Xüsusi
Müharibə gedə-gedə prezidentin verdiyi mesajların sirri – Sabiq baş diplomatın FAKTLARI
44 günlük Vətən Müharibəsindəki qələbəmizdən 2 il ötür. Həmin dövrdə Azərbaycan xalqı həm cəbhədə, həm də informasiya savaşında "qatığa qara deyən"lərin hamısını qarşısına almışdı. Sözsüz ki, cəbhədəki qələbələrin bir cinahını da informasiya müharibəsindəki nailiyyətlərin aktivinə yazmaq lazımdır. Ali Baş Komandan İlham Əliyev savaşın hərbi tərəfində olduğu kimi, informativ müharibədə də əsl fenomenlik nümayiş etdirirdi.
Həmin məqamların bir sıra pərdəarxası və açıq hissələrinə keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarovla nəzər saldıq.
Keçmiş baş diplomatın Publika.az-a müsahibəsini təqdim edirik:
-Tofiq müəllim, 2020-ci ilin 44 günlük savaşında qazandığımız qələbənin 2 yaşı tamam olur. Sizcə, bu qələbənin komponentlərini nələr təşkil edirdi?
-İlk növbədə onu qeyd etməliyəm ki, 2 il əvvəl qazandığımız şanlı zəfər böyük bir qələbədir. Bu qələbə Azərbaycan Prezidentinin, xalqımızın və müzəffər Ordumuzun birliyinin mücəssəməsidir. Bu şanlı qələbənin özəyini Xalq-Ordu-Ali Baş Komandan birliyi təşkil edir. Bu zəfər, uzunmüddətli dövlət quruculuğu, ordu quruculuğu siyasətinin nəticəsidir. Yəni bu zəfərə birdən-birə nail olmamışıq. Onun arxasında böyük işlər, düşünülmüş siyasət dayanır.

-44 günlük savaşda təbliğat və təşviqat məsələləri necə qurulmuşdu? Onun aparıcı siması kim idi?
-Əlbəttə, müharibənin vacib hissələrindən biri də təbliğat-təşviqat məsələləridir. Söhbət informasiya müharibəsindən gedir. Təbliğat və təşviqatın daxili və xarici istiqamətləri var. Onu da xüsusi vurğulamaq lazımdır ki, cənab prezident həm daxili, həm də xarici təbliğatın əsas siması idi. Hətta onu həyata keçirən əsas şəxs hesab olunurdu. 44 günlük savaşda aparılan təbliğat və təşviqat işlərinin kifayət qədər uğurlu olduğunun şahidiyik. Yəqin ki, iki il əvvəl baş verənlər hər kəsin gözünün önündədir. Məhz dəqiq qurulan təbliğat və təşviqat işlərinin nəticəsi idi ki, insanlar yalnız rəsmi mənbələri izləyirdilər, yalnız rəsmi məlumatlara inanırdılar. Uşaqdan-böyüyə hər kəs prezidentin tvitlərinə inanırdı və onları səbirsizliklə gözləyirdilər. Bunları yaxşı xatırlayıram.
-Eyni zamanda, təbliğat və təşviqatın, informasiya müharibəsinin xarici istiqaməti də vardı...
-Bəli. Bundan başqa, xarici auditoriya üçün də fəal iş aparılırdı. Təbii ki, diplomatik qurumlarda çalışan mütəxəssislər də bu işdə iştirakçı idilər. Amma əsas sima dövlət başçısı idi. Bütün prosesləri axıra qədər aparan və onun önündə dayanan sima prezident idi. Prezident 44 gün ərzində xarici media orqanlarına xeyli sayda müsahibələr, geniş açıqlamalar verirdi. Hətta ölkə rəhbərinin təxribatçı suallara da təmkinlə, səbirlə cavab verdiyini görürdük. Bu, Azərbaycanın təbliğat cəbhəsində uğur qazanmasının əsas amillərindən idi. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, digər şəxslər, siyasi və ictimai fəallar da aktivlik nümayiş etdirirdilər. Onlar da müxtəlif mənbələrə istinadla açıqlamalar verirdilər. Bir sözlə, hamı yumruq kimi birləşmişdi. Xalqımız həm müharibədə, həm də təbliğat işlərində yumruq kimi birləşərək qələbəni daha da yaxınlaşdırırdı. Amma Ali Baş Komandan kimi bütün bu işlərin məsuliyyəti cənab prezidentin üzərində idi. Bunu hamımız hiss edirdik. Bilirsiniz, hamı prezidentə inanırdı, anlayırdılar ki, görülən işlər qısa zamanda öz bəhrəsini verəcək. İnsanlar qələbə qazanacağımıza şübhə etmirdilər. Hətta müxtəlif təxribatlar da insanları öz inamından döndərə bilmədi. Bir vacib məqamı da qeyd etmək istəyirəm...
-Əlbəttə, buyurun...
-Vacib məqam odur ki, verilən açıqlamalarda mövcud vəziyyətin aydın şəkildə izahı ilə yanaşı, Azərbaycanın məqsədləri də hələ döyüşlər gedə-gedə bəyan olunurdu, göstərilirdi. Bunu misallarla izah etmək istəyirəm; məsələn, hələ döyüşlərin getdiyi bir vaxtda prezident bildirmişdi ki, Şuşasız qələbə mümkün deyil, Şuşasız qələbəmiz qələbə sayılmayacaq. Prezident tərəfindən gələcək danışıqlarla bağlı beynəlxalq ictimaiyyətə çox vacib mesajlar göndərilirdi. Onlardan birini indi xatırlatmaq istəyirəm. Ölkə başçısı bildirmişdi ki, artıq status yoxdur, biz vəziyyəti dəyişdik. Bu onu göstərirdi ki, həmin ifadə təkcə müharibədən əvvəlki təmas xəttinə, hərbi mövqelərə aid deyildi. Eyni zamanda, danışıqlarda formalaşmış müxtəlif konsepsiyalar da dəyişib. Çünki status-kvonu, vəziyyəti tam şəkildə dəyişdirməyi bacarmışdıq. Bu, bir mesaj idi. Müharibədən dərhal sonra cənab prezident bəyan etdi ki, ATƏT-in Minsk qrupunu mən çağırmamışam. Hətta hərbi əməliyyatlar gedə-gedə gələcək siyasi mənzərə həm Azərbaycanın daxilindəki, həm də xaricindəki insanlara da bəlli olurdu. Bu çox vacib bir amildir. Yəni müharibə vaxtı səsləndirilən fikirlər, mövqelər savaşdan sonra da əyani şəkildə icra edilirdi, göstərilirdi.
-Bəs sonrakı xarici təzyiqlər fonunda mövqeyimiz dəyişdimi?
-Biz indi görürük ki, müxtəlif yerlərdən Azərbaycana, bizim mövqeyimizə qarşı təzyiqlər var. Amma bütün bunlara baxmayaraq, müharibənin gedişindəki mövqeyimiz bu vaxta qədər dəyişməyib. Azərbaycan elə həmin mövqeyində dayanıb. Bu da onu göstərir ki, 2 il əvvəl Ali Baş Komandan tərəfindən tam düşünülmüş bir konsepsiya var idi. Bu konsepsiya həm hərbi əməliyyatları, həm də post-konflikt dövründəki siyasi prosesləri özündə ehtiva edirdi. Hər halda, həmin dövrdə ardıcıllığın mövcud olduğunu bu gün hər kəs yaxşı anlayır.
Tural Turan
-
Sosial08:12Boşanmaların 47 faizinin səbəbi bu imiş...
-
Magazin106:16"Nəvəmin adı "Məleykə" olsun istəyirəm"
-
Region00:15Hücumlar nəticəsində İranda ölənlərin sayı məlum oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI
-
Region18 Aprel 23:48"Mələy"in əri evə girən oğrunu silaha yaxaladı
-
Magazin118 Aprel 23:12Vado Korovinin qızının toyudur - VİDEO
-
Sosial18 Aprel 22:24Sumqayıtda FACİƏ - Futbol oynayarkən halı pisləşən gənc öldü
-
İdman18 Aprel 21:12Messi o ulduz futbolçunun yalanını belə gerçəyə çevirdi






































