Xüsusi
Fransanın rus əsilli musiqiçisi: güllələr danışanda, ilham pəriləri susur - MÜSAHİBƏ
Rus əsilli fransız skripkaçısı, professor Mariya Kristiani ilə sənət və müharibənin təzadından, musiqidən danışdıq.
- Əziz Mariya, Fransanın nüfuzlu musiqiçiləri sırasındasınız. Ümumiyyətlə fəaliyyətinizdən bəhs etməyinizi istərdik.
- Fransanın “Artim” Beynəlxalq Mədəniyyət Assosiasiyasının prezidentiyəm. Konservatoriyada dəsr verirəm. Ən böyük arzum odur ki, bu ölkədə yaşayıb təhsil alan gənc əcnəbi musiqiçilər uğur qazansınlar, irəliləyə bilsinlər. Buna görə də “Yeni ulduzlar” müsabiqəsini təsis etmişəm. Ümumiyyətlə, bir musiqiçinin fəaliyyəti nə qədər çoxşaxəli ola bilərsə, məndə də eyni şəkildədir.

- Rus əsillisiniz...
- Moskvada musiqiçi ailəsində doğulmuşam. Bəlkə buna görədir ki, valideynlərim istedadımı daha tez üzə çıxardılar. Rusiyanın ən yaxşı musiqi məktəblərində təhsil aldım, sonra Çaykovski adına Moskva Dövlət Konservatoriyasına qəbul olundum. Fransaya gəlib Paris Milli Konservatoriyasını bitirdim. Oranın aspirantura pilləsini də oxuyub fəaliyyətə başladım. Paralel olaraq Paris Universitetində dissertasiya da müdafiə etdim. Hazırda Fransanı qarış-qarış gəzib konsert proqramları ilə çıxış edirəm.
- Mariya, fəaliyyətiniz o qədər qaynardır ki... Pedaqoji fəaliyyətlə də məşğulsunuz?
- Təvazökarlıqdan uzaq olsa da deyim ki, Fransanın ən çox tələb olunan pedaqoqlarındanam. Dünyanın müxtəlif yanından onlayn şəkildə dərs verdiyim tələbələrim də çoxdur. Rusiya, ABŞ, İsrail, İsveçrə, Çin, Ukrayna, Avstriyadan məsafəli şəkildə çalışırıq. Bundan əlavə Fransa və digər ölkələrdə master-klasslarım təşkil olunur. Beynəlxalq musiqi müsabiqələrində münsif kimi iştirak edirəm. Konfranslara, forumlara qatılıram. Fransanın ən məşhur musiqiçiləri ilə əməkdaşlıq edirəm. Məşhur italyan ustası Tomaso Karkassinin hazırladığı skripkada ifa edirəm. Bildiyiniz kimi, Karkassi 18-ci əsrdə yaşayıb. Bu aləti mənə fransız xeyriyyəçi hədiyyə edib.
- Yəqin ifa etdiyiniz əsərlərin ruhuna alətin öz enerjisi də hopur.
- Təbii ki... Amma müasir alətlərdə də ifa etməyi sevirəm. Bizdən sonra gələn gənc musiqiçilərin rahatlığını düşünən pedaqoqlardanam. Yəqin buna görədir ki, onların istifadə edəcəyi metodik materialları da hazırlamağı özümə borc bilirəm.

- Fransa birinci vətəninizdir, yoxsa ikinci?
- Fransa evimdir. İllərdir burada yaşayıram. Parisi çox sevirəm. Ailəm, həyat yoldaşım, övladlarım, layihələrim, tələbələrim Fransa ilə bağlıdır. Rusiya təhsilimlə Fransadakı təhsilim bir-birini uğurlu şəkildə tamamlayır. Paris mənim üçün yeni-yeni imkanlar, mənəvi və maddi qazanc şəhəridir. Özümü xoşbəxt sayıram. Çünki musiqi, tədris, yaratmaq, ifa etmək həyatımın mənasıdır. Həmçinin dünyanın müxtəlif ölkələrindən olan insanlarla ünsiyyəti də çox sevirəm. Fərqli mədəniyyətləri tanımaq mənim üçün maraqlıdır.
- Azərbaycanlılarla da həmçinin. Çünki bilirəm ki, bizim mədəniyyəti, gənc musiqiçiləri də mütəmadi təbliğ edirsiniz.
- Bəli. Elə Azərbaycanla tanışlığım da məhz bu yolla baş tutub. Təəssüf ki, ölkənizdə olmamışam, amma bu, böyük arzularımdandır. Hətta həyatımın kiçik dövrünü Gürcüstanda yaşamışam. Orada Azərbaycanın simli alətləri ilə tanış oldum. Beləcə musiqinizi və bəstəkarlarınızı tanıdım. Parisdə isə fəal diaspor nümayəndəniz Aytən Muradova vasitəsilə Azərbaycan Mədəniyyət Mərkəzindəki tədbirlərə, konsertlərə qatıldım. İnsanlarınızın qonaqpərvərliyini sevirəm. Yeməkləriniz dadlıdır. Sizin xalqınızla ünsiyyət çox maraqlıdır. “Nouvelles Etoiles” (Yeni ulduzlar) müsabiqəsi yarandığı gündən bir sıra gənc istedadlı azərbayanlı musiqiçilərlə çalışmışıq. Bəziləri hətta bir neçə dəfə iştirak ediblər. Məsələn, gənc və istedadlı skripkaçı Dilşad Fərhadzadə iki dəfə Parisin UNIART orkestri ilə solo ifa edib. Onun yaradıcılıq uğurları məni çox sevindirir.

- Kosmopolit amal uğrunda çalışırsınız? Rəğbətə layiq addımdır.
- Bizim vəzifəmiz tək müsabiqə təşkil etmək deyil. Amalımız dünyanın dörd bir yanından gənc istedadları bir araya gətirmək, onlar üçün münbit yaradıcı şərait yaratmaq, yay məktəbləri təşkil etməkdir. Fürsətdən istifadə edərək gənc və istedadlı musiqiçiləri bizimlə əmkdaşlığa dəvət edirəm. Gəlib, həm yay məktəbinə qoşulsunlar, həm də Fransa ilə yaxından tanış olsunlar.
- Bu gün təəssüf ki, dünya müharibələrin, ölümlərin ağuşunda inləyir. Xüsusən də Rusiya ilə Ukrayna arasındakı qanlı savaş yəqin sizi xüsusilə kədərləndirir.
- Fərqli görüşləri, dinləri, dilləri, mədəniyyətləri qəbul edərək yaşamağa çalışıram. Məncə, incəsənətin əsas vəzifəsi dünyaya sülh bəxş etmək, insanları qardaşlaşdırmaqdır. Pedaqoqun amalı isə tələbələrinin güvənini qazanmaq, dürüst dialoq qurmaqdır. İnsanları, uşaqları sevirəm, ürəkdən arzu edirəm ki, hamı xoşbəxt yaşasın və gələcəyimiz parlaq olsun. Belə bir qədim deyim var: “İnter arma silent Musae”, yəni güllələr danışanda, ilham pəriləri susur. Bütün gücümüzlə bunun əksinə çalışmalıyıq.
Leyla Sarabi
-
Sağlamlıq09:56Hamının istifadə etdiyi bu məşhur dərman faydasız imiş - Həkim səbəbi açıqladı
-
Region09:27Ermənistan saytı: Hər gün Gorus Tibb Mərkəzinə dişlənmiş adam gətirirlər - Foto
-
Avto08:36Maşın bazarında durğunluq: avtomobillərə maraq niyə azalıb? - VİDEO
-
Sosial08:12Boşanmaların 47 faizinin səbəbi bu imiş...
-
Magazin106:16"Nəvəmin adı "Məleykə" olsun istəyirəm"
-
Region00:15Hücumlar nəticəsində İranda ölənlərin sayı məlum oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI
-
Region18 Aprel 23:48"Mələy"in əri evə girən oğrunu silaha yaxaladı





































