Həmin çirkin kampaniyaların başında BU ADAMLAR dayanır - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Həmin çirkin kampaniyaların başında BU ADAMLAR dayanır - MÜSAHİBƏ

Həmin çirkin kampaniyaların başında BU ADAMLAR dayanır - MÜSAHİBƏ

Üç gündür ki, Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını mətanətlə və dəyanətlə almaqdadır. Azərbaycan xalqının dəmir yumruq kimi birləşdiyi bir məqamda tarixçi Altay Göyüşov əsgərlərimizin şəhid olmasına, hərbi infrastuktura ziyan dəyməsinə səbəb olan Ermənistanın təxribatına cavab olaraq Ordumuzun zərbə endirməsi haqda gözlənilməz fikirlər səsləndirib. Altay Göyüşov deyib ki, “şəxsən mənə İrəvan, Zəngəzur-filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq qınayıram”.

Onun bu fikirləri aydın düşüncəli ictimaiyyət nümayəndələri arasında birmənalı qarşılanmayıb və düşmən dəyirmanına su tökmək kimi qiymətləndirilib.

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa ilə söhbətimiz elə bu mövzudadır.

Deputat Fazil Mustafanın Publika.az-a müsahibəsini təqdim edirik:

- Fazil bəy, tarixçi Altay Göyüşovun “mənə Zəngəzur lazım deyil”, “Azərbaycan ordusu təcavüzkardır” ifadələrinin arxasında hansı xəttin rüşeymləri dayanır?

- Əslində, hər hansı bir alimin və yaxud tədqiqatçının bu və ya digər məsələdə fərqli fikir söyləməsi cəmiyyət üçün o qədər də zərərli deyil. Amma bir sıra ünsürlər var ki, onlar fərqli fikir söyləmirlər. Onlar cəmiyyətin gələcəyi ilə bağlı düşmən mövqedən öz nifrətlərini sovururlar. Həmin obrazlar da tək deyillər. Altay Göyüşovun məlum “fikirlərini” bəyənənlərin siyahısına baxın, ürəyində həmin fikirləri bəyənirlər, amma onu dilə gətirmirlər. Biz illərdir sosial şəbəkələrdə həmin ünsürlərlə savaşırıq. Bunun arxasında uğursuz siyasətçilər, yazarlar da var. Müəyyən dərəcədə bu istiqamətdə özünə alim deyən, amma cəmiyyətimizə dəyərli bir töhfə verməyən insanlar da var. Onlar həm də cəmiyyətdə müəyyən dərəcədə təqdir də olunurlar. Sonradan onları LGBT-nin siyahılarında boy göstərdiyini görürük. Başqa cəmiyyətlərdə də bir sıra hallarda boy göstərirlər. Müəyyən dərəcədə onlar bir-birlərini dəstəkləyirlər. Bir sıra şəxslərə qarşı müəyyən şər, çirkin kampaniyaların başında da bu adamlar dayanır.

- Bəs belələrinin əlindəki “silah”ın adı nədir?

- Onların əllərində yalnız bir “silah” var. Deyirlər ki, biz liberalıq, biz demokratıq... “İnsan haqqları”na, “ədalət”ə hər şeydən üstün qiymət verdiklərini söyləyirlər. Amma zaman göstərir ki, bir dövlət, bir ölkə təcavüzə məruz qalanda həmin ölkənin insanları birləşdiyi halda, onların iç üzü ortaya çıxır. Ola bilsin ki, hansısa alim müharibə ritorikasını işlətməsin. Həmin insanlar müəyyən dərəcədə sülhə, danışıqlara çağıra bilərlər, amma düşmən cinahında yer almırlar. Öz millətinə, ölkəsinə qarşı belə bir mövqe sərgiləmirlər. Bu, həmin mövqedir. Həmin mövqenin arxasında xeyli siyasətçilər, çoxlu sayda nadan insanlar dayanır. Altay Göyüşov kimilərinin “fikirlərini” dəstəkləyirlər, tirajlayırlar. Uzun illərdir ki, onlar öz mövcudluqlarını bu yolla sürdürməkdədirlər. Eyni zamanda, bu istiqamətdə istənilən təbliğatı aparırlar. Amma zaman özü hər şeyi yoluna qoyur, onların əsl sifətini, simasını açır. Siz təsəvvür edin ki, Azərbaycan Ordusu hər dəfə bir yüksəkliyi azad edəndə nə qədər “vətənpərvər” insanın içində bir tel düşür. Düşünürlər ki, “aha, deyəsən, hakimiyyət yenə də gücləndi” və ya “deyəsən, yenə də bizim düşündüyümüz məsələlər olmadı”. Onun bir siyasətçi qardaşı da deyirdi ki, “niyə Laçından danışmırsınız, keçib Zəngəzurdan danışırsınız?”. Laçın azad olunandan sonra isə heç nə demədi. Çıxıb üzr də istəmədi. Onun arxasınca düşüb sürünənlər də üzr istəmədilər, çünki onlar üçün torpaq, vətən maraqlı deyil.

- Sizcə, belələri əsasən nə barədə düşünürlər?

- Onlar ancaq hakimiyyət revanşı haqqında düşünürlər. Müəyyən dərəcədə hakimiyyətdəkilərdən kimisə qaralamaq haqqında fikirləşirlər. Amma bu gün ağlı başında olan azərbaycanlı fikirləşir ki, bu sabitlik, ordu sisteminin xalqla birləşməsi içərisində ölkə uğur qazana bilər. Ölkədə azacıq bir boşluq, xaos olarsa, biz Ermənistana bu zərbəni endirə bilərikmi?! Bizim buna imkanımız çatmaz. Ona görə də bu cür zehniyyətlər tək deyil. Niyə “Laçından yox, Zəngəzurdan danışırsınız?” – deyənlərin hamısı elə göyüşovlardır.

- Çıxış yolunu nədə görürsünüz? Bu cür fikirlərə qarşı, cəmiyyət hansı mövqeyi sərgiləməlidir?

- Sadəcə olaraq, Azərbaycan cəmiyyətində vicdanlı insanların daha tez toparlanmasına ehtiyac var. Söhbət dövlətini və millətini sevən insanlardan gedir. Bəzi saxta “turançı”, “bütöv azərbaycançı”lar da bir sıra hallarda düşmən dəyirmanına su tökməklə məşğul olurlar. Bəziləri qonşu ölkələrdən gələn tezisləri müdafiə edirlər. İranla bağlı doğru bir söz deyən kimi üstünə yüz adam tökülür. İndi buyurun, İran Ermənistanın yanındadır, siz də ermənilərin yanındasınız?! İrana görə bizə irad bildirən, hansısa mətnlər yazan şərəfsizlər baxsınlar. Niyə səslərini çıxarıb etirazlarını bildirmirlər?! Yalandan hansısa dini məzhəbi bəhanə edərək özlərinin əslində İran agenti olduqlarını gizlətmək üçün niyə dəridən-qabıqdan çıxmırsınız?! Azərbaycanda məzhəbindən, sosial statusundan asılı olmayaraq, Azərbaycana bağlı olan insanların hamısı bizim əziz qardaşımızdır. Onun mətninin altına şərh yazanlar da elə Altay Göyüşovdan fərqli deyillər. Yazırlar ki, “müharibə başladı, yenə də kasıb balalarını güdaza verəcəklər”. Bu da Altay Göyüşovun son fikirləri ilə eyni statusda olan bir anlayışdır. Bir ara yazırdılar ki, “niyə deputatların yaxınları həlak olmurlar?”. Bu dəfə şəhid olan vətən övladlarından biri də deputatın yaxını idi. Nə oldu? Bu cür ayrıcalıq, bölücülük salanların hamısı əslində düşmən dəyirmanına su tökənlərdir. Ona görə də biz bir qədər daha ayıq-sayıq olmalıyıq və proseslərə daha dərindən baxmalıyıq. Bu cür ünsürlərin Azərbaycan cəmiyyətində fikir formalaşdırmasına mane ola biləcək həmrəylik göstərməliyik. Çünki əks halda onların “fikirləri” müəyyən dərəcədə savadsız, cahil insanları öz istiqamətindən döndərə bilir. Bu da ölkəyə, dövlətə müəyyən dərəcədə ziyan vurmaqdır. Ona görə də biz bu kimi məsələlərdə olduqca həssaslıq nümayiş etdirməliyik. Yaxşı ki, Altay Göyüşov kimi tiplər, obrazlar özlərini açıb göstərirlər. Mən bir yazıçının cəmiyyətlə bağlı əks fikrini qəbul edərəm, fikir, düşüncə fərqliliyini qəbul etmək mümkündür. Çünki hamı eyni cür düşünməməlidir. Amma birbaşa düşmənin yanında dayanaraq onun baxış bucağı ilə bizə “təcavüzkar” demək, Azərbaycan Ordusunu bəlli bir formada “kasıb və varlı” seqmentinə bölmək yolverilməzdir. Yoxsul təbəqənin daha çox şəhid verməsini dilə gətirməzlər. Bu, bölücülükdür. Çünki şəhidlərin hamısı Azərbaycan xalqı üçün əzizdir. Şəhidlik kimə nəib olubsa, həmin şəxs bütün Azərbaycan xalqının övladına, şəhidinə çevrilib. Bir sərhədi qorumaq üçün 8-10 şəhid veririk. Heç nə asan deyil. Azərbaycan Ordusu həmin qayaları, təpələri addım-addım götürür. Nəyi tələsdirirsiniz? Kimin yanındasınız? Qarabağ üzərindən kimə irad bildirirsiniz?! O Ali Baş Komandandır ki, sizlərdən daha çox bu Vətən haqqında düşünür və bütün imkanlarını səfərbər edib. Biz Bakıda rahat oturmuşuq, amma cəbhədəki əsgər və zabitlərin, ordunun məsuliyyəti Ali Baş Komandanın, generalların, komandirlərin üzərindədir. Xaricdə oturan və burada fəaliyyət göstərən böyük bir şəbəkə var ki, döyüşən generalları, komandirləri gözdən salmaq istəyirlər. Onlar əslində Ermənistan və İran kəşfiyyatının əlində alətə çeviriblər. Onların bizim üçün gələcəkdə böyük təhlükəyə çevrilməməsi üçün onlarla qarşı şüurlu, sağlam düşüncəli insanlarımız dirəniş ortaya qoymalıdırlar. Bu xəstəliyin genişlənməməsi, yayılmaması üçün güclərini birləşdirməlidirlər.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm