Şəhid atasından FƏXARƏT DOLU SÖZLƏR: “Bu Vətənə bir yox, min Cəmil qurban olsun!” - FOTO
Bizi izləyin

Xüsusi

Şəhid atasından FƏXARƏT DOLU SÖZLƏR: “Bu Vətənə bir yox, min Cəmil qurban olsun!” - FOTO

Ermənistan silahlı qüvvələrinin son təxribatlarını qəhramancasına dəf edərək, geri püskürdərək şəhid olan Vətən övladlarından biri də Cəmil Qurbanzadədir.

O, Astara şəhərində doğulub. Vətənpərvər ruhda böyüyüb. İki gün əvvəl isə Laçın istiqamətində düşmənin təxribatlarının qarşısını alarkən şəhadət zirvəsinə ucalıb.

Atası Anar Qurbanzadə ilə söhbətləşdik.

Şəhid Cəmil Qurbanzadənin atası Anar Qurbanzadə Publika.az-a açıqlamasında bildirdi ki, şəhidimizlə sonuncu dəfə üç gün əvvəl danışıb:

“Üç övladım var. Onlardan böyüyü elə şəhidimiz Cəmil Qurbanzadədir. Ondan sonra iki qızım var. Evin tək oğlu idi. Sonuncu dəfə oğlumla 3 gün bundan əvvəl axşam saatlarında danışmışam. Laçın rayonunda xidmət edirdi. Sonuncu dəfə danışanda söylədi ki, narahat olmayın, hər şey yaxşıdır. Hər şeyin əla olduğunu söylədi. Mən hələ körpəliyindən Cəmili haqq-ədalət ruhunda tərbiyə etmişəm, ona düşməni göstərməmişəm, ona demişəm ki, torpağıma kim girsə, o mənim düşmənimdir. Fərqi yoxdur, mənim torpağıma girən ermənidir, ya da başqası?! Cəmil bu gün erməninin üstünə gedibsə, deməli, o təyin edib ki, onun düşməni ermənidir. Mən özüm də vətənpərvər insanam. Övladlarımı da bu ruhda tərbiyə etmişəm. Bu torpağa canım qurban. Mənim oğlum Cəmil bu torpaq uğrunda şəhid olub, Vətənim sağ olsun! Bir Cəmil yox, min Cəmil fəda olsun bu torpağa! Yetər ki, mənim Vətənim yaşasın! Bu Vətəndə mənim anam, bacım, iki qızım var. Milyonlarla qadınların simasında bacılarım var. Mən oğlumu ona görə böyütmüşəm ki, məni və torpağımı qorusun”.

Şəhid Cəmil Qurbanzadənin atası digər şəhid valideynləri üçün təsəlli olacaq fikirlərini dilə gətirib:

“Digər şəhidlərimizin valideynlərinə təsəlli üçün onu deyə bilərəm ki, əgər övladlarını sevirlərsə, sınmasınlar, həmişə dik qalsınlar. Çünki onların övladları çox böyük iş görüblər. Hər kəsə şəhidlik nəsib olmaz. Əgər onun övladı şəhid olubsa, onlar sevinməlidir, qürurlanmalıdır. Bu gün mənim ətrafıma toplaşan insanların içərisində elələri var ki, bəlkə də üç gün əvvələ qədər məni tanımırdı. Amma indi məni hər kəs tanıyır. Bu da övladım Cəmilin sayəsindədir. Mən buna niyə sevinməməliyəm ki?! Sadəcə olaraq bir az içimiz göynəyir. Bir az içimiz ağrıyır. Övladımızı görməyəcəyik deyə, ayrılıq bir az bizi sıxır. Amma düşünəndə ki, övladım şəhidlik məqamına yüksəlib, köksümü fəxarət hissi bürüyür. Çünki şəhidlik mənim üçün əlçatmaz bir zirvədir. Uşağımı ona görə böyütmüşəm ki, cəmiyyətə, bu Vətənə yararlı övlad olsun. Mənim xalqımın, millətimin işinə yarasın”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm