurnalistika üçün çox əhəmiyyətlidir".

Araşdırmamızın davamı növbəti yazımızda təqdim ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm