Azərbaycanda ilin ən dəbli müğənniləri - Məşhur modelyer açıqladı - FOTO
Bizi izləyin

Xüsusi

Azərbaycanda ilin ən dəbli müğənniləri - Məşhur modelyer açıqladı - FOTO

2023-cü ilin həyatımızda yeri bir başqa olacaq. Ən azından moda ekspertləri vəd edir ki, gələn il çox çılğın trendlər və yenilikləri ilə yadda qalacaq.

Publika.az xəbər verir ki, tanınmış modelyer Günel Yusifova 2023-cü ilin dəb yenilikləri barədə proqnozlarını verib. Mütəxəssis eyni zamanda Yeni İl axşamı valehedici görünməyin sirrini açıb.

- Günel xanım, bayram tədbirlərində yaddaqalan və incə obraz yaratmaq üçün nədən başlamalıyıq?

- Bayram axşamında makiyaj, saçlar, manikür və geyim bir-biribi tamamlamalıdır. Tünd göy, qara və yasəmən rəngi gələn il önə çıxan əsas rənglər olacaq. Astroloqların sözlərinə görə, bayram axşamı bu rəngdə paltar geyinmək uğur vəd edir. Odur ki, xanımlara yeni ilin gətirdiyi ən dəbli rənglərə müraciət etməyi tövsiyə edirəm. Eyni zamanda məsləhət görürəm ki, gözəl və rahat geyimlər seçsinlər. Yeni il gecəsində gözəl görünmək qədər özünü komfortlu hiss etmək də vacibdir. İpək paçra çox dəbdə olacaq, xüsusilə geyimlərdə və çantalarda daş-qaşlardan istifadə edə bilərlər.

- Mövsüm trendləri hansılardır, sizcə, xanımlar hansı dəb yeniliklərini qaçırmamalıdır?

- Köhnə effekti verilmiş cinslər yenidən dəbə minəcək. Bir neçə il əvvəl bohem saçaqlar gündəmə gəlmişdi, bu il yenidən trenddə olacaq. Bel hissədə yox, çanaq hissədə olan şalvar və ətəklər də gələn il daha çox ön plana çıxacaq. Şəffaf parçaların, biserli geyimlərin də kifayət qədər aktual olacağı gözlənilir. 2022-ci ildə dəst geyimlər, kostyumlar, şalvar və pencəklər dəbdə idi, 2023-cü bu dəbin daha geniş yayıldığını görəcəyik. Fərq ondadır ki, dizaynerlər dəst geyimləri qeyri-adi forma və fasonlarda təqdim edəcək. Məsələn, yırtıqlar, ciblər və digər bəzəklər əlavə olunacaq. Klassik pencəklər bir qədər geridə qalacaq.

- Qışda zövqlü görünmək əlavə səy tələb edir. Dəblə ayaqlaşa bilmək üçün xanımlara nə məsləhət görərdiniz?

- Soyuq hava şəraiti bəzən istədiyimizi geyinməyə icazə vermir. Bunun üçün xanımlara çoxqatlı geyinməyi tösviyə edərdim. Üst-üstə geyinilə bilən paltarlar seçin, belə bir stil sizi həm isti saxlayacaq, həm də maraqlı görünəcək. Əlbəttə ki, bunu da zövqlə etmək lazımdır ki, baxanda səliqəsiz görünməsin. Ən birinci rənglərin uyğunluğuna diqqət edin, ikincisi isə bədəninizə yaraşan tərzi seçməyə çalışın.

- Sizcə, ilin ən dəbli geyinən ulduzları kimlər oldu?

- Yerli sənətçilərimizin geyim stillərini izləməyə kifayət qədər vaxtım olmasa da, ən çox bəyəndiyim Xalq artisti Aygün Kazımovadır. Cəsarətlidir, odur ki, trendləri və ən son yenilikləri istifadə etməkdən heç vaxt qorxmur. Bu xüsusiyyəti sayəsində obrazları hər zaman rəngarəng, parlaq və özünəməxsus alınır.

Xalq artisti Röya Ayxan da geyim stili ilə ön planda olan ifaçılardandır. Səhnə tərzinə xüsusi fikir verir, dəbli geyinir, trendləri izləsə də, özünə yaraşanı seçmək bacarığına malikdir.

Dünya ulduzları arasında Viktoriya Bekhemi qeyd etməsəm, olmaz. Onun stili tərzimə və zövqümə çox yaxındır. Dəb ikonası adına ən layiqli namizəddir.

- Məşhurların stil və geyim seçimi Azərbaycanda xanımların geyim tərzinə təsir edirmi və bu təsir özünü hansı şəkildə göstərir?

- Məşhurların nə geyindiyi həmişə maraqlı olub. Onları sevən və izləyən auditoriyaya əlbəttə ki, təsir edir. Xarici bloqer və dünya ulduzlarının stilini daha çox izləyirəm. Fasiləsiz olaraq dəyişirlər, yeniliyə can atırlar, öz trendlərini özləri yaradırlar. Sözsüz ki, bütün bunlar xanımlar üçün yeni ideaya və ilham mənbəyinə çevrilir.

- Geyim yaradarkən dünyada mövcud olan dövrün trendlərini nəzərə alırsınız, ya milli mentaliteti?

- İkisini də hesablamalı olursan. Azərbaycanda sadəcə dünya trendləri ilə ayaqlaşmaq mümkün deyil. Xanımların böyük əksəriyyəti mentaliteti nəzərə alaraq geyim seçir. Bu mənada bazarın tələb və ehtiyacları bizim üçün prioritetdir.

- Yaradıcılıq sərhəd və çərçivələr tanımır. Maraqlıdır ki, moda biznesində özünüzə qoyduğunuz hansısa qadağalar var?

- Moda dünyasında fikirlər və ideyalar sonsuzdur. Yalnız önəmlidir ki, xanımlar dizaynerin sözünü dinləsin. İşimi bacardığımı düşünürəm, sifarişçilər özlərini peşəkara nə qədər çox etibar etsə, əlbisələri bir o qədər gözəl alınır, nəticə möhtəşəm olur. Sifarişçilərin işimə müdaxilə etməsini sevmirəm, əminəm ki, ona ən doğru geyimi hazırlayacam.

- Sizcə, bu gün cəmiyyətimiz modanın gətirdiyi istənilən cərəyanları qəbul etməyə hazırdır?

- Tamamilə hazır olduğunu deyə bilməsək də, əvvəlki illərlə müqayisədə yenilikləri daha tez qəbul edirlər. 10 il əvvəl cırıq cinslər birmənalı qarşılanmırdı, indi isə cəmiyyət dəyişiklikləri daha rahat həzm edə bilir.

- Gələn il bizi təəccübləndirən ən qeyri-adi trend nə olacaq?

- Beli daha aşağı hissədə bitən, həmçinin göbəyi açıq geyimlər geri gəlir. Ümumiyyətlə, 2023-ün yaz və yay aylarında bədəni mümkün qədər açan paltarlar trend olacaq. Demək olar ki, dekolte və yarıq bütün geyimlərdə qarşımıza çıxacaq. Geyimlərdəki bu açıq-saçıqlıq insanları təəccübləndirəcək.

- Ziyafət libaslarında nə cür dəyişikliklər və yeniliklərin şahidi olacağıq?

- 2023-cü il moda dünyasının ən parlaq dövrü olacaq. Biserlər, qaşlar, strazlar, zərli parçalar, işıltı heç vaxt olmadığı qədər dəbdə olacaq. Pandemiya dövründə həyatımız sakit keçdi, ziyafət geyimlərimiz də, materiallar da sadələşdi, amma 2023-də sadəlik arxa planda qalacaq. Bər-bəzəkli, dəbdəbəli geyimlər yenidən qarderobunuza yol tapacaq. Odur ki, xanımlarımız rahatlıqla təmtəraqlı libasları seçə bilər, 2023-ün dəbi bizə istənilən qədər parıldamağa icazə verir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm