Şeirləri İrəvanda çap olunan şairlər danışdı: "Erməni redaktora özüm göndərmişəm"
Bizi izləyin

Xüsusi

Şeirləri İrəvanda çap olunan şairlər danışdı: "Erməni redaktora özüm göndərmişəm"

Xəbər verdiyimiz kimi, azərbaycanlı şairlərin şeirləri İrəvanda nəşr olunan antologiyaya salınıb. Erməni jurnalist Yuri Manvelyanın təşəbbüsü və baş redaktorluğu ilə nəşr olunan antologiyaya, Azərbaycanın tanınmış şairləri Rasim Qaracanın, Həmid Herisçinin, Aqşin Yeniseyin, Günel Mövludun, Nərmin Kamalın, Babi Bədəlovun və Alyoşanın şeirləri erməni dilinə tərcümə olunaraq daxil edilib.

Publika.az şeirləri Ermənistanda antologiyaya daxil edilən şairlərin bir neçəsi ilə əlaqə saxlayıb, onların münasibətini öyrənib.

"Özləri edib, mən Kərəm deyiləm, orada da Əslim yoxdur..."

Yazıçı-publisist Həmid Herisçi bu xəbərin onun üçün təəccüblü olduğunu bildirib:

“Buna mənfi baxmıram. Heç bilmirəm şeirlərimi necə seçiblər, haradan tapıblar. Bu, mənim iştirakım olmadan baş verib. İrəvandan gələn bütün xəbərlərə mənfi gözlə baxmıram. Bəlkə bu, yaxşı xəbərdir. Biz bütün xəbərləri süngü ilə qarşılamamalıyıq. Bəlkə doğrudan bizim poeziyamızı sevirlər, məni böyük şair elan ediblər. Bəlkə poeziya bizi barışdıracaq, dostlaşdıracaq, ya da düşmən edəcək. "Cəlladla üz-üzə" və digər bir neçə şeirimi çap ediblər. Bu, mənim üçün böyük yenilikdir”.

H.Herisçi söyləyib ki, Azərbaycanın poeziyasının İrəvana getməsinə pozitiv baxmaq lazımdır:

“Azərbaycan şairi İrəvana getdi, ilk növbədə də mən. Sağlam düşünək, mən sağlam təfəkkür, poeziya tərəfdarıyam. Əgər Ermənistanla Azərbaycan arasında poeziya tükənməyibsə, sevilirsə, demək, gələcəyə də böyük inam var. Poeziya qapalı sərhədləri, bağlı qapıları açdı. Bu könülü, bağlı mücrünü poeziya açdı. Özləri edib, biz bunun üçün rüşvət verməmişik, özümüzü sevdirməmişik, mən Kərəm deyiləm, orada da Əslim yoxdur... Məni düşündürdü ki, demək, ermənilər Azərbaycanın poeziyasını, şairlərini qəbul ediblər”.

"İstəyirlər lap kitabımı buraxsınlar, bu, onların məğlubiyyəti olacaq"

Şair Rasim Qaraca bildirib ki, bu barədə əvvəlcədən ona heç kim müraciət etməyib. Əlavə edib ki, bundan sonra savaşlar mədəniyyət sferasında gedəcək:

“Xəbəri mətbuatdan öyrəndim. Qəribədir ki, şair kimi öz ölkəndə heç kəsə maraqlı deyilsən, amma İrəvanda çap olunan kimi diqqət mərkəzinə gəlirsən... Şeirlərimin orada çap olunmasına münasibətim yaxşıdır, çünki öz yaradıcılığımdan arxayınam, üslubum elədir ki, başqa dillərə tərcümədə şeirlərim mənasını itirmir. Ermənilər daha humanist olduqlarını göstərməyə çalışacaq, biz də daha artığını edək. Mən öz şeirlərimlə erməni şairlərini mat qoyacağımdan əminəm. İstəyirlər lap kitabımı buraxsınlar, bu, onların növbəti məğlubiyyəti olacaq, bu səfər ədəbiyyat meydanında. Bütün hallarda, xalqlarımız savaş meydanlarında deyil, şeir festivallarında yarışsa, bunun heç bir tərəfə ziyanı olmaz”.

"Şeirlərimi kitabın redaktoruna özüm göndərmişəm"

Hazırda Parisdə yaşayan şair və incəsənət xadimi Babi Bədəlov bildirib ki, bir neçə il əvvəl kitabın redaktorlarından biri onunla əlaqə saxlayaraq, şeirlərini istəyib:

“Mən bu xəbəri yeni öyrəndim. Bir neçə il əvvəl Zara Hatutyunyan adlı xanım mənimlə əlaqə saxlayaraq şeirlərimi istəmişdi. Mən də vizual şeirlərimi ona göndərdim. Amma unutmuşam, bilmədim yayımlandı, ya yox. Əslində, harada çap olunmağımın mənim üçün fərqi yoxdur. Heç buna istəkli də deyiləm. Bu, həm də mənə xüsusi motivasiya da vermir. Ermənistanda ediblərsə, niyə də yox? Çox yaxşı baxıram. Bu da xalqlarımız arasında sülhün bir formasıdır. Məncə, yaxşı bir haldır. Çünki xalqlar arasında mədəni əlaqələr lazımdır”.

Qeyd edək ki, antologiyanın redaktorları Zara Hatutyunyan, və Yuri Manvelyandır.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm